Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Elçiliyinə tək gedən millət vəkili - Keçmişdəki mən - FOTO

Tarix: 03-11-2018 07:55     Baxış: 2287 A- / A+
Elçiliyinə tək gedən millət vəkili - Keçmişdəki mən - FOTO

Azər Badamov: "Ürəyimdə qalan arzularımı qızım həyat keçirdi"

Manevr.az Azərtac-a istinadən bildirir ki,
Düşünür ki, tələbəlik illərində gəncliyini sərbəst şəkildə yaşaya bilməyib. Həmin dövrdə digər gənclər kimi hər əyləncəyə, kinoya, teatra, dostlarla görüşə vaxt ayırmadığı üçün təəssüflənir. Deyir ki, hər bir gəncin gənclik həyatı olmalıdır. Təkcə oxumaqla yox, ictimai fəallıqla da zəngin illər yaşamaq lazımdır. Çünki həmin dövr bir də qayıtmır.

Boş vaxtlarında kitab oxuyub, şahmat oynayır. Milli Məclisin futbol komandasının da ən yaxşı oyunçularındandır. Rubrikamızın bu dəfə ki qonağı millət vəkili Azər Badamovdur.

Əgər mən belə bir kişinin oğluyamsa....

1968-ci ildə Azərbaycanın dilbər guşələrindən olan Qusar rayonun Düztahir kəndində ziyalı ailəsində dünyaya gəlib. Məktəbdə yaxşı oxuyan, əlaçı şagirdlərdən olub. Deyir ki, orta məktəbi bitirib İnstituta qəbul olunandan sonra da şəkli məktəbin şərəf lövhəsində qalmışdı: "Ailədə 3 bacı, 2 qardaş olmuşuq. Atam kənd sovetinin sədri idi. Elmə, təhsilə böyük önəm verdiyindən bizim təhsil almağımızı, sayılıb, seçilən insanlardan olmağımızı istəyirdi. Əlavə nə isə başqa məşğuliyyətimiz olsa belə, bizə başa salırdı ki, kitab oxumaq, təhsil almaq daha önəmlidir. Dünyaya göz açandan əhatəmdə kitablar olub. Ona görə də həmişə əlaçı şagirdlərdən olmuşam. Qusar rayonunda 8-ci sinfə qədər təhsil almışam. Oxuduğum illər ərzində şəklim həmişə şərəf lövhəsindən asılıb. Mən orta məktəbi bitirdikdən sonra da şəklim orada qalmışdı. Heç vaxt dərsdən qaçmayan, intizamlı, sakit şagird idim. Atamdan çox çəkinirdim. Həmişə daha yaxşı oxumağa, nümunəvi olmağa çalışırdım. Çünki istəmirdim ki, atam mənim haqqımda maraqlanarkən ona övladı barədə mənfi fikir desinlər. Bunu heç vaxt özümə yaraşdırmamışam. Daim atamın mənə olan etimadını doğrultmağa çalışırdım. O zamanlar atam iki kəndin rəhbəri işləyirdi. Özümdə belə bir fikir formalaşdırmışdım ki, əgər mən belə bir kişinin oğluyamsa, hər kəs üçün nümunəvi uşaq olmalıyam. Pis vərdişlərdən, məşğuliyyətlərdən uzaq idim. Dərsə gedib gəldikdən sonra, yenə də ev tapşırıqlarımı hazırlayır, vaxtım qaldıqda isə evdəki işləri görürdüm. Atam çox məşğul olmasına baxmayaraq, bizə vaxt ayırırdı. Birlikdə meşəyə odun qırmağa gedirdik, həyətimizdə saxladığımız qoyun, quzuya qulluq edirdik".

14 oğlan bir yerdə qalırdıq

Həmsöhbətim ailəsi ilə ilk ayrılığını 8-ci sinifdə yaşayır. Kimya və biologiyaya olan marağını görən valideynləri 1983-cü ildə onu Bakıdakı internat məktəbinə gətirir: "O vaxt respublika üzrə təmayüllü 3 internat məktəbi vardı. Kimya və biologiyaya olan marağımı görən atam bu fənlər üzrə təmayüllü 5 saylı internat məktəbinə imtahan verməyim üçün məni Bakıya gətirir. İmtahanın nəticələrinə əsasən, mən təhsilimi bu internat məktəbində davam etdirdim. Həmin dövrdə ailəmdən ayrı yaşamağıma baxmayaraq, məktəb bizi hərtərəfli təmin edirdi. Yəni oxuyub formalaşmağımız üçün hər bir şərait var idi. Məktəb yataqxanasında 14 oğlan bir otaqda qalırdıq. Həm dalaşırdıq, həm söhbət edirdik, həm də dərdimizi bölüşürdük. Düzdür, 14 oğlan bir yerə yığışanda dərs hazırlamaq bir az çətin olurdu. Çünki deyib, gülürdük, birlikdə əyləncəli zaman keçirirdik. Bir də baxırdıq ki, dərs oxumamışıq (gülür). Bəzən mən və dostum ya çöldə yanan işıq dirəklərinin altında, ya da səhər tezdən 5-də oyanıb məktəbin 1-ci mərtəbəsində qoyulan divanda oturub dərslərimizi oxuyurduq. Yadımdadır, həmin dövrdə bizi kollektiv şəkildə məktəbdən bir dəfə "Sevinc" və "Nizami" kinoteatrlarına filmə baxmağa, bir dəfə də zooparka aparmışdılar. İlk dövrlər ailəmdən ayrıldığım üçün darıxsam da, sonradan başım dərslərə qarışdı və artıq onlardan uzaqda yaşamağa alışdım".

Yeməklərimizi oğurlayıb bizi ac qoyurdular

Azər müəllim həmin dövrlə bağlı xatirələrini bölüşür: "Bayaq da qeyd etdiyim kimi, bizim hər bir təminatımızı internat qarşılayırdı. Həqiqətən heç bir çətinliyimiz yox idi. Amma nədənsə, uşaqlarla həmişə narazılıq edirdik ki, yeməklərimizi oğurlayırlar, bizi ac qoyurlar (gülür). İnanın, indi də düşünürəm ki, o fikir bizdə necə formalaşmışdı. Narazı olmağımıza baxmayaraq, məktəbi bitirdikdən sonra heç birimiz oradan ayrılmaq istəmirdik. Müstəqil həyata qədəm qoyduqdan sonra geriyə dönüb keçən iki ilimizə baxanda, anladıq ki, əslində bizə yaxşı yemək verirmişlər. İnternatla, oradakı uşaqlarla bağlı xatirələr çoxdur. Amma mənim üçün ən unudulmazı məktəbin ilk günü yaşadıqlarım idi. İnternatda oxumağa rayondan dostumla gəlmişdik. Elə ilk gün kənddən hansı geyimdə gəlmişdiksə, onunla da məktəbə getdik. Sən demə, təhsil müəssisəsinin xüsusi ağ köynək və qara şalvar forması varmış. Bizim əynimizdəkilər uyğun olmadığından məktəbə buraxmadılar. Dostumla düşündük ki, nə edək? İnternat metronun "Qara Qarayev" stansiyası tərəfdə yerləşirdi. Metronun yanında binanın altında univermaq var idi. Qərara gəldik ki, gedək özümüzə paltar alaq və əynimizi dəyişib yenidən məktəbə gedək (gülür).... Məktəbimiz kimya-biologiya təmayüllü olsa da, bütün fənlər yüksək səviyyədə tədris olunurdu. Şairlərlə görüşlər, müxtəlif yaradıcılıq gecələri təşkil edilirdi. Həmin gecələrdə musiqi alətlərində ifa edən, teatr səhnəcikləri hazırlayan sinif yoldaşlarımız vardı".

Ürəyimdə qalan arzumu qızım həyata keçirdi

Teatrdan, musiqidən söz düşmüşkən, maraqlıdır, görəsən, müsahibimizin incəsənətə marağı və ya hansısa bir alətdə ifa etmək qabiliyyəti varmı? : "Təəssüf ki, incəsənətlə bağlı istedadım yox dərəcəsindədir. Uşaq vaxtı çox istəmişəm musiqi alətində ifa etməyi. Amma atam düşünürdü ki, hansısa bir alətlə məşğul olsam, dərslərimə vaxt ayıra bilməyəcəm. Ona görə bu sahədən uzaq düşdüm. Lakin o vaxtdan ürəyimdə qalan arzumu övladlarım sayəsində həyata keçirdim. Qızımın dünyaya gəldiyini eşidəndə, hələ o, xəstəxanadan evə gəlməmiş ilk işim evə pianino almaq oldu. O, mənim istəyimi yerinə yetirib musiqi məktəbini qırmızı diplomla bitirdi. İndi həm xarici, həm də yerli bəstəkarların musiqilərini, klassik və xalq mahnılarını çox gözəl ifa edir. Arada yorulanda rica edirəm mənim üçün gözəl bir mahnı ifa edir. Onu zövq alaraq dinləyirəm".

Bu təəssüf hissi həmişə olub, hətta, indi də var

Hamımızın iqtisadçı deputat kimi tanıdığımız Azər Badamov kimya-biologiya təmayüllü internat məktəbini bitirir. Maraqlıdır, bəs necə olur ki, iqtisadiyyat sahəsinə gəlir? Həmsöhbətim deyir ki, uşaq vaxtı arzusu həkim olmaq idi. Məktəbi çox yaxşı oxumasına, hətta qızıl medala namizəd olmasına baxmayaraq, bu istəyi həyata keçmir: "Mən internatı çox yaxşı qiymətlərlə bitirdim. Kimya və biologiyanı yaxşı oxumaqda məqsədim həkim olmaq idi. Müəllimlərim, sinif yoldaşlarım həkim olacağımı düşünürdülər. Məktəbi bitirib sənədlərimi hazırlamaq üçün kəndə qayıdanda hiss etdim ki, atam mənimlə danışmaq istəyir. Atam məni yanına çağırıb, həkimliyin çətin sənət olduğunu deyərək, başqa sahəyə yönəlməyimi məsləhət gördü. Beləcə, Tibbi Universitetinə aparılmalı sənədlərimi Xalq Təsərrüfatı İnstitutuna verdim. Bəlkə də doğru seçim idi. Çünki həmin instituta daxil olmaqla həyatım dəyişdi. İqtisadçı kimi formalaşdım və indiki məqamıma yüksəldim".

Millət vəkili həkim omadığı üçün təəssüf hissi keçirir: "Bu təəssüf hissi həmişə olub, hətta, indi də var. Çünki məni tanımayan, iqtisadçı olduğumu bilməyənlər ilk baxışdan cərrah olduğumu düşünürlər və fiziki olaraq cərraha oxşadığımı deyirlər. Düşünürəm ki, yaxşı cərrah ola bilərdim. Özüm bu sahəyə yönəlmədim, amma övladlarımın həkim olmağını istəyirdim. Oğlum iqtisadi -inzibati idarəetmə üzrə menecer oldu, amma qızım hazırda Azərbaycan Tibb Universitetinin 6-cı kurs tələbəsidir".

Tələbəlik illərində yaşanan ilklər

1985-ci ildə sənədlərini Xalq Təsərrüfatı İnstitutuna verən müsahibim ali təhsil illərini də sakit, intizamlı, kitab oxuyan tələbə kimi keçirib. Həmin illərin bəzi ilklərlə xatirində qaldığını deyir: "Biz imtahan verən ili ilk dəfə elektron qaydada imtahan vermə tətbiq edildi. 4 imtahan var idi və belə bir şərt qoyulmuşdu ki, ilk 2 imtahandan 9 bal alan digər 2-dən azad idi. Mən də yaxşı oxuyan olduğum üçün ilk iki imtahanı verib, uğurla instituta qəbul oldum. Təbii ki, ilklər bununla bitmir (gülür). Qəbul olduqdan 1 il sonra bizi əsgər apardılar. Amma bizim vaxtımıza qədər əsgərliyə institutu bitirib gedirdilər. Əsgərlikdə olduğum vaxtda da institutumuzda böyük dəyişiklər baş verdi. Demək, institutun səviyyəsini yoxlamaq üçün Moskvadan yoxlama gəlir. Təhsil müəssisəsinin günün tələblərinə uyğun olmadığını görüb, bağlamaq qərarı verirlər. 1987-ci ildən Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı etdilər. 1988-ci ildə əsgərlikdən qayıtdım. Həmin dövr ölkədə azadlıq hərəkatı gedirdi. Demək olar ki, auditoriyalarda müəllim, tələbə tapmaq çətin məsələ idi. Hər kəs küçələrə axışmışdı. Hazırda həmkarım olan Fəzail Ağamalı bizə tarix fənnindən dərs keçirdi. Deyərdim ki, həmin hərəkatın fəal iştirakçılarından biri də Fəzail müəllim idi".

Söhbətimiz məktublarda qaldı

Söhbətin bu məqamında millət vəkilinə bir sual vermək istəyirəm, amma sualı necə verim, sözlərimi necə seçim ki, cavab alım, bilmirəm. Bunu hiss edən həmsöhbətim, gülə-gülə "ver sualını, gəlibsə, ürəyində saxlama, ver" deyir. Mən də bu münasibətdən sonra cəsarətimi toplayaraq istər məktəb, istər tələbəlik illərində kiməsə, xüsusilə hansısa bir xanıma məktub yazıb, yazmadığını soruşdum. O da çox ustalıqla, üstüörtülü şəkildə cavab verdi: "Əlbəttə, həm ölkə daxilində olan, həm də Rusiyada olan həmyaşıdlarımızla yazışır, onlardan xəbər alırdıq. O vaxt ittifaqın müxtəlif yerlərində yaşayıb oxuyan məktəblilər bir biri ilə məktublaşırdılar. Ancaq, təəssüf ki, yazışdığım insanlarla görüşmək şansım olmadı. Söhbətlərimiz elə məktublarda qaldı. Və bu gün onlar tamam unudulub".

Xəbər göndərdim ki, gələcəm söhbət edək

İnstitutu bitirdikdən sonra rayona qayıdan Azər müəllim ilk olaraq savxozda fəhlə işləyib. Daha sonra iqtisadçı kimi fəaliyyətə başlayıb, növbəti dövrlərdə isə Qusar rayon Səhiyyə İdarəsində müfəttiş mühasibi, yeni yaranmış Dövlət Sosial Müdafiə Fondda baş müfəttiş və ayrı-ayrı təşkilatlarda iqtisadçı çalışıb. Son iş yeri isə Qusar rayon telekommunikasiya qovşağının rəisi vəzifəsi olub. Həmsöhbətim ailə qurmağından da danışdı. Bildirdi ki, həyat yoldaşını Qusarda işləyən zaman təsadüfən görüb. Çöldə xanıma yaxınlaşmağı sevmədiyindən, ünvanlarını öyrənərək ilk elçiliyini özü təkbaşına edib: "Həyat yoldaşım bağça müəlliməsi idi. Görüb, bəyənmişdim. Bir yaxınımla onun ailəsinə xəbər göndərdim ki, bəs, söhbət etməyə gəlmək istəyirəm. Heç kimə heç nə demədən özüm təkbaşına getdim. Təbii ki, ilk olaraq xanımın anası ilə danışdım, razılığını aldıqdan sonra həyat yoldaşımla həmsöhbət olduq. Sonra valideynlərim adətə uyğun olaraq danışıq üçün getdilər. Beləcə, münasibətimiz başladı və 6 ay sonra da evləndik".

Heç vaxt ruhdan düşməsinlər

Millət vəkili gənclərə məsləhət görür ki, həyata reallıqla baxıb, gələcək haqqında düşünsünlər: "Özləri üçün bir həyat yolu seçib, həmin istiqamətdə inkişaf etməyə çalışsınlar. Heç nə birdən birə əldə olunmur. Nəyəsə nail olmaq üçün zəhmət çəkmək, onun üçün mübarizə aparmaq lazımdır. Çətinliklə qarşılaşdıqları zaman heç vaxt ruhdan düşməsinlər".
Elçiliyinə tək gedən millət vəkili - Keçmişdəki mən - FOTO

Elçiliyinə tək gedən millət vəkili - Keçmişdəki mən - FOTO

Elçiliyinə tək gedən millət vəkili - Keçmişdəki mən - FOTO

Elçiliyinə tək gedən millət vəkili - Keçmişdəki mən - FOTO

Elçiliyinə tək gedən millət vəkili - Keçmişdəki mən - FOTO


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar