Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Eyni gündə doğulub, eyni gündə şəhid olan Yusif... - Şəhid bacısının XATİRƏLƏRİ

Tarix: 20-01-2019 12:12     Baxış: 4213 A- / A+
Eyni gündə doğulub, eyni gündə şəhid olan Yusif...

20 Yanvar hadisələrində şəhid olan Yusif Sadıqov 1964-cü ildə Göyçə gölünün sahilində yerləşən Cil kəndində dünyaya göz açıb. Zahirən sakit, daxilən coşqun təbiətli idi. Güclü məntiqi, iti yaddaşı riyaziyyat elminə bağlamışdı Yusifi. Orta məktəbdə dəfələrlə olimpiadalarda iştirak edib birincilik qazanmışdı. Məktəbi 1981-ci ildə qızıl medalla bitirib Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdu. Tələbəlik illərində Moskvada, Vilnüsdə universitetini təmsil etmiş, riyaziyyat olimpiadalarında birinci dərəcəli diploma layiq görülmüşdü. Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnstitutunda aspiranturaya daxil olmuşdu. Yusif minimumlarının hamısından əla qiymətlər almışdı, aspirantların konfransında, institut seminarlarında istedadı ilə tanınmışdı. Nişanlı idi. Hamı Yusifin toyuna hazırlaşarkən... Ad günü yanvarın 20-də idi...

Manevr.az bildirir ki, Elə doğum günündə də dünyasını dəyişən Yusiflə bağlı xatirələrini trend-ə bacısı Sayalı Sadıqova danışır:

"O gecə... sanki yerin, göyün üzünə qara kəlağayı salmışdılar. Hər yan, hər tərəf adamda vahimə oyadırdı. Evdə də, bayırda da havası çatmırdı Yusifin. Sən demə, bütün varlığa hakim kəsilən o qara gecənin gəlişində hansısa bədxahın əli var imiş. Haradasa şimşək çaxırdı elə bil, qaranlığın bağrını sökən işıq zolaqları yanıb sönürdü. Yuxuda olan Yusifi güllə səsi oyatdı... Oyandı... Dözə bilmədi, küçəyə çıxdı..."

1989-cu ilin 1 dekabr tarixində Ermənistan Ali Soveti "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi" haqqında qərar qəbul etdi. Nəticədə, Azərbaycanda siyasi vəziyyət gərginləşdi və bu, 1989-cu ilin sonunda İran və Türkiyə ilə sərhədlərdəki tikanlı məftillərin sökülməsi ilə nəticələndi. 1989-cu ilin 31 dekabrında minlərlə insan - qadın və kişi, uşaq, qoca və cavan Ordubaddan Sədərəyədək SSRİ dövlət sərhədinin 167 kilometrlik ərazisi boyunca sərhəd dirəklərinin tikanlı məftillərini sökmüşdü. 1989-cu ilin sonunadək ermənilər tərəfindən yüzlərlə azərbaycanlı qətlə yetirilmişdi. Hamının səbr kasası dolmuşdu. Yurd-yuva qeyrəti, el-oba isməti milləti ya ölüm, ya qalım məqamına gətirmişdi. Bakı təlatümə gəlmiş, insan seli küçələrə Vətən harayına çıxmışdı. Yanvarın əvvəllərindən davam edən mitinq və nümayişlər, Vəzirovun ölkəni idarə edə bilməməsi, DTK-nin isə təxribatçı əməlləri 20 Yanvar faciəsi üçün zəmin hazırladı. Bakıya qoşun yeridilməsi ərəfəsində Sov. İKP MK-nın katibi A.Girenko paytaxtda fövqəladə vəziyyət elan edilməyəcəyi, hərbi hissələrin gətirilməyəcəyini bəyan etdi və bununla da respublika əhalisi aldadıldı. "Ordu şəhərə daxil olmayacaq... Yalnız sakitlik, yalnız qarşılıqlı anlaşma..." Bu rəsmi sözlər eşidiləndə inam artdı, ümidlər şölələndi. Alma-Ata və Tbilisi hadisələrində güc işlətdiklərinə görə beynəlxalq aləm tərəfindən ittiham olunan "Qırmızı ordu"nun silaha əl atacağını heç kim gözləmirdi".

S.Sadıqova deyir ki, Yusif də bir vətəndaş, ziyalı kimi düşünür, yollar axtarırdı. Vətən uğrunda mübarizə başlıca amalına çevrilmişdi. Bununla belə, namizədlik mövzusu üzərində gecə-gündüz işləyirdi. İşini tez başa çatdırmağa çalışırdı. Ancaq hadisələr buna imkan vermirdi:

"Xalqımızın 1988-ci ildən bəri başına gələn faciələr Yusifi rahat buraxmırdı. Onun gözlərindəki qığılcım, üzündəki təbəssüm gözlərimizin önündə yavaş-yavaş sönməyə başlamışdı. Minimumlarının hamısından əla qiymətlər almışdı. Aspiranturanın ikinci kursunda oxuyurdu. İnstitutun əməkdaşları Yusifin şəxsində gələcəyin görkəmli riyaziyyatçı alimini, şəxsiyyətini görürdülər. O, əsl Azərbaycan ziyalısına xas olan daxili insani keyfiyyətləri, dünyagörüşü, səmimiliyi ilə hər zaman fərqlənmişdi".

1990-cı ilin ilk ayı yaman qanlı-qadalı gəldi. Yanvarın 19-dan 20-nə keçən gecə dəhşətli qırğın törədildi Bakıda. Qan su yerinə axdı o gecə. Neçə ana övlad, neçə bacı qardaş, neçə körpə ata itirdi o müdhiş gecədə. Bu dəhşətli qırğının şahidi olmuş insanlar ağıllarını itirmək dərəcəsinə çatmışdılar. Təsəlliyə söz də qalmamışdı. Hamı ağlayırdı, özü də hönkür-hönkür, fəryad qopara-qopara. Lakin şahidlərin selə dönmüş göz yaşları tökülən bu günahsız qanlardan qat-qat artıq olsa da, onu yuyub təmizləməyə qadir deyildi. Göz yaşı ilə suvarılan şəhid qanından qırmızı qərənfillər bitmişdi küçələrdə, meydanlarda. Başını itirmiş adamlar gecə evdən çıxıb bir daha geri dönməyənlərini axtarırdılar, özü də dirilər yox, ölülər arasında...

S.Sadıqova deyir ki, həmin gün əzizlərinin meyitini tapanlar Allaha şükür edirdilər:

"Çünki artıq məlum olmuşdu ki, qaniçən vəhşilər öz cinayətlərinin izini qismən də olsa itirmək üçün yaralıların və şəhidlərin bir hissəsini yük maşınları ilə aradan çıxara bilmişdilər".

Onun sözlərinə görə, səhəri gün atası şəhid qanından laləzara dönmüş küçə və meydanlarda, xəstəxanalarda, ölüxanalarda qanına qəltan olmuş igidlərin cəsədini gördükcə yüz dəfə ölüb-dirilən, müdhiş gecənin ağır yükü altında qəddi bükülmüş, heydən düşmüş, donuq baxışlarından iztirab tökülən, sifətləri meyit rəngi almış insanlar arasında Yusifi axtarırdı:

"Yusifin isə ancaq sağ qolu tapıldı... Tankın tırtılları altında kəsilmiş sağ qolu... Yusifin arzularını həyata keçirməyə qoymayan qatillər Bakını qana boyadı".

Yanvar böhranı nəticə etibarilə respublika hakimiyyət orqanlarının iradəsizliyi və xalqdan ayrı düşməsi, müxalifətin ən fəal hissəsinin avantürizmi, bütün siyasi dayaqlarını itirmiş mərkəzi hakimiyyətin səbatsızlığı nəticəsində baş verdi. Bu böhran həm də müəyyən dairələrin siyasi korluğunun nəticəsi idi. Onlar başa düşmək istəmirdilər ki, siyasi böhranın nə ilə nəticələnməsindən asılı olmayaraq, o, artıq tarixi inkişafın ümumi yönünü dəyişdirə bilməyəcək.

Yanvar faciəsi xalqımızın milli şüuruna kədərli, eyni zamanda, XX əsr Azərbaycan tarixinin dönüş əhəmiyyətli hadisəsi kimi daxil oldu. Bu mərhələni keçən insanlar hiss etdilər ki, keçmiş həyata və münasibətlərə qayıtmaq artıq mümkünsüzdür. Müstəqilliyə doğru hərəkət son, həlledici mərhələyə yaxınlaşmaqda idi və artıq həmin 90-cı ildə Azərbaycanda 1918-1920-ci illərdə müsəlman Şərqində ilk demokratik respublikanın ideyaları, rəmzləri, demokratik ənənələri yenidən canlanmağa başlanmışdı.

Yanvar hadisələri siyasətdə zorakılığın, siyasi problemlərin həllində gücdən istifadə edilməsinin (kim tərəfindən olursa-olsun) səmərəsizliyini sübuta yetirdi. Ziddiyyət, ixtilaf, maraq və ambisiyaların bir-biri ilə toqquşması siyasi prosesin dəfedilməz ünsürüdür. Lakin mədəni cəmiyyətlərdə bu heç də o demək deyil ki, ziddiyyətlər hökmən sərt qarşıdurma və zorakı yolla həll edilməlidir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar