Ana sevincinə aparan yolun bələdçisi
Kəmalə MəmmədovaYaratmaq Tanrıya məxsusdur. Yəqin elə bu səbəbdəndir ki, Onun adlarından biri də Yaradandır. Tanrının yaratdığı ən ali varlıq isə insandır. Bəlkə də, yaratdığı varlığın aliliyinin sübutu kimi Tanrı seçilmiş insanlara yaratmaq xüsusiyyətindən pay verib.
İnsan taleyində əhəmiyyətli rolu olan peşə sahibləri var. Doğumdan başlanan yolun etibarlı əllərdə olması insanın olumla ölüm arasında həyat mübarizəsində ilk qələbəsini təmin edir. Əlbəttə, bütün bunlar Allahın izni ilə baş verir.
Dünyaya gəlişimizin ilk köməkçiləri, ilk şahidləri də məhz həmin peşə sahibləridir.
Həyat sevgi üzərində qurulub. Haradan baxsaq, ömrümüzün əsası, özülü sevgidir. Bu sevgidən isə kiçik möcüzələr doğulur. İnsanlar ana olur, ata olur...
İnsanları o kiçik möcüzələrə qovuşduran isə mama-ginekoloqlardır. Evlərdə körpə sevincinin bir payı da məhz onların zəhmətinin bəhrəsidir. Qadınların hamiləlik dövründən, bəzən hamiləliyə qədər olan mərhələdən başlayaraq doğuş anına qədər özlərini və körpələrini etibar etdikləri peşə sahibləridir onlar. Mənə görə, insan həyatının etibar edildiyi peşə sahibləri seçilmiş insanlar sırasındadır. Bu baxımdan mama-ginekoloqların məsuliyyəti və missiyası xüsusilə önəmlidir.
Mama-ginekoloq Kəmalə xanım da məhz belə seçilmiş insanlardandır. Uzun illərdir ixtisası üzrə çalışan Kəmalə həkim neçə-neçə ailənin sevincinə səbəb olub, üzərinə düşən vəzifəni vicdanla yerinə yetirib və bu gün də yerinə yetirməkdədir. İnsanlara sevinc bəxş etməyi özünə mənəvi borc bilən Kəmalə həkim müxtəlif illərdə məsul vəzifələrdə çalışsa da, əsl peşəsinə sadiq qalıb. Bu, onun peşəsinə olan sevgisindən və verdiyi dəyərdən irəli gəlir.
Kəmalə həkim işinə yalnız peşə borcu kimi deyil, həm də mənəvi məsuliyyət kimi yanaşır. Çünki məsuliyyətli insan hər zaman öz vicdanına sadiq qalır.
Kəmalə Məhərrəm qızı Məmmədova 1976-cı ildə Xaçmaz rayonunun Ləcət kəndində həkim ailəsində anadan olub. Uşaqlıqdan ailədə bu peşəyə olan hörmət və sevgini görməsi onun gələcək peşə seçimində mühüm rol oynayıb. O, həkim olaraq insanlara xidmət etməyi həyat yolu kimi seçib.
1982–1992-ci illərdə Yevlax rayonundakı 8 nömrəli məktəbdə orta təhsil alıb. 1993–1999-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetində ali təhsilə yiyələnib. Daha sonra, 2002–2003-cü illərdə Seçenov adına Moskva Dövlət Tibb Akademiyasında təhsilini davam etdirib.
Davamlı olaraq biliklərini artırması onun peşəsinə olan məsuliyyətinin və inkişaf istəyinin göstəricisidir. Bu zəhmət və əzm nəticəsində o, savadlı və peşəkar həkim kimi formalaşıb.
Kəmalə həkim əmək fəaliyyətinə 2003-cü ildə Yevlax Mərkəzi Rayon Xəstəxanasında mama-ginekoloq kimi başlayıb. Səmərəli fəaliyyəti, peşəkarlığı və idarəçilik bacarığı sayəsində 2009–2015-ci illərdə baş həkimin müavini vəzifəsində çalışıb. Daha sonra ginekologiya-doğum şöbəsinin müdiri təyin olunub və 2016–2024-cü illərdə bu vəzifəni uğurla icra edib.
Onun məsuliyyəti, insanpərvərliyi və peşəsinə bağlılığı kollektiv arasında böyük hörmət qazandırıb. Kəmalə həkim həm də pasiyentlərinin dərin rəğbətini qazanıb. Ana olmağa hazırlaşan qadınların inamla üz tutduğu həkimlərdəndir.
O, yalnız tibbi xidmət göstərməklə kifayətlənmir, pasiyentlərinə mənəvi dəstək də olur. Mehriban münasibəti, diqqəti və qayğıkeşliyi qadınlara güvən verir.
Ana olmaq qadının ən böyük səadətlərindən biridir. Körpələr isə ailələrin sevinc mənbəyidir. Bu sevincin yaşanmasına vəsilə olanlar sırasında mama-ginekoloqların xüsusi yeri var.
Hazırda Kəmalə Məmmədova 1 saylı Sumqayıt şəhər xəstəxanasının Doğum şöbəsində mama-ginekoloq kimi fəaliyyət göstərir. O, illərin təcrübəsini müasir tibbin yenilikləri ilə birləşdirərək insanların xidmətində dayanır və ailələrə sevinc bəxş etmək missiyasını layiqincə davam etdirir.
Sevinc Qərib
AYB və AJB üzvü




































