Xəbər lenti
Azərbaycandan çıxarılan 5 milyardın sahibi bilindi: Günə 100 milyon
Filmlərdə belə olmayan, heyrətamiz bir cinayət əməli – adlar, ifadələr, iddialar: ‘’Bizə “Azəriqaz Bankın” “Xətai” filialında ofis verildi’’; Eldar mahmudovun dostu Çingiz Əsədullayev…
Ölkədən milyardlar çıxarmaqda ittiham edilən şəxslərin məhkəməsi davam etdirilib.
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Vidadi Əliyev şahid qismində ifadə verib. Şahid bildirib ki, onu işə Malik Əliyev dəvət edib:
“Maliklə daha əvvəl bank sahəsində işləyərkən tanış idik. Həmin ərəfədə işsiz idim. O da məni işə dəvət elədi. Mənə dedi ki, işim pulları saymaq və saxta olub-olmamasını yoxlamaqdır”.
Kassir işləyən Vidadi Əliyev suallara cavabında deyib ki, işi sadəcə pulları mədaxil etmək olub. O deyib ki, çıxarılan pullardan xəbəri olmayıb. Hakim xatırladıb ki, cinayət işi materiallarında görünür ki, təkcə “Elektromaş” MMC-nin adına 2014-cü il 29 oktyabrında müxtəlif məbləğlərdə 10 milyona yaxın pul köçürülüb.
Hakim həmin məbləğləri xatırladıb. Məlum olub ki, təkcə həmin gün 978 min, 97 min, 2 milyon, 234 min, 233 min, 363 min, 403 min, 931 min, 293 min, 390 min, 385 min, 765 min və digər məbləğlər mədaxil edilib. O da məlum olub ki, elə gün olub ki, 100 milyona yaxın məbləğ mədaxil edilərək götürülüb. Məlumata görə, həmin məbləğlərin V.Əliyev tərəfindən götürülməsi və mədaxil edilməsi ilə bağlı sənəd də imzalanıb.
Bununla da Malik Əliyevin rəhbərliyi ilə bu şəbəkə “AGbank”ın ofisində icarədar kimi ofis götürərək bank kimi fəaliyyət göstərib. Bununla da onlar fəaliyyətlərinə bank görüntüsü yaradıblar. Daha sonra həmin pullar nağdlaşdırılaraq ölkədən çıxarılıb.
Bütün bu əməliyyatlar 2013-2015-ci illərdə həyata keçirilib və ümumi olaraq 5 milyard 500 milyon manat xaricdə olan ayrı-ayrı şirkətlərin hesablarına köçürülərək ölkədən çıxarılıb. Məbləğlər 9 ayrı şirkət adına qəbul edilib. Bu şirkətlər də təqsirləndirilən şəxslərin adına açılıb. Azərbaycan Beynəlxalq Bankının “Nəqliyyat” filialının direktoru olmuş Kənan Orucov məhkəmədə şahid qismində ifadə verib.
Xatırladaq ki, K.Orucov Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə birlikdə milyonların mənimsənilməsi ittihamı ilə hakim qarşısına çıxarılmışdı.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı ildə çıxardığı hökmdə K.Orucov şərti cəza almışdı. Həmin hökmlə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ötən prosesdə Malik Əliyev 2013-cü ilə qədər “Röyalbank’’da işlədiyini deyib.
Təqsirləndirilən Əliyev də bu işdə Əlican adlı Türkiyə vətəndaşının adını çəkib.
“Rüfəti tanıyırdım. Mənə dedi ki, türkiyəli bir iş adamının yanında işləyir. Mal gətirir, dövriyyəsi böyükdür. Bildirdi ki, pul köçürmə əməliyyatlarında problemlər olur. Məndən işləməyi təklif elədi. Həmin ərəfədə işsiz olduğum üçün razılaşdım. Bank işlərini bildiyim üçün bu işi qəbul elədim. İlk maaşım 300 dollar idi. Sonra isə 1400 manat almağa başladım. Bizə “Azəriqaz Bankın” “Xətai” filialında ofis verildi. Əməliyyatlar, pul köçürmələr orada həyata keçirilirdi. Mən müqavilələrin düzgün olub-olmadığını yoxlayırdım. İş çox olduğu üçün Vidadi, Ülkər və Arzunu da işə dəvət etdim. Onlar mənim əvvəlki iş yoldaşlarım idi”- deyən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.
Deyib ki, heç bir şirkəti olmayıb və bu işdə sadəcə ötürücü rolunu oynayıb.
Malik Əliyev “Royalbank”ın 10 saylı filialının direktor müavini işləyib. M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirək ki, ittihama əsasən, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşüb.
Ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu “AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb.
Rüfət Vəliyev özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib və guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib. Bunun üçün də bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib.
A.Mövsümov onlar üçün “AGbank”ın Xətai filialında otaq ayırıb. M.Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib.
İttihamda qeyd edilir ki, R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb.
Sonra da xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.
Rəsmi ittihama görə, M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.
Ümumi məbləğ 5 milyard 500 milyon manatdır.
Qeyd edilən məbləğin təqsirləndirilən şəxsə aid olmadığı aydındır. Lakin məhkəmədə dəfələrlə sual verilsə də onlar kimlərin pulunu ölkədən çıxardıqlarını etiraf etməyiblər. Onlar hansısa təzyiqlərdən qorxaraq bunu gizlədirlər. Yoxsa, gün ərzində milyonlar daşıyan adamın pulların əsl sahibini tanımaması nə qədər inandırıcıdır?
Musavat.com bu işlə bağlı eksklüziv məlumat əldə edib. Məlumata görə bank kimi fəaliyyət göstərən şəbəkənin ölkədən çıxardığı pullar sabiq MTN naziri Eldar Mahmudova məxsus olub. Eldar Mahmudovun oğlu Anar Mahmudovun ofşor hesablara sahib olması barədə dəfələrlə məlumatlar dərc etmişik.
Eldar Mahmudovun yaxın adamı olan Sahib Ağayevin işində məlum olmuşdu ki, təkcə Avropa Oyunları ərəfəsində 30 milyon bir gündə ölkədən çıxarılmışdı. Həmin məbləğ Avropa Oyunları ərəfəsində təhlükəsizlik tədbirlərinin görülməsi üçün dövlət büdcəsindən ayrılmışdı.
30 milyon Dominikan Respublikasında qeydiyyatda olan “Preim Desig and Patenting.SA” şirkətinin bank hesabına köçürülüb. Bu, təkcə bir gün ərzində ofşorda olan hesaba köçürülən məbləğdir.
Pulların həqiqətən də Eldar Mahmudova aid olmasını sübut edəcək bir neçə məqamı qeyd edək. Pulları ölkədən çıxaran şəbəkə “AGbank”ın ofisində himayə olunub. O zaman “AGbank”ın sədri Çingiz Əsədullayev idi. Əsədullayev Eldar Mahmudovun dostu idi. Mahmudov vəzifədən qoyulduqdan sonra Əsədullayev deputatlıq mandatını və digər vəzifələrini də itirdi.
Digər bir məqam isə pulların böyük hissəsinin ölkədən Azərbaycan Beynəlxalq Bankının müxtəlif filiallarından çıxarılmasıdır. O zaman isə Beynəlxalq Bankda Eldar Mahmudovun qudası Cahangir Hacıyev sədrlik edirdi…musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar