Sizin Reklam Burada
Xəbər lenti
17-12-2024
16-12-2024
BÜTÜN XƏBƏRLƏR

“Sol qulağı qırmaq daha bahadır, maşın sürəndə görünür...”

Tarix: 13-12-2024 09:29     Baxış: 463 A- / A+
“Sol qulağı qırmaq daha bahadır, maşın sürəndə görünür...”
Bir neçə gün öncə sosial şəbəkədə qarşımıza adı ilə diqqətimizi çəkən bir səhifə çıxdı. İnstaqramda “Qulaq qırmaq” adı ilə işlədilən bu resursa adətən öz istəyi ilə qulağını qırdırmaq istəyənlər müraciət edir. Əslində belə səhifələrin sayı çoxdur və uzun müddətdir ki, fəaliyyət göstərirlər. Yüzlərlə paylaşımı olan səhifəyə yazılan şərhləri gördükdə aydın olur ki, gün ərzində bir çox gənc bura üz tutaraq sağlam qulağını “şikəst edir”. 
Bəs bu proses niyə və necə həyata keçirilir?
Manevr.az-ın məlumatına görə, mövzu ilə bağlı “Qafqazinfo”nun apardığı kiçik araşdırma nəticəsində məlum olub ki, bir qulağını qırdırmaq istəyən 50 manatından keçməlidir. Proses keyidici vurularaq həyata keçirilir. Təbii ki, qulaqda zədə yoxdursa... Çünki belə olduğu halda qiymət də dəyişir. Qırılmış qulağın sağalması isə 2 həftəyə qədər vaxt tələb edir. 
Qulaq qırılması qulaq qığırdağında təkrar zədələnmələrin nəticəsində yaranan bir deformasiya formasıdır. Bunun təbii halı adətən sərt fiziki təmasla müşahidə olunan idman növlərində rast gəlinir. Zədə zamanı qulaq qığırdağının altındakı qan damarları cırılır və qığırdaqla dərinin arasında qan toplanır. Əgər bu qan yığılması müalicə olunmasa və ya dəfələrlə baş verərsə, qığırdaq sərtləşir və qulağın xarici görünüşü dəyişir. İdmançıların qulağının belə görünməsi ağır məşqlər və yarışların nəticəsidir.
Peşəkarlarda, xüsusilə güləşçilərdə rast gəldiyimiz bu görünüş niyəsə bir çox gəncin arzusuna çevrilib. İdmanla məşğul olmadıqları halda, belə görünüşə sahib olmaq istəyənlər heç də az deyil. Süni olaraq bunu etdirənlərin niyyəti isə özlərini idmançı kimi göstərib ətrafdakıların diqqətini çəkmək və ya fiziki görünüşü ilə güc nümayiş etdirə biləcəyinin anonsu ola bilər.
Yazıda qulaq qırmaq xidmətini təklif edənlərin də mövqeyinə yer vermək məqsədilə onlardan bir neçəsi ilə əlaqə saxladıq. Maraqlıdır ki, həmin şəxslər sualı görən kimi bizi “blok”a atdılar.
Mövzu ilə bağlı sayta danışan qulaq-burun-boğaz (Lor) həkimi Kamil Süleymanov qulaq qırdırılmasının bir neçə fəsadını sadalayır: 
“1. Perixondrit (qığırdaq iltihabı) - Qulağın qırılması perixondritə səbəb ola bilər. Bu vəziyyətdə qulaqda şişkinlik, qızartı və ağrı yaranır. Müalicə olunmazsa, ciddi infeksiyalar və deformasiya ilə nəticələnə bilər.
2. Hematom - Qulaqda qan yığılması nəticəsində toxumalarda qan dövranı pozula bilər. Bu, toxuma nekrozuna (ölümünə) gətirib çıxara bilər.
3. Qığırdaq nekrozu - Güclü zədə nəticəsində qığırdaq toxuması kifayət qədər qan ala bilməz və nekroz baş verə bilər. Bu, qulaq quruluşunun tamamilə itirilməsi ilə nəticələnə bilər.
4. İnfeksiya - Açıq yaralar və ya hematom infeksiyaya yol aça bilər. Bu infeksiya müalicə olunmazsa, yaxın toxumalara və hətta qan dövranına yayılaraq sepsislə nəticələnə bilər.
5. Eşitmə problemləri - Güclü travma daxili qulağa və eşitmə kanalına təsir edə bilər. Bu, eşitmə qabiliyyətinin azalmasına və ya tamamilə itirilməsinə səbəb ola bilər.
6. Sinir zədələnməsi - Travma üz sinirlərini zədələyə bilər, bu da üz iflici və ya hissiyyat pozğunluğuna gətirib çıxara bilər”.
Bu həvəs haqda güləş üzrə dünya və Avropa çempionatlarının mükafatçısı, məşqçi Taleh Məmmədovun da fikirlərini soruşduq. İdmançı deyir ki, daimi idmanla məşğul olan şəxslər qulaq qırdırmırlar. Çünki həqiqi idmançı qulağının vəziyyətinə görə deyil, göstərdiyi performans, qazandığı təcrübə və iradə gücü ilə tanınır: “2-3 gün idmana gedirlər, sonra ya öz müəllimlərinə, ya da bacaran birinə qulaqlarını qırdırırlar. Məqsədləri isə sırf idmançı kimi görünməkdir. Heç vaxt idmanla məşğul olmayan insanlar arasında da bu prosesə üz tutanlar olur. Çox eşitmişəm, sol qulaq 100, sağ qulaq 50 manat. Sol qulağın baha olmasına səbəb isə... Deyirlər ki, “maşın sürəndə qulağımı görürlər, qoy çəkinsinlər”. Təkcə özünü öldürmək yox, elə bu vasitələrə əl atmaq da qəsd sayılır. Təbii ki, bu, düzgün deyil. Mən 26 ildir ki, güləşirəm, hazırda da məşqçi kimi fəaliyyət göstərirəm. Amma bu vaxta qədər bilmirəm ki, o qulaq necə sındırılır. Nə öz müəllimimdən, nə də ətrafımdakı məşqçilərdən belə bir şey görmüşəm”. 
Taleh Məmmədovun sözlərinə görə, “qulaq biznesi”ni quranlar özləri də elə 1-2 il güləşlə məşğul olanlardır: “Bir müddət sonra görürlər ki, onlarda bu potensial yoxdur və güləşə bilmirlər. Bundan sonra gedib zal açırlar və başlayırlar məşqçilik etməyə. Yanlarına gələn uşaqları da bədbəxt edirlər. Potensialı olan uşağı da inkişaf etməyə qoymurlar. Hər uşaqda bir potensial var və yalnız peşəkar və səmimi yanaşma ilə inkişaf etdirilə bilər. Uşağın uğurunu bir biznes kimi görmək və ya onun sağlamlığını qurban vermək məşqçilik etikasına tamamilə ziddir.
Burada günahkar həm də valideynlərdir. Araşdırmadan uşaqları belə məşqçilərin yanına aparırlar. Valideynlərə daim xəbərdarlıq edilməli, onlar da uşaqlarını əmanət etməzdən əvvəl məşqçini araşdırmalıdırlar. Bu məşqçilər bir müddət sonra uşaqların qulağını qırırlar ki, idmançı görünüşü versinlər. Qulaq yalnız təbii olaraq idmanın intensivliyi və gərginliyindən dolayı zədələnirsə, idman prosesinin bir hissəsi kimi qəbul edilə bilər. Xüsusilə, güləş və ya döyüş idmanlarında belə hallar qaçılmazdır”. 
Qulaq qırdırılmasından sonra baş verən ağrını və sonradan yaranan görünüşü nəzərə alsaq, sual yaranır: Bu nəyə lazımdır? 
Psixoloq Cəmilə Rəhimli deyir ki, bu davranışın səbəbi idmançı kimi görünərək bəyənilmək ehtiyacı ola bilər: “Qısa müddətdə daha çox insan tərəfindən bəyənilmək, hörmət və rəğbət qazanmaq istəyi ilə əlaqəli olması mümkündür. Əgər insan arzuladığı “mən” obrazını qurmaqda çətinlik çəkirsə, müvəqqəti olaraq həmin obrazı təqlid etmək vasitəsilə sanki həmin obraza çatmış kimi hiss etməyə çalışa bilər. Nəticə olaraq gerçək olmasa belə, təqlid yolu ilə insan həmin hissi yaşayaraq rahatlıq və zövq hissi almış olur”.
Digər həkim, plastik-estetik cərrah Rabil Osmanov da bu məcburi dəyişikliyin sağlamlıq baxımından zərərli olduğunu vurğulayır: “Ümumiyyətlə, insan orqaniziminə müdaxilə tibbi savadı olan şəxslərə - həkimlərə, tibb mütəxəssislərinə aid məsələdir. Bu müdaxilə yardım və müalicə məqsədi daşıyır. Müdaxilə səbəbi somatik xəstəliklər və qazanılmış travmalardır. Travmalara məişət, istehsalat, təbii fəlakət, yol qəzası, idman və sairə aid olur.
Qulaq qırılması daha cox idman travmaları zamanı yaranır. Bu da dediyimiz kimi, travmadır və tibbi yardım gərəkdir. Belə travma zamanı qulaq qığırdağı qırılır və dəri altına qan toplanır, hematom əmələ gəlir. Bu zaman yardım olaraq toplanmış qan evskuasiya edilir ki, orada qalıb irinləməsin. Qan orada qalsa, yaxşı halda qığırdaqda ərimə - lizis gedir, pis halda isə qığırdaq irinləyir, çürüyür. 
Qığırdaq qırılan zaman deformasiya olunur, yəni formasını itirir, qulaq yumşalır, bəzən də çox eybəcər forma alır. İdmançılarda bu peşə travması kimi dəyərləndirilir. Ancaq qulağın məqsədli qırılması yolverilməzdir. Çox təəssüf ki, qulağı əvvəl olduğu kimi bərpa etmək həmişə alınmır”.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar