Sizin Reklam Burada
Xəbər lenti
20-05-2024
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

Müstəqillik mübarizəmizin böyük qəhrəmanı!

Tarix: 10-05-2024 09:49     Baxış: 1187 A- / A+
Tural Akif oğlu VƏLİZADƏ 
Bakı Qızlar Universitetinin baş müəllimi, 
Bakı Dövlət Universitetinin doktorantı
 tural.akif.velizade@gmail.com 

Müstəqil Azərbaycan Respublikasının qurucusu ulu öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 101-ci ilini qeyd edirik. 10 may tarixi Heydər Əliyevin həyatı, millətimiz üçün mübarizəsi, millətimizə qazandırdıqları və qazandırmaq istədiklərini anlamaq baxımından böyük əhəmiyyət kəsb edir. Onun qurduğu və bizə əmanət etdiyi dövlətimizi qorumaq, ucaltmaq, yaşatmaq, onu müasir və güclü sivilizasiyalar səviyyəsindən yuxarı qaldırmaq, ulu öndər ideyalarını gələcək nəsillərimizə ötürmək bizim ən böyük borcumuzdur. Bu şüur və düşüncəmizlə müstəqilliyini borclu olduğumuz müasir Azərbaycan Respublikasının banisi, ulu öndər Heydər Əliyevi, onun silahdaşlarını və müstəqillik mübarizəmizin bütün qəhrəmanlarını sonsuz ehtiram və minnətdarlıqla anırıq.
 
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edərkən onun qurduğu təməllər üzərində yüksələn müasir Azərbaycanın haradan haraya gəldiyini xatırlatmaqda fayda var. Azərbaycanda hakimiyyətə gəldiyi 1969-cu ildən etibarən Heydər Əliyev ölkəmizin gələcəyinə böyük dərəcədə təsir etmək imkanına nail olmuşdu. Bildiyimiz kimi o, onilliklər boyu dəyişən müxtəlif fərqli siyasi şəraitlərdə çalışmış və mübarizə aparmışdır. Mübarizəsində ölkəmizin tərəqqisi üçün Azərbaycan xalqına və iqtisadiyyatına investisiya qoymaq onun birinci prioriteti idi. Bunun nəticəsində xalqımıza təhsil, elm, hərb, mədəniyyət və incəsənət sahələrində yeni imkanlar yaratdı və ölkəmizin bugünkü müasir cəmiyyətinin formalaşmasına böyük təsiri oldu. İqtisadçı Qari Beykerin Nobel mükafatı almasında başlıca səbəblərdən biri olan “Human Capital” kitabında da vurğuladığı kimi, “yaxşı təhsil imkanları, insana və cəmiyyətə edilən ən mühüm sərmayədir”. Bu növ investisiyanın gələcək hasilat, yaşayış və rifah səviyyəsinə olan konkret təsirləri böyükdür. 1970-ci illərdə Azərbaycandakı təhsil müəssisələrinin saylarındakı və xüsusiyyətlərindəki artımlar elm xadimlərimizin kitablarında ətraflı qeyd olunmuşdur. Məktəblərin sayı ikiqat, müəllimlərin sayları isə böyük dərəcədə artmışdır. Bunun nəticəsində məsələn, orta təhsildəki tələbələrin sayı 1967-ci illə müqayisədə 1977-ci ildə iki mislindən artıq artmışdır. Azərbaycandakı ali məktəblərin və buna paralel olaraq universitet müəllimləri və tələbələrinin sayı da ciddi ölçülərdə artmışdı. Azərbaycan daxilindəki təhsil müəssisələri ilə yanaşı gənclərimizə Sovetlər İttifaqının digər respublikalarındakı dünyaca məşhur universitet və akademiyalarda təhsil imkanları artırılmışdı. 

1970-ci illərin əvvəllərindən başlayaraq Moskva və Leninqrad (indiki Sankt-Peterburq - T.V) kimi mühüm elm və sənət mərkəzlərinə ildə təxminən 800-900 Azərbaycan gəncini ali təhsil üçün göndərilməsi Heydər Əliyevin təqdim etdiyi imkanlar sayəsində gerçəkləşmişdir. Bu rəqəm 1980-ci illərdə ildə 1400-ə yüksəlib. 1982-ci ildə Moskva və Leninqrad kimi şəhərlərin aparıcı təhsil müəssisələrindəki azərbaycanlıların sayı 3500-ə yaxın idi. 1960-cı illərə qədər SSRİ-nin ən geridə qalmış respublikalarından biri olan Azərbaycan 1970-ci illərdə Heydər Əliyevin liderliyində enerji, sənaye və kənd təsərrüfatı sahələrində böyük addımlar atdı. Belə ki, istehsal, enerji, ərzaq və büdcə aspektlərindən Sovetlər birliyi sərhədləri içində Azərbaycan özü özünü təmin edən nadir respublikalardan biri oldu. Mürəkkəb Sovet sistemi şəraitində bu cür uğurlara çatmaq ancaq böyük mübarizələr ilə mümkün olmuşdu. Uğurları 1982-ci ildə Heydər Əliyevi Moskvaya sovetlərin yüksək məqamlarına qaldırdı. Ancaq mübarizələr də o nisbətdə böyüdü. Bir azərbaycanlını Moskvada ən yüksək məqamlarda görmək istəməyənlərin manevrləri və Heydər Əliyevin Moskvada olması, yəni şəxsən Azərbaycanda davamlı olmaması bir sıra problemlərə səbə oldu. 1980-ci illərin ikinci yarısında Azərbaycan rəhbərliyi sabitlik, əmin-amanlıq içində inkişaf prosesini itirməyə başladı. Sovetlərin süqutu ilə sürətlənən bu proses, torpaqların işğalı və bölünmələrlə daha da artdı. 

Heydər Əliyevin sovet rəhbərliyindəki vəzifəsindən uzaqlaşdırılmasından sonra Azərbaycan xalqının başına gəlməyən müsibət qalmadı. Məhz hmin hadisədən cəmi bir il sonra ermənilər tərəfindən Azərbaycana qarşı açıq ərazi iddiası prosesi başlandı. Əfsuslar olsun ki, bu prosesə başçılıq edən ovaxtkı sovet rəhbərliyi idi. Əgər sovet rəhbərliyinin bu işlərdə əli olmasaydı, Cənubi Qafqazda heç vaxt münaqişə yaranmazdı. 1993-cü ildə Heydər Əliyevin Bakıya gəlməsi və hakimiyyət başına keçməsi ilə yeni bir dövr başladı. Qarşıdurmaların dayanması və ölkəyə sabitlik gəlməsi ilə başlayan bu yeni proses ölkəyə xaricdən investisiya qapılarını açdı. Bakı-Tiflis- Ceyhan layihəsinin həyata keçməsi ilə başlayan iqtisadi addımın nəticələrini bu gün hamı görür. 1993-2003-cü illərdə Heydər Əliyev Azərbaycanda həm də yeni bir siyasi sistem qurdu. Çox çətin şərtlər daxilində yeritdiyi xarici siyasət sayəsində son dərəcə mürəkkəb bir coğrafiyada yerləşən ölkəmizin sabitlik içində investisiyaları qəbul etməsinə imkan yaratdı. 12 dekabr 2003-cü il tarixində əbədiyyətə qovuşan Heydər Əliyev özündən sonra qoyduğu əsərlər ilə xalqımızın qəlbində yaşamağa davam edir.

 Ulu öndər Heydər Əliyevin qurub yaratdığı təməllər üzərində inkişaf davam edən Azərbaycan 10 milyonu keçən əhalisi ilə dünyada öz layiqli yerini tutmaqdadır. Ölkəmizdə 2003-cü ildən bu yana 3000-dən çox yeni məktəb və 500- dən çox sağlamlıq kompleksi açılıb. Azərbaycanda insana qoyulan kapital, investisiyalar sürətlənərək davam edir. Ulu öndərin demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bəli, ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab prezident İlham Əliyev ata vəsiyyətini uğurla həyata keçirdi. Müzəffər Ali Baş Komandan Şanlı Ordumuz ilə 44 günə ölkəmizin ərazi bütövlüyünü bərpa, cəmi 23 saat ərzində isə dövlət suverenliyimizi təmin etdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar