Xəbər lenti
Ən ziyanlı yağ təyin olunub - ürək xəstəlikləri və piylənməyə səbəb olur
Palma yağından istifadə piylənmə və qlobal miqyasda xroniki xəstəliklərin inkişafına gətirib çıxarır, onun istehsalı isə təbiətə düzəlməz zərər vurur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaxın zamanlarda dərc olunacaq hesabatını hazırlamış ekspertlər belə nəticəyə gəliblər.
Hesabat müəllifləri sağlamlığa və ətraf mühitə dəyən zərərin səviyyəsinə görə palma yağının istehsal və satış sənayesinin miqyasını birbaşa tütün və alkoqol sənayesilə müqayisə edirlər.
Bütün dünya boyu alimlərə, siyasətçilərə və həkimlərə palma yağı sənayesinə münasibəti dəyişmək məsləhət görülür.
Manevr.az BBC Azərbaycancaya istinadən hesabatın ilkin variantı ilə sizləri tanış edir.
Alkoqol, tütün və... palma yağı?
Palma yağı hazır yeməklərin və yarımfabrikatların hazırlanmasında ən geniş istifadə olunan yağdır. Buna səbəb bu yağın nisbətən ucuz olmasıdır.
Digər bitki yağları ilə müqayisədə palma yağının tərkibində doymuş yağların miqdarı xeyli yüksəkdir - tərkibində doymuş yağların faizi nə qədər yüksək olarsa, bitki yağı o qədər daha az zərərli sayılır.
İstehlakçıları palma yağının zərərsizliyinə və ya hətta xeyirli olduğuna inandırmaq üçün istehsalçılar xeyli səy göstərirlər.
Lakin ÜST hesabatı bu iddiaları təkzib edir.
Təşkilatın ekspertləri tərəfindən aparılmış təhlil dünyanın 23 ölkəsində palma yağı istehlakının artması ilə işemik ürək xəstəliklərinin artması arasında əlaqənin olduğunu müəyyən ediblər.
Həkimlər eləcə də şübhə etmirlər ki, palma yağı ateroskleroz əmələ gətirən qandakı "pis xolesterini" artırır.
ÜST hesabatının müəllifləri etiraf edirlər ki, bəzən elmi jurnallarda palma yağının zərərsizliyi və hətta sağlamlıq üçün faydası barədə məqalələr çıxır.
Lakin sənədin hazırlanması zamanı məlum olub ki, doqquz bu cür məqalədən dördünü Malayziya Kənd Təsərrüfatı Nazirliyinin bu sənayenin inkişafına cavabdeh olan şöbəsinin əməkdaşları hazırlayıblar.
"Bitki yağı"
Hesabatda ayrıca bildirilib ki, hələ 2003-ci ildə ÜST və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) palma yağının sağlamlığa mümkün zərərlərinə diqqət çəkib.
Lakin o zamandan bəri palma yağının dünyada istehsalı və istehlakı ikiqat artıb, 1995-ci ildən 2017-ci ilədək müddətdə isə palma yağı istehsalı dörd dəfə artıb.
Bu cür artımın səbəblərindən birini hesabatın müəllifləri məhsullarını bazarlara çıxarmaq üçün güclü lobbi yaratmış hazır yemək və yarımfabrikat istehsalçılarında görürlər.
Hesabat müəllifləri qeyd edirlər ki, dünya boyunca lobbiçilər palma yağının hazır məhsulun tərkibində olduğunu istehlakçılara bildirmək istəyən istehsalçıların bütün cəhdlərinə dirəniş göstərirlər. İnqridiyentlər siyahısında, palma yağı 200-dək alternativ ad altında göstərilə bilər, misal üçün, sadəcə, "bitki yağı" kimi.
Rusiyada 2018-ci ildə, bütün Avrasiya İqtisadi İttifaqının ərazisində olduğu kimi, süd məhsullarının işarələnməsinə dair yeni qaydalar qüvvəyə minib.
Lakin yeni qanun, istehsalçılardan yalnız məhsulun tərkibində "bitki yağlarının" olmasını göstərməyi tələb edir. İnqridiyentlər arasında palma yağının adının çəkilməsi əvvəlki kimi mütləq deyil.
Bundan bir neçə il əvvəl isə, 2016-cı ilin fevralında, Rusiya höküməti palma yağına xüsusi aksiz tətbiq etməyə hazırlaşırdı, lakin üç aydan sonra, nazirlikdən bildirildi ki, "uzun çəkən müzakirələrdən sonra" bu niyyətdən imtina edilib.
Azərbaycanda da palma yağından geniş istifadə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizə 2014-cü ildə 28,5 milyon dollar dəyərində 47,6 min ton palma yağı idxal olunub. 2015-ci ilin yanvar-iyun aylarında isə ümumi dəyəri 16,4 milyon ABŞ dolları olan 27,3 min ton xam palma yağı idxal olunub. Palma yağının böyük bir hissəsi İndoneziyadan, cüzü bir hissəsi də Malayziyadan alınır.
Bəzi məlumatlara görə, xaricdən alınan palma yağından süd, pendir, xama, marqarin, dondurma və şokolad məhsullarının istehsalında geniş istifadə edilir. Palma yağı qidaların rəf ömrünü (istifadə müddətini) artırır.
Palma yağının xərçəng xəstəliyi əmələ gətirə biləcəyini deyən həkimlər, bu yağı ehtiva edən qidalardan uzaq durmağın lazım olduğunu məsləhət görürlər.
Palma yağı, uzunömürlü və xüsusilə də ucuz yağ olduğu üçün istifadə edilir, amma keyfiyyətsiz və doymuş yağ ehtiva etdiyi üçün ürək xəstəlikləri və köklük ilə də əlaqələndirilir.
Palma yağı hazırda dünyanın ən çox istehlak edilən bitki yağıdır. İldə dünyada 50 milyon ton civarında palma yağı istifadə edilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar