Sizin Reklam Burada
Xəbər lenti
17-08-2025
16-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Yazmaq özü intizamsızlığin ən yüksək formasıdır"

Tarix: 17-08-2025 12:34     Baxış: 276 A- / A+
Bu günkü həmsöhbətimiz görkəmli Azərbaycan yazıçısı, şair, nasir və tərmüməçi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi mükafatının sahibi Seyran Səxavətdir. 

 —Sovet dövründə tərcüməçi kimi fəaliyyət göstərən bir yazıçı olaraq, sizin üçün mətnin arxasında gizlənən millət, mədəniyyət və ruh necə görünürdü? 
Tərcüməçilik sizi yazıçı kimi necə formalaşdırdı?


— Bilirsiniz, o vaxt hər şey çox aydın görünürdü, hər nə qədər ağrılı olsa da. Bizə elə gəlirdi ki, azərbaycanlılar başqaları üçün yaşayır, başqaları üçün çalışırlar. Dərinlərə getsək, elə bil, bu xalq özünü yox, başqasını yaşadır. İçimizdə bir natamamlıq kompleksi vardı. Təbii ki, uşaq vaxtı bunu dərk edə bilmirdik. Ancaq böyüyəndən sonra hiss etməyə başladıq və yaşa dolduqca başa düşdük ki, biz haqlıymışıq.
   Tərcüməçilik mənim yazıçılığıma təsir etmədi. Əslində, mənə elə gəlir ki, edə də bilməzdi. Yazıçılıq mənim üçün xasiyyətdir, bir xarakterdir.

— Yazıçı üçün uşaqlıq bəzən ən müqəddəs qaynaq olur. Uşaqlıq xatirələriniz hansı əsərlərinizi ruhani əsər halına gətirdi?

— Avtobioqrafik əsərlər deyə bir anlayış var. Amma mənə görə, yazıçı nə yazıbsa, əslində özünü yazıb. Bəzən də öz ətrafını, müşahidələrini. Yazıçı ömür boyu özünü yazır.
   Həndəsədə "Konstentirik" deyilən bir anlayış var. Gölə daş atırsan, daşın düşdüyü yerdə kiçik bir dairə yaranır, sonra o dairə genişlənir. Konsentirik mərkəzi yaradıcı insan üçün daşın düşdüyü yerdir. Uşaqlıq həmin daşın atıldığı nöqtədir. Böyük çevrələr ən kiçik çevrədən qidalanır. Uşaqlıq insan həyatında əsas mərhələdir. İnsan doğulduğu andan bənzərsiz bir hadisə yaşayır və ömrü boyu doğuluşuna bənzər ikinci bir hadisə ilə qarşılaşmır. Ölüm də onun kimi – təkrarolunmaz. Doğumla ölüm arasındakı hər şey isə təkrarlardır.
   Yazıçı üçün ən vacib nədir: çağdaş dövr üçün yazmaq, yoxsa tarixə iz salmaq?
Yazıçı başını aşağı salıb öz işini görməlidir. Zaman hər şeyi yerbəyer edəcək. Çağdaşlıq da bir gün zamana çevriləcək. Məsələ ondadır ki, sən onu necə təqdim edirsən.

—“Daş evlər” romanınız iki dəfə nəşr olunub. Bu əsərin yenidən yazılması və ya genişləndirilməsi ehtiyacı nədən qaynaqlandı?

— Əsər iki dəfə yox, üç dəfə çap olunub. Zamanında bestseller idi. Birinci nəşri sovet dövründə çıxdı və 200 səhifəyə yaxın ixtisara uğradı. İkinci dəfə çap olunanda sovet hələ var idi, amma çökmək üzrə idi. Həmin dövrdə əsəri bir qədər açıq formada yenidən çap etdik. Daha sonra rus dilində də nəşr olundu. Oxucular, xüsusilə həmyaşıdlarım, bu romanı çox sevirdilər.

— Yazıçılığı mənəvi xidmət kimi hiss edirsinizmi?

— Ümumiyyətlə, "xidmət" sözündən xoşum gəlmir. Bu, ədalətsiz uydurmadır. Məsələn, bir xanəndə qırx il oxuyub deyir: "Xalqıma xidmət etmişəm." Bu, yanlışdır. Mən 60 ildən çoxdur ki, yazıram, minlərlə müsahibə vermişəm, amma heç vaxt deməmişəm ki, "xalqıma xidmət etmişəm." Kim deyirsə, yalan deyir. Hər kəs əslində özünə xidmət edir. Toya gedib oxuyursan, pulunu alırsan – bu, xalq üçün xidmət deyil.
    Xalq fərdə, fərd xalqa borclu deyil. Amma elə bir məqam olur ki, hər ikisi – həm fərd, həm cəmiyyət – bir-birinin xeyrinə nəsə etmiş olur. Qarşına məqsəd qoyub "xalqıma xidmət edəcəyəm" demək, mənasız bir şeydir. Mənim üçün bu anlayış yoxdur.
   Bir dəfə televiziya verilişində mənəvi borc haqqında danışırdıq. Aparıcı məsələni o qədər xırdaladı ki, qorxdum. Dedim: "Ay qız, sen demə biz  xirtdəyə qədər borc içindəymişik ki ." Borc deyilən anlayış yoxdur. Ünsiyyət, insanlıq var. Valideyninə diqqət göstərirsənsə, bu borc deyil – insanlıqdır.

— Bugünkü qloballaşmış cəmiyyətdə yazıçı milliliyi necə qorumalıdır?

— Bütün bəşəriyyət düz yolda deyil. Bizim yolumuz dairəvidir. Qloballaşmanı insanlıq artıq bir dəfə – ibtidai icma dövründə – yaşayıb. İndi həmin dairəni vurub yenidən başlanğıc nöqtəsinə gəlirik. Bu, təbii bir prosesdir, qarşısını almaq mümkün deyil. Tanka minib milliliyini qoruyacaqsan? Çətin məsələdir.
— Yəni zaman dövr edir, insanlıq öz başlanğıcına qayıdır. Doğrudurmu?
   Bəli. Hardan başlamışıqsa, ora qayıdacağıq. Torpaqdan gəlmişik, torpağa qayıdacağıq. İşə gedirik, axşam evə qayıdırıq. Hərəkətimizin mahiyyəti budur: qayıdış. Bəşəriyyətin anası da insanı qayıdış üçün doğub.

— 1962-ci ildən ədəbiyyata xidmət edirsiniz. Yazıçı olaraq ilk misranızı yazdığınız günlə bu gün arasında hansı fərqləri hiss edirsiniz?

— İlk misramı yazdığım günü xatırlamıram. Bu sualı mənə bir dəfə veriblər. 
İlk şeir yazdığım günü o vaxt xatırlayaram ki, Seyran Səxavət də öz doğulduğu günü xatırlasın _bu mümkün deyil axı...

— Çoxsaylı əsərlərinizdə insan və zaman, mənəviyyat və unudulma motivləri əks olunur. Sizcə, bu günün yazıçısı hansı mənəvi məsuliyyəti daşımalıdır?

— Yazıçı heç kimin qarşısında məsuliyyət daşımır. Bəlkə də əksinə – bütün bəşəriyyət yazıçının qarşısında məsuliyyət daşıyır. Yazıçı heç bir dövlət başçısının qarşısında cavabdeh deyil. Əksinə, onlar  söz adamlarının qarşısında məsuliyyət daşıyır. 
Vicdan və ədalətin olduğu yerdə məsuliyyət artıqdır. O, pərsəng kimidir. 
Vicdanla yaşayan adam üçün məsuliyyət artıq bir anlayışdır.

— Təsəvvüfdə “sükut sözlərdən yüksəkdir” deyilir. Sükut və söz arasındakı sərhəd barədə hansı fəlsəfi baxışa maliksiniz?

— Keçmişdə kankanlar yer qazarkən su çıxan kimi dayandırardılar, çünki onlara artıq su lazım idi.
Sükutdan nadir hallarda söz yaranır. Bir saatı ölçü vahidi kimi götürsək, onun bəlkə də yarım dəqiqəsi sözə çevrilə bilər, qalan 59 dəqiqəsi havadadır. Mən realist adamam, daha çox əllə toxunula bilən şeyləri xoşlayıram. Qulağımdan çox gözümə etibar edirəm. Musiqi dinləyərkən qulağıma güvənə bilərəm, amma ümumilikdə gözümü qoyub qulağıma güvənmərəm.

— 60 ildən artıq ədəbi fəaliyyətiniz var. Bu müddətdə yaradıcı intizam, səbr və düşüncə necə formalaşdı? Elm zəhməti və yaradıcı fədakarlıq barədə fikirləriniz necədir? 

— Yazmaq özü intizamsızlığın ən yüksək formasıdır. Bəşəriyyətin yüzdə bir faizi belə yazmaqla məşğul deyil. Bu o deməkdir ki, sən fərqlisən. Mən ümumiyyətlə nizam-intizam deyilən anlayışa uyğun yaşamamışam. Yazı-pozu adamı öz ritmini özü qurur. Kimisi deyir təyyarədə yazıram, kimisi deyir hər gün bir saat yazıram. Bu mümkün deyil. Hətta şəkil çəkdirəndə belə, şəkildəki sən deyilsən. O an başqa idin.

Viktor Hüqoya bir qadın yaxınlaşıb soruşur: "Siz Viktor Hüqosunuz?" Hüqo cavab verir: "Bəzən, hərdən."
Xanəndəmiz Yaqub Məmmədov bir segahı oxumaqla bəlkə də ömrünün on faizini yandırıb. Hər gün eyni şeyi oxusaydı, çoxdan ölərdi. Yazıçı da hər istədiyi vaxt yaza bilməz. Yazıçılıq vərdişə çevrildiyi an əhəmiyyətini itirir.

— Azərbaycan və fars mədəniyyətlərinin kəsişməsində yaşamış yazıçı kimi iki xalq arasında hansı bağlılıqları görürsünüz?

— Mədəniyyət ümumbəşəri bir anlayışdır və müəllifi insandır. Mədəniyyətləri bir-biri ilə müqayisə etmək olmaz. İki istedadlı insanı da müqayisə edə bilməzsən – istedad ya var, ya yoxdur.
Mədəniyyəti bütün xalqların sayılıb-seçilən adamları yaradır.

—  Çoxsaylı əsərlər yazmısınız, mükafatlar almısınız. Amma bir insan olaraq Seyran Səxavətin qəlbinin arzusu nə olub – və bu arzu yaradıcılıqla reallaşıbmı?

— Yaradıcılıq ona görə deyil ki, həyatda istədiyinə nail olasan. İndi otağımda oturmuşam, atamla anamın portretinə baxıram. Deyirəm: "Ay Allah, mənim nə gözəl valideynlərim olub." Bəzən də deyirəm: "Çatdıra bilmədim özümü sizə... əlim çatmadı." Mən nəyəsə nail olanda, siz artıq yox idiniz. Mümkünsə bağışlayın. Mümkün deyilsə də, bağışlamağa haqqınız var. Niyə mən tez böyümədim ki, çatdığım hər şeyə bir az da siz çata biləydiniz?..












Söhbətləşdi: 
Cahangir NAMAZOV, 
Azərbaycan Jurnalistlər Birliyinin
və  Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar