Xəbər lenti
"Elə “Qaydalar” müəyyənləşdirmək mümkündürmü ki, hamını qane etsin...?"
Çıxış yolunu “esseni” ləğv etməkdə deyil, digər imtahan suallarının sayını azaltmaqda görürəm.
“Azərbaycanda 2017-ci ildən başlayaraq, 9-cu sinif şagirdləri buraxılış imtahanını yeni model-kurrikulum proqramı əsasında verdikləri üçün esse yazırlar. 2019-cu ildən isə 11-ci sinif şagirdləri ilk dəfə olaraq, buraxılış imtahanını yeni qaydalarla verəcəklər.”
Təhsil eksperti Nadir İsrafilov moderator.az-a məsələ ilə bağlı münasibət bildirib.
2018-2019-cu tədris ili üzrə orta məktəblərdə keçiriləcək buraxılış imtahanlarında şagirdlərin ayrıca esse yazma bacarığının yoxlanılmayacağı barədə DİM rəsmisinin açıqlaması hər şeydən əvvəl buraxılış imtahanlarının yeni modelində şagirdlərin fənlər üzrə, xüsusilə ana dili üzrə kifayət qədər yazılı suallar cavablandırması və bu səbəbdən də ayrıca bir esse yazılaraq yazı bacarığının yoxlanılmasına ehtiyac qalmaması ilə izah olunur. “Məsələn, 9-cu sinifdə ana dili fənnində 2 mətn üzrə 20 tapşırıq var. Onların 10-u yazı tələb edən suallardır.” Digər tərəfdən 11-ci sinifdə də ana dili fənnindən 2 mətn üzrə olan 20 sualın 10-u sırf şagirdlərin yazı bacarığının yoxlanılmasını nəzərdə tutan tapşırıqlardır. “Ona görə də yeni modeldə essenin yazılması artıq öz aktuallığını itirir.”
Məsələyə belə bir yanaşmanı hansısa bir mövqedən başa düşülən hesab etmək olar. Çünki, xarici dil də imtahan fənlərinin siyahısına daxil edildiyindən və xarici dil üzrə şagirdlərin həm dinləyib-anlama, həm də yazı bacarıqları yoxlanılacağlndan, bu halda təkrarçılığa yol verilməsi qaçılmaz olur, başqa sözlə, ayrıca bir esse yazılaraq yazı bacarığının yoxlanılmasına artıq ehtiyac qalmır. Əlbəttə o da istisna deyil ki, belə bir yeniliyi səbirsizliklə gözləyənlərin sayı da də o qədər az olmayacaq, əksinə çox olacaq.
Onu da xatırladım ki, ölkəmizdə 2017-ci ildən başlayaraq, 9-cu sinif şagirdləri buraxılış imtahanını yeni model-kurrikulum proqramı əsasında verdikləri üçün esse yazmaları da birmənalı qarşılanmamışdı və bu şagirdlərin göstərdiyi nətıcələrə də heç də təsirsiz ötüşməmişdi. Bəlkə də essedən imtinanın elə bir səbəbi də budur - göstəricilərin zəif olması. Uzun illərdən bəri yazılı imtahan vərdişlərini yadırğayan şagirdlərimizdən yüksək göstəricilərə nail olacaqlarını gözləmək də ədalətsizlik olardı. Lakin bir məqamı da nəzərdən qaçırmamalıyıq ki, çətiliklərdən qaçmaq yox onu dəf etmək lazımdır. Təkmilləşmə və yeniləşmə nəyisə ləğv etmək hesabına digərini tətbiq etmək olmadığı kimi, imtahan prosesi də yeknəsək mexanizmdən ibarət ola bilməz.
Testlə yanaşı yeri gəldikcə, digər metod və texnologiyaların tətbiqinə də yer ayırmaq, canlı ünsiyyətə önəm verməklə inam və güvən meyllərini formalaşdırmaq, qarşılıqlı anlaşma streotiplərini inkişaf etdirmək baxımından esse faydalı ola bilərdi. Deyək ki, riyaziyyat fənnindən imtahanlar üçün test məqbul sayılsa belə, konkret ixtisaslar var ki, onlar yazı qabiliyyəti və nitq mədəniyyətinin üzə çıxarılmasını tələb edir. Digər tərəfdən biz biliklərə qiymət verərkən heç şübhəsiz ki, ədalət, həqiqət, mərhəmət, xeyirxahlıq, azadlıq, bərabərlik, düzlük, doğruçuluq kimi prinsiplərı, vətənə sevgi, yaşadığın torpağa bağlılıq kimi dəyərləri də üzə çıxarmalıyıq. Bütün bu kimi keyfiyyətləri üzə çıxarmaq və qiymətləndirmək isə razılaşaq ki, testin imkanları daxilində deyil. Bunun üçün danışıq, izah, münasibət bildirmək, mövqe sərgiləmək kimi keyfiyyətlərin biruzə verilməsi tələb edilir.
Ümumiyyətlə götürdükdə mən istənilən qaydaların tez-tez dəyişdirilməsinin o qədər də tərəfdarı deyiləm. Çünki, bu kimi dəyişikliklər təhsil alanlar, onların valideynləri, bütövlükdə təhsil ictimaiyyəti arasında müəyyən çaşqınlıq və narahatçılıq yaradır, təhsilin bir sistem kimi oturuşmasına müəyyən əngəl yaradaraq onun inkişafını ləngidir.
O da aydındır ki, hər bir yanaşma tədris materialının yüngülləşməsinə hesablanmalı olduğu kimi imtahan prosesinin də daha da sadələşməsinə və obyektivliyinə, təhsilin pillələri arasında uzlaşmanın yaradılmasına xidmət etməlidir. Hazırda elə ali məktəbimiz var ki, orada ümumiyyətlə test tətbiq olunmur. Bəzi ali təhsil ocaqlarında isə əsasən yazılı və şifahi imtahanlar keçirilir. Məhz bu uyğunsuzluğu aradan qaldırmaq üçün 9-cu sinif imtahanlarına yazılı esse salınmışdı.
2018-2019-cu tədris ili üzrə orta məktəblərdə keçiriləcək buraxılış imtahanlarında təbiq olunacağı nəzərdə tutulan yeniliyin nə dərəcədə effekt verəcəyini bəri başdan proqnozlaşdırmaq o qədər də asan olmasa belə, yazılı sualların cavablandırılmasına xidmət edən test tapşırıqları ilə ayrıca esse imtahanı arasındaki fərqi müəyyənləşdirmək o qədər də çətin deyil. Unutmayaq ki, əzbərçiliyə yönəldilmiş heç bir qavrama vasitəsi yazılı sınaq qədər insan hafizəsinə güclü təsir göstərə bilməz.
Nə deyirik, elə isə bu variantı da sınaqdan çıxaraq. Ancaq bir variantın “qırxı çıxmamış” digər variantın tətbiqi ilə nəyə nail olacağımızı zamanın hökmünə buraxmaq şərti ilə. Onsuz da bir halda ki, nəyəsə cəhd etmək , hələ nəsə etmək demək deyil... Bir də ki, DİM tərəfindən Xl sinif buraxılış imtahanlarının aprel ayında keçirilməsinin nəzərdə tutması ilə müqayisədə bu yenilik nisbətən daha ağlabatan kimi görünür.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar