Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Gənclərindən ümidini kəsən xalq gələcəyini itirib" - Tural Vəlizadə yazır

Tarix: 02-02-2025 12:14     Baxış: 2139 A- / A+
“Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə cümlə-gənclər müştaqdır!”


Tural Akif oğlu Vəlizadə
Milli Müdafiə Universitetinin müəllimi
Bakı Dövlət Universitetinin doktorantı


Gənclik cəmiyyətin mühüm hissələrindəndir. Bir ölkənin, bir millətin ən böyük gücü gəncləridir. Gənclərindən ümidini kəsən xalq gələcəyini itirib. Cəmiyyətdə dövlətçilik üçün gərəkli olan bütün proseslərin aparıcı qüvvəsi gənclərdir.
Azərbaycan gəncliyi həm haqdan tərəf, həm xalqdan tərəf, həm də həqiqətin yanındadır. Atalar deyib ki, “istiqaməti doğru olanın yükü ağır olar”; “Əyri bacadan düzgün tüstü çıxmaz”; “Qəlbi yumşaq olan çətin yolları keçə bilməz”. Bizim gənclik sülh və əminlik verən gələcəyin müjdəsidir. Bizim gənclik əyilməz baş, çökməz diz, bükülməz bilək, qırılmaz belin nümunələridir.

Ərazi bütövlüyümüz, dövlət suverenliyimiz təmin edilibsə, bunun memarı “Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə cümlə-gənclər müştaqdır!” deyən Azərbaycan gəncliyindən başqası deyil.
Hansı gənclik? - Öz tarixinə, mədəniyyətinə, sivilizasiyasına, əsas dəyərlərinə, inanclarına və mənəviyyatına möhkəm bağlı olan fəzilətli, enerjili və məsuliyyətli bir gənclik.

Hansı gənclik? - Şəxsiyyətli olmağın insan olmağın ilkin şərti kimi görən gənclik.
Hansı gənclik? - Qərəzli təsəvvürlərin tələsindən və qərəz buxovlarından qurtulmuş bir gənclik.
Hansı gənclik? - Öz vicdan və iradə müstəqilliyini heç vaxt girov qoymamış bir gənclik.
Hansı gənclik? - Təxəyyülü buxovlanmayan, uğurunun həddi-hüdudu olmayan, mübarizəyə arxadan baxmayan, yaşadığı dövrdən daşan, daim daşmaq iradəsi olan bir gənclik.
Hansı gənclik? - Ruhdan düşməyən, nəfsinə təslim olmayan, nəsillərə etinasızlıq etməyən, azadlıqdan üz döndərməyən bir gənclik.
Hansı gənclik? - Babasına, anasına, atasına hörmət edən; kiçiklərini sevən, ətrafı ilə dost, siması ilə nur saçan, sözü ilə əməli bütöv bir gənclik.
 Haraya gedən bir gənclik? - Zəngəzura, Dərə-Ələyəzə, Basarkeçərə, Göyçəyə, İrəvana, Dərbəndə, Borçalıya, Təbrizə - bütöv Azərbaycan idealına çatmaq əzmi ilə gedən bir gənclik.
Haradan gələn bir gənclik? - Əcdadlarının irsini çiynində daşıyan, idealları ilə əxlaqın, ağılın, ədalətin sinəsindən milli-mənəvi dəyərlərlə bəzədilmiş, beləliklə, üç min illik Azərbaycan tarixindən çıxan bir gənclik.

Bu gəncliklə keçilməz maneələri dəf etmək olar. Bu gəncliklə Zəfərlərimizin ümid bulağı əbədi olaraq axar.
2 Fevral tarixi ölkəmizdə Gənclər Günüdür. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərimizə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirildiyi günün ölkəmizdə 1997-ci ildən etibarən Gənclər Günü kimi qeyd olunması ənənəsi bir daha təsdiq edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının məqsədyönlü inkişafının əsas istiqamətlərindəndir. Ötən 29 il ərzində Azərbaycan gəncliyi həqiqətən mütəşəkkil qüvvəyə çevrilmiş, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında daha fəallıq göstərmişdir.
Bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gənclər yetişir. Onlar elm, mədəniyyət, səhiyyə, sənaye və digər sahələrdə uğurlu nailiyyətlər əldə edir, ölkəmizin şərəfini qoruyaraq Azərbaycan Bayrağını yüksəklərə qaldırırlar. Gənclik böyük nemətdir. Bu gün artıq gənclər yalnız müstəqillik və gələcək mübarizəsinin əsgərləri deyil, həm də böyük və qüdrətli Azərbaycanın memarıdırlar.
Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hərbi qulluqçuların əksəriyyəti gənclərdir. Onlar Ulu Öndər Heydər Əliyevin ideyalarına həmişə sadiqdirlər, Vətən, xalq, dövlət qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər.

Düşünürəm ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ünvanlanan bu kəlamları heç vaxt unudulmayacaqdır: “Sizin ən ümdə vəzifəniz Vətənə, ölkəmizə, doğma torpağımıza daim sədaqətli olmaqdır. Heç bir gənc bunu heç vaxt unutmamalıdır. Vətənə, xalqına, ölkəsinə, dövlətinə sədaqət hər bir gənci daim yaşadacaq və ona cəmiyyətdə özünə layiq, özü istədiyi yeri tutmağa imkan verəcəkdir”.
Vətən müharibəsi başlayanda minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə rayon şöbələrinə müraciət etdi. Düşünürəm ki, bu müraciətlər ayrılıqda da, vəhdətdə də vətənpərvərlik ruhunun Vətənə hesabatı idi. Ölkə ərazisində qismən səfərbərlik elan edildiyinə görə buna ehtiyac duyulmadı; ancaq gənclərin bu niyyəti ordunun şəxsi heyətinin döyüşə sevgisini - döyüş əzmini, qələbə ruhunu kükrətdi. Azərbaycan əsgəri Azərbaycan gəncliyinin “nəfəsini kürəyində hiss etdi”.

44 günlük Vətən müharibəsində Cənab Prezident İlham Əliyevin qürurla dediyi “Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik”, “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!” kimi fikirləri döyüşçülərin qələbə ruhunun manifestinə döndü, ictimaiyyət Azərbaycan gənclərinin qazandığı ilkin qələbələri tam qələbənin zəmanəti bildi. Noyabrın 8-də isə Şuşa işğaldan azad edildi. Bu qələbə işğalın sonunun ərəfəsi kimi yaşanıldı. Xarici hərbi ekspertlər də Şuşanın işğaldan azad edilməsini heyrətlə qarşıladı; kimisinin heyrəti paxıllıq, gözəgötürməzlik, kimisinin heyrəti Azərbaycan Ordusuna ehtiram, rəğbət idi. Bu ehtiram, bu rəğbət Azərbaycan gənclərinə olan ehtiramdı, rəğbətdi.

Ölkə başçısı Şuşada dedi: “Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”. Sərkərdənin döyüşçüyə - Ali Baş Komandanın əsgərə rəğbətinin bu səmimilikdə ifadəsi olan bu kəlmələr ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını ali səviyyədə tamamladı. Ordu gəncləri ilə Azərbaycan gəncləri də qürurlanır. Qürurlanır və onlara xitabən əminliklə deyir ki, sizin işğaldan azad etdiyiniz ərazilərdə biz də sizin dövlətçiliyə sədaqətiniz səviyyəsində iştirak edəcəyik! 44 gün davam edən Vətən müharibəsində qazanılan qələbəyə görə Azərbaycan gəncləri Azərbaycan Ordusuyla hansı səviyyədə qürurlanırsa, Azərbaycan Ordusunun şəxsi heyəti də bu niyyətinə görə Azərbaycan gəncləri ilə həmin səviyyədə qürurlanır.
2 Fevral Gənclər Günüdür. Həm də gənclərin gücünün, qüdrətinin, qələbələrinin davamçısı olacaq çağırışçıların, yeniyetmələrin, bu baxımdan bütün cəmiyyətin ovqatını bayraqlaşdıran gündür...
Cənab Prezident İlham Əliyev gənclərlə görüşlərinin birində demişdir: “Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi”.

Ali Baş Komandan davamında qeyd edir ki: “Əlbəttə, müharibədə əldə edilmiş Qələbənin bir çox səbəbləri var: həm ölkədaxili səbəblər, həm də bizim xarici müstəvidəki fəaliyyətimiz, əlbəttə ki, güclü iqtisadiyyatımız, ordumuzun müasirləşdirilməsi. Ancaq əsas amil vətənpərvərlikdir. Bunu mən, sadəcə olaraq, xoş söz üçün demirəm. Bunu mən Ali Baş Komandan kimi müharibə dövründə hər an, necə deyərlər, bütün əməliyyatlara rəhbərlik edən şəxs kimi deyirəm və görürəm ki, bəzi hallarda, hətta çətin anlarda bizim hərbçilərimiz mümkün olmayanı da reallığa çevirmişlər. Milli ruh, milli ləyaqət və vətənpərvərlik onları irəliyə aparırdı. Belə xalqla heç kim mübarizə apara bilməz. Bilirsiniz, müharibənin bir çox dərsləri var - həm bizim üçün, həm bütün dünya üçün, region üçün. Onlardan biri də odur ki, azərbaycanlılarla mübarizə aparmaq, müharibə aparmaq çox baha başa gələ bilər”.

Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın bəşəri qələbəsi oldu. Bu qələbə həm də Azərbaycan gəncliyinin qüdrəti kimi tarixləşdi.
Ölkəmiz öz gələcəyini keçmişdən ilham və cəsarət alaraq qurur. “Ya Qarabağ, ya ölüm” devizi ilə çıxdığımız bu mübarək yolda maneələrə, təxribatlara, xəyanətlərə baxmayaraq, əzmlə addımladıq. Azərbaycan gənci bu yürüşdə bizim ən böyük güc və inam mənbəyimiz oldu.
Yaşlı nəsil, təcrübəli insanlar, komandirlər, gənclər, xalqımız bir orqanizm kimi, bir yumruq kimi birləşdi və tarixi ədaləti bərpa etdi. Ordu gəncləri Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə sadiq qaldı, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə etdi və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında üçrəngli dövlət bayrağımızı Xankəndidə, Şuşada, Laçında və işğal altında olan digər torpaqlarımızda dalğalandırdı.
 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar