Sizin Reklam Burada
Xəbər lenti
26-01-2025
25-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Başımın altına balış yerinə Kəlbəcərdən torpaq gətirməmişəm" Şeirlər

Tarix: 20-02-2017 22:58     Baxış: 31 030 A- / A+
 "Başımın altına balış yerinə Kəlbəcərdən torpaq gətirməmişəm"
Yenə həzin bir kədər doldu qəlbimə. Daha bir vətən həsrətlisinin qəminə şərik oldum. Özü "Kəlbəcər" deyə-deyə köçdü dünyadan və dünyanın qəm yaddaşına biri də əlavə olundu. Bir pillə də boy atdı, böyüdü dünyanın qəmi. Bu niskildən oxuculara da "pay düşdü".
Bu dəfəki canıyananım İdris Verdiyevdir. O İdris Verdiyev ki, adı ulu Kəlbəcərimizdə hər obada, hər evdə qürurla çəkilirdi, nümunə göstərilirdi. Ana yurdun təbiəti, gözəllikləri haqda cild-cild kitablar bağlamışdı. Bəlkə də heç bir kəlbəcərli yaşadığı obanın daşının, qayasının, çəməninin, çiçəyinin dilinə, sirrinə onun qədər vaqif deyildi. Gözünə-könlünə yığmışdı bu ilahi gözəlliyi.

İdris Verdiyev doğulduğu torpağa verdi mehr-məhəbbətini. Onun şəninə elmi əsərlərlə birgə, söz çələngi də hördü. Vəsf etdi Kəlbəcəri. Ancaq söz tablosu bitməmiş qaldı. Zamanın gərdişi Bədbin İdrisə çevirdi onu. Şeirləri qan ağladı şəhid Vətəninə və şəhid övladına. Ağı dedi düşmən əlinə keçməmək üçün özünü dağdan aşağı atıb məhv edən qıza-gəlinə. Amma nə göz yaşları, nə Ceirləri niskilini ovutmadı, qaysaq bağlamadı könül yarası. Günahkar bildi özünü, vətənin başına gələn fəlakətlərə görə. Bu itkini bağışlamadı özünə.

Özün daşdan atıb həlak edəndən,
Cəsədin çöllərdə qurd-quş yeyəndən,
İtkin düşənlərdən, girov gedəndən,
Birindən bir soraq gətirməmişəm.


Qısaltdı ömrünü bu niskil. Ürəyində bəslədiyi vətən nəğməsi sonadək oxunmadı. Darıxanda ürəyi Dəlidağ havasına qanadlandı, dili "Kəlbəcər" dedi bu gözəl el şairinin. Ömür karvanı son yolçuluğa çıxdı. Bir ovuc vətən torpağına həsrət qaldı sənətkar: doğma yerlərin ətri qoxuyan bir ovuc Kəlbəcər torpağı istədi rahat uyumaq üçün. Təəssüf.... Bu arzusu da başa varmadı.

İdrisin taleyi düşdü dərinə,
Şərik olan yoxdur dərdi-sərinə,
Başımın altına balış yerinə
Kəlbəcərdən torpaq gətirməmişəm
,-dedi.

Dərdi azaldımı Dünyanın? Təbii ki, xeyr. Ancaq yaddaşlara bədbin İdris xatirəsi hopdu. Hər zaman oxunacaq, xatırlanacaq İdris Verdiyev. Özü gözəl bilirdi unudulmayacağını

Vəfalı dostlarım anar, unutmaz,
Məni ürəyində sanar, unutmaz,
Kövrələr, doluxar, yanar, unutmaz,
Tökər gözlərindən sel qəbrim üstə
.

Əziz şairimiz tək dostlarının deyil, bütün oxucularının ürəyində yurd saldı. Qəbri nurla dolsun!

Manevr.az İdris Verdiyevin şeirlərini oxuculara təqdim edir:


QƏBRİM ÜSTƏ

Bir gün dayanacaq ömür karvanım,
Tökülüb gələcək el qəbrim üstə.
Heç kəs mənim ilə bir gecə qalmaz,
Qalar bir cənazə, bel qəbrim üstə.

Kəsilər dünyadan behim, bazarım,
Dostun qapısına düşməz guzarım,
Təsəlli olacaq yara məzarım,
Dəstəylə tökəcək tel qəbrim üstə.

Kim çatıb mənzilə cavan yaşında?!
Solacaq güllərim ömrün qışında,
Nişangah olmasa məzar daşında,
Bitər çəmən, çiçək, gül qəbrim üstə.

Vəfalı dostlarım anar, unutmaz,
Məni ürəyində sanar, unutmaz,
Kövrələr, doluxar, yanar, unutmaz,
Tökər gözlərindən sel qəbrim üstə.

Ölən eşidəymiş kaş mümkün qədər,
Yada salır onu dünyada kimlər?!
İdrisə dostlardan hər axşam, səhər,
Gətirəymiş əsən yel qəbrim üstə.


PULDU

Qiymətin biləndən, ağlı kəsəndən,
Bəşərin əskiyi, gərəyi puldu.
Varlının vüqarı, eyşi-işrəti,
Yoxsulun zəhməti, əməyi puldu.

Arxadı, köməkdi, eldi, pənahdı,
Kəskin qılınc, sərrast vuran silahdı,
Möminə möhürdü, ibadətgahdı,
Behişti, hurisi, mələyi puldu.

Silsilə dağları yaran, sökdürən,
Xaraba səhrada cənnət tikdirən,
Şəhərlər yerində bostan əkdirən,
Şahın da arzusu, diləyi puldu.

Təməlidir min cür toyun-büsatın,
Əzəl gündən bəzəyidir həyatın.
Yaltağın, şeytanın, bicin, bəzzatın,
Dünyanın əyilməz dirəyi puldu.

İdris deyər, yer üzünün sərvəti,
Məclisdə başdadır yeri, hörməti.
İgidin şərəfi, şanı, şöhrəti,
Adı-sanı, çayı-çörəyi puldu. 1965


NAN ƏLİNDƏN

Görmüsənmi alan ola,
Nanəcibin nan əlindən,
Tələ qurar, evlər yıxar,
Damcı damar qan əlindən.

Adətidir yalan desin,
Yaltaq olsun, boyun əysin,
Namərd dosta güllə dəysin,
Namuslu düşmən əlindən.

Açmaz sirrin bircəsini,
Mərdə versən cümləsini,
Çoxu satır məhləsini,
Xəbərçi şeytan əlindən.

Namərdə çəkmə minnəti,
Əskik olar səxavəti.
Üzülməsin var-dövləti,
Səxalı insan əlindən.

Pis qohum dadına yetməz,
Yaman gündə qoldan tutmaz.
İdris yaxşı dostu atmaz,
Əgər getsə can əlindən.


OVLAMIŞAM

Çoxdan ovçusuyam qoca dağların,
Maral, ceyran, cüyür mən ovlamışam.
Hərdən ayaz olub, hərdən də bulud,
Boran, duman, çiskin, çən ovlamışam.

Bərəyə getmişəm, türk ürpənməyib,
Yarpaq qımıldanıb, ot tərpənməyib.
Dağlara həvəsim heç tükənməyib,
Könlüm toxtaq, qəlbim gen ovlamışam.

Gülləm ayaq vurmaz, nə baş vurmuşam.
Kiprik nişan alıb çox qaş vurmuşam.
Nə havayı atıb, nə daş vurmuşam,
Həmişə dağlarda qan ovlamışam.

Bənövşə qoxuyub, gül ovutmuşam,
Qəzanın qəhrindən can sovutmuşam.
Qayada tor qurub tərlan tutmuşam.
Kəkliyə səpmişəm dən, ovlamışam.

İdrisəm, günlərim keçibdi belə,
Alnım açıq olub, üz gülə-gülə.
İgidlə gəzmişəm, yaxşı dost ilə,
Namərdən çevrilib yan, ovlamışam.


DESİNLƏR

Qızım Mirvariyə-Bakıya oxumağa göndərərkən verilmiş ata nəsihəti...

Get mehriban qızım, kənddən çıxanda,
Dalınca su atıb:-Uğur!-desinlər.
Ömrünün yoluna nəzər salanlar:
-Tutubdu nə gözəl cığır!- desinlər.

Rəftarında daim nəzakət olsun!
Şirin kəlamında məlahət olsun!
Qəlbində min səbr, dəyanət olsun!
“Sadə”, söyləsinlər, “ağır” desinlər.

Həyat sirlərini öyrən səylə sən,
“Çalış ki, hər elmi kamil biləsən!”
Arif ol, hikmətə diqqət eylə sən!
-Alimlər nə səpib yığır-desinlər.

Elmin dəryasına baş vur, dərin gəz!
Səlis danış, sakit dolan, sərin gəz!
Kənd həyasın pərdə götür bürün, gəz!
-Duruşundan ismət yağır- desinlər.

Atanın sözləri yadında qala,
Anan yollarına göz dikib, bala!
-Neçə il şəhərdə yetdi kamala,
Doğma kəndə döndü axır-desinlər.

1972



EL İNDİ BURDA

Zülfüqarlı kənd qəbristanlığında sel uçurmuş bir məzarın önündə düşüncələr...

Könül qəfil baxma qəbristanlığa,
Ömrün ilqarını bil indi burda.
Bir zaman möhtəşəm haylı-haraylı,
Necə sakit yatır el indi burda!

Vəfasız dünyanın hökmünə bir bax!
Şümşad biləklərdə çürüyür qolbaq,
Paltarı palçıqdı, örpəyi torpaq,
Gərdəyi daş olan gəlindi burda.

Nərə çəkənlərin heç biri dinmir,
Analar oxşamır, körpələr əmmir,
Əkiblərmi, özü bitib, bilinmir,
Bürüyüb qəbrini gül indi burda.

Binəsi, uşağı başsız qalana,
Yarımçıq məhləsi bərbad olana,
Talehsiz qızlara, nakam oğlana,
Oğulsan ağlama gəl indi burda!

İdris, qartal kimi qıy vuranların,
Ölüm viran qoyub xanimanların.
Ləli, cəvahiri saymayanların,
Sökür məzarını sel indi burda.

YAZIĞIM GƏLMƏZ

Şair Bəhmən Vətənoğlunun:-Yazığım gəlir-şeirinə cavab.


Bir insan ki, axır günü anmaya,
Olsa günüqara, yazığım gəlməz.
Düşmən tanımaya, qohum qanmaya,
Alsa da yüz yara, yazığım gəlməz.

İgid gərək etdiyini dərk edə,
Ölümə də getsə kişi, mərd gedə.
Bir aslan ki, öz ovlağın tərk edə,
Nagah düşsə tora, yazığım gəlməz.

Sınamışam dost deyənin yüzünü,
İlqarını, peymanını, sözünü.
Əhdini dananın iki gözünü
Yedirtsəm şahmara, yazığım gəlməz.

Qəfil xəzan tökər vaxtsız xəzəli.
Bəxt olsa, iş öz-özünə düzəli.
Öz yarına xilaf çıxan gözəli,
Çəksələr min dara, yazığım gəlməz.

İdris, müxənnəti izindən tanı!
Tutduğu pis işdən çətin utanı.
Namusunu, Vətənini satanı
Kəssəm para-para, yazığım gəlməz.

NATAVAN EYLƏR

Novosibirskiyə gedən qızım Mirvariyə

Daş yağsın, viranə qalsın, qəriblik
Güzarı düşənin bağrın qan eylər.
Vətəndən aralı, eldən uzaqda,
Kimin həyatını firəvan eylər?!

Vətənsiz “xoşbəxti” gəl mənə göstər!
Dar günə düşəndə el-oba səslər.
Qərib qəriblikdə anasın istər.
Qəlbin sızıltılı bir kaman eylər.

Qəm atına minən süvarı kimi,
Niskilin, möhnətin əyyarı kimi.
Şairə döndərər, Mirvari kimi,
Məhsəti eyləyər, Natavan eylər.

Yazda dağlar bürünəndə çən, duman,
Yayda ellər dağa edəndə karvan,
Payızda durnalar qayıdan zaman,
Min xəyala düşər, yüz guman eylər.

Cümlə qəribləri gətirən olsa,
Könlümdə lalələr bitirən olsa,
Aqşini tez mənə yetirən olsa,
İdrisin dərdinə bil, məlhəm eylər.

1984


KƏLBƏCƏRDƏDİ


Hər nə axtararsan, orda taparsan,
Soruşsan yüz soraq Kəlbəcərdədi.
Murov, Keyti, Alaköllər, Sarıyer,
Taxtadüz, Yüzbulaq Kəlbəcərdədi.

Tamaşadı hər kədiyi, hər yalı,
Dolaylara duman gəlib dağılı.
Təbiəti “minbir gecə” nağılı
Yazsan, varaq-varaq Kəlbəcərdədi.

Əlikli meşələr, təkəli dağlar,
Çiçəkli çəmənlər, meyvəli bağlar,
Ömür şirinlədən səfalı çağlar,
Dəli çay, buz bulaq Kəlbəcərdədi.

Yazın gül ayları ya yad, ya yerli,
Toplaşır dağlara ikili-birli.
Yevlax, Bərdə, Ağdam, Təhlə, Kəbirli,
Elə bil Qarabağ Kəlbəcərdədi.

Bunu çoxdan deyib ustad Ələsgər,
“Gözəl olur Kəlbəcərdə xeyir, şər”.
Daşında almaz var, torpağında zər,
Mərd qonaqçı, qonaq Kəlbəcərdədi.

Yadımdadı burda qonaq qaldığı,
“Turşsuyun” üstündə saz da çaldığı,
Görkəminə Səməd Vurğun olduğu
İstisu, Dəlidağ, Kəlbəcərdədi.

Bura peşman gələn qəlbi çağ gedər,
Xoş niyyətlə gələn üzü ağ gedər,
Möcüzə var, xəstə gələn sağ gedər,
Min şəfalı qaynaq Kəlbəcərdədi.

Ənvərin, Məmmədin sözləri dərman,
Şamil, Bəhmən, Əli, Əhməd, Mehdixan,
Şair Qəmkeş, Aşıq Şəmşir Ağdaban,
Ağır el, gur oymaq Kəlbəcərdədi.

Ömrünü illərdən illərə verən,
Sözünü dillərdən, dillərə verən,
İdrisi böyüdüb ellərə verən,
O müqəddəs torpaq Kəlbəcərdədi.


HAMAN İL

Şair İdris Verdiyev mart 1976-cı ildə Bakıda xəstə yatan aşıq Şəmşirdən bir namə alır...

Aşıq Şəmşir

Hamı deyər ay azaldı ömürdən,
Saniyədən düzəlmirmi bu san il?
Nə gün ölür, nə ay ölür, nə də il,
Haman gündür, haman aydır, haman il.

Bədbin İdris

Aşıq Şəmşir, namənizi almışam,
Bu il olsun yaman gözlər yuman il.
Üstümüzdən əsdirməsin bəd yellər,
Şəfa versin nəyə gəlsə güman il.

Aşıq Şəmşir

Olmasa bəndənin gözü, könlü dar,
Bu fərmana yenə qəlbi darıxar,
Yaranmışa ölüm haqdır, yəqin var,
Haxlamasın üstümüzü yaman il.

Bədbin İdris

Təzə çıxan incə novruz gülüylə,
Yaylaq ətri ilə, dağlar yeliylə,
Şəfqət bacıları incə əliylə,
Özü versin sənə dəva-dərman il.

Aşıq Şəmşir

Asandırmı, özün axtar, ara iş,
Oyan iqbal, qoyma düşə dara iş.
Əmin olum yazarsanmı arayış?!
Verərsənmi yaşamağa güman il?

Bədbin İdris

Mürvət etsin, qoy düşməsin dara iş,
Düşsə də qoy düşsün nazlı yara iş.
Qüdrət möhrü ilə versin arayış,
Bağlasın bizimlə əhdi-peyman il.

Aşıq Şəmşir

İstəmirəm mənə xəndək atasız,
Süvar edin məni köhlən ata siz.
Qan ağlarsan əgər olsan atasız,
Mənim kimi ölmüş ola anan il.

Bədbin İdris

Xəbər çatsın meşələrə, çöllərə,
Həmzə çəməninə, Qara göllərə,
Qaytarsın göndərsin bizim ellərə,
Yola salsın neçə əziz mehman il.

Aşıq Şəmşir

Hər kəsin könlündə olurmu muraz?!
Gecənin sabahı olmasa olmaz.
Gahdan qış olarsa, gah açarsa yaz,
Gahdan alar dağ başını duman il.

Bədbin İdris

Qocalsan da gəl kövrəlmə, ay əmi!
Gəncliyində çox çalmısan “kərəmi”.
Alsın əlimizdən möhnəti, qəmi,
Sağalmağa tez göndərsin fərman il.

Aşıq Şəmşir

Kövrəlmişəm, qocalmışam söz ilə,
İnsafdırmı əlim əldən üzülə?!
Deyən çoxdur yetişəydim yüz ilə,
Mindi səndən bu təmanna uman il.

Bədbin İdris

Hamı deyər yaşın yetsin yüz ilə,
Dəhanından hər an gövhər süzülə,
Gələ qulluğunda səf-səf düzülə,
Rəhbər ola özü gələ loğman il.

Aşıq Şəmşir

Şəmşir, bu hal gəlməmişdir tək sənə,
Bəsdir daha az dərdi-qəm çəksənə?!
Bir yaşını yetirmisən səksənə,
Sən keçdiyin oldu xeyli zaman il!

Bədbin İdris

İl var, bir xoş günü illərdən alır,
İl var, nifrət ilə el yola salır.
İl var hər fəsildə toy-bayram olur,
İdris deyər, bu il olsun haman il.

İdris VERDİYEV

Manevr.az

Xəbəri paylaş







Müəllif: Mirvari Verdiyeva
Tarix: 21 fevral 2017 00:02
HÖRMƏTLİ MANEVR.AZ!
Atam İdris Verdiyevi anıb, haqqında dəyərli sözlər yazdığınıza və şeirlərini oxucularınızla paylaşdığınıza görə bütün əməkdaşlarınıza Verdiyevlər ailəsi adından dərin təşəkkürümüzü bildirirəm. Var olasınız!

Hörmətlə;-Mirvari Verdiyeva (Elsevər)
ADPU-nun dosenti, fəlsəfə doktoru
Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar