Xəbər lenti
"Yol çəkilişi ilə bağlı ciddi araşdırma aparılsa, çox sayda iş icraçısı həbs olunacaq" - Ekspert
Deyirlər ki, hər bir xalqın mədəniyyəti yoldan başlayır…
Ölkəmizdə hər il yol infrastrukturunun möhkəmləndirilməsinə, yenidənqurulmasına büdcədən milyonlarla vəsait ayrılır. Çünki yol tikintisi birbaşa gəlir gətirən sahə olmasa da, dolayısı ilə iqtisadiyyatın inkişafına töhfə verir.
Bəs çəkilən yollar istismar müddəti başa çatana qədər qalırmı?
Son 1 ildə paytaxt Bakıda 4-5 dəfə yol çökməsi hadisəsi ilə qarşılaşmışıq. Hətta 1 yolun 2 dəfə çökməsinin belə şahid olmuşuq. Dedik-güldük, əyləndik, kimlərsə posterlər düzəltdi, bəzilərimiz günahı "Azəravtoyol"un apardığı işin keyfiyyətsizliyində, "Azəravtoyol" isə başqa qurumlarda axtardı. Nəysə ki, 3 gün, 1 həftə sonra məsələ yenə unuduldu, yol təzədən təmir olundu və hərəkət öz bərpa edildi.
Amma sevindirici bir xəbər var ki, ölkəmiz yol infrastrukturunun keyfiyyətinə görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır - 36-cı yerdə. Dünya Qlobal Forumunun apardığı qiymətləndirməyə əsasən, Azərbaycanda çəkilən yolların keyfiyyəti 4,8 bal həcmində dəyərləndirilib. Halbuki, qonşu Rusiya bu siyahıda 114-cü yerdədir. Türkiyə 30, Gürcüstan 82, Ermənistan isə 85-də... Rusiya kimi dünya nəhəngini bu sahədə qabaqlamışıq. Sevinməyə dəyər...
Maraqlıdır bəs bu yollar niyə çökür? Nə üçün milyonlarla vəsait ayrılaraq təmir olunan yolların ömrü 1-2 ay, uzağı 1 il çəkir?
Manevr.az xəbər verir ki, nəqliyyat üzrə ekspert Elməddin Muradlı məsələlərlə bağlı qaynarinfo-ya danışıb. O, bunun səbəbini yol çəkilişləri zamanı işlərin koordinasiyalı şəkildə aparılmamasında görür: "Bizim yol təsərrüfatımızla bağlı vəziyyət hələ də arzuladığımız səviyyədə deyil. Demək olar hər həftə cənab prezident hansısa bir yolun təmiri, yaxud yeni yol çəkilməsi, bərbad yolların abadlaşdırılması haqda sərəncam imzalayır. Bu məsələlər fonunda həmin yolların 1 həftə, 1 ay, 5 ay sonra dağılması isə istər-istəməz narahatlıq doğurur. Hətta yola aidiyyatı olmayan insanlar belə bunu eşidəndə təəssüf hissi keçirirlər ki, necə ola bilər axı, yeni çəkilən yol belə qısa zamanda dağılır?!
Mən hərdən aidiyyatı qurumların əməkdaşları ilə söhbət edirəm və görürəm ki, bu işlər bəzən koordinasiya olunmadan həyata keçirilir. Yol çəkənlər özlərini həm geoloq, həm Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, həm vulkanik-tektonik əraziləri təhlil edən mütəxəssis hesab edirlər. Belə olanda da çəkilən yol qısa müddət sonra dağılır. Yol çəkənin funksiyası yolu çəkməkdir, FHN-in borcu ona rəy verməkdir, geoloqların işi də yerin qatını öyrənib təhlükəsizliyi və davamlılığı haqqında təhlillər aparmaqdır və s. Yəni, hərənin öz işi var. Amma bizim qurumlar fikirləşirlər ki, onlardan ağıllısı yoxdur. Ona görə heç kim heç kimin müraciətini oxumur. Yol çəkilişindən öncə "Azəravtoyol” Dövlət Yol Polisi İdarəsindən yolun bağlanması ilə bağlı icazə almalıdır. Amma dəfələrlə şahidi olmuşam ki, məktub ünvana çatmamış yolu artıq qazmağa başlayıblar. Belə olmaz. Yol çəkiləndə onun geoloji tərəfi öyrənilməlidir, aidiyyatı qurumların nümayəndələri orada müayinələr aparmalı, rəy verməlidirlər. Çünki bura dövlət vəsaiti xərclənir. İnanın ki, hüquq mühafizə orqanları yollarımızın çəkilişi ilə bağlı nə vaxtsa, ciddi bir araşdırma aparsa, çox sayda iş icraçısı həbs olunacaq”.
Ekspert işlər bitdikdən sonra digər qurumların yolu qazaraq başqa işlər aparmalarına da münasibət bildirib: "Təsəvvür edin bu problemlərin nəticəsi idi ki, prezident İlham Əliyev ötən ilin dekabrın 27-də Yol Hərəkətinin Təhlükəsizliyinə dair Dövlət Proqramı imzaladı. Həmin proqramda ayrıca bir bənd qeyd olunub ki, yol təsərrüfatı işlərinin həyata keçirilməsi, təmiri və digər məsələlər koordinasiyalı şəkildə həyata keçirilsin. Yəni, ölkə rəhbərliyinə də məlumdur ki, o vaxta qədər işlər koordinasiyalı şəkildə aparılmırdı.
Bəzi yollar var ki, 10 il orda bir çınqıl da tərpənmir. Hətta bəzi piyada xətlərini elə çəkirlər ki, lazım gələndə silmək olmur. Yəni, belə keyfiyyətli yollarımız da var. Amma 3 gün sonra çökən yollarımız da az deyil. Bunun da qarşısının alınması üçün "Azəravtoyol” hardasa yol çəkərkən iş icraçıları arasında nizam-intizam yaratmalıdır. Ola bilər işçilərin hansısa yaxşı işləyir, hansısa yarıtmazlıq edir. Amma hər dəfə günahı yağışın, küləyin, qışın, kanalizasiyanın üstünə yıxmaqla iş bitmir. Camaat buna gülür. Çox təəssüf olsun ki, mətbuat xidməti özünü qurumun rəhbəri kimi aparır. Hər şeyə aqressiv, hay-küylə cavab verir. Bu şəkildə olmaz.
Məsələlərə bir az da obyektivlik prizmasından yanaşmaq lazımdır. Ya cavab vermə, ən yaxşısı sus. Ya da obyektiv ol. Babək prospekti bu dəqiqə də problemlidir. O boyda vəsait xərclənib, iş görülüb, amma əvvəlcədən nəzərdə tutulmuş piyada keçidləri tikilməyib. Fikirləşirlər ki, bundan sonra yeni layihə veriləcək və ola bilsin 2 yeraltı keçid, 4 dənə də piyada zolağı qoyulacaq. Bu yeraltı keçidlər tikiləndə yol yenə zədələnəcək, camaat yenə əziyyət çəkəcək. İş birdəfəlik görülməli idi. Yəqin tikinti işini həmişəki kimi dərs ilinin əvvəlinə, yaxud qızğın bir vaxta salacaqlar. O qurumda adət-ənənə budur. Görürsən ki, məktəblər bağlı olanda bir dənə də iş getmir, amma dərslər başlayan kimi hər tərəfi qazırlar. Bu, necə yanaşmadı, nə psixologiyadı anlamaq olmur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar