Xəbər lenti
Çarəsizliyin səsi

Mənsurə XƏLƏFBƏYLİ
yazıçı-publisist
"Allah iman gətirənləri qaranlıqlardan nura çıxarır..."
(Bəqərə, 257)
Həyat bəzən qaranlıq otağa bənzəyir…
Bütün pəncərələri sıx bağlanmış, içəriyə nə işıq süzülür, nə də bir nəfəs təmiz hava.
Divarları küf basıb, rütubət sanki düşüncələrə hopub.
Səssizlik çöküb hər küncə, zaman belə susur bu otaqda.
Elə bil bütün dünya çöldə qalıb, sən isə zülmətin içində susdurulmuş haray kimisən.
Ümid pəncərəsinin arxasında işıq görünərmi deyə gözləyirsən,
amma o da illərin pasına bürünüb, aralanmaq bilmir.
Közərən ümidi alovlandıran Allah o qaranlıqda iniltini eşidir, ağrıyan ruhuna təsəlli olur.
Həmin otağın divarlarını titrədər, bağlı qapıları aralayar…
Və həyat yenidən nəfəs almağa başlayar.
İşıqlı dünyada ədalət axtarışına çıxırsan.
Haqsızlıq içində boğulan insanlar — bu torpağın susdurulmuş səsidir.
Yazan, lakin oxunmayan məktub…
Qaranlıqda qalan, lakin qaranlığı dələn baxış…
Deyiləcək çox söz var, amma hamısı boğazda düyünləndi.
Bu ölkədə haqqa doğru gedən yol daşlıdır.
Sən bir addım atanda, on daş yuvarlanır üstünə.
Şikayət etsən — günahkar çıxırsan.
Haqqı desən — tək qalırsan.
Səbr etsən — “susdu” deyirlər.
Danışsan — səni susdurmağa çalışırlar.
Şikayət etdim... cavab ya olmadı, ya da qarşı tərəfin xeyrinə səsləndi.
Dünyaya hayqırmaq istəyirəm:
“Yoruldum! Mənə toxunmayın, məni üzməyin artıq!”
Ruhumu qoruyan, nəfsimi xilas edən, qəlbimə nəfəs verən — Allah sevgisidir.
O sevgi yıxılmağa qoymadı.
O sevgi məni qaranlıqdan çıxardı, ruhumda şam kimi yandı:
“Ümid, əlimi buraxma…”
Çünki ümid — Allaha olan güvənimdir.
Zülmətin içindən boylanan o ümid,
yorğun ruhuma hər səhər bir damla nur oldu.
Qəlbim o ilahi toxunuşu hiss etdikcə,
dünyanın səsinə yox, Yaradanın sükutundakı mərhəmətə qulaq kəsildim.
Dünya…
Öz dərdim azmış kimi, sənin də dərdini çəkməyə gəlmişəm.
Bu da bir missiyadır, bəlkə…
Allah belə istədi:
“Sev insanlığı — vicdanla, hisslə, yanan qəlblə…”
Bir az arsız olmaq istədim,
məni üzənlərin pis oyunlarına qəhqəhə ilə cavab vermək istədim…
Olmadı. Olmur. Alınmır.
Çünki vicdanım heç vaxt susmur.
Məni incitməyin…
Ruhumu yormayın…
Susqunluğum razılığım deyil.
Səbrim gücsüzlüyüm deyil.
Bəlkə Allaha sığınanların sözüyəm.
Ədaləti qorumaq istədim.
Mən düşmən deyiləm, niyə sahib çıxmırsan, Vətən?
Son ümidimi əlimdən niyə alırsan?
Yaşamaq üçün gəlmişəm dünyaya, sürünmək üçün deyil.
Qanunların hamı üçün bərabər işləməsini istəyirəm.
Ümidimi qəlbimdə dəfn etməyin.
İnanmaq istəyirəm.
Ümid edirəm, bir gün dustaqxanada can verən həqiqət
gün üzünə çıxacaq, səda verəcək…
Qaranlıqda sıxışanlar, nurun qoynunda nəfəs alacaq…
Ümidi qəlbində daşıyanlar nəhayət hayqıracaq:
“İnsanı yaşadan inamdır!”
Hər dərd, hər zülm, hər ağrı
insanı təslim olmağa deyil,
dirilməyə çağıran səsdir.
İmanla irəliləyənlər heç vaxt yox olmayacaq.
Onların izləri zamanın qumunda silinməz.
Allahın nuru ilə bürünənlər,
qaranlıqlardan nura çıxanlar,
gözləri ilə deyil, qəlbləri ilə görənlər,
onlar həyatın ən gözəl mənasına sahibdirlər.
Düşüncələrim qarışıq, hisslərim səbrsiz, ümidim can verir yazdıqca.
Cümlələr bəlkə bir çağırış, bir mesajıdır.
İmanlı, inamlı səs olmaq, heç vaxt təslim olmamaq…
Unutmayın, vaxt gələcək,
hər zülmün, hər haqsızlığın hesabı veriləcək.
Və o an gəldikdə,
bizim qəlbimizdəki ümid, sevgi və ədalət nəhayət ki, hökm sürəcək.
O gün, bir zamanlar susmuş ürəklər, həyatın şiddətinə boyun əymiş insanlar sözün gücünə inanacaq və özlərini tapacaqlar.
Yalnız Allahın nuru ilə yol alıb,
səbrlə, inamla, əzmkarlıqla
dünyanın qaranlıqlarını deşənlər
hüzur tapacaq.
Göydən gələn nur sirlərini açacaq
və dünyaya haqqın hökmü çatacaq. İnsanlıq heç vaxt uduzmayacaq. Çünki biz inandıq ki,
həyatın ən möhtəşəm mübarizəsi,
doğru yolda durmaq, inamla irəliləməkdir.
Və beləliklə, sözlərimiz, dualarımız, ümidlərimiz bir gün mütləq haqqı, ədaləti, sevgini gün üzünə çıxaracaq.
Bu bitiş deyil, bir başlanğıcın təməlidir. Qaranlıq nə qədər dərin olsa da, içimizdəki işıq heç vaxt sönməz. İnanmaq, qorxmadan var olmaq və mübarizəni davam etdirmək, bizə verilən ən böyük əmanətdir. Hər bir nəfəs, hər bir addım, hər bir dua —haqqın işığının içimizdəki əks-sədasıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar