Sizin Reklam Burada
Xəbər lenti
04-02-2025
03-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan dilində ilk dəfə qeyri-səlis məntiq nəzəriyyəsi və texnologiyasının sistematik izahına həsr olunmuş kitab çap olunub

Tarix: 04-02-2025 21:35     Baxış: 350 A- / A+
Qeyri-səlis məntiqdən söhbət düşəndə gözüm önünə iki insan ömrünün böyük fəaliyyət sahəsi canlanır - professor Lütfi Zadə və professor Rafiq Əliyev. Onlardan biri Fevral ayının 4-də Bakıda dünyaya göz açan həmyerlimiz, dünya şöhrətli alim professor Lütfi Zadədir. Professor Zadənin qeyri-səlis məntiq haqqında ilk məqaləsi 1965-ci ildə dərc olunub. O, “Qeyri-səlis məntiq” nəzəriyyəsi ilə dünya elm sahəsində yeni bir dövrün təməlini qoydu. “Qeyri-səlis məntiq” nəzəriyyəsini Lütfi Zadə bir fərziyyə olaraq irəli sürməklə göstərdi ki, real həyat problemlərini Aristotelin klassik məntiqi və klassik riyaziyyatdan istifadə ilə həll etmək mümkün deyil. Yeni baxışa ehtiyac vardı. Qeyri-səlis məntiqə görə bu və ya digər mülahizənin doğruluq qiyməti 0 və 1 ilə deyil, onlar arasında sonsuz qiymətlər çoxluğu ilə təyin edilə bilər. Bu ideya ilə qeyri-səlis çoxluqlar nəzəriyyəsi və yeni riyaziyyatın əsası qoyuldu, yeni dünyagörüş, yeni elmi istiqamət meydana gəldi və qeyri-dəqiq informasiyanın təsviri və emalı üçün güclü alət yaradıldı. Bu gün elm sahələrinin əksəriyyəti qeyri-səlis məntiqdən istifadə edir və bu nəzəriyyə geniş tətbiq sahələrinə malikdir.


Professor Zadənin varisi və davamçısı professor Rafiq Əliyev “Qeyri-səlis məntiq” nəzəriyyəsini inkişaf etdirməklə bir neçə nəzəriyyələrin əsasını qoydu. O, insan fikirləri, mühakiməsi üçün ALI-1, ALI-2, ALI-3, ALI-4 implikasiyalarını yaratdı və bu gün bu məntiqlər sənayedə, tibbdə, iqtisadiyyatda tətbiq edilir. Onun qeyri-səlis məntiqin Soft Computing-in digər tərkib hissələri ilə sinerciləri əsasında yaratdığı yeni üsullar süni intellektin inkişafına təkan verdi. Professor Əliyev tərəfindən qeyri-səlis diferensial tənliklərlə təsvir edilən mürəkkəb dinamik sistemlərin analizi üçün ümumiləşmiş dayanıqlıq nəzəriyyəsinin işlənməsi “Qeyri-səlis” məntiq nəzəriyyəsinin öyrənilməsinin vacibliyi və tətbiqinə bir nümunədir.

İndiki kompüterlər klassik məntiqlə işləyir, bu səbəbdən informasiya axtarışı zamanı gərəksiz informasiya ilə çox qarşılaşırıq. Klassik Aristotel məntiqi semantik təhlilə imkan vermir, ümid edirəm ki, yeni informasiya axtarış sistemləri qeyri-səlis məntiqdən istifadə edəcək. Kompüterlər təbii dili emal edə bilmir, yeni yanaşmalardan istifadə olunur, qeyri-səlis məntiq bu baxımdan əlverişli vasitədir. Kompüterlərin simvolları emal etmək qabiliyyəti artırıldıqca təbii dilin emalında problemlər azalacaq. Təbii dilin semantik qeyri-müəyyənliyi təbii dilin modelləşdirilməsində bir maneə kimi ortaya çıxır. Bu maneə yalnız qeyri-səlis məntiqlə aradan qaldırıla bilər. Bu sahədə ingilis və digər dillərdə çoxsaylı elmi məqalələr və kitablar olduğu halda Azərbaycan dilində bunlar yox idi. Sevindirici haldır ki, bu günlərdə Azərnəşr tərəfindən „Qeyri-səlis məntiq” kitabı nəşr olunub.

İndi isə professor Rafiq Əliyevin və texnika üzrə fəlsəfə doktoru Rafiq Rəşad oğlu Əliyevlə birgə yazdıqları “Qeyri-səlis məntiq” adlı kitab haqqında fikirlərimi bölüşmək istəyirəm.

Kitab girişdən və səkkiz fəsildən ibarətdir. Təqdim edilən kitab “Qeyri-səlis məntiq” nəzəriyyəsi və onun tətbiqinin aydınlaşdırılması sahəsində Azərbaycan dilində yazılan ilk dərslikdir.

Bu kitabda qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq, ölçülə bilən və ölçülə bilməyən informasiya, təxmini mühakimənin və real dünya məsələlərinin modelləşdirilməsinin əsasını təşkil edən münasibətlər lakonik şəkildə göstərilib.

Kitabda qeyri-səlis məntiqə aid əsas analyışlara - qeyri-səlis çoxluqlar və onların xassələri, onlar üzərində əməllər, qeyri-səlis ədədlər, hesab, linqvistik dəyişənlər və onlarla əlaqəli məsələlər, qeyri-səlis məntiqlə klassik məntiqin fərqi, qeyri-səlis məntiq əsasında təxmini mühakimə və məntiqi nəticə çıxarma üsulları yüksək elmi texniki dildə səlis şəkildə verilib. Burada epistemik və münasibətlər fasetlərinə, professor Zadənin təbirincə desək „təbii dil persepsiyalar sistemidir” konsepsiyasına epistemik yanaşma ilə izah edilən Sorites paradoksuna ətraflı baxış var.

Kitabda qeyri-səlis riyaziyyatın təməl elementləri - qeyri-səlis funksiya, qeyri-səlis törəmə, qeyri-səlis tənliklər, qeyri-səlis həndəsə məsələləri ətraflı şərh edilib. Qeyri-səlis məntiqin real həyat məsələlərinə tətbiqinə xüsusi diqqət verilib. Mürəkkəb qeyri-xəttiliyə, qeyri-müəyyənliyə malik obyektlərin və sistemlərin modelləşdirilməsi məsələlərinə, qeyri-səlis reqressiya, linqvistik qeyri-səlis qaydalara əsaslanan modellərin qurulma prinsiplərinə diqqət yetirilib.

Kitabda „Əgər-Onda” qaydalarına əsaslanan adi və adaptiv kontrollerlərin qurulma prinsipləri, dinamik sistemlərin qeyri-səlis dayanıqlıq məsələləri, imperfekt informasiya şəraitində qeyri-səlis məntiqə əsaslanan qərar qəbuletmə nəzəriyyəsinin təməl elementləri, həmçinin qeyri-səlis qərar mühitinə, qeyri-səlis faydalılıq konsepsiyasına, mükəmməl olmayan informasiya şəraitində ümimi qərar qəbuletmə üsuluna geniş yer ayrılıb.

Kitab tədqiqatçılara qeyri-səlis informasiya mühitində fəaliyyət göstərən robotların qurulma prinsipləri, qeyri-səlis rezalyusiya əsasında mobil robotların analitik layihələndirilməsi, intellektual nəqliyyat robotunun qeyri-səlis idarəetmə sisteminin işlənməsi problemlərini öyrəməkdə yardımçı olacaq, onları bu sahədə biliklərlə təmin edəcək.

Hamıya məlumdur ki, bu gün Riyazi linqivistikanın köməyi ilə avtomatik tərcümə mövcuddur. Lakin qeyd etməliyik ki, qeyri-səlis məntiqə əsaslanan yanaşmanın təbii dilin modelləşməsində və formallaşmasında istifadəsi biliklərin inikası üçün daha ifadəli dil, təfəkkür və hesablama üçün daha çoxtərəfli imkan təmin edir. Qeyri-səlis məntiqin tətbiq sahələrindən biri də mətnlərdən semantik nəticə, xülasə çıxarmaqdır. Bu da insanların daha bilikli olmasına dəstək verir. Bu gün qeyri-səlis kimya, qeyri-səlis fizika, qeyri-səlis riyaziyyat sürətlə inkişaf edir. Ümid edirəm ki, kitabdakı materiallar qeyri-səlis məntiqin dərindən öyrənilməsi və tətbiqi üçün təqdiqatçılar, tələbələr və şagirdlər üçün yeni imkanlar yaradacaq və onların stolüstü kitabına çevriləcək.

Azərbaycanda “Süni intellekt” strategiyasının hazırlandığı bir dövrdə belə bir kitabın nəşri təqdirəlayiq hadisədir. Onu da qeyd edim ki, bu kitabın müəlliflərinin özbək alimlərlə birlikgə hazırladıqları „Süni intellekt” kitabı 4 dildə nəşr olunub və dünyanın aparıcı universitetlərində tədrisdə istifadə olunur.

Belə bir kitabı ərsəyə gətirdiklərinə görə müəlliflərə təşəkkür edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.






















Lətafət Qardaşova
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
Elmi işlər üzrə prorektoru, texnika elmləri doktoru,
professor



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar