Sizin Reklam Burada
Xəbər lenti
25-11-2026
24-11-2026
BÜTÜN XƏBƏRLƏR

Anasının ürəyi Namiqin söz xəzinəsi idi: bütün şeirləri, bütün sözləri...

Tarix: 26-11-2026 12:56     Baxış: 324 A- / A+
İlqar İlkin

   Əgər bir insanın ürəyinin əkizini axtarmaq, ya da duyğularını kiminlə bölüşdüyünü bilmək istəsən, gərək ürəyinin səsini dinləyəsən. O səs sənə ən yaxınını, ruhuna ən uyğun adamı tanıdır. O səsin saxtası yoxdur, olmur da. Əslində, hər bir insan ruhunun əkizini tanıyır.

Ruhumun qardaşını, əkizini həmişə Namiq Dəlidağlıda tapmışam. Bəzən insan özünə bənzəyəni yox, öz ruhunun dilində danışan insanı tapır. Mənim ruhumun dilindən anlayan da o olub, onun ruhunu da anladığıma inanıram.
Mən onu tanıyanda Kəlbəcər yeni işğal olunmuşdu. Adamlar bütün əşyalarını, xatirələrini orada qoyub gəlmişdilər. Namiqin o gələnlərdən fərqi onda idi ki, o, elə bil heç özünü də gətirə bilməmişdi; özünü büsbütün Kəlbəcərdə, Çovdar kəndində qoyub gəlmişdi. İti həyətlərində zəncirə bağlı qalmışdı. Elə bil Namiqin bütün ruhu da orada, o çidarda, o zəncirdə kilidlənmişdi.

Bir dəfə Novruz bayramında kəndimizə getmişdim, ata ocağının rahatlığını, ana torpağın əzizliyini hiss etdirən bir fikir yazıb paylaşmışdım: "Ev Anadır, insan həmişə evinə dönər." Bu sözlərimi onun görüb bəyənməsi uzun illər içimdə utancqarışıq bir qəbahət hissi kimi qalmışdı.
Onun anası ev deyildi, sönmüş ocaq idi, talanmış yurd idi.
Ovdan qayıdan Salur Qazan dağıdılmış, talanmış obası ilə necə danışırdısa, Namiqin anası Əsginaz ana da Kəlbəcərlə şeirlə, bayatı ilə elə danışırdı: "Xəbər ver mənə, qara başım qurban olsun, yurdum, sənə!"
Əsginaz ana sinədəftər idi. Təkcə Namiqin deyil, o bölgənin şairləri Bəhmən Vətənoğlunun, Sücaətin şeirlərini də əzbər bilirdi. Şeir deyəndə səsində, avazında olan ağır yanğı sadəcə yurd həsrəti deyildi, həm də qaçqınlıq illərində Abşeron torpağında dəfn etdiyi qardaşının və gənc nəvəsinin nisgili idi.

Namiqin şeirlər kitabı nəşr olunmamışdı. Hərdən elə düşünürdüm ki, Namiqin anasının ürəyi idi onun söz xəzinəsi; bütün şeirləri, bütün sözləri anasının ürəyinə yığılıb qalıb.
Bir gün Əsginaz ananı da həmin Abşeron torpağında əzizlərinin yanında dəfn elədik; məzarı Kəlbəcərdə girov qalan ərinin yanına gedə bilmədi. Onun dəfnində sadəcə sinəsində yatan gözəl sözləri deyil, Çovdara dönəcək ümidləri də basdırırdıq sanki. Amma əmin idik ki, ruhlar mütləq öz aid olduğu torpaqlara dönəcək. Bir vaxt gələcək, o torpaqlar da unudulacaq deyə düşünürdük, amma yurd həsrəti ilə yaşayan insanlar öldükcə onların azad ruhları yenidən həmin torpaqlara qayıdır, doğmalarını yurda çağırırdı.

Dönməmək olmazdı...

Kəlbəcər alınandan sonra Namiq bayrağa sarılmış halda öz yurduna dönmüşdü. Evlərinin dağılmış divarlarını kol-kos basmış, divarlar səssizlikdən, elə tənhalıqdan öz-özünə dağılıb getmişdi. Divarlar nə qədər qalın olsa da, insan nəfəsi və hənirtisi olmasa, mütləq dağılır.
Bilirəm ki, dostumun nəfəsi o dağılmış yurda yenidən can verəcək. O yurdda bir işıq yandırması kifayətdir.
O işığa ocaqdan didərgin düşmüş bütün ruhlar dönəcək. O divarların canına yenidən insan nəfəsi qayıdacaq — Əsginaz ananın ruhu da. Bir vaxtlar o həyətdə zəncirdə qalan itin hürüşü də qayıdacaq. Çünki yurd təkcə insanlarını deyil, orada qalan bütün səslərini gözləyir. Hətta bir vaxtlar zəncirlənmiş ümidlər də.
İndi o sözlərə daha çox inanıram: “Ev Anadır, insan həmişə evinə dönər!”...

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar