Xəbər lenti
Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik
Vidadi Murtuzayev
Hüquqşünas
8 Noyabr – Zəfər Günü Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız son iki yüz ilin ən möhtəşəm qələbəsini - 8 Noyabr Zəfərini təmin edən də məhz bu 8 faktorun ölkəmizdə uğurla reallaşmasıdır.
İstənilən dövlətin iqtisadi qüdrəti onun hərbi qüdrətinin aynasıdır. Ölkəmizdə son illərdə həyata keçirilən ordu quruculuğunun təhlili göstərir ki, məhz dövlətimizin təmin etdiyi dayanıqlı iqtisadi inkişaf sayəsində həyata keçirdiyimiz islahatlar müsbət nəticə verib. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan Prezidenti seçildiyi ilk gündən nail olmağa çalışdığı ən əsas vəzifələrdən biri də ölkə iqtisadiyyatının xarici müdaxilələrə uğurla tab gətirə biləcək səviyyədə inkişaf etdirilməsidir. Bu istiqamətdə Prezident İlham Əliyevin dövlət başçısı olaraq yürütdüyü müstəqil iqtisadi siyasətin uğur gətirməsi, iqtisadi qüdrətimizin bu qədər artması həmin fikirlərin ən doğru sübutudur. Məhz bu uğurlu, düzgün iqtisadi siyasətin nəticəsidir ki, ölkəmizdə bütün strateji, eləcə də hərbi əməliyyatlar zamanı lazımi ehtiyatlar tam həcmdə təmin edilib. Hazırda da bu ehtiyatların fasiləsiz təminatına imkan verən iqtisadi potensialımızın mövcudluğu yalnız qürur doğuran məqamdır.
Ölkəmizdə son 30 ildə ordu quruculuğu prosesi prioritet məsələ elan edilib. Hərbi və təhlükəsizlik sahəsində həyata keçirilən islahatların uğurlu olması da məhz dövlətimizin iqtisadi qüdrətinin ən yüksək göstəricisidir. Növbəti faktor olaraq ən müasir silahların ordunun arsenalına daxil edilməsini və yüksəkkeyfiyyətli silah və sursatlar istehsal edən hərbi sənaye kompleksinə malik olmağımızı göstərmək istərdik ki, bu da iqtisadi qüdrətimizin göstəricisidir. Bu gün Azərbaycan Ordusunun ən qabaqcıl silah-texnika, hərbi avadanlıqlar, müasir texnologiyalarla təmin olunması bir tərəfdən Ali Baş Komandanın ordu quruculuğu prosesinə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisidirsə, digər tərəfdən bütün bunlar yalnız güclü iqtisadi imkanlara malik olan dövlətin həyata keçirə biləcəyi proseslərdir.
Dünya miqyaslı siyasətçilər dövləti idarə edən, xalqı arxasınca aparmağı bacaran liderin olmasını da istənilən sahədə uğur qazanmanın əsas amillərindən biri kimi, həlledici faktor olaraq önə çəkirlər. Müstəqil daxili və xarici siyasət yürütməyə qadir olan dövlət başçısının, ordunu qətiyyətlə idarə etməyi bacaran, yüksək sərkərdəlik bacarığına malik Ali Baş Komandanın olması hər xalqın taleyində həlledici rol oynayır. Danılmaz faktdır ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli mövqeyi, dönməz iradəsi, uğurlu diplomatik gedişləri torpaqlarımızın Ermənistan silahlı birləşmələrinin 30 illik işğalından azad edilməsində misilsiz rol oynayıb. Hər bir azərbaycanlı qürur hissi keçirir ki, dünyanın ən mötəbər təşkilatlarında, ən uca kürsülərdə xalqımızın haqq səsini çatdırmaqla, haqlı-ədalətli mövqeyimizi inamla qorumaqla, verdiyi sözü daima tutmaqla Müzəffər Ali Baş Komandan İlham Əliyev həm dünya miqyasında nüfuz qazanıb, həm də Azərbaycan xalqını dəmir yumruq kimi birləşdirməyə nail olub. 44 günlük Vətən müharibəsindəki Qələbəmizin 4-cü ildönümündə paytaxtımız Bakı şəhərinin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb, bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz yaradılıb. Ərazisi 10 hektara yaxın olan parkda Zəfər tağı, Zəfər abidəsi yerləşir, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Şəhərə gedən iki yolun kəsişməsində müasir üslubda inşa edilən hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44 olan Zəfər tağı yerləşir. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.
Dövlətimizin başçısı noyabrın 8-də rəsmi açılışı olan Zəfər parkında üçrəngli Dövlət Bayrağımızı ucaldaraq, Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyandan sonra xalqımıza müraciət etdi. Prezident bildirdi ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir: “Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik”. Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, artıq ərazilərimizdə separatçılığın kökü kəsilib, kitabı bağlanıb. Yəni, artıq Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb. “Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik”, - deyən Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, iqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, beynəlxalq tribunalarda sözümüzü qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər Qələbəyə doğru bizi aparırdı və bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Ermənilərin Qarabağı, Şərqi Zəngəzuru viran qoymalarını diqqətə çatdıran dövlətimizin başçısı müharibədən sonra Ermənistanın, eləcə də onların Qərbdəki havadarlarının həyasızlığından da söz açıb. Bildirib ki, indi bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər: “Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb”. Bununla da onlar Ermənistanın vəhşiliklərini ört-basdır etməyə çalışırlar. Üstəlik, onlar, başqa sözlə desək, anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı silahlandırmaqla yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər. Dövlətimizin başçısı, həmçinin xatırladıb ki, əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq: “Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar