Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış astroloqdan 2019-la bağlı proqnozlar: "Onların 50 faizi cəzalanacaq, bu bürclərdə doğulanlar isə..."

Tarix: 01-01-2019 18:18     Baxış: 2428 A- / A+
Tanınmış astroloqdan 2019-la bağlı proqnozlar: "Onların 50 faizi cəzalanacaq, bu bürclərdə doğulanlar isə..."


Tanınmış astroloq Səbuhi Rəhimli teleqraf.com-a müsahibə verib.

Manevr.az
həmin müsahibəni təqdim edir:

- Səbuhi müəllim, yola saldığımız it ili ilə qarşılayacağımız qaban ilinin fərqi nədir?


- İt ili daha çox intriqalarla, ictimai-siyasi qarşıdurmalarla yadda qaldı, amma qaban ili daha sakit və barışdırıcı ildir. Münaqişələrə nöqtə qoyulan, qarşıdurmalarda qalibin qalibiyyət elan etdiyi vaxtdır. İntriqalardan qaçan, dürüst, ağıllı, zəhmətkeş insanların bu il bəxti gətirəcək, onlar daha şanslı olacaqlar.

Qətiyyətli, ötkəm, həqiqətpərəst olmaq lazımdır. İt ilində münaqişələr, problemlər, münasibətlər sevgi, ailə, qohumluq zəminində olurdusa, qaban ilində bu müstəvi mülkiyyətə keçəcək. Yəni mülkiyyət üstündə savaşın şahidi olacağıq.

Biz bunu həm fərdi insanlarda, həm qohumlarda, həm də daha böyük dairələrdə, ictimai-siyasi fiqurlar arasında görəcəyik.

- 2019-cu ilin şanslı bürcləri hansılardır?

- Astroloji bilgilərə görə, su və od ünsüründən olan bürclər bu ilin şanslı bürcləridir. Başda isə qoç və əqrəb gəlir, çünki ilin planeti Marsdır, o iki bürc də Marsın himayəsindədir.

Bilməyənlər üçün deyim ki, od ünsürü qoç, şir, oxatan, su ünsürü isə xərçəng, əqrəb və balıqlardır.

İllərin də uğurluları var ki, 2019-cu ildə qaban, pişik, keçi – bəzən buna donuz, dovşan, qoyun da deyirlər – şansı illərdir. Əslində dediyim uğurlu, uğursuz məsələsi də doğru olmaz, çünki ilin özünün dürüst olmaq, fikrini açıq demək kimi kodları, şifrələri var. Hansı ildə doğulmağından asılı olmayaraq, kim nəbzi tutsa, onun üçün il yaxşı keçəcək.

İnhisarçılara qarşı problem yaranacaq. Oliqarxlar, müftə yeyənlər, halal yolla pul qazanmayanlar cəzalanacaqlar. Bu, siyasi və ya ilahi cəza da ola bilər. Konkret Azərbaycanda elə adamların 50 faizi zərərsizləşdiriləcək, sıradan çıxacaq. Bu, qabanın xarakterindən irəli gəlir və həmişə belə olur.

Biz statistika aparmışıq, bütün qaban illərində mülkiyyət üstündə savaş olub. Biri var ədalətli rəqabət, bir də var saxta, qərəzli rəqabət. Qaban ilində daha çox ədalətli rəqabətin şahidi olacağıq.

- Qaban ili sevgi münasibətlərində, evlilikdə nələr vəd edir?


- Ruzi-bərəkətli il olduğuna görə 12 zodiak ili arasında ən az boşanma qaban ilində olur. Bu il insanların daha çox doğulduğu ildir. Bəzi illər var, bətndə uşağın yetişməsi, hamiləlik çox çətin keçir, bəzən pozulmalara gətirib çıxarır. Qaban ilində adətən belə olmur, dünyaya sağ-salamat, güclü uşaqlar gəlir.

- Səbuhi müəllim, heç proqnozlarınızda yanıldığınız olubmu?


- 26 ildə ilk dəfə 2018-ci ilin ictimai-siyasi proqnozunu verməmişdim, sadəcə ilin xarakterini söyləmişdim. Amma hər il 25 proqnoz verirəm, yalnız bir dəfə 3-ü səhv çıxıb, qalan hallarda ikisi və ya biri səhv olub.

Yeganə adamam proqnoz verirəm, ilin sonunda onun izahatını da açıqlayıram. Kəskin yalan çıxan proqnozum olmayıb. Misal üçün, mən deyirəmsə yağış yağacaq, heç vaxt gün çıxmır, ən azı hava çiskinli olur. Çünki bunları özümdən quraşdırmıram, hamısını hesablayıb deyirəm. Putin, Bəşər Əsəd haqqında proqnoz verirəmsə, onun mütləq doğum tarixini bilirəm.

Birdən məndən elə siyasi xadimin proqnozunu soruşurlar ki, deyirəm, məndə onun haqqında məlumat yoxdur, bilmirəm və hesablamaq mümkün deyil. Bəzilərinin təvəllüdü səhv olur, ona görə proqnoz da səhv çıxır.

Misal üçün, mən uzun müddət bir siyasətçi ilə bağlı proqnoz verəndə rəsmi sənədlərdə təvəllüdü martın 22-si yazılıb deyə elə hesablayırdım. Sonra bildim ki martın ortlarında doğulubmuş. Qoç hara, balıqlar hara? Bu mənim günahım deyil.

Bu, snayper kimi bir şeydir. Əlində nə qədər dəqiq təvəllüd olsa, bir o qədər dəqiq proqnoz verə bilərsən.

- 2019-cu ildə Azərbaycanda siyasi cəhətdən nələr gözlənilir?


- Arzuolunmaz deməzdim, amma çox böyük rəqabətlər olacaq. Müxtəlif siyasi dairələrdə daxilən gizlədilmiş, bilinməyən rəqabətin, qarşıdurmanın şahidi olacağıq.

Bəzi məmurlar (onların sayını bilirəm) vəzifəsindən uzaqlaşacaq.

Qarabağla bağlı sakitlikdir, amma döyüş əməliyyatları aparmaq üçün şanslı vaxtlar da var. Şanslı vaxt hər zaman olur, sadəcə ondan istifadə edib-etməmək qalır. Fevral, may və avqust ayları uğurludur. Hərbi əməliyyat aparıb torpaqların azad olunması naminə o dövrdən istifadə etmək olar.

- Bəs dünya siyasətində nələr gözlənilir?


- Mən 5 əsr nə qədər qaban ili var, hamısını araşdırmışam, çünki statistika insanda təsəvvür yaradır. Qaban ilində elə bir müharibə olmayıb. İndi Ukrayna-Rusiya və ya NATO-Rusiya qarşıdurması yaşanır, Avropada, Balkanlarda gərginlik başlayır, Suriyada qarışıqlıq var. Bunların hamısı bəlkə də yanvar çıxmamış həll olunacaq. Hətta Rusiya ilə Ukrayna artıq danışıqlara başlayıb, hərbi qarşıdurma dayandırılıb.

Qaban ilində hətta başlayan müharibələr də tez bitir.

Qaban ilində ən böyük müharibə Pakistanla Hindistan arasında olub, o da qısa müddətdə, 3-4 gün içində bitib. 12 illik dövriyyədə ən sakit il qaban ilidir.

İt ili də sakit idi, amma ondan qabaqkı meymun ili maliyyə böhranı, qıtlıq yaradan il idi, onun dalınca xoruz ilində müharibələr çox oldu. 2018-ci ildə döyüşlər daha çox masa üzərinə keçdi. Qaban ilində ümumiyyətlə sakit olacaq, insanlar daha çox varidat yığmaq, mülkiyyət əldə etmək üçün çalışacaqlar.

Bir var hərbi üstünlük əldə etmək, bir də var enerji və maliyyə resurslarına hakimlik eləmək. Qaban ilinin əsas təzahürü budur.

- Bəs 2019-cu ildə maliyyə cəhətdən insanları nə gözləyir, növbəti devalvasiya olacaqmı?


- Bizdə gedişat zaman-zaman dəyişə bilir, gərək o prosesin növbəti mərhələsi gələ ki, proqnozlaşdıra bilək. Amma ilkin mərhələ üçün proqnozum odur ki, mart ayına qədər hər hansı devalvasiya olmayacaq. İnsanlar tez-tez narahat olurlar ki, yeni il girən kimi növbəti devalvasiya baş verəcək, amma astroloji hesablamalarıma görə mən onları təkzib edirəm.

- Yeni ildə müğənniləri nə gözləyir?


- Şou əhlinə proqnoz vermirəm.

- İnsanlarda belə bir düşüncə var ki, astrologiya elminə falçılıq, astroloqlara falçı kimi yanaşırlar.


- Belə adamlar 3 qrupa bölünür: özünü dində sayanlar, elmi tərəfindən yanaşanlar, xüsusən də astronomlar, astrofiziklər, üçüncü isə ümumiyyətlə inkarçılar.

Quranda fal oxları, düyünə üfürmək kimi pislənən, küfr sayılan bəzi əməllər var ki, onun elmi hesablamalarla həyata keçirilən astrologiyaya heç bir aidiyyəti yoxdur. İkincisi, dünyanın ən tanınmış islam alimlərinin heç biri Qurani-Kərimin astrologiya elmini inkar etdiyini deməyib. Əksinə, Qurani-Kərimdə astrologiyanı təsdiqləyən kifayət qədər ayələr var.

Bəziləri düşünür ki, astroloq nəyisə proqnozlaşdırmaq üçün qeybdən xəbər verir, Quran isə deyir qeybdən xəbər vermək günahdır. Quranda belə bir ayə var ki, Allah qeybi bildirməkdə xəsislik etməz. Quranın bir ayəsini kimsə inkar edirsə, deməli, islamı, Allahı qəbul eləmir, ümumiyyətlə müsəlman deyil.

Qeyb odur ki, misal üçün, texnologiya inkişaf edənə qədər insanlar doğulacaq uşağın cinsiyyətini bilmirdilər. Amma Allah izin verdi, qeybdən alimlərin beyninə məlumat saldı, artıq uşağın 3-4 ayında oğlan-qız olması, hətta xəstəliyi də aşkarlandı. Bu, qeybin bilinməsidir. Və ya sinoptiklər deyir ki, 4 gündən sonra filan saat və ərazidə qasırğa olacaq. İndi bu, günahdır? Yaxud təyyarə ilə uçursan, deyir ki, 2 saat 10 dəqiqədən sonra təyyarə Bakıya enəcək.

Bilən-bilməyən danışır, əminəm ki, onların heç biri bir dənə də elmi astroloji mənbə oxumayıb. Astronomiya böyük bir saraydır, onun içərisində olmaq lazımdır, kimsə pəncərəsindən, nəfəslikdən baxır, az şey görür, deyir nəsə var, amma dəqiq deyil. Eləsi də var zirzəmisindən girir, deyir, bura qaranlıqdır, heç nə yoxdur.

Bu gün astrologiya sahəsində media ilə iki nəfər işləyir, Firudin Qurbansoy və mən. Üçüncü bir adamın adını çəkmək olmur.

İnsanlar astronomiyanı hardan öyrənirlər? Mən yutubu açıram, görürəm ki, ağzına gələni, yalan-palan proqnozlar verirlər. Misal üçün, gələn il hansı bürc xoşbəxt olacaq, bəxti gətirəcək... Axı bəxt, xoşbəxtlik bürcə aid deyil, hər bir fərdin özündən asılıdır.

Astrologiyada insanlar cəmi 12 qrupa bölünür, necə ola bilər ki, bir bürcdən olanların hamısı xoşbəxt olsun, həmin il öləni, yaralananı da olur, axı.

İkincisi elm adamları, astrofiziklərdir, təbii, hamısı yox, onlar deyir ki, astroloqların proqnozu təsadüfən düz çıxır. Mən hər il verdiyim 25 proqnozun 23-24-ü necə təsadüfən düz çıxa bilər? Yəni elmi araşdırmanın əsas məsələsi məntiq və ortada olan nəticədir. Qədimdən bizə ötürülür ki, misal üçün, Yupiter oğlaq bürcü dərəcəsində olanda böyük ölkələrdə çevriliş olur. Biz araşdırırıq ki, Rusiyada inqilab, Fransada burjua inqilabı, ABŞ-da vətəndaş müharibəsi məhz həmin vaxta düşür. Deməli, burda nəsə var, amma elm hələ inkişaf edib onu tapa bilmir. Zaman-zaman bunlar bilinəcək, elmi də qınamaq olmaz.

Üçüncü qisim isə inkarçılardır. Oxumadan, bilmədən deyirlər ki, astrologiya cəfəngiyatdır, ən düzünü Allah bilir. Bəziləri hətta düşünür ki, mən oturub müştəri ilə işləyirəm, pul qazanıram. Halbuki mən o işlə məşğul deyiləm, ofisdə oturub yazıram. Beynim, ruhum azaddır, ümumiyyətlə, mən astrologiyaya pul mənbəyi kimi baxmıram.

- Son vaxtlar Vanqa nənənin proqnozları tez-tez müzakirə edilir. Ümumiyyətlə, belə proqnozlara münasibətiniz necədir?

- Bu yaxınlarda sosial şəbəkədə yazdım ki, hər il bəzi media nümayəndələri Vanqanı, Nostradamusu dirildib, gələn ilin proqnozunu alıb yenidən qəbrə qoyurlar. Vanqa adi bir görücü olub, nələrsə deyib. Amma mətbuatda "Vanqa nənənin 2019-c u ildə bürclər üzrə proqnozu” adlı başlıq var. Yaxud yazırlar ki, Nostradamus 2019-cu ildə hansı bürcə xoşbəxtlik yazıb? Ümumiyyətlə, o, bürclə bağlı bir kəlmə də yazmayıb, hamısı yalandır.

Bəzən dünyada siyasi planları yeritmək üçün bu cür mifik ünvanlardan istifadə edirlər. Mayyalıların 2012-cil 21 dekabr proqnozu ilə bağlı pul buraxıb film də çəkdilər. O zaman təkzib edən təkcə mənidim. Din adamları susdu, dedilər, bəlkə olacaq, Allahın işidir, elm adamları ümumiyyətlə açıqlama vermədilər. NASA isə dedi ki, qorxuruq belə hadisə baş versin, insanlar da başladı əl-ayağa düşməyə. Bu da ən çox ona xidmət elədi ki, dünyada kredit götürmək əmsalı sıfıra yaxınlaşırdı, insanlar düşündü, onsuz da dünya dağılacaq, gedim pul götürüm, son günlərimi yaxşı yaşayım. Bu günə qədər zülmlə o pulu qaytarırlar. Mağazalarda isə şamlar satılıb qurtardı...

İnsan qəbiristanlıqda olanda maliyyə haqqında düşünmür, özünə qapılır, fəlsəfi bir auraya düşür, sanki Tanrı ilə tək qalır. Siz təsəvvür edin ki, dünyanın sonu ilə bağlı söhbət gəzirsə, bir az da insanı inandıran səylər göstərilirsə, təbliğat gedirsə, insandan materiya ayrılır, sadəcə ruh qalır. Bu, insanları təsir alında saxlamaq üçün istifadə olunan metoddur.

21 dekabrdan sonra gördülər, proqnoz boş çıxdı, dedilər, dünyanın sonu 2013-cü ilin fevralında olacaq, fevral keçdi, dedilər, noyabrda Yerə doğru bir planet gəlir. Halbuki planet planetə heç vaxt dəyməz.

Beləliklə, insanları xofda saxlamaq üçün şou düzəldirlər, axtarırsan ki, heç onu deyən adamın kimliyi də məlum deyil.

- Yeri gəlmişkən, ay və günəş tutulmaları insanlara təsir edirmi?

- Ayın tutulması təhlükəli deyil. Ayın bədirlənməsi daha təhlükəlidir. Hamıya məlumdur ki, ay da yalnız bədirlənəndə tutulur. Təzə ay doğanda isə günəş tutulur, adətən, bu da 6 aydan bir olur. Tam günəş tutulması zamani insanlarda bir az narahatlıq yaranır. Astroloji cəhətdən hansı zodiak işarəsində, onun neçənci dərəcəsində günəş tutulursa, onu hesablamaq lazımdır, hansı bürclərə və hansı orqanlara təsir edə bilər.

Tutulma ərazisi də önəmlidir. Misal üçün, 2019-cu ildə 5 tutulma var – 3 günəş, 2 ay tutulması... Günəş bir dəfə tam tutulacaq ki, bu da iyulun 2-də olacaq. Qeyd edilən günəş tutulması Cənubi Amerika qitəsinə, Sakit okeanın cənub-qərbinə düşür, bizdən çox uzaqdır və həmin vaxt bizdə gecə saatları olacaq. Əgər bizim əraziyə düşsəydi, təsiri olardı.

Misal üçün, 1999-cu il tam günəş tutulması İstanbula düşdüyü üçün orda zəlzələ baş verdi. Bu ilki tutulmaların bizə heç bir mənfi təsiri yoxdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar