Xəbər lenti
Siz hansı səlahiyyətin sahibisiniz ki, milyonları təhqir edirsiniz?
Manevr.az Sputnik Azərbaycan-a istinadən Orxan Bahadırsoyun yazısını təqdim edir
Yerli yazıçıların oxucularla səngimək bilməyən davasında hansı tərəf haqlıdır? Bütün Azərbaycan xalqı həqiqətənmi kitabdan, ədəbiyyatdan uzaqdır? Yeni nəsil yazıçıların problemi nədir?
Düzü, bu sualların cavabını özüm də dəqiq bilmirəm. Ona görə yox ki, mənim ədəbiyyat anlayışım yoxdur və ya Azərbaycan xalqına bələd deyiləm. Ona görə ki, yazıçıların bu iddia və ittihamları o qədər absurddur ki, bunu anlamaq çətindir.
İddialardan biri və birincisi budur ki, xalq kitab oxumur. Bu, ağ yalandır. Məgər bu xalq deyildimi Salam Qədirzadənin, Əlibala Hacızadənin kitablarını gündüz vaxtı çıraqla gəzən? Məgər bu xalq deyildimi bütün Şərqdə ilk dəfə Qərb əsərlərini tərcümə edib səhnələşdirən? Bugünün özündə bu xalq deyilmi bir sıra yerli və xarici müəlliflərin minlərlə tirajlanmış kitablarını alıb oxuyan?
Digər bir iddia da budur ki, xalq bu yazıçıları anlamır. Yüngül ədəbiyyata qaçır. Buna görə də sovet dövrünün yüngül ədəbiyyatı kimi Salam Qədirzadə, Əlibala Hacızadə, bu günün yüngül ədəbiyyatı kimi Elxan Elatlı, Rövşən Abdullaoğlunu oxuyur. Yaxşı, bəs siz hansı ciddi ədəbiyyatı yaradıb xalqa sundunuz və onlar istəmədilər?
Bu xalq sizi oxumağa da, anlamağa da məcbur deyil. Ümumiyyətlə, insanlar sizə borclu olduqları üçün kitab oxumalı deyillər. Sizin kitablarınızı oxusalar da, sizə borclu olmayacaqlar! Uğursuzluğa bəhanə qazandırmaq üçün kütlənin boynuna bu yersiz minnətləri qoymağa lüzum yoxdur.
Əlbəttə, bir müəllif dövründən çox üstün əsərlər yaza bilər. Elə əsərlər ki, onlar əsrlər sonra da aktual olacaq və dəyəri bilinəcək. Əlbəttə, bugünün sıravi insanı öz dövründən üstün əsərləri anlamaz, müəllifinin dəyərini bilməz, yüngül ədəbiyyata qaçar, asudə vaxtını hər hansı bir kitabla keçirər.
Bu və ya digər səbəbdən çox istedadlı yazıçıların əsərləri az tirajla da satıla bilər. Lakin bunların heç biri haqq vermir ki, siz xalqı ittiham edib özünüzü zirvələrə qoyasınız.
Əgər bir insan ədəbiyyatı, yaradıcılığı seçibsə, yazmaq, yaratmaq, gələcəyə mühüm əsərlər qoymaq onun vəzifə borcudur. Xalq oxuyarmı, oxumazmı, sevərmi, lənətləyərmi, yaşadarmı, undarmı - bunu xalq bilər. Siz özünüzü hansı səlahiyyətin sahibi bilirsiz ki, milyonları təhqir edir, alçaldır və özünüzə borclu çıxarırsınız?
Siz, ümumiyyətlə, sənət üçün nə etdiniz? Nələrdən keçdiniz? Nələri qurban verdiniz? Əgər bir şeylər etdinizsə, bu etdikləriniz sizə və mənsubu olduğunuz - indi ittiham etdiyiniz bu xalqa nələr verdi? Hansı uğurları gətirdi?
Keçmişin adamları demişkən, papağınızı qoyun qabağınıza düşünün, bu sualları cavablandırın. Əvvəlcə, bir aydınlaşdırın ki, borclu olan kimdir: xalq sizə borcludur, yoxsa siz həm sənətə, həm də xalqa borclusunuz?
Tarixin heç bir dönəmində üstün yaradıcılıq öz müəllifinə dərhal qızıl mecməyidə nemətlər sunmayıb. Bütün dövrlərdə şahid olmuşuq ki, sizin nəzərdə tutduğunuz ciddi sənət nümunələrinin müəllifləri vuruşublar, mübarizə aparıblar, iztirablar, əzablar çəkiblər, qalmaqallar, mübahisələr, davalardan keçiblər. Nələrsə əldə etmək üçün öz sənətləri uğruna saysız-hesabsız qurbanlar veriblər.
Siz isə isti yuvanızda bir-iki kitab yazmaqla özünüzü dahi hesab edirsiz?
Zəhmət olmasa, xalqla sənətin arasına girməyin. Nə bacarırsınızsa yazın, yaradın, xalqa təqdim edin. Sevsələr də, lənətləsələr də, bu onların biləcəyi işdir. Əgər siz öz dahi olduğunuzdan əminsinizsə, bu, sizə bəsdir. Uğurlar!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar