Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

"ƏDƏBİYYAT SÖHBƏTİ AĞIR SÖHBƏTDİR..." -İbrahim İlyaslı

Tarix: 19-09-2017 14:35     Baxış: 31 105 A- / A+
"ƏDƏBİYYAT SÖHBƏTİ AĞIR SÖHBƏTDİR..."


Bugünlərdə “Ulduz” jurnalının avqust sayı işıq üzü görüb. Bu sayda da ənəvi olaraq dərginin ötən sayında dərc olunan müəlliflərin yazıları barədə geniş ekspert rəyi verilib. Tanınmış şair İbrahim İlyaslı "Ədəbiyyat söhbəti ağır söhbətdir" adlı ekspert məqaləsində dərginin iyul buraxılışını ətraflı təhlil edib. Ancaq İ.İlyaslının sözügedən məqaləsi müəlliflər tərəfindən heç də birmənalı qarşılanmayıb.
Manevr.az həmin məqalənin aktuallığını və oxucular arasında maraq doğuracağını nəzərə alıb təqdim edir:

ƏDƏBİYYAT SÖHBƏTİ AĞIR SÖHBƏTDİR...

Ədəbiyyatın mahiyyətini anladığım və duyduğum gündən bu qənaətdə olmuşam ki, ədəbiyyat söhbəti ağır söhbətdir. Bundan dolayı da, həmişə bu cür söhbətlərə qarışmaqdan çox, bu söhbətləri dinləməyə, danışanları müşahidə etməyə, ciddi ədəbi tənqidçiləri oxumağa və qənaətləri öz ağlımın və duyğumun süzgəcindən keçirməyə can atmışam.
Və əlbəttə ki, sonucda bir fərd olaraq deyilənlərə mənim də öz münasibətim, öz yanaşmam olub. Ədəbiyyat adına danışan hər kəsin subyektiv fikri, eyni zamanda həmin kəsin öz aləmində onun obyektiv fikri kimi səslənib. Bu konuda heç kim qınanmalı da deyil və “zövqlərlə mübahisə etmək olmaz” qənaəti də elə burdan hasil olur. Amma həmişə mənə elə gəlib ki, bu qənaət ədəbi aləmdə saxta bir sülh yaratmağa xidmət edir. Necə yəni zövqlər??? Bəyəm, bəşəriyyətin düzənində bəlli bir yeri olan bu nəhənglikdə anlayışı aşağı-yuxarı hər cür zövqlərin(eyni zamanda zövqsüzlüklərin) umuduna buraxmaq olarmı? Bu anlayışı müəyyən edən kriterilər yoxmu? Əlbəttə var və bunun ən bariz nümunəsi ədəbi mətnlərin əsrləri, hətta, bütöv bir eranı - dəqiq elmlər anlayışı olan ZAMANı ram etməsidir. Dünyada hər şey zamana nisbətdə olduğu halda, zaman ədəbiyyata nisbəttə olmaqdadır. Dünya klassikasını oluşduran ədəbiyyat nümunələri bu fikrin parlaq isbatıdır. Zaman-zaman bu faniyə gəlib-gedən insan yalnız kitablardakı ədəbi obrazlarında diri və mükəmməl qala bilir. Odur ki, ədəbiyyat bəşəriyyət üçün əlahiddə bir anlayışdır. Və hər bir qələm adamı bu fövqəlbəşər anlayışın dərkində və fərqində olmalıdır. Ədəbiyyat tarixində ancaq bu cür qələm adamlarına yer var. Ancaq iş bu ki, klassiklər də milyonlarlla qələm adamlarının içindən seçilib qalır. Odur ki, ədəbi prosesdə çoxluğun olması da bir zərurət kimi meydana çıxır. Hər bir yazıçı öz zamanının hələ ki, alt çoxluğudur və burada hamıya yer var...
Bu mənada, bütün çağdaşlarımıza yeriniz mübarək,- deyib əsas mətləbə - ULDUZ dərgisinin iyul sayında gedən yazılara keçid almazdan öncə onu da xatırladım ki, mənə görə, ədəbiyyat adına nə yazılırsa bu, mətn olaraq sacayağı misal üç dayağın – fərqli düşüncənin, özəl duyğunun və yazıçının danışdığı (yazdığı) dilin üzərində pərvəriş tapır və dərdginin bu sayında gedən yazılara sərgiləyəcəyim münasibət də ancaq bu baxış açısından ola bilər.

“ULDUZ”un iyul sayı xalq şairi Sabir Rüstəmxanlının ekspert rəyi ilə açılır. Sabir bəy “Əlli il... üstəgəl iki gün” adlı ekspert yazısısında dərginin yeni yarandığı gündən söhbət açır, “ULDUZ”un onun da ədəbi taleyində olan rolunu xatırlayır və dərginin bu gün çox az bir tirajla(300) çıxmasının səbəblərini incələyir, bu acınacaqlı halın həm ədəbi mühitdə, həm də, ümumiyyətlə, toplumda müzakirəyə çıxarılmasını təklif edir. Çox dəyərli fikirdir və mən də bu təklifi dəstəkləyirəm. Öz növbəmdə təklif edirəm ki, bu müzakirələrə elə Sumqayıt şəhərindən başlayaq. Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun sərəncamı ilə sumqayıtlı yazarların ixtiyarına verilmiş geniş və hər cür şəraitlə təmin edilmiş, ölkəmizdə, eləcə də xarici ölkələrdə belə bənzəri olmayan POEZİYA EVİndə belə bir müzakirənin yaxın zamanlarda – payızın ilk aylarındaca keçirilməsini təklif edir və təşkilatçılğı öz boynuma götürürəm.
Daha sonra Sabir bəy dərginin iyun sayında yazıları yer almış müəlliflərin ədəbi nümunələrinə özünün obyektiv münasibətini sərgiləyir və hiss olunur ki, ədəbi gəncliyimizə maksimum diqqət və qayğıyla yanaşır. Onların ədəbi uğurlarını böyük sevgiylə qeyd edir. Sabir bəyin ədəbi gəncliyə bu münasibəti yaşlı nəsildən olan hər bir yazarımız üçün örnək ola biləcək bir münasibətdir, deyə düşünürəm və dəyərli xalq şairimizə buna görə öz təşəkkürümü bildirirəm.
Dərgidə istənilən yazı adamına özünü oxucuya təqdim etmək üçün geniş meydan açan, azad bir kürsü təqdim edən “Özüylə söhbəti... və yazısı” rubrikası bu dəfə mənsub olduğu ədəbi nəslidə bəlli imzası olan şair Namiq Hacıheydərlinin ixtiyarına verilib. Namiqi həm istedadlı şair, həm də millət davası aparan bir gənc aydınımız kimi xeyli müddətdir ki, tanıyıram. İmzasına və şəxsinə sayğı duyduğum şair “Özüylə söhbəti...”ində hər bir düşüncə adamı üçün əzəli və əbədi sual olan “Sən kimsən?” sualına cavab axtarışına çıxır. Əslində, bundan sonra özünə verdiyi digər sualların hamısı yenə də məhz “Sən kimsən?”i açmağa növbəti cəhdlər kimi səslənir və cavabları izlədikcə onun özünü tanıyan bir zat olduğu qənaətinə gəlirsən. Nə xoş ki, Namiq bu suallara cavab olaraq öz duyğu və düşüncələrini sərgilədikcə, çağdaşlarını umutlandırır, türk kimliyinin ucalığını tarixi qaynaqlara baş vuraraq ortaya qoyur. “... və yazısı” bölümünə keçiddə Namiq Hacıheydərli oxuculara öz şeirlərini yox, “Əski türklərin qutsal sayı - doqquz” adlı ciddi zəhmət, diqqət və türkologiya elminə vaqiflik tələb edən ilginc bir araşdırmasını təqdim edir. Yazıda ayrı-ayrı türk qövmlərində doqquz rəqəminin qutsallığına işarət verən mətnlərin bir arada toplanması türkologiya ilə maraqlanan hər kəs üçün dəyərli bir mənbədir. Araşdırmanı çox diqqətlə izlədim və dərgidə yer almasını çox gərəkli bir hal kimi dəyərləndirdim.

“Şeir Vaxtı” rubrikası hər vaxtı xeyir olmuş şair Mətləb Ağanın “Roman - şeir”ilə başlayır. Mətləb Ağa çağdaş poeziyamızda seçkin bir imzadır. Şeirləri də həmişə özünəməxsusluğu ilə seçilib. Şeir kitablarından biri də mənim şəxsi kitabxanamda halaca yerini alıb. Amma dönə-dönə oxusam da bir-birini izləyən bu dəyərli şeirləri nədən “roman” adlandırdığı mənə çatmadı. Neynək, əsas budur ki, şeirlər zövq oxşayan şeirlərdir...
Ümumiyyətlə, həyatda qədirşünaslıq gözəl bir əməldir. Ədəbiyyatda isə bunun çox incə və kövrək notları duyulur, adətən.

“ULDUZ”un “Anım” rubrkasında görkəmli şairimiz Adil Mirseyidin çağdaş ədəbi tənqidimizin öncüllərindən olan Cavanşir Yusiflinin qələmində xatırlanmasının isə ayrıca yeri var. Təkcə xatırlanmamı? Xatırlanma bunun yalnız bir tərəfidir. Cavanşir Yusiflinin “Sehrli sözlərin şairi” adlı yazısı Adil Mirseyidin şeirlərinin özünəməxsus bir ahənglə səslənməsinə daha çox bənzəyir. Mən bu yazını oxudum deməzdim, mən bu yazını dinlədim və çox kövrək hisslər keçirdim. Elə Adilin özünün dediyi ki:

Burma-burma buludlar
Asılıb göy üzündən.
Bir gün mənim göz yaşım
Axar sənin gözündən...


Dərginin “Müsabiqə” rubrikası AYB Uşaq şöbəsi ilə “ULDUZ”un birgə keçirdiyi müsabiqəyə həsr edilib və şöbənin rəhbəri, şair Qəşəm Nəcəfzadənin müsabiqənin adı ilə adlandırılmış “Ən yaxşı uşaq şeiri” məqaləsi ilə başlayır. Məqalədə hər şeydən öncə müsabiqə prosesi ilə bağlı bilgilər verilir və yazı müəllifinin, ümumiyyətlə, uşaq şeirləri haqda düşüncələri, ardınca isə müsabiqəyə təqdim olunmuş, lakin müsabiqədə yer tutmayan şeirlər haqda fikirləri yer alır. Qəşəm Nəcəfzadə haqlı olaraq konkret sitatlar gətirərək uşaq şeiri ilə, uşaqlara həsr olunmuş şeiri qarışıq salan müəliflərə öz iradını, müsabiqəyə təqdim edilmiş çox bəsit şeirlərə tənqidi münasibətini bildirir. Ancaq bu sadalamada uzun illərdir şeirləri ibtidai siniflərin dərsliklərində yer alınmış görkəmli uşaq şairimiz, ustad Mir Sabirin də adını görəndə çox üzüldüm. Axı Mir Sabir bu gün yaşayan iki-üç ciddi uşaq şairimizdən biridir. Onun uşaqlar üçün yazdığı kitablar yeni nəsil uşaq şairləri üçün bir örnəkdir. Onun bu cür müsabiqələrdə iştirakının belə yeri yoxdur. Özü yazı təqdim etmiş olsa belə ona durumu izah etmək olardı. O, bu cür müsabiqələrdə ancaq münsif lər heyətinin üzvü ola bilərdi.

O ki, qaldı müsabiqənin ümumi mənzərəsinə, düzü çox acıdım bu mənzərəyə. Müsabiqədən keçməyənləri başa düşdüm, doğrudan zəif şeirlərdir, axı müsabiqədə yer alan şeirlər də, ümumi parametrlərlə baxsaq, uşaq şeiri üçün qəbul olunmuş kriterilərlə orta səviyyədən də aşağıdır. Əgər ölkə üzrə uşaq şeirlərimizin mənzərəsi budursa çox pis... “Can nənə, bir nağıl de” yazan Əhməd Cəmilin bir davamçısı yoxmu? Ölkəmizin dünənini, bu gününü, sabahını uşaqlarımıza öz dillərində anladacaq bircə şeir belə yazan yoxdurmu? Varsa, niyə bu cür ciddi müsabiqəyə qatılmayıb? Qatılıbsa, niyə o şeiri əlimizdə bayraq etmirik? Yoxdursa, dah pis. Müsabiqənin nəticələri bizi bu haqda düşünməyə vadar edir.
Amma istənilən müsabiqədə qalibləri müəyyənləşdirməyin nisbi olduğunu başa düşürəm və qalibləri (İlham İlhamini, Nuranə Nuru, Mina Rəşidi, Faiq Hüseynbəylini ) təbrik edirəm. Onların hər birinə daha ciddi uşaq şeirlərinə imza atmalarını arzu edirəm.

“Qəzəl de ki...” rubrikasında oxucularına qəzəlləri bu dəfə qəzəlxan qismində çıxış edən şair Xatirə Xatun deyir. Xatirə xanım da imzasına sayğıyla yanaşdığım xanım şairlərimizdəndir. İndiyəcən hecada yazdığı şeirləri ilə rastlaşıb oxumuşdum. Çox gözəl şeirlərə imza atıb. Qəzəllərini ilk dəfədir oxuyuram. Əlbəttə, Xatirə xanım qəzəllərində də peşəkarlığından yetərincə yararlanıb və öz poetik mətnini ortaya qoya bilib. Ancaq oxuduqca hiss olunur ki, duyğularını əruzun qəlibinə ram etmək üçün özünə çox güzəştə gedib.

“Şeir vaxtı” bu dəfə paytaxtdan uzaqda yaşayan, amma yradıcılığıyla hər zaman ədəbi gündəmdə olan tanınmış şair dostumuz Əlirza Həsrətin şeirləri ilə davam edir. Əlirzanı oxuduqca görürsən ki, şair öz ampluasındadır. Əzəlki ilhamla, yeni duyğularla süslənmiş şeirlərini yazmaqda davam eləyir.
“ULDUZ”un “Qısa fikirlər xəzinəsi” rubrikası Cəlal Məmmədovun təqdimatında “Şərq hikmətləri silsiləsindən” başlığı altında şərq müdriklərinin hər zaman öz aktuallığını qoruyub saxlayan fikirlərini çatdırır oxuculara. Bu cür hikmətli kəlamlara insan övladı hər zaman ehtiyac duyacaq. Dərgidə bunların yer alması oxucular üçün də bir ərməğandır.
İmzası poeziya sevərlərə, ədəbi camiəmizə yaxşı tanış olan dəyərli şairimiz Rəfail Tağızadənin silsilə şeirləri də mənə elə gəlir oxucular tərəfindən layiq olduğu diqqətlə qarşılanıb. Onun “Şeir vaxtı”nda yer almış “Bu gecə güzgülərdə” şeiri isə mənim ən çox bəyəndiyim şeir oldu.
Tural Cəfərlinin “Sonuncu dua” essesi də onun istedadlı bir yazarın qələminin məhsulu olduğunu göstərir. Həvəslə oxudum. Turala uğurlarının davamlı olmasını arzu edirəm.

“Tərcümə saatı” bu dəfə Gürcüstanda yaşayıb-yaradan istedadlı şair- tərcüməçi, AYB Gürcüstan bölməsinin sədri Rafiq Hümmətin tərcüməsində Azərbaycanın və bütünlükdə türk millətinin təəssübkeşi və dostu, ədəbiyyatımızın yorulmaz tərcüməçisi və təbliğatçısı meqrel şair və tərcüməçisi Quri Otobaia-nın şeirlərini təqdim edir. Rafiq Hümmət şeirlərə yazdığı ön sözdə Quri Otobaianın həyat və yaradıcılığı haqda oxuculara ətraflı məlumat verir, onun Azərbaycan təəssübkeşliyindən və tərcümələrindən söz açır, şeirləri qələm dostu Cambul Məmmədli ilə birgə tərcümə etdiklərini qeyd edir. Qurinin şeirlərinin bizim dilimizdə bu cür gözəl səsləndiyini nəzərə alsaq(əlbəttə ki, bu tərcüməçilərin peşəkarlığının nəticəsi olaraq otadadır) onun orijinalda necə gözəl şeirlər olduğunu təsəvvür etmək çətin deyil. Özümün də bu işlə məşğul olmağımdan dolayı, bilirəm ki, bədii tərcümə, xüsusən də şeirin tərcüməsi tərcüməçidən böyük ustalıq və peşəkarlıq, dilin çox incə qatlarına bələdçilik tələb edir. Orijinalla müqayisə aparmaq mənim imkanlarım xaricində olsa da şair Rafiq Hümmətin bacarıqlı bir tərcüməçi olduğunu bilirəm və əminəm ki, bu tərcümələr də uğurlu alınıb.

Professor Alxan Bayramoğlu “ULDUZ”un oxucularına “Bircə günün hekayəti, yaxud M.M.Axundov jurnalistika haqqında” başlıqlı yazısında Azərbaycanın ictimai-mədəni və ədəbi fikir tarixində öz yeri olan Mirzə Məhəmməd Axundovun “İrşad” qəzetinin 10 may 1906-cı il nömrəsində çap olunmuş “Tərəqqiyi-millət barəsində müsahibə” əsərini təqdim edir. Jurnalist sənətinin bütün zamanları üçün aktual olan incəliklərindən bəhs edən əsər jurnalistika tariximizə ayna tutan çox ciddi bir xatırlatmadır. Mədəni irsimizə araşdıranlar, elə cə də istənilən azərbaycanlı aydın bu yazıdan bəhrələnə bilər.
“Debüt” rubrikası altında bu dəfə “ULDUZ” iki müəllifin – Vəliyulla Novruzun və Arzu Göytürkün şeirlərini təqdim edir. Şeirləri ilk dəfə bu dərgidə yer alan hər iki müəllifi təbrik etməkdən başqa deyəcək bir söz yoxdur. Uğurlar diləyirəm. Sağlıq olsun, gələcək nəşrlərdə daha ciddi şeirlərə imza atdıqlarının şahidi olarıq.

“ULDUZ”un bu sayında “Şeir vaxtı” istedadlı xanım-şairimiz Aləmzər Sadıqqızının şeirləri ilə bitir. Aləmzər xanım şeirləri ilə ədəbi ictimaiyyətə yaxşı tanış olsa da, mənim bildiyim qədər, onun hələ kitabı nəşr olunmayıb. Çox zərif duyğularla süslənmiş bu şeirləri onun tezliklə nəşr ediləcək kitabında görmək mənim də arzumdur. Çağdaş poeziyamızda xanım şairlərimizin cərgəsində onun öz yeri, öz nəfəsi duyulmaqdadı. Burada oxuduğum şeirlər də ürəyimcə oldu.

Filologiya elmləri doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, dəyərli alim-filoloq Almaz xanım Ülvinin “Əbdürrəhman Caminin “Baharıstan” təzkirəsi və əsərin 7-ci rövzəsi ” adlı elmi araşdırması “Tribuna” rubrikasında yer alıb. Sədi Şirazinin məşhur “Gülüstan” əsərinə təzkirə kimi yazılmış “Baharıstan”ın incələnməsinə həsr olunmuş elmi məqalə klassik ədəbiyyat maraqlıları üçün yeni bir üfüq açan elmi dəlillərlə zəngindir. Məqalə gənc oxuculara klassik şərq poeziyasının dərin qatlarına enmək imkanı yaradır. Əslində, indi gənc yazarların bu cür elmi araşdırmaları oxumağa daha çox ehtiyacları var.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında təhsil alan tələbələrin yaradıcılıq nümunələrini isə oxuculara “Bölgələrdən soraqlar” rubrikasında filialın müəllimi, filologiya üzrə fəlsəfə doktoru, şair Bilar Alarlı təqdim edir. Təqdimat Bilal Alarlının tələbələrin yaradıcılıq nümunələri haqqında tənqidi məqaləsi ilə başlayır. Gənclərin ədəbi mətbuata təqdim olunması təbii ki, təqdirəlayiq bir haldır və şair-alim dostumuz Bilal Alarlı gənc yazarlardan öz diqqət və qayğısını əsirgəmədən bu zəhmətə qatlaşıb. Ancaq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, yaradıcılıq nümunələrindən göründüyü kimi tələbə-gənclərimiz öz üzərlərində hələ çox işləməli, çağdaş ədəbi prosesdən hali olmalıdırlar. Tələbə-gənclərimizi “ULDUZ”da debütləri münasibəti ilə təbrik edir, eyni zamanda onlara öz müəllimlərinin etimadını doğrultmalarını arzu edirəm.
Azərbaycanın tanınmış ustad nasirləri Aydın Tağıyevin qələm dostu Novruz Nəcəfoğluya ithaf etdiyi “Köynək”, Aslan Quliyevin isə “Dərgidə kitab” rubrikasında yer almış “Halallıq” hekayələri isə ayrıca söhbətin mövzusudu. Hər iki hekayə yeni ədəbiyyata gəlməkdə olan gənc ədiblər üçün əsil örnəkdir. Müəlliflərin yazı manerası, dili, təhkiyyəsi, obrazların mükəmməlliyi və sonucda oxucuya çatdırmaq istədikləri mesajlar bir-biriləri ilə o qədər ustalıqla çulğaşıb ki, əlavə sözə yer qalmayıb. Sözümün əvvəlində demişdim axı, “Ədəbiyyat söhbəti ağır söhbətdir”. Çağdaş nəsrimizin ünlü isimlərindən olan hər iki yazıçımıza bu hekayələrinə görə oxucu təşəkkürlərimi yetirirəm. Dəyərli oxuculara və qələm dostlarımıza isə xatırlatmaq istəyirəm ki, ədəbiyyat söhbətləri etməkdənsə, əsil ədəbiyyat oxusunlar. Belədə daha çox qazanmış olarlar.

Və sonda bu il 50 illik yubileyini qeyd edən ədəbiyyatımızın “ULDUZ”una Əli Kərim adına Sumqayıt Poeziya Evinin “sakinləri” – sumqayıtlı yazarlar adından təbriklərimi çatdırır, ona uzun və uğurlu bir yolçuluq arzu edir, dərginin baş redaktoru, dəyərli qələm və könül dostumuz, şair Qulu Ağsəs başda olmaqla bütün yaradıcı heyətə ədəbiyyatımız adına çalışmalarında başarılar diləyirəm.

İbrahim İlyaslı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar