Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Milyonların lənətlədiyi birinci katib – onun Novodeviçye qəbiristanlığında dəfn edilməsinə də icazə verilməyib

Tarix: 19-07-2024 11:06     Baxış: 375 A- / A+


 
O, qatı stalinçi kimi tanınıb. Amma çoxları yaxşı bilib ki, İvan Spiridonovun Stalinə olan sonsuz rəğbəti heç də səmimi deyil, sadəcə vəzifə karyerası üçündür. Elə bu qeyri-səmimiliyi də sonda Spiridonovun karyerasına son qoyub...
Mövcud olduğu 70 il ərzində SSRİ-nin şəhər, vilayət, diyar partiya komitələrinə yüzlərlə birinci katib təyinatı olub. Onların əksəri tarixdə heç bir hadisə ilə yadda qalmayıb. Sadəcə 5-10 il bu vəzifədə işləyib təqaüdə gediblər. Birinci katiblərin kiçik bir qismi sonrakı vəzifələri ilə tarixə düşüblər. Moskva vilayət Partiya Komitəsinin birinci katibi Nikita Xruşşov, Dnepropetrovsk vilayət Partiya Komitəsinin birinci katibi Leonid Brejnev, Penza vilayət Partiya Komitəsinin birinci katibi Konstantin Çernenko, Stavropol diyar Partiya Komitəsinin birinci katibi Mixail Qorbaçov, Sverdlovsk vilayət Partiya Komitəsinin birinci katibi Boris Yeltsin zaman-zaman vəzifə pillələri ilə yüksələrək SSRİ-nin birinci kürsüsünə sahib olublar. Bir qisim birinci katiblər güllələnməklə, digər bir qismi həbsxanalara düşməklə tarixin yaddaşına həkk olunublar. 1954-1962-ci illərdə əvvəlcə Leninqrad şəhər, sonra isə Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi olmuş İvan Spiridonov isə tamam fərqli bir hadisə ilə tarixə düşüb.
İvan Spiridonov 1905-ci ildə Nijeqorodda anadan olub. Orta təhsil aldıqdan sonra ilk əmək fəaliyyətinə zavodda çilingər kimi başlayıb. 1939-cu ildə qiyabi yolla Leninqrad Sənaye İnstitutunu bitirib. 1939-1950-ci illərdə Orlovda və Leninqradda zavod direktoru vəzifəsində işləyib.
1950-ci ildən İvan Spiridonov fəaliyyətini partiya və sovet orqanlarına bağlayıb. O, 1951-ci ildə Leninqrad vilayətinin Moskva rayonuna sənaye və iqtisadiyyat məsələləri üzrə katib təyin edilib. Daha sonra Leninqrad vilayət İcraiyyə Komitəsinin sədr müavini vəzifəsinə təyinat alıb. 1957-ci ildə isə Leninqradın birinci katibi olub.
Spiridonov_I_V.jpg (30 KB)
Qatı stalinçi kimi tanınan İvan Spiridonov Leninqrada rəhbərlik etdiyi illərdə ölkənin ən yaxşı birinci katiblərindən sayılıb. Məhz onun dövründə Leninqrad sakinlərinin mənzil problemləri sürətlə həll olunub. Spiridonov bacarıqlı və işgüzar kadr olsa da birincilər qarşısında əyilməyi, mütiliyi ilə də fərqlənib. Müasirlərinin yazdıqlarına görə birinci katib üçün ən çətin vaxt Kremldən vilayətə gələnləri qarşılamaq və yola salmaq olub. Rəsmilərin Leninqrada səfərlərində o, hər şeyin qaydasında olması üçün əldən-ayaqdan gedib.
İvan Spiridonovun elə bu mütiliyi də onun karyerasına son qoyub.
1961-ci ilin oktyabrın 30-da partiyanın 12 gün davam edən 22-ci qurultayının sonuncu günündə, səhər iclasında qurultayın gündəliyində olmayan bir məsələ gözlənilmədən müzakirəyə çıxarılıb. Həmin gün qurultayın iclasına Şvernik sədrlik edib. İclas başlayan kimi o, katibliyə daxil olan müraciəti əsas gətirərək Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi İvan Spiridonava söz verib. Təbii ki, bütün bunlar əvvəlcədən planlaşdırılıb. Spiridonov öz çıxışında Leninqrad kommunistlərinin müraciətini qurultay nümayəndələrinə çatdıraraq Stalinin nəşinin mavzoleydən çıxarılması məsələsinin qurultayda müzakirə olunmasını təklif edib. Qurultay onun təklifini müsbət qəbul edib və müzakirələr başlanıb.
Xruşşovla Spiridonovun sövdələşməsi isə bir gün əvvəl Xruşşovun bağ evində baş tutub. Spiridonov Xruşşovun təklifini böyük məmnuniyyətlə qəbul edib.
Beləliklə, İvan Spiridonovun təklifi, qurultay nümayəndələrinin səs çoxluğu ilə Stalinin nəşi mavzoleydən çıxarılıb.
Sözsüz ki, İvan Spiridonov bu “tarixi” missiyanın qarşılığında Xruşşovdan çox şeylər gözləyib. Amma onun düşündüyü kimi olmayıb.
1962-ci ildə Xruşşov partiya fəalları ilə iclas keçirirkən özünə qarşı olan münasibəti öyrənmək üçün kiçik bir hiyləyə əl atıb, iclasda iki vəzifədən birindən, ya baş katib, ya da Nazirlər Soveti sədri vəzifəsindən azad olunmaq istədiyini bildirib. Bunu yaşı və səhhəti ilə əlaqələndirib. Bu çıxışından sonra dərhal yerlərdən çıxışlar başlanıb. Məmurlar Xruşşovun ünvanına sağlığa bənzər təriflər yağdırıblar, onun enerjili olduğunu bildiriblər, az qala deyiblər ki, Xruşşov vəzifələrinin birini təhvil versə SSRİ dağılacaq.
98-20.jpg (72 KB)
İclasda İvan Spiridonov da çıxış edib. Yaltaqcasına baş katibin ünvanına təriflər yağdırdıqdan sonra birinci katib təklif edib ki, Xruşşov sağlamlığı naminə vəzifələrinin birindən hökmən getməlidir. Bu çıxış Xruşşovun qəzəbinə səbəb olub. Elə səhəri gün İvan Spiridonov tutduğu bütün vəzifələrdən azad edilib. Xruşşov onu SSRİ Ali Sovetinə sədr seçdirib (SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri başqa bir vəzifədir).
İvan Spiridonov bu vəzifədə 1970-ci ilə qədər çalışıb. Sonra onu Kremldən birdəfəlik uzaqlaşdırıblar.
Stalinin nəşinin mavzoleydən çıxarılması təklifinə görə İvan Spiridonov milyonların lənətini qazanıb. Ona ünvanlanan saysız-hesabsız məktublarda Spiridonov ən ağır təhqirləri oxuyub. Sonralar özü də nə qədər böyük səhv addım atdığını etiraf edib:
“Bu tərəfimdən atılan ən yanlış addım idi. Amma başqa çıxış yolu da yox idi. Xruşşov məni məcbur etmişdi. Həmin dövrdə mən hər gün yüzlərlə məktub alırdım, məktubların hamısında mənə lənət yağdırırdılar...”
İvan Spiridonov 1991-ci ildə, 85 yaşında vəfat edib. Qarışıq 90-cı illərdə onun dəfn məsələsində də problem yaranıb. Belə ki, sabiq birinci katibin statusuna uyğun olaraq  Novodeviçye qəbiristanlığında dəfn edilməsinə icazə verilməyib və o, Troekurovsk qəbiristanlığında dəfn olunub.

İlham Cəmiloğlu,
 Musavat.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar