Sizin Reklam Burada
Xəbər lenti
28-09-2025
27-09-2025
12:56
 
BÜTÜN XƏBƏRLƏR

Ömrü sözlə keçənlərdən — Namiq Dəlidağlının 55 yaşı tamam oldu

Tarix: 29-09-2025 09:26     Baxış: 224 A- / A+

                                     Namiq Dəlidağlı


 Bəşəriyyətin Ulu çağlarından bu günə kimi söz ən qüdrətli təsir vasitəsidir. İnsan ölür, söz yaşayır. Söz daimidir, həmişəyaşardır, amma baxır hansı söz …

Şairlər üzünə söz tutub ölür,
söz tutub üzünə gedir şairlər
Haqqın dərgahına və ayağına.
Bir az yüngül olur şair cəzası,
Sözə bağışlanır nə günahı var…


yazır haqqında söz açacağım söz adamı Namiq Dəlidağlı. “Dəlidağın güllərindən şirə çəkib, şeir hörən“  N.Dəlidağlı istər şair kimi, istər sə də jurnalist kimi Ulu sözün keşiyini əzmlə çəkənlərdəndir.

Kəlbəcər ədəbi mühitinin nümayəndəsi kimi fəaliyyətə başlayan şairin yaradıcılığında əsas aparıcı mövzu vətənpərvərlik mövzusudur. Vətən sevgisi anlayışı N.Dəlidağlı üçün doğulduğu kiçik kənddən başlayır və Turana qədər böyüyür. Kəlbəcər sevgisi nə yazıq ki, sonradan Kəlbəcər dərdi, nisgili,
Kəlbəcər harayı, Kəlbəcər həsrəti olur.

Sinən səngər çapıqlı, gözlərin qan çanağı…
…Canı ağrıyan Vətən, gözü ağlayan Vətən.


Vətən ünvanlı şeirlərinin əsas mayası xəlqilikdən yoğrulub şairin. O, hamımızın dərdini öz şeirlərində ümumiləşdirib, Sücaət kimi, Bəhmən Vətənoğlu kimi, Məmməd Aslan və s. kimi el dərdinə tərcüman olub;

Nə umub küsürsən, qurbanın olum,
Bağlanıb bənd , bərə, aparammıram.
Məndə təpər yoxdu, düşməndə insaf,
İncimə boş yerə, aparammıram.

Söndü o yuvanın odu, ocağı,
yoxdu bizdən daha bir umacağı.
Unut Dəlidağı, “Novlu bulağ”ı,
Öyrən bu şəhərə, aparammıram…

Ümumiyyətlə, Kəlbəcər ədəbi mühiti özlüyündə işğala qədərki (əsas mövzuları: təbiət təsviri, tərənnüm, sevgi) və işğaldan sonrakı (yurd dərdi, həsrət, intiqama çağırış harayı) adlı iki hissəyə bölünür. Kəlbəcər boyda yurd həsrətini özüylə aparan Məmməd Aslan yazırdı ki,
Mən harda can verəm, harda gömüləm,
Əlim Dəlidağa uzalı qalar…
Atasının məzarını yağı tapdağında qoymaq məcburiyyətində qalan şairin, anası da əli Dəlidağa uzalı gözlərini əbədi yumur. Şair anasını Kəlbəcərə apara bilmir və bu iki böyük acı onun yaradıcılığının hər dönəmində əks olunur…

Ata, məzarını qoyub gəlmişəm,
Köksümdə qırılıb qəlbimin tağı…

Vurğuladığımız kimi, vətən sevgisi anlayışı N. Dəlidağlı yaradlcılığında Turana qədər böyüyür və şairin belə bir ifadəsi var: “İçimdə Türk sevdası var, bütün sevdalardan öncə…”

Çəkmədiyim zillət yox,
daha öndə zülmət yox,
Türkdən böyük millət yox,
“Tanrı Türkü qorusun!”


Hər şair öz dövrünün oğludur deyirlər. N.Dəlidağlı yaxşı mənada öz dövrünün oğlu deyil. Onun qələmi yalançı tərifdən uzaqdır, məddahlıqdan kənardır və yeri gəldikdə çox kəskin, hədəfli satiraya çevrilə bilir.
Ənənə və novatorluq şairin yaradıcılığında bir-birini tamamlayan xətt üzrə inkişaf edir, sanki folklordan müasir poeziyaya uğurlu bir yol gəlir. Şeirlərində xalq ruhundan qaynaqlanan, aşıq şeiri şəkillərində, heca vəznində yazılan nümunələr kifayət qədərdir və xoş haldır ki, aşıqlar tərəfindən oxunur, dildən - dilə keçir. Necə ki, mən “Evimdə yata bilmədim“ şeirini ilk dəfə aşıq Şəhriyar Kəlbəcərlinin ifasında eşitmişəm. Bununla yanaşı, onun yaradıcılığlnda aparıcı xətti çağdaş üslublu modern şeir təşkil edir:
Buralara qar yağır,
hava ayrılıq dadır,
xatirələr üşüyür,
arzular sazaqdadır…
Gəlirsənmi?…

Hər iki sahənin bu dərəcə uğurlu olması, tutarlı söz adamının istedadının üstünlüyüdür. Sözünün zaman, məkan anlaylşından kənara çıxaraq bölgə sərhədlərini qırmağı, ümumbəşəri, dünyəvi ideyaları özündə ehtiva etməsidir.
Şairin fəaliyyətində diqqət çəkən sevindirici hallardan biri də, onun dəyərli söz adamlarına olan münasibətidir. Məmməd Aslanın dəfnində yazdığı şeir bu fakta ən bariz nümunə kimi göstərilə bilər:

İnsanlar bir tabut söz qaldırdılar,
bu sözün altında hər ürək dözməz.
Torpağa bir tabut söz basdırdılar…
çəkəcək canına sözün qanını,
yeyib dadlanacaq sözü, şeiri,
gözü doymayacaq bu şirin daddan.


Namiq Dəlidağlı Kəlbəcərli günlərə sevinə bilmir. Çünkü Kəlbəcərdə hələ bu gün yoxdur, keçmişin acılı-şirinli xatirələri var və gələcəyə ümid var…

Şər qarışdı, axşam düşdü,
Evimdə yata bilmədim.
Yorğun- arğın yol gəlmişdim-
evimdə yata bilmədim…
 
İllərdi ki, həsrət çəkən,
dam - daşın qubar çökən,
atam tikən, düşmən sökən,
evimdə yata bilmədim.


Bu misralardakı kədər o qədər doğmadır ki mənə… 27 il əsirlikdə qalan yurdumu bu yay ziyarət etdim ilk dəfə - Bəhmənin harayı ilə, Sücaətin dağ əridən dərdi ilə, əli Dəlidağa uzalı qalan Məmməd Aslanın həsrəti ilə, Kəlbəcər deyə - deyə dünyadan köçən əzizlərimin nisgili ilə… “Atam tikən, düşmən sökən evimizin yerini də tapmadım... evimdə yata bilmədim…”
Bu gün söz adlı dünyada öz imzası olan, nüfuzlu qələm sahibi kimi tanınan N. Dəlidağlı yaradıcılığı haqqında dolğun fikir söyləmək üçün yetərincə ciddi zaman lazımdır və eyni zamanda yaradıcılığına çoxşaxəli yanaşılıb, ayrı- ayrı mövzularda cild- cild monoqrafiyalar, dissertsiyalar yazılmalıdır və inanıram ki, yazılacaq.

Fəaliyyətini, şeirlərini dövri mətbuatdan, sosial şəbəkələrdən izlədiyim N. Dəlidağlı ilə yaxından tanışlığımız III Türk Dünyası Ədəbiyyat və kitab festivalına təsadüf edir. Qarşılaşdığımız ilk andan doğma münasibətini hiss etdiyim Namiq müəllim məni digər kəlbəcərli müəlliflərlə tanış etdi və kitabları əldə etməyimə köməklik göstərdi, “Əllidə ələnənlər” kitabını mənə hədiyyə etdi. Namiq müəllim son dərəcə sadəliyi, səmimiliyi, təvazökarlığı ilə sərgiyə birgə getdiyim rəfiqəm, yazıçı İlahə Səfərzadənin də diqqətini cəlb etmişdi. O, bildirdi ki, Jalə, sizin Kəlbəcərlilər nə qədər mehribandır.

AJB-yə üzv olduqda Namiq müəllimə dəstəyi üçün təşəkkür etdim, bircə cümlə dedi: Jalə xanım, haqqınız idi. Onda şairə belə bir sual verdim ki, siz həmişə haqqınız olanı əldə edə bilmisinizmi? - Təbii ki, yox.
Və məlum oldu ki, özəlliklə 90-cı illərdə şair nə qədər haqsızlıqlarla üzləşib, süni yaradılmış problemlərlə qarşılaşıb. Xoşbəxtlik ondadır ki, uğradığı haqsızlıqlar onun xarakterini mənfiyə doğru dəyişməyib, əksinə, inadkarcasına müdrikləşdirib.
“Dəlidağın güllərindən şirə çəkib, şeir hörün” yenə, Kəlbəcərli günlərdə bu dəfə sevincdən yazın, xoşbəxtlikdən yazın, yaradın, dəstək olun, davranışınızla örnək olun, Namiq müəllim. Siz sözə, şeirə, ədəbiyyata, Kəlbəcərə, bizlərə lazımsınız.
Yubileyiniz mübarək!
 
















Jalə Nağıyeva
Bakı Dövlət Universitetinin
Folklorşünaslıq ixtisası üzrə doktorantı.
AJB-nin üzvü


***

Redaksiyadan:

Qeyd edək ki, Namiq Dəlidağlı 29 sentyabr (01 noyabr) 1970-ci ildə Kəlbəcər rayonunda müəllim ailəsində anadan olub. Orta təhsilini doğulduğu rayonda alıb. Keçmiş Sovet ordusu sıralarında xidmət edib. İxtisasca jurnalist - filoloqdur. 
Namiq Dəlidağlının hələ orta məktəb illərindən şeir və məqalələri Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində, mərkəzi mətbuatda dərc edilib. Jurnalistikada ilk addımlarını "Yenilik" qəzetinin ştatdankənar müxbiri kimi atıb. 1993-cü ildən dövri mətbuatda çalışır. “Yeni dünya”, “Açıq söz”, “Əyalət”, “Aydın səma”, “Vaxt”, “İki sahil” qəzetlərində, o cümlədən bir sıra saytlarda müxbir, parlament müxbiri, şöbə müdiri, baş redaktor müavini işləyib. 

Azərbaycan Gənclər İttifaqı Sumqayıt şəhər Məclisinin orqanı olan “168 saat”, Sumqayıt şəhər Gənclər, İdman və Turizm Baş İdarəsinin orqanı olan ”Hər şey Sizin üçün”, eləcə də “Gəncliyin səsi” və “Dəlidağ” qəzetlərinin baş redaktoru olub. Mətbuatdan ayrılmadan Dövlət Sığorta Şirkətində baş mütəxəssis vəzifəsində çalışıb.    

Namiq Dəlidağlı ilk gənclik illərindən ədəbi yaradıcılıqla məşğuldur. Şeirləri “Ədəbiyyat qəzeti”, “Yeni Azərbaycan”, “Ədalət”, “Kaspi”, “168 saat”, “Şəhriyar”, “Murovdağ”, “Vaxt”, “Yeni dünya”, “Səhifələr”, "Kredo", “Türküstan”, “Sumqayıt”, “Gəncliyin səsi”, "Möhtəşəm Azərbaycan" və s. qəzetlərdə, o cümlədən “Xəzər”, “Ulduz”, “Cahan”, “Ali ziyalı”, “Xəzan”, "Ədəbi ovqat", Özbəkistanda nəşr edilən “Mənəvi aləm” və digər jurnallarda, internet saytlarında dərc edilib. O cümlədən ABŞ, Cənubi Koreya, Türkiyə, Pakistan, Orta Asiya və bir sıra avropa ölkələrində şeir və məqalələri ilə ardıcıl olaraq çıxış edir. Həmçinin bir çox şeirləri ölkəmizdə və xaricdə nəşr edilən ədəbi toplularda işıq üzü görüb. 
“Ağ gecənin nağılı”, “Otel otağından reportaj”, "Əllidə ələnənlər", Özbəkistanda nəşr edilən “Sevgi sukunati” (“Sevgi sükutu”) şeir kitablarının, Şuşa fatehlərindən  olan şəhid Sahib Musayevin qəhrəmanlığından bəhs edən “Bitməyən ömrün yarımçıq gündəliyi” publisistik kitabın müəllifi və 4 publisistik toplunun həmmüəllifidir. N.Dəlidağlının 55 illik yubileyi ilə bağlı növbəti kitabı çapa hazırdır.

Bir çox kitabın redaktoru, tərtibçisi, ön söz müəllifidi, şeirlərinə mahnılar bəstələnib.
 Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Namiq Dəlidağlı AYB xətti ilə verilən Prezident təqaüdünə, “Qızıl qələm” və digər ədəbi, media mükafatlarına, o cümlədən Qazaxıstanın "Əhməd Yasəvi" mükafatına, Qırğızıstanın “Çingiz Aytmatov - qızıl qələm" medalına layiq görülüb. 

Azərbaycan - Türkiyə ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə müxtəlif qurumlar, eləcə də mətbuatdakı səmərəli fəaliyyətinə görə Sumqayıt şəhər İcra Hakimiyyəti və Azərbaycan Jurnalistlər Birliyi tərəfindən təltif edilib. 
Namiq Dəlidağlı hazırda “Manevr.az”, “Dalidag.az” və “Sumqayitfakt.az” xəbər saytlarının təsisçisi, baş redaktoru, “Dəlidağ” Ədəbi Birliyinin və Azərbaycan Jurnalistlər Birliyi Kəlbəcər bölməsinin sədridi. Qardaş Türkiyədə fəaliyyət göstərən “Kapsamhaber” və "Kaya" xəbər portallarının köşə yazarıdır. 


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar