Xəbər lenti
“Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
Ulu dədəmiz Dədə Qorquddan üzü bəri dünyamıza çox ustadlar gəldi. Elə ustadlar ki, hər biri ayrıca bir dünyadır. Qurbani, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər, Hüseyn Şəmkirli, Hüseyn Bozalqanlı və neçə-neçə adı bəlli saz və söz xiridarları. Sonuncu zirvə isə ustadlar ustadı Aşıq Ələsgərdir. O Ələsgər ki, bütün zamanların sənət zirvəsidir. Əlbəttə, Dədə Ələsgər də Aşıq Alı kimi, ustaddan kamillik dərsini çox mükəmməl almışdı. O dövrün kamil ustadlarından biri də sənətin qaynar qazanında bişmiş olan ustad Ağdabanlı Qurbandır. Dövrünün çox dəyərli saz və söz adamı olan şair Qurban ocağının bir halal övladıdır Şəmşir Qurbanoğlu.
Müdriklər həmişə şəxsiyyətin sənətdə oynadığı mühüm rolu qeyd etmişlər. Elə böyük sənət nümunələri yaradanlar əsl şəxsiyyətli insanlardır. Cəmiyyət, adətən, şəxsiyyət və sənətin paralel inkişafını dəstəkləyib. Həqiqətən, sənətdə şəxsiyyətə çevrilmək çətin prosesdir.
“Ustad oğlu şəyird olmaz” - demiş atalar. 1893-cü ildə dünyaya gələn Şəmşir daddığı ilk ana südündən sonra sazdan və sözdən qidalandı. O sazdan ki, onların öz ocağında onu Aşıq Ələsgər dilləndirib və bu da Şəmşir ömrünün formalaşması üçün əvəzsiz rol oynadı. Əlbəttə, Şəmşirin qabiliyyəti, zirəkliyi, qeyri-adi istedadı onun qolundan tutdu və büdrəməyə qoymadı. XIX əsrdən başlayan Kəlbəcər ədəbi mühiti elə Şəmşirlə bərabər boy atmağa və çiçəklənməyə başladı.
Evdə, eldə-obada nə qədər saz-söz adamı olsa da, bir ustad yanında dərs almaq lazımdır. Bir müddət goranboylu Sarı Aşıqdan sənət dərsi alan Aşıq Şəmşir daha da yetkinləşdi və sənət aləminə müstəqil qədəm basdı. Az vaxtda doğma Kəlbəcərdə, Göyçədə və sazın dəyərini bilən hər bölgədə Aşıq Şəmşirin adı eşidilməyə başlandı. Bütün bunlar bir yana, Aşıq Şəmşirin öz şöhrət taxtında əyləşməsində Azərbaycanın və bütün türk dünyasının böyük şairi Səməd Vurğunla görüşü səbəb olmuşdur.
1955-ci ildə Səməd Vurğun İstisuya gələrkən Şəmşir sözünün və sazının istiliyini gördü. Uşaqlıqdan saza bağlı olan şair Şəmşirə və onun sazına könül bağladı. Aşıq Şəmşir də onu öz sazı, sözü ilə qarşıladı:
Elimin, günümün böyük şairi,
Gətirib dağlara səfa, xoş gəldin.
Yolunu gözlədik biz intizarla,
Eyləyib əhdinə vəfa, xoş gəldin.
Ədəbiyyatımızın görkəmli nümayəndələri Səməd Vurğun və Aşıq Şəmşirin Azərbaycan ədəbiyyatında yaratdıqları ədəbi nümunələr özünəməxsus yer tutur. Həmin mütəfəkkirlərin yaradıcılığı kimi, şəxsiyyətləri də ölməzdir. Səməd Vurğun həmişə Azərbaycan ellərini gəzərək el şair və aşıqlarını üzə çıxarmış, onlara sonsuz məhəbbət bəsləmiş və ədəbi proseslərdə onların yaxından iştirak etmələrinə nail olmuşdur. Böyük ustad Aşıq Şəmşirin Səməd Vurğunla görüşü onun şöhrətini ellərə yaydı. Dədə Şəmşir də bundan arxayınlaşmadı. Müqəddəs aşıq sənətinin ən dərin dəryalarına baş vurdu və oradan da ləl-gövhər dolu yüklə döndü. O, təkcə ustad aşıq kimi məclislər yola salıb öz ruzisini qazanmağa çalışmadı. Onun özü bir dastan ömrü yaşadı. Hər cəhətdən bir örnək oldu ellərə. Dədələşdi Aşıq Şəmşir.
Səməd Vurğun və Aşıq Şəmşirin tarixi görüşlərindəki şeirlərin bədii təsvir və ifadə vasitələri baxımından təhlilinə nəzər yetirsək, güclü bədii məcazlarla rastlaşa bilərik. Hər iki sənət insanı gözəl poetik nümunələr yaradaraq poeziyamızın zənginləşməsinə səbəb olub. İki söz sərrafının görüşündəki şeirlərin ilk bəndlərinə nəzər yetirək.
Səməd Vurğun
Aşıq Şəmşir, Dəlidağdan keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar içəndə,
Saz tutub, söz qoşub yada sal məni.
Şeir gözəl bədii yükü ilə oxucunu özünə cəlb edir. Nəzəri biliklər şeirdə gözəl qorunmuş və idiomlar işlənmişdir. “Kəklikli daşlardan” məcazında metafora müfəssəl şəkildə ifadə olunub. Əlbəttə ki, “kəklikli daşlar” ifadəsi məcazi baxımdan işlənib və əslində, “mamırlı daşlar” həmin ifadənin əvəzində həqiqi mənada işlənir. Biz burada “mamırlı” sözünün gizlədildiyini və əvəzində “kəklikli” ifadəsinin işlənməsinin şahidi oluruq. Bu isə məcazlar içərisində bədii təsvir vasitələrindən metaforanın əlamətidir.
Aşıq Şəmşir
Qoşqarla yanaşı duran başın var,
Bizim el tanıyır uca dağ səni.
Yanır yolumuzda sənət çırağın,
Bilirik şeirdə bir mayak səni.
Aşıq Şəmşirin Səməd Vurğuna verdiyi bu cavabda zəngin məcazlar işlənmişdir. Həmin idiomlar şeir parçasının zənginləşməsinə səbəb olur. “Qoşqarla yanaşı duran başın var” təşbehi məcazın biridir. Aşıq Şəmşir Səməd Vurğunun şeirdə olan əzəmətini vəsf edib. “Yanır yolumuzda sənət çırağın” misrasında biz artıq metaforanın bir məcaz kimi ifadə olunduğunu görürük. Bu misrada əlamət köçürülməsi aydın hiss olunur. Aşıq Şəmşirin şeirin sonunda işlənən “Bilirik şeirdə bir mayak səni” misrası da metaforadır. “Mayaq” dənizdə olur və “dəniz” sözü şeirdə gizlədildiyi üçün təşbeh yox, misra birbaşa metaforadır.
Klassik aşıq şeirinin bütün janrlarında Aşıq Şəmşir çox böyük uğur qazandı. Yüzlərlə qoşma, gəraylı, divani, təcnis, müxəmməs və başqa şeirləri dillər əzbəri oldu. Hələ bu harasıdır? Belə bir ulu söz də var: şəyirdini mənə göstər, sənin necə aşıq və ya ustad olduğunu deyim. Əslində, Aşıq Şəmşir elə xoşbəxt ustad idi ki, onun zamanında əlinə saz alan hər kəs özünü Dədə Şəmşirin çırağı (şəyirdi) hesab eləyirdi. Təkcə Aşıq Sakit Köçərinin adını çəksək, bu suala cavab vermiş olarıq. Bu o Aşıq Sakit Köçəridir ki, Dədə Şəmşirin işıq üzü görməyən 115 şeirini yığıb bir kitab şəklində onun 115 illiyinə həsr edib və cəmiyyətə təqdim edib. Şəyirdi ustadlaşan ustada, “ustadlar ustadı” demiş atalar. Bu cəhətdən də Dədə Şəmşir əsl ustadlar ustadıdır.
Dədə Şəmşirin bir cəhəti də əvəzolunmazdır. Onun yaratdığı hər sözün milli sərvət olmasından savayı, o, həm də minilliklərdən bəri elin yaddaşında mürgü döyən çox-çox xəzinələri üzə çıxarıb. Eldən aldığı zəngin xəzinələri yenidən öz orijinallığı ilə elə qaytarıb və bununla da bir daha öz böyüklüyünü göstərmişdir. Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və onun çox mahir danışanı olub.
Dədə Şəmşir Borçalıdan olan ustad aşıqlardan Dədə Əmrahla, Hüseyn Saraclıyla, Aşıq Kamandar Əfəndiyevlə çox bağlı olmuş və onlara böyük dəyər vermişdi. Onların hər üçü ilə gah Kəlbəcərin “İstisu” sanatoriyasındakı evində, gah da Bakıda dönə-dönə görüşmüşdür. O aşıq Əmrahı da zamanın ən böyük saz ustadı adlandırmışdır. Həmçinin Tovuzdan Aşıq Mikayıl Azaflı da daxil olmaqla dövrünün qabaqcıl sənətkarları ilə sıx əlaqə saxlamışdır.
Özü dastan olan, dastanlar yaradan Şəmşir dastanlaşıb. Onun haqqında dastanlar yaradılır. O qədər əzəmətli, o qədər böyükdür ki, Şəmşir adı dillərdə dastan oldu.
Bu il böyük ustadın dünyaya gəlməsinin 125-ci ili tamam olur. XX əsrin ən böyük ustad ozanı olan Dədə Şəmşirin adı və ustad sənətkarlığı heç vaxt unudulmayacaq. Dədə Şəmşirin adı bundan sonra da neçə yüzilliklər anılacaq. Ruhu şad olsun.
Güllü Eldar Tomarlı
"Aşıq Pəri Məclisi"nin bədii rəhbəri, şair-publisist
Mahmud Əyyublu
AAB-nin üzvü
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar