Xəbər lenti
Etibar Əliyev: “Yeni qəbul qaydaları cəmiyyəti təşvişə salmamalıdır”
“Müəllimlərin hazırlıq səviyyəsinin təkmilləşməsinə cavabdeh qurumlar üzərinə düşən öhdəliyi normal yerinə yetirmirlər”
Təhsil Nazirliyi Azərbaycan və rus bölmələri üzrə orta məktəblərdə riyaziyyat, informatika, fizika, kimya və biologiya fənlərindən dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun olaraq, qapalı tipli test tapşırıqlarından imtahan keçirib. İmtahanın nəticələri belə olub:
Riyaziyyat müəllimlərinin 99 faizi, kimya müəllimlərinin 95 faizi, fizika müəllimlərin 94 faizi, informatika müəllimlərinin 90 faizi, biologiya müəllimlərinin isə 49 faizi test suallarının yarıdan çoxunu düzgün cavablandırmayıb.
Bu məlumatı iqtisadçı-alim Qubad İbadoğlu facebook səhifəsində paylaşıb. Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri, Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev isə onun yazdığına şərh bölümündə cavab verib ki, məqsəd beynəlxalq olimpiadalara hazırlığı təşkil edəcək müəllimləri müəyyən etməkdir:
“Doğrudur, xeyli müəllimin nəticəsi aşağı görsənir, amma nəzərə almaq lazımdır ki, müsabiqənin sualları dünya elm olimpiadaları səviyyəsində hazırlanıb. Yəni müsabiqə təşkil edilərkən bu gözlənilirdi və bu nəticə qətiyyən müəllimlərin məktəb proqramı ilə bağlı hazırlıq səviyyəsini əks etdirmir”.
Təhsil eksperti Etibar Əliyev “Yeni Müsavat”a bildirib ki, müəllim orta təhsilin ən mühüm siması sayılır: “Dünyada orta təhsilin inkişafını xarakterizə edən mühüm komponentlərdən biri müəllim hazırlığının səviyyəsidir.
Bu gün Azərbaycanda repetitor xidmətinin geniş yayılmasının artıq praktik təsirini görürük. Müəllimlər bilik və bacarıqlarını orta məktəbə yox, repetitor xidmətinə sərf edirlər.
Müəllimlərdə yaradıcılıq qabiliyyəti çox aşağı səviyyədədir. Buna fənnin testlər vasitəsilə izah olunmasının müstəsna təsiri var.
Ölkəmizin şagirdləri bir sıra Beynəlxalq bilik yarışmasında iştirak edirlər. Onları həmin yarışmalara bilikli müəllimlər hazırlamalıdır. Onda belə çıxır ki, indiyəqədərki şagird nailiyyətlərində müəllimlərin rolu çox az olub.
Eyni zamanda bu məsələdə Təhsil İnstitutunun və müəllimlərin hazırlıq səviyyəsinin təkmilləşməsinə cavabdeh qurumların üzərinə məsuliyyət düşür. Açıq görürük ki, onlar üzərlərinə düşən öhdəliyi normal yerinə yetirmirlər: “Bu qurumların idarə olunmasında ciddi qüsurlar mövcuddur. Yeri gəlmişkən, bu yaxınlarda oxudum ki, İngiltərənin təhsil naziri ingilis məktəblilərini riyaziyyatdan olimpiadlara hazırlamaq üçün Çindən 60 müəllimi bu ölkəyə təcrübə mübadiləsinə dəvət edib. Göründüyü kimi, bu cür məsələlər bir o qədər də sadə deyil”.
E.Əliyev qeyd edib ki, yaşından asılı olmayaraq, müəllimlərə formal yox, real təlimlərin keçirilməsi olduqca vacibdir: “Əks halda gələcəkdə daha ciddi problemlə üzləşə bilərik. Beynəlxalq fənn olimpiadalarına müəllimlərin hazırlığı üçün dilimizdə vəsaitlər yox səviyyəsindədir. Bu məsələnin üzərində də ciddi düşünmək lazımdır. Bu ildən ali məktəblərə qəbulda yeni qaydalar tətbiq olunacaq. Keçirilən imtahanlar onu söyləməyə əsas verir ki, bu göstəricilərlə müəllimlər bu prosesə də normal biliklə getmirlər. Orta məktəblər təhsilin keyfiyyətinə cavabdehlik daşımırlar. Cavabdehlik mexanizmi işlənib hazırlanmalıdır”.
Ekspert qəbul imtahanına yeni qaydaların tətbiq olunmasının təhsil sisteminə hansı təsirləri olacağını da açıqladı: “Yeni qəbul qaydaları cəmiyyəti təşvişə salmamalıdır. Bu kurikulumların artıq 11 sinifləri əhatə etməsi ilə bağlı tətbiq olunan imtahanlardır. Köhnə tədris proqramlarından tam imtina deyil və yeni bacarıqların ölçülməsinə xidmət edəcək. Əslində bu bacarıqların ölçülməsi elə imtahan səviyyəsində qalmamalıdır. Açıq tipli tapşırıqların həllinə vərdişlərin formalaşması, riyazi məntiqin inkişafı, mətnlərin təhlili məktəb məzunlarına gələcəkdə də lazım olan bacarıqlardır. Bunu müəllimlərimiz bu cür dərk etməlidir”.
E.Əliyev ümumilikdə yeni təhsil naziri Ceyhun Bayramovun fəaliyyətinin Mikayıl Cabbarov və Misir Mərdanovdan fərqlərini müqayisə etdi: “Misir Mərdanovun vaxtında yerli və Beynəlxalq fənn Olimpiadalarının keçirilməsinə diqqət yetirilmirdi.
Rasional müəllim hazırlığı arxa plana çəkilmişdi. Təmayüllü məktəblərə şagird qəbulunda ciddi nöqsanlar mövcud idi və bu da öz təsirini olimpidalarda göstərdi.
Təmayüllü məktəblərdə Olimpiada Mərkəzlərinin yaradılması, Beynəlxalq fənn olimpiadalarına marağın güclənməsi Mikayıl Cabbarovun adı ilə bağlıdır. Bu işləri Cabbarov birbaşa öz nəzarətinə götürmüşdü və nəticələr xeyli yüksəlmişdi.
İndi ən ciddi problem uşaqları olimpiada yarışlarına hazırlayan müəllim ordusunun formalaşdırmaqdır. Burda beynəlxalq təcrübədən də bəhrələnmək olduqca vacibdir.
İndi bu prosesin inkişaf etdirilməsinin məsuliyyəti Ceyhun Bayramovun üzərinə düşüb. Yeni nazir kimi o, orta təhsilin inkişafında əlindən gələni əsirgəmir. Ancaq düşünürəm ki, yaxşı məsləhətçilərə də böyük ehtiyac var".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar