Xəbər lenti
Millət vəkili: Gəlinlərin paltarı bağlı olmalıdır
Şəxsən mən heç cür başa düşmürəm və düşmək də istəmirəm ki, toyun əvvəlində bəylə gəlin nəyə görə valsla başlamalıdır?
Manevr.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva toy mərasimləri ilə bağlı cəmiyyətdə gedən müzakirələrə və yaşanan narahatlıqlara münasibətini bildirərkən deyib.
"Yaxşı, Avropaya inteqrasiya edirik, qloballaşan dünyada yaşayırıq, yəni, biz öz "qabığımız"da qala bilmərik, bütün bunları mən çox gözəl başa düşürəm. Mən eyni zamanda mühafizəkar bir insan da deyiləm"- deyən, millət vəkilinin sözlərinə görə, elə dəyərlər var ki, bu dəyərlərdə mühafizəkar olmağa borcluyuq:
"Bu dəyərləri qorumaqda senzuranı tətbiq etməyə hər birimiz borcluyuq və bunu da doğru-düzgün qəbul etməliyik. Məsələn, Avropadakı bir gənc öz toyunda mənim "Vağzalı"mı çaldırırmı, "Tərəkəmə"mi çaldırırmı? Xeyr!
Onda zəhmət olmasa, o da mənə inteqrasiya etsin, mənim mədəniyyətimdən, adət-ənənələrimdən yararlansın. Bəlkə mən bir az absurd, radikal danışıram, amma bunlar mənim şəxsi fikirlərimdir. Məni də heç kəs fikrimə görə hər halda qınaya bilməz.
Nəyə görə mənim qızım, oğlum, bir başqa azərbaycanlı olan insan öz milli havası ilə, öz ən gözəl, ən müqəddəs bildiyi milli havası ilə toy zalına daxil olmasın?
Eyni zamanda, gəlinlərimiz bir bakirəlik, bir təmizlik, bir məhrəmlik rəmzidir. O zaman olmazmı ki, onların gəlinlik geyimi, üstü-başı bir az bağlı olsun?!
Vallah, indi belə danışacağam, qınayanlar olacaq ki, həddindən artıq konservativ, köhnəpərəst fikirlər irəli sürür, amma inanın ki, bunların hamısında bir gözəllik var, əlçatmazlıq həmişə gözəl olub, həmişə təmiz görünüb.
Ondan sonra yeməklərin təqdimatına ciddi fikir vermək lazımdır. İsrafçılıq etməyin adı və yeri yoxdur. Çox üzr istəyirəm, axı, kimin evində yemək yoxdur? Allaha çox şükür ki, bir tikə çörəyi hamımız tapırıq, hamımız yeyirik.
Mənə elə gəlir ki, toyu tamadanın çıxışı ilə, musiqinin o qulaq yormayan notu ilə daha maraqlı, daha əyləncəli etmək olar. Təbii, arzumuzdur ki, bolluq olsun, çeşid çox olsun. O da bəlkə bir işartıdır, bəlkə belə bir məna daşıyır ki, övladımın toyunda bolluq olsun ki, həyatı da bolluq içərisində keçsin. Amma onu da israfçılığa varacaq dərəcədə etmək lazım deyil.
Əgər qonaqlar hamısı əlinin arxası ilə yeməkləri rədd edirsə, ofisiant gəlir və ona sərt şəkildə "istəmirəm-istəmirəm" deyirsə, onda onun nəyin xətrinə gətirib qoyuruq süfrəyə? Yəni, yeməklərin təqdim olunmasında da bir etika, bir estetika olmalıdır.
Musiqinin səsi toya gələnlərin beyninə toxunursa, onlara zövq, ruhi qida vermirsə, onu o cür gur səslə səsləndirməyin nə mənası var? Biz axı, konsertə, orkestrə qulaq asmağa getmirik ki?! Ona görə musiqi də dinlənilsin, o musiqidən sonra bir kəlmə bir xoş söz də dinlənilsin.
Bunu deyəndə də gənclər deyirlər ki, axı çıxışa nə lüzum var? Necə yəni çıxışa nə lüzum var? Çıxışın hər birində bir xeyir-dua var, hər ağızda gözəl bir niyyət var. Nəyə görə bu olmasın?
Böyüklərin, yaşlıların bir xeyir-duası nəyə görə eşitməyəsən? Yaxud, milli yeməyimiz olan aşı süfrələrimizin tacı, bəzəyi adlandırırıqsa, o zaman niyə onu qonaqlar dağılana yaxın gətirirlər və gəldiyi kimi də o süfrədə eləcə durur qalır? Onun da bir yolunu tapmaq lazımdır.
Hər bir zaman fikrinə, əməllərinə hörmət edilən, cəmiyyət qarşısında hörmətlə qarşılanan insanlarımız birinci növbədə bu addımı atmalıdırlar. Öz övladlarının gözəl işlərində bu addımı atmalıdırlar ki, ondan sonra gələnlər də bunu ürəklə etsinlər.
Desinlər ki, bax filankəs belə etmişdi. Yəni, o insan heç vaxt bu cəmiyyətin qınaq nöqtəsi ola bilməz. Tam tərsinə, ondan nümunə götürə bilərlər və o nümunənin sayı da getdikcə artar. Düşünürəm ki, biz bununla həm də milli adət-ənənələrimizə yenidən qayıda bilərik".
Millət vəkili gəlin köçən qızların evdən çıxarkən "Quran"ın altından keçirilməsindən, dövlət nikahından əvvəl ona molla kəbini kəsilib, ancaq toy zalına girən kimi (dövlət nikahının bağlanmasından sonra) gələcək həyat yoldaşı ilə şərab, şampan içməyə məcbur edilməsindən də narazılığını ifadə edib:
"Bu da narahatedici məsələdir. Özü də artıq 20 ildən çoxdur ki, buna rast gəlirik, ancaq bu, haradan qaynaqlanır, bu məsələ kimin başının altından çıxıb bilinmir. Elə spirtli içkidənsə, şərabdansa, elə gözəl bir şərbətimiz verilsin də içməyə o gənclərə. Yaxud da, son vaxtlar baxıram ki, artıq dini idarədən əməkdaşı dəvət edirlər toy mərasiminə, harda ki, o süfrədə içki var. İçki olan süfrəyə mollanı dəvət edirlər və gəlin də açıq-saçıq geyimi ilə onun qarşısında dayanır. Axı, onun geyimi din adamının qarşısına çıxacaq tərzdə deyil?!
Yəni, biz lazım oldu-olmadı hər yerdən bir parça götürürük və nəyə görə götürdüyümüzü də özümüz bilmirik. Əlbəttə ki, bunlar mənim nəzərimdə qəbuledilməzdir. Hər bir xalqın, bir millətin öz adət-ənənəsi olur.
Bizim də öz milli, qədim adət-ənənələrimiz var. İndi niyə onlardan istifadə etməyək?
Dünyanın bəlkə də ən gözəl folklor nümunələri, ən bənzərsiz nağıl nümunələri Azərbaycan xalqına məxsusdur və bu baxımdan, bu nümunələri olan bir xalq, dünyaya yüzlərlə dahi verən, şairlər verən bir xalq, sənətkarlar verən bir xalq, əlbəttə ki, özünün milli ənənələrini, onun sənətini, ən başlıcası mənəviyyatını da qorumağa borcludur".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar