Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Səfər Aşır Əraslan: "Ata ətri" -HEKAYƏ (tərcümə)

Tarix: 28-12-2016 21:59     Baxış: 3423 A- / A+
Səfər Aşır Əraslan: "Ata ətri"
Türk yazıçı və ictimai xadimi Səfər Aşır Eraslan 1955-ci ildə dünyaya gəlib. İbtidai sinfi doğulduğu Çuğun kəndində alıb. Orta məktəbi böyük qardaşı və bacısi ilə birgə Kırşehirdə oxuyub. Liseyi Çorumda, universiteti Konyada bitirib. Universitet illərindən sonra əvvəl Konyada, sonra isə Özbəkistanın Əndican və Azərbaycanımızın paytaxtında əmək fəaliyyəti ilə məşğul olub. Hər iki respublikada dövri mətbuatda müxtəlif mövzulu yazılarla çıxış edib.

Azərbaycan oxucusu onu bir yazar kimi yaxşı tanıyır. Onun “Gül bəhanədir” hekayələr kitabı (Dilimizə uyğunlaşdıran: N.Gültac) 2015-ci ildə Azərbaycan dilində nəşr edilib.


Manevr.az-ın oxucularına təqdim etdiyi “Ata ətri” hekayəsi onun son zamanlarda qələmə aldığı əsərlrdəndir. Guman edirik ki, bu atası dünyada olan insanlar üçün valideynlərini sevmək, onları qorumaq çağırışı kimi səsləndiyi halda, dünyasını dəyişmiş valideynlərin övladları üçün həzin xatırlatma rolu oynayacaq. Və “ana kitabımız” “Kitabi- Dədə Qorqud” dastanından bir duanı həm S.A. Eraslanın ata-anası, həm də bütün dünyasını dəyişmiş valideynlərimiz üçün səsləndirək: Kölgəlicə qaba ağacımız kəsilməsin. Babamız yeri cənnət, ananız yeri uçmaq olsun. Amin!




ATA ƏTRİ

İlyas əzizlərini uzun müddət görə bilməyən böyüklərdən “özünü görməsəm də, barı qoxusunu alardım” sözlərini çox eşitmişdi. Amma bunun nə üçün deyildiyini başa düşməzdi. Bu necə qoxudu, görəsən? Başqa qoxulardan onun fərqi nədi,-düşünərdi. Xatirindədir ki, qonşu evdə köhnə maqnitafon lentində “evlərinin önü çəltik zəmisi, yel əsdikcə gəlir yarın qoxusu” sözləri olan bir mahnı səslənərdi. Və bu mahnını eşidəndə kəndin kənarındakı xırmanda dövrə vurub əllərindəki toxmaqla çəltik təmizləyən qızları, oradan gələn təzə düyünün xoş ətrini almış kimi olurdu. Düşünürdü ki, görəsən mahnı oxuyan o adamın nəşəsi də o qoxudanmı imiş? Əlbəttə, xoşa gəlməyən qoxular da var idi. Atası bir işdən razı qalmadığı, şübhələndiyi hallarda “bu işin pis qoxusu çıxacaq” deyirdi. Bu isə yaxınlarda nə isə dedi-qodu çıxacaq demək idi.

Kəndlərində ömrü boyu unutmayacağı qoxular vardı. Hər il meyvə yığılan vaxtı evlərinin alt tərəfindəki şirəxanada əzilən üzümlərin şirəsi yığılmış, beş kişinin zorla qaldırdığı bəhməz qazanları yadına düşərdi. Bu mis qazanlara “bağ qazanı” deyirdilər. Həmin qazanlarda qaynayan bəhməzin xoş ətrini hər zaman xatırlayırdı. Amma nə ətir idi o... Bununla yanaşı bəhməzin içində qaynadılan, öz aralarında “ bəhməz şokoladı” adlandırdıqları balqabağın dadı, ətri başqa bir aləm idi. Həm rəngi, həm də o dövrün ən dadlı yeməklərindən olan bu şirnidən yemək hər gəncə nəsib olan xoşbəxtlik deyildi... Bəhməzin içində ilan kimi qıvrıla-qıvrıla bişən “şokoladın” dadı aylarca damaqlarından getməzdi. Çünki gələn il bəhməz bişənə qədər bu dad tapmaq mümkün deyildi. Qazandakı bəhməzi başqa qablara boşaldar, yaxınlıqda səs-küylə oynayan uşaqları qovar, “gedib başqa yerdə oynayın. Bəhməz yatır, oyadacaqsız” deyərdilər. Məgər bəhməz də yatar? Oyansa, xarabmı olacaq? Amma bu xarab olmanın nədən ibarət olduğunu heç kim izah edə bilməzdi. Bəhməzin həm yatdığı divarlardakı qoxusu, həm də damaqlardakı dadı bir azdan yox olacaqdı. Atası ” ən pis qoxu qan qoxusudur” deyirdi. Qan içməyə alışmış vəhşi heyvanların bu arzusunu onların ulaşması sübut edir. Bəs insan qanına yerikləmiş vəhşilərlə nə etməli. Qərb vəhşilərinin qansorma səbəbi ya neft, ya da digər yeraltı sərvətlərin üzərinə qonmaq bəhanəsi idi. Qan qərbli vampirlərin gerçək qidasıdır.

Kəndin ətəyindən axan selin yuduğu torpaq qoxusu da bir başqaydı. Sürməncikdə adam boyu qalxmış taxılı oraqla biçib taya vurmaq da xoş ətirlə xatırlanacaq iş idi.

Əlbəttə, köpüklü ayrandan içmək, səhəngin buz kimi soyuq suyundan dadmaq, onun mis qoxusunun həzzinə dalmaq... Hər biri bir dünya qoxu həzzi idi. Hələ yad yerə gedəndə doğma yurdun ocaq qoxusu heç nəylə əvəzolunmaz bir şeydi. Bunu çox adam anlamaz, hiss etməzdi. Bunları duymaq hər kəsə nəsib olmurdu. Onlar ruh ilə duyulacaq şeylərdi. Heç bir qutuya yerləşməyən, üstündə növü, çeşidi yazılmayan…

Uşaqlıqdan öyrəşdiyimiz, dadı damağımızda, xatirəsi ürəyimizdə qalan şeylərdi bunlar. Bir daha təkrarlanmayacaq… Heç zaman unudulmayacaq…

Aşağı siniflərdə yaxşı oxumuş, məktəbdə birinci olmuşdu İlyas. Çox oxuyur, fikirləşir, xəyallara dalırdı. Ən çox atasına güvənirdi. Nəslinə hər zaman sahib çıxan, sağlam və düşüncəli övladlar yetişdirən atasının “Allahım, borc ödətdirəcək nəsil qismət etmə bizə” duasını dəfələrlə eşitmişdi.

İlyasa həmişə ən ağır işlər tapşırılardı. Alma bağında gözətçilikdən başlamış, quzu otarmağa, taxıl biçməyə, dirrik suvarmağa, hətta traktorla tarla şumlamağa kimi işlərin öhdəsindən gələrdi.

Xeyli müddət keçmiş, məktəbə getmək vaxtı çatmışdı. Yatılı məktəbə gedəcəyi günləri sayır, həyəcanını boğa bilmirdi. Ancaq İlyasın hələ anlamadığı, fərqinə varmadığı bir şey vardı. Sonralar axtaracağı, amma tapmayacağı və itirəcəyi günə kimi fərq etmədiyi bir qoxu, ətir vardı. Qurduğu xəyallar ayıracaqdı onu bu gerçək və doğma qoxudan. Bəlkə də illər sonra o qoxunu bir də almaq arzusu ilə göynəyəcəkdi. Hələ ki, arzuların sirli rayihəsi məst edir, qanadlandırırdı onu. Yadındadır ki, “Mənim gözəl manolyam” (bənövşə???) adlı mahnı vardı. Öz sevdiyi, lakin qoxlaya bilmədiyi manolyasına nəğmələr yazan adam ağılsızdırmı, başqa manolyalar yoxdurmu? Nə üçün “mənim gözəl manolyam” deyib fəryad qoparır? Anlamırdı.

Bahar ayları idi. Qoyun-quzunun səsi ətrafı bürümüşdü. Axşama qədər analarını gözləyən, hərdən yanıqlı-yanıqlı mələyən, bəzən də səssizcə bir küncə qısılıb yatan quzular vardı. Süd dolu məmələrlə örüşdən dönən qoyunlar körpələrini qoxusundan tanıyırdılar... Sayaçılar “Ağ qoyun mələr gələr. Dağları dələr gələr” oxuyurdular. Çöldən qayıdan sürüdəki ana qoyun məliyərək “mən gəlirəm, quzum” nidası səsləndirirdi. Bu quzuların halı anasını gözləyən körpə uşaqlara bənzəyirdi. Çöldən gələn yüzlərcə səsin içərisindən öz anasının səsini tanıyan quzuların səbirsizliklə divara tullanması başqa mənzərə idi. Bəs bu analar öz balalarını necə tapacaqdı? Əlbəttə, quzuların hələ bilmədiyi bir qoxu vardı. Ancaq anaların tanıdığı bala qoxusu. İlk başda bir çaşqınlıq olardı. Səhv anaya yaxınlaşan quzular oradan

qovulunca, yenidən axtarmağa başlardı və.. Çaşmayan isə balasının ətrini yüz quzunun içindən seçən ana olurdu. Axşama qədər çəmənlərdə ən dadlı otları yeyib, quzusuna ən dadlı südü gətirirdi ana qoyun. Quzu süddən həzz alarkən, ana da balasının ətrindən məst olardı. Ətrafda bu qədər qoxu olduğu halda, heç bir övladın ağlına gəlməyən bir rayihə də var bu sırada: ata-ana ətri. İtirildiyi günə qədər qiyməti bilinməyən ən doğma ətir. Övladlarının ətri ilə xoşbəxt olan valideynlər var dünyada. Ancaq bundan məhrum olmaq nə həzin, kövrək bir kədərdir..

İlyasın gedəcəyi ərəfədə atası çox narahat görünürdü. Ancaq heç kim bu haqda danışmaq istəmirdi. Sanki qurbanlıq quzular bıçağı görənə qədərki xoşbəxt həyatlarını yaşamaqda idilər. Özü də bu təlaşı araşdıracaq halda deyildi. Zarafat deyil, kənddə heç kəsin edə bilmədiyi bir iş etmişdi: yatılı məktəb qazanmışdı. Qarşılaşdığı hər kəsdən “səni təbrik edirəm, məktəbə daxil olmusan” sözlərini eşidirdi. Yaşlılar da atasına gözaydınlığı verirdilər. Belə halda nə narahatlıq ola bilərdi? Hətta xırman işlərini də təxirə salmışdılar. Əlbəttə, ən böyük qazanc uşaqların təhsil alması idi.

Çorum şəhəri tamamilə fərqli idi. İki təkərli arabaların cığır açdığı, ancaq rahat faytonların xəfifcə taqqıldayan çarxların və atların belinə dəyərək şaqqıldayan qırmancın da ayrı bir qoxusu vardı. Atası onu oxuyacağı məktəbə qədər gətirdi. Bu ayrılığın yaratdığı kədəri təsəvvür etmək çox çətindir. Atası oğlunun kövrələrək onun qoltuğuna sığınmasını anlayır, mehribanlıqla saçlarına sığal çəkir, özü təsirlənsə də, bunu biruzə vermir, göz yaşlarını zorla saxlayırdı. Ürəyində “Allahım, oğlumu qoru. Qoy onun başına hər zaman yaxşı işlər gəlsin”-deyə dua edirdi. Bir skamyada oturub avtobusun hərəkət vaxtını gözlədilər. Ona elə gəlirdi ki, atasının qoxusunu ala bildiyi hər yer ona doğmadı. Yarım saat, bir saat sonra nə olacağını bilmirdilər. Əldə olan qısa zaman ərzində atasının ətrini doyunca ciyərlərinə çəkdi. Bu ətir varlığında özünə yer etmiş unudulmayacaq bir xatirə idi. Nəhayər, avtobus getdi. Hər yerdə: divarlarda, getdiyi yollarda ata ətri aradı aylarca, illərcə. Burnunda heç vaxt onu tərk etməyəcək xoş ətir, qəlbində ayrılıqdan doğan bir hüzn gəzdirdi. Anladı.. Anladı ki, bu onun yaddaşında özünə əbədilik yer etmiş ata sevgisidir.

“Atası olmayanların üzü gülməz” deyiblər. Atalar da elədir. Tək, övladsız könülləri açılıb üzləri gülməz.

Təhsilini bitirib müəllim oldu İlyas. Həm öz övladlarında, həm də ona əmanət edilən uşaqların qoxusunda atasının ətrini tapdı. Şagirdlərinə bir ata şəfqətilə yanaşdı. Dərs dediyi uşaqlardan atasız olanların heç vaxt ataszlıq qoxusunu hiss etməmələri üçün əlindən gələni etdi.

Müəllim işlədiyi şəhər çox gözəl bir yer idi: torpağı bərəkətli, insanları əməksevər və ən başlıcası, suyu da insanları kimi saf-təmiz. Bütün həyətlərdə meyvə və tərəvəzçiliklə məşğul olurdular. Dərs dediyi sinifdə çox sakit, adamayovuşmaz bir şagird vardı. Nədənsə heç kimlə danışmaz, yoldaşları ilə ünsiyyət saxlamağa çətinlik çəkər və bu üzdən də onu sinifdə sevilməzdi. Üst-başı da həmişə dağınıq və kirli olardı. Uzun müddət çimmədiyi saçlarından , üstündən gələn kəsif qoxudan hiss olunurdu. Kimsə onunla nə danışmaz, nə də yanında oturmağa qoymazdı. Ya “üstündən pis qoxu gəlir” deyib qovur, ya da “bəlkə də xəstədi” deyib uzaqlaşırdılar. Ancaq baxışları onun nəyə isə qırğın olduğundan, həyatdan küsdüyündən xəbər verirdi. Bir də heç kimlə yola getməz, əgər oyuna girmişsə oyunpozanlıq edərdi. “O da qadir Allahın yaratdığı bir insandır. Bəlkə də ailəsinin bir çətinliyi var” düşünürdü İlyas müəllim.. İndi kim kimin dərdinə yanır ki? “Altda qalanın canı çıxsın “düşüncəsindədi insanlar. Ancaq İlyas belə düşünmürdü. Dəfələrlə bu şagirdlə bağlı nələrsə etmək istəmişdi. Ancaq heç nə alınmamışdı. Hiss edirdi ki, bu çirklər içərisində itib-batan uşağın gizli bir sıxıntısı var.

Axır ki, tədris ilinin əvvəlində ünsiyyət qura bildi onunla. Və onun hər söhbətdən sonra bir az dəyişdiyi də gözündən qaçmırdı. İndiyə qədər heç kəsin maraqlanmadığı şagird də bu ünsiyyətdən özünü rahat hiss edirdi. İlyas onun daha səmimi olacağı anı gözləyirdi. Bir gün şagirdlər evlərinə dağılışmışdı. İlyas bəy bu uşağı sinifdə önündə oturtmuşdu. Çox qəribə mənzərə idi: uşaq gah barmaqlarını şaqqıldadır, gah gözləri ümidlə parlayır, gah sıxılıb pörtür, gah da ürək ağrıdacaq dərəcədə məhzün, üzüntülü görünürdü. Müəllimin üzünə baxmağa utanır, gah tavana

baxır, gah da gözlərini günahkar adamlar kimi yerə dikirdi. İlyas onun bu hallara düşməsinin səbəbini anlamağa çalışırdı. Özlüyündə “bu uşaq utanırmı? Yoxsa gizli saxladığı sirrin açılacağından ehtiyat edir?”-deyə düşünürdü. Budur, iki əlini də dizləri arasına qoyaraq oturmuş və gözlərini yenə də yerə zilləmişdi.

- Sinan, oğlum. Başını qaldırıb üzümə bax. Neçə vaxtdır səni müşahidə edirəm, danışmaq, səni narahat edən məsələləri bilmək istəyirəm.Sən də ki, maşallah, ceyran kimi qaçırsan(Sinan “Ceyran” mahnısını xatırlayıb, güldü.) Sənin şəxsi həyatınla işim yoxdur. Ancaq ürəyim deyir ki, sənin sıxıntın var. Gəl dostcasına dərdləşək, sirrimizi bölüşək ki, sənin kiçik çiyinləin bu yükdən az da olsa azad olsun,-dedi İlyas müəllim.

Sinan ani bir hərəkətlə yerindən durub çantasına tərəf yollandı. Hirslə əl-qolunu ölçür, müəllimin nə dediyini belə eşitmək istəmirdi. Oradan uzaqlaşanda öfkə ilə “Hamınız bir-birinizə oxşayırsiz. Sizə nə mənim ailə məsələmdən? Kimsiz ki, məndən belə şeylər soruşursuz?” İlyas onu heç nə demədən dinlədi. Müəllim onun daha mülayim, sakit olacağı zamanı gözləmək qərarına gəldi. Fərqli davranmağa, özünü heç ona baxmırmış kimi göstərməyə başladı. Sinan da yoldaşının arxasında gizlənərək oğrun baxışlarla süzdü müəllimi. İlyas müəllim bu gizli baxışlarda bir peşmançılıq sezdi. Sinan özünü danlayır və “Bu boyda adamı pərt etdim. O da mənim yaxşılığım üçün çalışır. Ürəyini qırdım müəllimin. Görəsən, məni nə vaxtsa bağışlayacaqmı?”- düşünürdü.

Müəllimlər günü yaxınlaşırdı. Sinif yoldaşlarından kimisi qızıl, kimisi qələm, qalstuk və digər hədiyyələr alacaqlarını söyləyirdi. Bilirdi ki, onun bunlardan heç birini almaq imkanı yoxdur. Ancaq başından “birdən hədiyyə verməsəm, müəllim mənə iki yazar. Onsuz da keçən dəfə incitmişəm onu” kimi fikirlər keçdi. Bir də ki, hamı hədiyyə verdiyi halda, onun verməməsi necə görünərdi. Belə düşündükcə, bir yerdə qərar tuta bilmirdi. Gecələr yuxusunda belə hədiyyə haqda danışmağa başlamışdı. Ancaq bilirdi ki, böyük qardaşı ailəni çox çətinliklə dolandırır. Belə vəziyyətdə bir də hədiyyə üçün ondan pul istəmək insafdan deyildi. Bir gün qardaşı “Sinan, müəllimlər günü yaxınlaşır. Sən nə hədiyyə almaq istəyirsən? İstəyirsən sabah

bir hədiyyə alım, apar” dedikdə, sanki dünyanı ona verdilər. Ancaq Sinan başa düşürdü ki, o pula ailənin başqa ehtiyaclarını ödəmək lazımdır.

-Sən bunun fikrini eləmə. Özüm bunu həll edəcəm. Satdığım simitlərdən qalan pulla gül alıb aparacam. Bu qədər işin içində bir də bunu dərd etmə özünə,-dedi Sinan.

Yenə çətin bir günün sonuna gəldilər. Başını yastığa qoyan kimi ağlına iki il əvvəl avtomobil qəzasında itirdikləri atası və ondan yadigar qalan yarım şüşə odekolon gəldi. Ancaq qardaşı “bu iatamızdan qalan bir xatirədir” desə, nə edəcək? “Sabah olsun, onunla danışım. Məncə, qardaşım heç nə deməz” düşündü özlüyündə. Bu ümidlə erkəndən yatdı. Tezdən oyandı. Sevinirdi. Əlbəttə, odekolonu səliqə ilə bükəcək və hamının önündə “Buyurun, müəllim” deyəcəkdi. Heç şüşənin yarımçıq olmasından da sıxılmayacaqdı. “Bəlkə də müəllim babam kimi başımı sığallayacaq, afərin, Sinan” deyəcək. Belə xoş ümidlərlə şüşəni atasının iniş il onun kitabları üçün aldığı kağız üzülüyə bükdü. “Qoy hamısı atamınkı olsun” deyə son qərarını verdi.

Sinan atasından yadigar qalan bu ətri çox ehtiyatla saxlayırdı. Hərdən azca havaya püskürdər, bu ətrin təsirindən atalı xatirələrə dalardı. Atasını düşünə-düşünə yuxuya gedərdi bəzən. Amma çox işlətməzdi. Qorxurdu ki, birdən atalı günləri kimi o da qurtarar.Ancaq indi heç darılmadan bu ərti müəlliminə vermək qərarına gəlmişdi. Çünki nəzərində İlyas müəllim də atasını xatırladan bu ətir qədər dəyərli idi. Sinifə daxil oldu. Müəlliminə yaxınlaşıb hədiyyəsini sıxıla-sıxıla təqdim etdi.

–Buyurun, müəllim. Xahiş edirəm üzünüzü arxa tərəfə çevirib açın. Qoy uşaqlar şüşənin yarımçıq olduğunu bilməsin.

Uşaqların ona gülməsindən ehtiyatlanırdı. Ardınca –Bunu tez işlədib qurtarmayın, lütfən.

İlyas bəy “nə üçün?” soruşmağı lazım bilmədi. Sinanın fikri aydın idi. Ətrin tez qurtarmasını istəmirdi. “Xahiş edirəm bağlamanı da gizlincə açın” dedi astadan. Ancaq müəllim hər zaman şagirdlərinə “Bir-birinizin əksikliyinə sevinməyin. Əksinə, yoldaşınızın da xoşbəxt olması üçün çalışın” deyirdi. Sənan gözlənilmədən “indi ətirdən azacıq da olsa üstünüzə sürtərsinizmi?” dedi.

* Çox diqqətlisən, oğlum. Həm hədiyyə verirsən, həm də istifadə qaydasını izah edirsən .

Müəllim bir söz deməyə macal tapmamış Sinan yerindən durub ona yaxınlaşdı. İlyas müəllimin ağlından ildırım sürətiylə “yenə nədənsə küsdümü? Verdiyini geri istəməyəmi gəlib?” kimi suallar keçdi. Ancaq Sinan hələ də özü ilə sorğu-sual edən müəllimini möhkəm qucaqladı. Gözlərini yerə endirib hönkürtüylə ağladı.

İlyas müəllim:

-Oğlum, niyə ağlayırsan? Kimsə könlünəmi dəydi? Doğrudir, heç nə bilmirəm. Ancaq bunlar səbəbsiz deyil.

Sinan:

-Müəllim, atam kimi ətirlənmisiniz. Bu iki il əvvəl dünyadan köçmüş atamın odekolonu idi. Onu mən saxlamışam bu müddətdə. Hərdən qoxlayıb atamın ətrini alırdım. Düzdür, indi atamın odekolonu olmayacaq. Ancaq atam qədər sevdiyim müəllimim olacaq,-dedi.

Uzun müddət Sinanla dil tapa bilməyən İlyas müəllim bu fürsətdən istifadə etmək qərarına gəldi. Onu bir kənara çəkib söhbət etməyə başladı. Sinan ata və anasını iki il əvvəl bir avtomobil qəzasında itirdiyini söylədi.Altı uşaq evil və üç uşaq atası olan böyük qardaşlarının yanında yaşayırlar. İşləyən də təkcə o qardaşıdır. Ata-anasının yoxluğu ilə bərabər, çətin dolanışıqları da Sinanı əzir, onu boyundan böyük işlərə girişməyə məcbur edirdi. Uşağın dediyinə görə, o da tətil günlərində ya simit satır, ya da ayaqqabı silməklə məşğul olur. Bu yolla qardaşına, öz ailəsinə kömək etməyə çalışır. İlyas müəllim bu cılız, cansız uşağın çiyinlərinə düşmüş yükün ağırlığını ürək ağrısı ilə hiss etdi. Bütün söhbət boyu və sonralar da İlyasın fikrindən çıxmayan “atam kimi qoxuyursuz, müəllim” sözləri oldu.

Hadisədən sonra Sinan bir az toxtamışdı. Düzdür, atası özü olmasa da, müəllimin odekolonunun ətri atasının qoxusu kimi gəlirdi ona. İlyas müəllimin də yadına atası ilə avtobus dayanacağında oturarkən əbədi olaraq yaddaşına, xatirəsinə

hopmuş ata ətri düşdü. Kövrəldi. Deməli, atanın varlığı, qoxusu hər zaman insanı rahatladan, ona huzur gətirən bir cənnət qoxusu imiş.

Hər gün birinci dərs Sinangilin sinfinə olurdu. Müəllimini gördüyündə onu qucaqlayan Sinan “müəllim, sizdən atamın ətri gəlir” deyirdi. Həm də qəribə hal baş vermişdi. Sinan son zamanlarda daha ürəkli, daha fəal olmuşdu. Dərslərini yaxşı oxuyur, sinif yoldaşları və müəllimlər ondan razılıq etməyə başlamışdılar. Ilyas müəllimin sayəsində o, təkcə öz siniflərinin deyil, bütün məktəbin sevimlisinə çevrilmişdi. Onların ata-oğul münasibəti orta məktəb bitənə kimi davam etdi. Sonra İlyas müəllim təyinat yoluyla Kırşehirə göndərildi. Sinan isə liseyi öz şəhərində başqa bir məktəbdə bitirdi. Aralarındakı əlaqə bu yolla kəsildi. Nə İyas müəllim Sinanı, nə də Sinan atasının ətrini aldığı və ata kimi sevdiyi müəllimini unutmadı. Ancaq hərdən öz-özünə “görəsən, atamın odekolonu bitdimi? Kaş heç olmasa şüşəsini atmaya” deyə düşünürdü. Ata qoxusunun əziz olduğunu hər zaman düşündü. Bu parfümü öncə atasına, sonra isə əziz müəlliminə yaraşdırdı. Bu ətirdən başqa yerdə satıla biləcəyini, başqalarının da belə odekolona sahib ola biləcəklərini xəyalına belə gətirmədi Sinan.

İlyas müəllim bu sevimli şagirdini heç unutmadı. Onu əvvəl oxuduğu və özünün də işlədiyi məktəbdəki müəllimlərdən, tanışlardan soruşdu. Ancaq heç bir xəbər ala bilmədi. Sinan da müəllimi kimi davranmışdı. O da bütün tanışlarından İlyas müəllimi soruşmuşdu. Amma fayda verməmişdi bu axtarışlar.

İllər sonra Sinan çox yüksək təhsilli bir mütəxəssis olaraq vətənə dönmüş, Güzelkent qəsəbəsində kaymakam olaraq işə başlamışdı. İnternetdə sevimli İlyas müəlliminə qovuşmağın yollarını axtarırdı. Vəzifə borcunu yerinə yetirərkən, sevimli müəlliminin nəsihətlərini rəhbər tutardı. Onun “heç kimin əksikliyi, qüsuru ilə zarafat etməyin” sözlərini heç unutmamışdı. Ancaq bu insan sanki, samanlıqda iynə kimi tapılmaz olmuşdu. Mesaj yazdı, aylarla cavab gözlədi. Ancaq nə tanıyan, nə bir soraq verən olmadı. Amma yenə də internetlə tapacağını düşünürdü. İlyas müəllim mesajı alsa da xəbərin doğruluğuna inanmamışdı. Çünki internetdə qondarma adlarla o qədər

fırıldaqçı vardı ki… Sinan özü, oxuduğu məktəb haqda yazdı. Ancaq təəssüf… Sonra bir şəhərdə lisey müəllimi işlədiyini öyrəndi İlyas bəyin. Müəlliminə bir zərf yolladı. Üzərinə, sadəcə Gözəlşəhr kaymakamı yazmışdı. İçərisində isə bir toy dəvətnaməsi var idi. Bəli, Sinan Aslaner evlənirdi. Mülliminə göndərəcəyi zərfi əlində tutmuş və çox həyəcan keçirməkdəydi. Nəhayət ki, yolladı.

-Deməli, sıxıntılar insanın bacarığının önünü kəsə bilməz. İnsan çalışarsa, hər şeyə nail ola bilər. İmkansız, utancaq bir uşağı kaymakam etmək mənə nəsib oldu. Sinan, səninlə qürur duyuram!,-düşündü İlyas müəllim.

Onun iş telefonunu tapıb zəng etdi. Özlüyündə “görək, tanıya biləcəkmi? Sizdən atamın ətri gəlir” deyirdi bir vaxtlar. Görəsən, o qoxunu unutmayıb ki? Telefonun düymələrini sıxarkən çox həyəcanlı idi. Hətta əlləri əsirdi. Əlbəttə, qarşısında dövləti təmsil edən bir kaymakam vardı. Telefon uzun-uzadı çaldı. Ancaq dəstəyin o başındakı şagirdi nədənsə cavab vermirdi. Müəllim hardan biləydi ki, şagirdi bu dəqiqələrdə sevimli müəllimini görməyə gəlir.

-Sinan bəy, nə üçün zəhmət çəkmisiniz? Mən gələcəkdim. Siz məndən daha anlayışlı, cəld davranmısınız. Görürsünüzmü, bir qoxunun xatirəsi insanı haralara aparır. Düzdür, o ətrin özü qalmasa da, təsiri hələ də qalmaqdadır.

Sinan kaymakam olmazdan əvvəl çox duyğulu bir insan idi. Tutduğu məsul vəzifənin səlahiyyətini bir kənara qoyub göz yaşı tökürdü. Nəyə ağlayırdı: yaşadıqlarınamı, ata şəfqətindən uzaq düşdüyünəmi, taleyinəmi.. İlyas müəllim onun bu halına müdaxilə etmədi. Özlüyündə “qoy, ağlayıb ürəyini boşaltsın” deyə düşündü. İkinci bir tərəfdən isə önündə durub ağlayan böyük bir şəhərin rəhbəri idi. Sinan göz yaşlarını əlinin arxası ilə silib, sevimli müəlliminə illər həsrətlisi kimi baxdı.

-Müəllim, o əski qoxu olmasa da, sizi ata əvəzi hesab edib, axtardım. Atamı göz önünə gətirib sizi aradım. Sizə çox minnətdaram, borcluyam. Sizi gördüm və sanki yenidən atamın ətrini aldım. Bugün sizi tapmağımın əsil səbəbi sizdən atamın ətrinialmağımdır. Allah sizə uzun ömür versin. Əgər siz də vəfat etsəniz, o zaman daha atasının ətrini ala bilməyən bir insan da artacaq dünyada.

Sinanın nalə çəkib ağlaması atasız, dayaqsız, köməksiz olmasından idi. Bu günə gəlmək üçün necə çətinliklər görmüşdü. Atası olan uşaqlara necə bir qısqanclıqla baxmışdı. Atası həyatda olsaydı, sözüylə, nəfəsiylə ona dəstək olsaydı, bəlkə də onun dünyaya, insanlara münasibəti başqa olardı. Yadına “kaş atam sağ olaydı. Elə küçədəcə oturaydı. Quruca nəfəsi belə yetərdi” deyimi düşdü. Nə ola , heç bir uşaq atasız olmaya, atasız böyüməyə. Atasıyla birgə yaşayan uşaqların sərvətinin həddi bilinməz. Bəs atalarının qiymətini bilməyənlərlə nə etməli? Bəzi şeylərin qiymətini onları itirdikdın sonra anlayır insan. Kaş ki, heç bir uşaq bu böyük xəzinəsini itirməsin.

Toy qurub şənləndilər. İrəlidə Sinan özü də ata olacaqdı. Lakin atasının qoxusu ilə ata olmanın qoxusunu heç vaxt qarışdırmayacağını etiraf etdi.Çunku atasının qoxusu ata ətri ilə dəyər qazandı. İlyas müəllimə borcu böyük idi. Müəllimlər bu sənəti seçərkən, həm də şagirdləri üçün ata ola biləcəklərini də unutmamalıdırlar. Müəllimini yola salarkən arxasınca “Müəllim, siz var olduqca, sizdən atamın ətrini alacağam. Xahiş edirəm, həmişə var olun və mənə atalı yaşamağın sevincini bəxş edin”,-dedi.

Səfər Aşır Əraslan


(Türkcədən dilimizə uyğunlaşdırdı: fil.ü.f.d. Nailə Mirzəyeva,
Azərbaycan Texniki Universiteti)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar