Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

İsrail telekanalında Azərbaycanın tolerantlığı barədə reportaj yayımlanıb

Tarix: 03-10-2018 23:57     Baxış: 3267 A- / A+
İsrail telekanalında Azərbaycanın tolerantlığı barədə reportaj yayımlanıb

İsrailin aparıcı KİV-lərinin - "The Jerusalem Post" və "Maariv" qəzetlərinin jurnalist qrupu, habelə “KAN” ictimai televiziya kanalının əməkdaşı Uriya Elkayam Azərbaycanda keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında olublar və Bakıda, Quba və Oğuz rayonlarında yəhudi icmalarına baş çəkiblər.

Manevr.az Azərtaca istinadən xəbər verir ki, bu günlərdə “KAN” televiziya kanalının “praym-taym” bayram xəbərlərində göstərilən “Biz çox bənzərik: Azərbaycanda yəhudilər və müsəlmanlar arasında qeyri-adi və orijinal dostluq” adlı reportajda jurnalist Uriya Elkayam multikulturalizm və Azərbaycan cəmiyyətinin tolerantlığı mövzularından ətraflı bəhs edib. Jurnalist Azərbaycanda yəhudi icmasının vəziyyətindən, həm Azərbaycan xalqının, həm də respublika rəhbərliyinin ölkədəki milli azlıqlara səmimi və qayğıkeş münasibətindən söz açıb.

“Biz bu gün təxminən 5 mindən çox dağ yəhudisinin yığcam yaşadığı məşhur Krasnaya Slobodaya (Qırmızı Qəsəbə - red.) gəldik. Gəlişimiz bu qəsəbənin hörmətli sakininin yas mərasiminin keçirildiyi kədərli günə təsadüf etmişdi və insanlar yəhudi qəbiristanlığında idilər. Mərhumun xatirəsini yad etmək üçün tərəddüdsüz oraya yollandıq və burada dünyanın hər hansı digər ölkəsində rast gəlinməyən çox maraqlı faktla qarşılaşdıq. Yəhudi qəbiristanlığına mərhumla vidalaşmaq və öz yəhudi qardaşının xatirəsini yad etmək üçün yəhudilərlə yanaşı, azərbaycanlılar da gəlmişdi”, - deyə reportajda vurğulanır.

Qəsəbənin ağsaqqalı Boris Samanduyev deyir: “Biz azərbaycanlı qardaşlarımıza böyük hörmət və ehtiramla yanaşırıq. Bu gün siz də şahid oldunuz ki, biz burada azərbaycanlılarla sevincli və kədərli günlərdə birlikdəyik”.

İsrailli jurnalist Uriya Elkayam qeyd edir ki, Qırmızı Qəsəbə 300 ildən çox tarixə malikdir: “Krasnaya Sloboda Azərbaycanda və onun hüdudlarından kənarda dağ yəhudilərinin maddi və mənəvi dəyərlərinin qorunması və inkişafı mərkəzi kimi tanınıb. Azərbaycanda yəhudilər və müsəlmanlar qardaş kimi sülh şəraitində yaşayırlar və ortaq tarix və tale ilə bir-birlərinə həmişəlik bağlıdırlar. Azərbaycanın Quba rayonundakı qədim Krasnaya Sloboda ölkənin həqiqi və əsl qürurudur. Azərbaycanda yəhudilər və müsəlmanlar arasında harmoniya bizim İsraildə görməyə alışdığımız kimi deyil”.

U.Elkayam Quba şəhərindəki məscidin imamı axund Hacı Naiblə görüşüb. Axund bildirib ki, Azərbaycan Respublikasında yəhudilər, müsəlmanlar və xristianlar tam harmoniya şəraitində yaşayırlar: “Hörmət, səmimilik və tolerantlıq xalqımızın həyat tərzidir və Azərbaycan rəhbərliyinin siyasətidir. Bu gün Azərbaycan bütün dünya ictimaiyyəti üçün tolerantlıq və multikulturalizm nümunəsidir. Azərbaycanlılara tarixən xas olan multikulturalizm və tolerantlıq günümüzdə milli mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq hər bir azərbaycanlının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib”.

İsrail-Azərbaycan münasibətləri üzrə ekspert, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut deyib: “Yəhudilər qədim zamanlardan Azərbaycanda məskunlaşıblar. Bu torpaqlarda onlar heç vaxt azərbaycanlılar tərəfindən antisemitizm və nifrətlə qarşılaşmayıblar. Onlar heç vaxt Azərbaycanda özlərini yad, yaxud əcnəbi kimi hiss etməyiblər. Qürur hissi ilə söyləmək olar ki, Avropanın bir çox ölkələrindən və xalqlarından fərqli olaraq, azərbaycanlılarla yəhudilər arasında heç zaman bir-birinə xəyanət halları olmayıb. Dost dar gündə tanınar – İkinci Dünya müharibəsi illərində yəhudilər üçün ikinci vətən, faşizmdən qurtulmaqda sığınacaq olmuş Azərbaycanda onlar məhz bu cür münasibət görüblər. Dəhşətli Holokost illərində azərbaycanlılar təqibə məruz qalan və dünyanın hər yerindən qovulan yəhudilərə qucaq açdılar. Azərbaycan və yəhudi xalqları əsrlər boyu sülh və anlaşma şəraitində yaşayıblar, ölkələrimiz arasında bu dostluq və qardaşlıq əlaqələri bu gün də davam edir. Azərbaycan, bir çoxlarının dediyi kimi, gözəl ölkədir – Qafqazın İtaliyasıdır. Bu ölkəyə gələn hər kəs bunun şahidi olur”.

Süjetdə israilli müxbir 200-dən çox yəhudi uşağı xilas edən azərbaycanlı kəşfiyyatçı Həmzə Sadıqovun oğlu Firdovsi Sadıqovla görüşündən bəhs edir, onun çoxlu maraqlı faktlar danışdığını bildirir. “Sovet hərbi kəşfiyyatçısı Həmzə Sadıqov xüsusi qəddarlığı ilə fərqlənən və yəhudiləri şəxsən məhv edən Hitlerin yaxın silahdaşı general İohann fon Roddenburqu Stalinqrad yaxınlığında əsir götürür. İnsan cildində vəhşi heyvan olan və yəhudi uşaqların üzərində təcrübələr aparan bu generalı Hitlerin “bioloji bombası”nın atası adlandırırdılar. Həmin Roddenburq öz qərargahının yaxınlığında onlarla əsir yəhudi ailəsinin saxlanıldığı xüsusi “Ölüm sarayı” yaratmışdı. Məhz Firdovsinin atası – azərbaycanlı kəşfiyyatçı Həmzə Sadıqov yəhudi uşaqların əsl xilaskarı oldu. Onun cəsarəti və igidliyi sayəsində onlarla yəhudi ailəsi labüd ölümdən qurtardı. Həmzə Sadıqov bu igidliyi və qəhrəmanlığı ilə ona minnətdar olan yəhudi nəsillərinin qəlbində rəşadət və ölümsüzlük abidəsi ucaldıb. Yəhudi uşaqlarını xilas edən əfsanəvi azərbaycanlı kəşfiyyatçının oğlu ilə görüşdə məlum oldu ki, bu müharibə qəhrəmanının həyatı indiyədək geniş araşdırılmayıb və unudulub. Səbəb isə Azərbaycan xalqının xarakterində olan keyfiyyətlə - etdiyi yaxşılıqlar haqqında danışmaq istəməməsi ilə bağlıdır. Hətta xalq arasında deyim də var: “Əgər etdiyin yaxşılıqdan danışırsansa, onda sən heç nə etməmisən”.

Televiziya süjetinin müəllifi qeyd edir ki, Firdovsi Sadıqov 20 ildən artıqdır atasının rəşadəti və igidliyinin tanınması üçün lazım olan materialları toplayır. Firdovsi 200-dən çox yəhudi uşağın xilaskarı olmuş atasının xatirəsinə həsr etdiyi stendi göstərdi. “O, sovet kəşfiyyatının polkovniki olub və Stalinqrad uğrunda döyüşlərdə iştirak edib. Vəfatından əvvəl atam mənə dedi ki, vaxt gələcək yəhudi xalqının nümayəndələri səni axtarıb tapacaq. Hiss edirəm ki, həmin vaxt gəlib. Biz çox inanırıq ki, atama yəhudi xalqı qarşısında xidmətlərinə və igidliyinə görə İsrailin fəlakətlər və qəhrəmanlıq milli Memorialı (Holokost) və “Yad Va-Şem” Qəhrəmanlığı İnstitutunun fəxri adı veriləcək”, - deyə Firdovsi Sadıqov qeyd edir.

Sonra israilli jurnalist Azərbaycanın turizm potensialından bəhs edir. “Azərbaycanı bütün gerçəkliyi ilə kəşf edənlər Dubay, Qətər və Səudiyyə Ərəbistanından olan çoxsaylı turistlərdir. Bakı üçüncü minillikdə qədim ənənələr və sərvətlərin cəmləndiyi ecazkar bir ölkə olan Azərbaycanın döyünən ürəyidir. Gündüzlər Azərbaycanın Qəbələ, Quba və Oğuz kimi gözəl bölgələrinə səyahət etmək olar, axşam isə uzaq keçmişdən tədricən qayıtmaq və Dubay göydələnlərini xatırladan “Alov qüllələri”nin işıqları altında müasir mərkəzə gəlmək, dəbdəbəli paytaxt Bakının məşhur Nizami küçəsinə (keçmiş “Torqovı”) çıxmaq lazımdır.

Gözlənilmədən Bakı bulvarında – məşhur “İnci” kafe-restoranında İsrail müğənnisi Ömər Adamın məşhur mahnısını eşidirik. Burada, Bakının gözəl axşam havasında vaxtilə Azərbaycanda yaşamış israillilər İsrail və Azərbaycan mahnılarının sədaları altında rəqs edirlər.

Turist qadınlardan biri – Noya Zərbəliyeva məmnuniyyətlə öz təəssüratlarını bölüşür: “Biz Azərbaycanı, bu gözəl ölkəni sevirik. Burada yəhudi xalqına həmişə hörmət və ehtiramla yanaşıblar. Azərbaycan mədəni inkişafına, öz görməli məkanlarına və tarixi abidələrinə münasibətinə görə bir çox ölkələrdən üstündür. Demək istəyirəm ki, bu ölkə birmənalı olaraq çox gözəldir. Burada tarixi abidələrə baxmaq, dağların əsrarəngiz gözəlliyini seyr etmək, dənizin təmiz suyunda çimmək və sadəcə, ölkənin gözəlliyindən zövq almaq olar. Azərbaycan paytaxtında qeyri-ixtiyari olaraq heyranlıq hissi keçirirsən. Dəbdəbəli memarlıq üslubları və qeyri-adi tikililər insanı ovsunlayır. Burada özümüzü evdəki kimi hiss edirik - qonaqpərvər və səmimi insanlar, yüksək səviyyəli xidmət, şah plovdan tutmuş qızılgül mürəbbəsinə qədər ləzzətli yeməklər, habelə samovar və kəklikotu çayı bizi valeh edir”, – deyə israilli turist vurğulayır.

Azərbaycanın dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev İsrailin “KAN” televiziya kanalına müsahibəsində qeyd edir ki, yəhudilər Azərbaycan ərazisində qədimdən yaşayırlar. O deyir: “Uzun illər ərzində biz Azərbaycan xalqı ilə o qədər yaxın və doğma olmuşuq ki, bizi heç zaman ayırmaq mümkün deyil. Biz körpəlikdən iki dildə danışırıq. Dağ yəhudiləri əsasən Azərbaycan dilində təhsil alırlar. “Cuuri” danışıq dilini evlərdə öyrədirlər. Azərbaycanda milli-mənəvi dəyərlərin, xüsusən dilin qorunub-saxlanılması üçün münasib və çox əla şərait yaradılıb. Son illər “kaşrut” (halal və haram qidaların qanun məcəlləsi) problemi bizim üçün çox aktual olub, belə ki, bu il 50 min israilli turistin gəlməsini gözləyirik. Harada yaşamağımızdan asılı olmayaraq, İsrail bizim üçün Vətən, Azərbaycan isə Ana Vətəndir”.

İsrail telekanalının reportajında deyilir: “Bizim Azərbaycanın yəhudi icması ilə keçirdiyimiz görüşlərin hamısında Azərbaycan rəhbərliyinə, xüsusən Prezident İlham Əliyevə böyük hörmət və əsl ehtiramın şahidi olduq. Azərbaycanın dövlət başçısı milli azlıqlar, o cümlədən ölkənin yəhudi icmasının ənənələrinə və həyatına dünyada bənzəri olmayan qayğıkeş və səmimi münasibət göstərir. Ölkə Prezidentinin himayəsi altında iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. Cənubi Qafqazda ilk dəfə olaraq, Azərbaycanda yəhudi muzeyinin yaradılması nəzərdə tutulur. İslam dünyasında İsrail Dövləti ilə Azərbaycan qədər dərin, sıx və hərtərəfli münasibətləri olan ikinci ölkə yoxdur. Azərbaycan dövlətinin yəhudi icması ilə qarşılıqlı münasibətləri möhtəşəm və əladır”.

Verilişə yekun vuran israilli jurnalist Uriya Elkayam Azərbaycanda gördükləri və eşitdiklərinin təəssüratı altında deyib: “Əziz israillilər, Azərbaycan böyük sevinclə sizi
gözləyir, gəlin və bu möhtəşəm, çox gözəl ölkədən zövq alın!”.
İsrail telekanalında Azərbaycanın tolerantlığı barədə reportaj yayımlanıb

İsrail telekanalında Azərbaycanın tolerantlığı barədə reportaj yayımlanıb


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar