Sevginin və fədakarlığın yolu

Müəllimlik yalnız peşə seçimi deyil – insanın həyatına məna qatan, ömür boyu davam edən sevda, əzmkarlıq və ruhani missiyadır. Ürəyini, zəhmətini və ruhunu bu sənətə həsr edənlər – gələcəyin memarları, cəmiyyətin təməlini inşa edənlərdir. Mənim bugünkü müsahibəm də məhz belə insana – illərlə gözlərindəki işığı uşaqlarına bəxş edən, onlara təkcə bilik deyil, həm də həyat dərsi verən əziz müəlliməyə həsr olunub.
Nərminə Məlikova Azərbaycanın sayılıb-seçilən pedaqoqlarındandır. O yalnız müəllim deyil, eyni zamanda ömrünü gözdən əlil uşaqlara həsr etmiş fədakar insandır. 44 il müqəddəs vəzifəni sevgi və mərhəmətlə daşıyıb, uşaqların qaranlıq dünyasına işıq saçıb. Onun həyatına, fəaliyyətinə və pedaqoji fəlsəfəsinə səyahət etmək, zəngin təcrübələrin arxasındakı insanı daha yaxından tanıtmaq istəyirəm. Bu yol təkcə müəllimlik hekayəsi deyil – daxili axtarış, sevgi ilə yoğrulmuş həyatın nümunəsidir. Müsahibə, illərin zəhmətinə, fədakarlığına və böyük sevgi ilə yaşanmış həyat yoluna ithaf olunur.
Qısa arayış:
Nərminə Məlikova (qızlıq soyadı Xələfova) Bəhram qızı 1953-cü il yanvarın 2-də Ağdam rayonunun Üçoğlan kəndində dünyaya göz açmışdır. O, Azərbaycanın elitar mənəvi-mədəni mühitini yaşadan, məşhur Xələfbəyovlar nəslinin layiqli davamçısıdır. Babası Həşim bəy Şuşada tanınan və ictimai nüfuzu ilə seçilən şəxsiyyətlərdən olmuşdur. Bu soy təkcə öz dövrü üçün deyil, gələcək nəsillərin mənəvi formalaşması və təhsil dəyərlərinin təşəkkülündə də silinməz izlər buraxmışdır. Belə bir ailə mühitində yetişən Nərminə xanımın şəxsiyyətinə, dünyagörüşünə və gələcək pedaqoji yoluna həmin irs dərindən təsir göstərmişdir.
1961-ci ildə ailənin Sumqayıt şəhərinə köçməsi onun təhsil həyatında yeni mərhələnin başlanğıcı olur. Əvvəlcə şəhərin 10 saylı orta məktəbində oxuyur, daha sonra 13 saylı tam orta məktəbdə təhsilini davam etdirərək, 1971-ci ildə oranı müvəffəqiyyətlə başa vurur. Elə həmin il ali təhsil arzusu ilə Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı institutuna daxil olur və 1975-ci ildə bu ali məktəbi fərqlənmə diplomu ilə bitirir.
Həmin il ailə həyatı quraraq Azərbaycanın əməkdar artisti Xosrov Məlikovun ailəsinə gəlin köçür. Həyat yoldaşı Pərviz Məlikovla qarşılıqlı hörmət və mənəvi dəyərlər üzərində qurulan nümunəvi birgə ömür yoluna başlayırlar. Üç oğul anası olan Nərminə xanım, bu gün nəvələri və gəlinləri ilə birlikdə səmimiyyət dolu ailə mühiti yaradaraq, milli-mənəvi ənənələrin yaşadılmasına xüsusi diqqət yetirir.
Nərminə xanım pedaqoji fəaliyyətinə 1975-ci ildə, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbində başlamışdır. O vaxtdan etibarən həyatını xüsusi qayğıya ehtiyacı olan şagirdlərin təlim-tərbiyəsinə həsr etmişdir.
Nərminə xanımın illərlə göstərdiyi fədakarlıq dəyərləndirilmiş, əməyi müxtəlif illərdə bir sıra mükafatlarla təltif olunmuşdur. 2010-cu ildə İran İslam Respublikasının səfiri, 2016-cı ildə isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ona fəxri fərmanlar təqdim edilmişdir. 2019-cu ildə müəllimlik fəaliyyətinə son verib təqaüdə çıxsa da, öyrətdiyi şagirdlər və pedaqoji sahədə qoyduğu dərin iz onun adını yaşatmaqda davam edir.
Buyurun, müsahibəni təqdim edirəm.
-Müəllimlik peşəsini seçməyinizin səbəbi nədir? Valideynlərinizin bu seçimə təsiri olmuşdumu?
-Müəllimlik peşəsini seçməyimdə bir neçə mühüm amil rol oynayıb. Əvvəla, valideynlərim də müəllim olublar. Onların bu peşəyə olan sevgisi və fədakarlıqları mənə dərin təsir edib. Uşaqlıqdan onların dərsə necə hazırlaşdıqlarını, şagirdlərinə necə qayğı göstərdiklərini görərək, bu peşənin nə qədər məsuliyyətli və eyni zamanda maraqlı olduğunu dərk etmişəm. Valideynlərimin nümunəsi mənim üçün ilham mənbəyi olub. Onların şagirdlərə verdiyi bilik və tərbiyə, cəmiyyətə göstərdikləri xidmət məndə bu yolda addımlamaq istəyi oyatdı. Onların təsiri ilə bu peşənin şərəfli və vacib olduğunu anlayaraq müəllimliyə yönəldim. Gözdən əlil şagirdlərimin uğurlarını görmək, onların inkişafına və sevincinə şahid olmaq məni həm sevindirir, həm də qürurlandırır. Bir çox şagirdim müxtəlif vəzifələrdə çalışır, bəziləri isə öz bitirdikləri məktəbdə müəllim kimi fəaliyyət göstərir. Bu, mənim üçün böyük xoşbəxtlikdir.
-Köklü ailə ənənələri və ziyalı mühit sizin şəxsiyyətinizin və karyeranızın formalaşmasında necə rol oynayıb?
-Ailəmizin köklü ənənələri və ziyalı mühiti şəxsiyyətimin formalaşmasında və peşə seçimimdə əsaslı rol oynayıb. Ziyalı mühitdə böyümək mənə cəmiyyətə faydalı olmağı, bilikləri başqaları ilə bölüşməyi, xüsusilə əngəlli uşaqları həyata hazırlamağın vacibliyini öyrədib.
Ailəmizdə kitab oxumaq və müzakirə aparmaq gündəlik həyatımızın əvəzolunmaz vərdişləri idi. Bu mühitdə təfəkkür etməyi, analiz etməyi, nəticə çıxarmağı və daim öyrənməyi bacardıq. Həmin bacarıqlar isə müəllim peşəsinin təməlini təşkil edir.
-Sizə görə müəllimlik peşəsi nədir? Pedaqoji vəzifənizi necə izah edərdiniz?
-Müəllimlik mənim üçün sadəcə peşə deyil, həyatımın mənası, ruhumun çağırışı və cəmiyyətə xidmətin ən nəcib formasıdır. Müəllim yalnız bilik ötürmür, o, şəxsiyyət formalaşdırır. Gözdən əlil uşaqları həyata hazırlamaq, onlara güvən vermək və öz ayaqları üzərində möhkəm dayanmağı öyrətmək şərəfdir.
-Ömrünüzü şagirdlərinizə həsr etdiyiniz bu uzun illik təcrübədə ən yaddaqalan anınızı bizimlə paylaşa bilərsinizmi?
-Dərs zamanı şagirdlərdən biri hazırlıqsız gəlmişdi və dedi: “Mən koram, oxumaq mənə lazım deyil.” Ona sərt və ciddi baxaraq dedim: “Əzizim, biliklərdən qaçmaq, öz gələcəyindən qaçmaq deməkdir. Sizin kimi uşaqlar mütləq oxumalıdırlar ki, gələcəkdə heç kimə möhtac olmasınlar.” Bu sözlərdən sonra o, ciddi şəkildə oxumağa başladı. Məktəbi bitirib ADU-ya daxil oldu, fərqlənmə diplomu ilə məzun oldu və indi öz məktəbində müəllim kimi çalışır. Hər dəfə zəng edib təşəkkür etməsi mənim üçün ən qiymətli mükafatdır.
-Bu gün pedaqoji yanaşmalarda müşahidə olunan dəyişikliklər və yeniliklər barədə nə düşünürsünüz?"
-Müasir pedaqoji yanaşmaların dəyişməsi və yenilənməsi təhsil sisteminin daha səmərəli və effektiv olmasına şərait yaradır. Bu dəyişikliklər şagirdlərin bilik və bacarıqlarının inkişafına, onların cəmiyyətə yararlı fərdlər kimi formalaşmasına müsbət təsir göstərir.
-Şagirdlərinizlə qurduğunuz münasibət və onlara verdiyiniz dəstək haqqında nə düşünürsünüz? Onların həyatına, şəxsiyyətinə və gələcəyinə təsir etmək sizə necə bir mənəvi zənginlik və ruhani məmnuniyyət bəxş edir?
-Şagirdlərimin həyatında iz buraxmaq mənə böyük ruhani məmnuniyyət verir. Onların uğurlarını gördükcə, həyatlarında müsbət dəyişikliklərə səbəb olduğumu hiss etdikcə, müəllimlik peşəsinin nə qədər dəyərli və mənalı olduğunu bir daha anlayıram. Hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə alaraq, onların potensialını üzə çıxarmağa çalışıram.
-Peşəkar çətinliklərlə necə mübarizə aparmısınız? Hər hansı bir çətin anınızda özünüzü necə toparlayırdınız?
-Əməkdaşlıq və dəstək mənim üçün önəmlidir. Həmkarlarımla təcrübə mübadiləsi apararaq, qarşılaşdığım problemlərə birgə həll yolları axtarmışam. Hər bir çətinliyi müvəqqəti bir vəziyyət kimi qəbul edib pozitiv düşüncə ilə yanaşmağa çalışıram. Ən çətin anlarda belə, özümə və şagirdlərimə olan inam məni toparlamağa kömək edib.
-Şagirdlərinizlə işləmək sizə hansı vacib təcrübələri qazandırdı? Onlarla çalışmağın ən böyük xüsusiyyətləri nələrdir?
-Bu təcrübə mənə öyrətdi ki, hər bir uşaq – istər fiziki məhdudiyyəti olsun, istərsə də olmasın – sevgi, anlayış və dəstəyə ehtiyac duyur. Onların potensialını üzə çıxarmaq, özünə inamlarını artırmaq və cəmiyyətə inteqrasiyalarını təmin etmək üçün fərdi yanaşma və səbr tələb olunur. Gözdən əlil şagirdlərin həyatına işıq saçmaq, onların təhsil və tərbiyəsində iştirak etmək mənim üçün böyük şərəfdir.

-Sizcə, müəllimin ən əsas xüsusiyyəti nə olmalıdır? Bir müəllimdə hansı keyfiyyətlər vacibdir?
-Müəllimin ən mühüm xüsusiyyəti, mənim fikrimcə, şagirdə sevgi və inamla yanaşmaqdır. Bu təkcə peşəkar borc deyil, həm də mənəvi öhdəlikdir. Ən vacib keyfiyyətlərdən biri isə pedaqoji ustalıqdır. Yalnız bilikli deyil, həm də şəfqətli, anlayışlı və motivasiyaedici müəllim şagirdlərin yaddaşında qalır və onların inkişafına təsir göstərir.
-Müəllimlər üçün ən böyük mükafat nədir? Pedaqoji miras və ənənələrin gələcək nəsillərə ötürülməsi üçün ən vacib mesajınız nədir? Gənc müəllimlərə və şagirdlərə tövsiyələriniz nələrdir?
-Müəllim üçün ən böyük mükafat, şagirdinin uğurudur. Onların həyatında buraxdığım iz, mənəvi məmnuniyyətimin və peşəkar fəaliyyətimin zirvəsidir. Gənc müəllimlərə tövsiyəm odur ki, bu peşəyə yalnız biliklə deyil, həm də sevgi və fədakarlıqla yanaşsınlar. Şagirdlərə isə daim öyrənməyi, sorğu aparmağı və öz potensiallarına inanmağı tövsiyə edirəm. Pedaqoji miras, ancaq sevgi ilə yaşadılır və gələcək nəsillərə ötürülür.
Nərminə müəllimə ilə söhbət mənim üçün təkcə müsahibə deyil, illərin zəhmətini, dolu-dolu yaşanmış həyatın izlərini və düşüncə dərinliyini bir araya gətirən mənalı yolçuluq oldu. Bibim olaraq onunla qürur duyuram. Dəyərli vaxtını bölüşdüyü, səmimi cavabları və ilham verən həyat yolu üçün təşəkkür edirəm. Oxucuların müsahibədən ruh alacağına inanıram.

Mənsurə XƏLƏFBƏYLİ
yazıçı-publisist
AYB-nin üzvü
Prezident mükafatçısı
"Turan" ədəbi məclisinin həmsədri



