Manevr.az bildirir ki, İqtisadiyyat.az vəzifə başında dünyasını dəyişən yüksək çinli məmurlarla bağlı material hazırlayıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov 2024-cü ilin sentyabrın 24-də vəfat edib. Ürəyindən əməliyyat olunmuş sədr Türkiyənin İstanbul şəhərində müayinə olunduğu Memorial Şişli xəstəxanasında 63 yaşında dünyasını dəyişib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 2023-cü ilin oktyabrında 93 yaşında dünyasını dəyişib. 1992-1994-cü illərdə "Azərineft" Dövlət Konserninin birinci vitse-prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004-cü ildən geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, 2016-cı ildən isə vəfat edənə qədər SOCAR-ın birinci vitse-prezidenti olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev 2022-ci ilin dekabrında vəfat edib. 65 yaşlı sədr ürək tutmasından dünyasını dəyişib. M.Nəbiyev 2000-ci ildən vəfat edənə qədər sözügedən məhkəmənin sədri vəzifəsində çalışıb.
Maliyyə nazirinin birinci müavini İlqar Fəti-zadə 2022-ci ilin aprelində uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib. O, 1999-cu ildən vəfat edənə qədər maliyyə nazirinin birinci müavini vəzifəsində çalışıb.
Fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı Nazim Məmmədov 2022-ci ilin avqustunda vəfat edib. 71 yaşında dünyasını dəyişən N.Məmmədov 2018-ci ildən vəfat edənədək nazir müavini vəzifəsində çalışıb. 2007-ci ilin dekabrından isə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində işləyib, gömrük xidməti general-leytenantı olub.
Gənclər və idman naziri Azad Rəhimov 2021-ci ilin aprelində ABŞ-da müalicə olunduğu xəstəxanada ağır xəstəlikdən vəfat edib. 56 yaşında dünyasını dəyişən nazir 2006-cı ildən vəfat edənə qədər Gənclər və İdman Nazirliyinə rəhbərlik edib.
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov 2018-ci ilin iyununda İsraildə müalicə aldığı xəstəxanada vəfat edib. 68 yaşında dünyasını dəyişən Y.Camalov 2006-cı ildən vəfat edənə qədər müdafiə sənayesi naziri olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov 2018-ci ilin fevralında 81 yaşında dünyasını dəyişib. O, 2007-ci ildən vəfat edənədək sədr vəzifəsində çalışıb.
Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov 2018-ci ilin aprelində 71 yaşında vəfat edib. O, 1999-cu ildən dünyasını dəyişənə qədər səhiyyə nazirinin müavini - Azərbaycanın Baş Dövlət Sanitar Həkimi vəzifəsində çalışıb.
Energetika naziri Natiq Əliyev 2017-ci ilin iyununda Türkiyənin İstanbul şəhərində müalicə olunduğu xəstəxanada ömrünün 69-cu ilində vəfat edib. O, 2013-cü ildən dünyasını dəyişənə qədər energetika naziri vəzifəsində işləyib.
.jpg)