Xəbər lenti
Yolumuzu niyə bağlayıblar? Peşəkar olmayan məmurların insanları günahlandırması...
Artıq bir neçə gündür ki, Sumqayıt istiqamətindən Bakı şəhərinə daxil olan ana yolda tıxaclar yaranıb və şəhərə giriş məhdudlaşıb. Bununla yanaşı şəhərin müxtəlif istiqamətlərindəki yollarda aparılan təmir və bərpa işləri insanların sözün əsl mənasında bu isti havada əsəblərini tarıma çəkib.
Təkcə avtomobil idarəedənlər deyil, eynilə də kütləvi nəqliyyatdan istifadə edənlərin narazılığı pik nöqtəyə çatıb. Məsələylə bağlı müvafiq qurumun nümayəndəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sosial şəbəkədəki səhifəsində yazı yazmaq ehiyacı hiss edib. A.Nəcəflinin dediklərinə bir nəzər salaq: “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci km-lik hissəsi 2008-ci ildə istifadəyə verilib və o gündən bu günə qədər, yəni 10 ildir təmir olunmayıb. Normativə əsasən hər 4-5 ildən bir yol örtüyünün aşınma qatı yenilənməlidir". Deməli, ilk növbədə normativ pozulub. Zamanında beynəlxalq əhəmiyyətli yolda aşınma qatı yenilənsə, nə yolda tıxac olar, nə də insanlar narazı qalarlar. Mətbuat sözcüsü təmsil olunduğu qurumu haqqlı bilir və hesab edir ki, onların təmirə zaman baxımından başlaması doğrudur və daha ciddi problemlərin yaranmaması və yolun daha uzun müddətə bağlı qalmaması üçün təmir işlərinin aparılmasına ehtiyac duyublar: "Təmir işləri aparılmasaydı 1-2 ildən sonra asfalt örtüyün alt qatında daha ciddi problemlər yaranacaqdı. Artıq o zaman yol daha uzun müddətə bağlanılaraq təmirinə ehtiyac yaranacaqdı. Bu üzdən yolun hazırda qısa müddətlik təmiri daha məqsədəuyğun idi". Anlamaq olmur, asfalt örtüyündə yaranan problemlərdən sıravı insanlar niyə əziyyət çəkməlidirlər və hörmətli A.Nəcəfovun məntiqinə əsasən onlar daha uzun müddət yol bağlı qalmasın deyə istədikləri vaxt ”məqsədəuyğun” hesab etdikləri zaman kəsimində yolu təmirə bağlaya bilərlər? Sual yaranır, niyə hər 4-5 ildən bir aşınmayla bağlı təmir olunmalı yol 10 ildir təmir edilmir? Dövlətin yolların təmiri ilə bağlı sahəyə kifayət qədər vəsait ayırdığını ən azından media işçiləri olaraq biz bilirik. O zaman normativin pozulmasi hüquqi olaraq məsuliyyət yaratmırmı və buna görə cəzalananlar kimlərdir? Xalq niyə bilməməlidir ki, bu günün istisində onları saatlarla yollarda qalmağa vadar edən məmur(lar) kimdir(lər). Ya ümumiyyətlə, yolların təmiri ilə bağlı aparılan proqram doğru qurulmayıb və yerinə yetirilmir? Nəcəfliyə xatırlatma: Avtomobil yolları haqqında Azərbaycan Respublikası Qanununda təsbit olunan açıq müddəa və anlayışlardan bir neçəsi. Avtomobil yolu - dövlət standartlarına, yol hərəkəti qaydalarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik sürəti tənzimlənən avtomobil nəqliyyatı vasitələrinin bütün il boyu fasiləsiz, təhlükəsiz və rahat hərəkətini təmin edən konstruksiyalar və mühəndisi qurğular sistemidir. Sizcə, fasiləsizlik,təhlükəsizlik və rahatlıq təmin olunub mu?
Yenə həmin qanunun 22-ci maddəsinə nəzər salaq.”Dövlət avtomobil yollarının yaradılması və saxlanılması tədbirləri ölkənin ümumi sosial-iqtisadi inkişaf proqnozlaşmasının tərkib hissəsidir. Dövlət avtomobil yollarında yol işlərinin illik planlaşdırma proqramları müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının, onun inzibati ərazi vahidlərinin müvafiq ümumi inkişaf proqramları, təsdiq edilmiş sahə, sahələrarası və regional proqramlar əsasında və bu məqsədlər üçün ayrılan müvafiq vəsait nəzərə alınaraq həyata keçirilir. Yol işləri planlaşdırılarkən müvafiq icra hakimiyyəti orqanları ilk növbədə maliyyə vəsaitlərinin səmərəli istifadəsini və mövcud yol şəbəkəsinin saxlanılması, təmiri və mühafizəsinin tam icrasını birinci növbədə təmin etməlidir”. Maddə 38-də isə deyilir ki, dövlət avtomobil yollarının qorunması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Dövlət avtomobil yollarının qorunmasını həyata keçirən orqanlar yol əmlakının qorunmasını, onların korlanmasına səbəb ola biləcək mümkün halların qarşısını almaqla yerinə yetirirlər. Avtomobil yollarının qorunmasını yerinə yetirən orqanlar qarşılıqlı fəaliyyət göstərirlər. Avtomobil yollarının qorunmasını həyata keçirən subyektlərin strukturunu, hüquq və vəzifələrini onları yaratmış müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Zamanında qorunmayan, başqa sözlə işini zamanında laiqincə yerinə yetirə bilməyən müvafiq qurum rəsmisi bu gün hansı üzlə insanların qarşısında heç nə olmamış kimi hələ ictimai rəyi və psixologiyanı aşağılayır? Buna şərait yaradan amil və səbəb nədir?
Nəcəfli təmsil olunduğu agentliyin təmir işlərinin həyata keçirilməsində özbaşına olmadığını bildirməklə məsuliyyəti də üzərlərindən atmağa çalışır: "Bu cür məsələlər Yol Hərəkəti Təhlükəsizlik komissiyasına daxil olan bütün qurumlarla məsləhətləşib razılaşdırıldıqdan sonra aparılır. Bu təmir işinin indi həmin yolda çalışan işçilər daha sərin aylarda keçirilməsinin tərəfdarıdılar. Amma bu işlər payız və yaxud yaz aylarında aparılsaydı bu zaman deyəcəkdilər ki, bəyəm bunu məktəblərin tətili zamanı həyata keçirmək mümkün deyildimi?! Biz də bunu gözlədik. Orta və ali təhsil müəssisələri tətilə çıxdıqdan sonra, sözügedən yolda hərəkət intensivliyi azalandan sonra işlərə başlanıldı. Hətta bayram günləri də nəzərə alındı ki, birdən kimsə istirahətə rayona gedərsə maneəçilik yaratmayaq".
Yolların təmiri ilə bağlı beynəlxalq təcrübə nə deyir?Ümumiyyətlə, bu məsələdə hansı amillər nəzərə alınır? Dünyanın bir çox ölkələrində bu sahə kifayət qədər dəqiqliklə, kompleks şəkildə işlənilir. Hər şeydən əvvəl insanların rahatlığı və təhlükəsizliyi nəzərə alınır. Bununla yanaşı yolda hərəkətin fasiləsizliyi vacib şərtlərdəndir. Beynəlxalq təcrübə göstərir ki, zamanında aparılan təmir işləri bütövlükdə bu sahədəki problemlərin böyük hissəsini həll etmiş olur. Yolların təmiri ilə məşğul olan ekspertlərin qənaəti ondan ibarətdir ki, bu məsələdə bir neçə hala xüsusi diqqət yetirmək lazımdır. Onlardan biri zamanlamayla bağlıdır. Avropa ölkələrində və eləcə də Rusiyada bu işlər gecə saatlarında intensivliyin cüzi olduğu zamanlarda aparılır və öncədən ictimaiyyət bununla bağlı xəbərdar olunur. İkinci məsələ isə təmirin yolun bir hissəsində mərhələli şəkildə aparılmasıdır. Yəni gündüz saatlarında belə bu proses baş verirsə, yol bir tərəfli olaraq bağlanır. Başqa diqqət olunmalı məsələ isə hava şəraiti ilə bağlıdır. Başqa sözlə, strateji sahə olan yolların çəkilişi və bərpası digər aidiyyatı qurumlarla harmoniya halında çalışmaqdan keçir. Havanın temperatunun nəzərə alınması təkcə ictimaiyyətin rahatlığı üçün deyil, eyni zamanda çəkiləcək yolun keyfiyyət xarakteristikasına uyğunluğuyla da bağlıdır.
Ölkəmizdə yolların təmiri və bərpasıyla məşğul olan qurumun səlahiyyətli şəxsinin verdiyi açıqlamalardan gəlinən nəticə ondan ibarətdir ki, biz hələ beynəlxalq standart deyəndə sadəcə texniki göstəriciləri anlıyırıq, asfalt qatının qalınlığı, asfaltın tərkibi,nişanlanma və s..Ancaq beynəlxalq standart, habelə daxili qanunvericilikdə təsbit olunan konkret müddəalar hər şeydən əvvəl insan amilini nəzərə alır. Qalır, məmurların və aidiyyatı qurumların vəzəfələrini laiqincə görmələrinə. Unutmaq lazım deyil ki, yol mədəniyyətdir. Ordan hər gün siz də, biz də, beynəlxalq səviyyəli qonaqlar da, elə son zamanların diqqət ayırıldığı turistlər də keçir...
Rövşən
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar