Xəbər lenti
"Məktub-qızın hənirtisidir, qız-sevginin..." -Xəqani Həbiboğlu /ŞEİRLƏR
Manevr.az Xəqani Həbiboğlunun şeirlərini oxucularına təqdim edir:
Bənövşə
Ay utancaq gözəl, həyalı gözəl,
Nə tez soldun, gözüm doldu,bənövşə!
Taleyi kəmlərin,gözü nəmlərin,
Kədəri,möhnəti boldu, bənövşə!
De, danış dərdini,duyaram səni,
Solsan qanım ilə boyaram səni.
Qıysam bir o qıza qıyaram səni,
O eşq də vədəsiz soldu, bənövşə!
Ürəyim ağrıdan aram olmadı,
Mənim heç sağalan yaram olmadı.
Dikbaş gözəllərlə aram olmadı,
Xaqani qanana quldu, bənövşə!
1993
Ala qarğaları güllələyirlər
Qar-dəmdəki aşdı,qara-qarğalar,
Yaraşır qonanda qara, qarğalar!
Qırılmaz təsbehdi qara qarğalar,
Ala qarğaları güllələyirlər...
Qara qarğalar ha bəla çıxardı,
Gördülər yenə də bala çıxardı.
Yamyaşıl çəmənlər lalə çıxardı:-
Ala qarğaları güllələyirlər...
Anası ağlasın usta yalanın,
Haqqa gəlmədiniz,haqqa bulanın!
İlhamlı şairlər, sərvaxt dolanın,
Ala qarğaları güllələyirlər...
Quşların bəyinə quş deməyənlər,
Bayquşa bir dəfə xoş deməyənlər,
Qara qarğalara kış deməyənlər
ala qarğaları güllələyirlər...
Köz sönüb, ağrısı manqal olubdu,
Bunu ilk kəz sezən qanqal olubdu;
-Qaraymış, sonralar qan al olubdu:
-Ala qarğaları güllələyəndən!
Könlümü
Sanırsan ki, gözəllikdən küsübdü...
Gül ilə tutursan dilə könlümü.
Kərəm Ərzurumda borana saldı,
Sara Arpaçayda selə könlümü.
Sərtlikdə zəriflik - fikrin yarğanı!
Bu yarğanda neçə arzu doğranır...
Bənövşə - yastığı, nərgiz - yorğanı,
Lalənin ovcunda bələ könlümü!
Qismətim olmadı ağacdan çətir,
Şeiri yazıram, kül olur sətir.
Buzdan kar aşmadı, bir sal duz gətir!
Ərit göz yaşında, çilə könlümə!
Hansı bənövşəni şoran gözləyir...
Sanma Xaqanini aran gözləyir!
Dəlidağda dəli boran gözləyir,
Gül balam, öyrətmə gülə könlümü
Torpağa su düşsə yaşıllaşandı,
Solandı yanağın yaş olan yeri!
Vasif Süleyman
İahi, dünyanın qəm yoxuşudu,
Sevən baxışların qarıyan yeri!
Günü qaraldıqca rəngi ağarır,
Telin həsrət əli darayan yeri!
Ömür beş-on günlük binə deyil ki,
Laylası da yoxdu, nənə deyil ki.
Vulkan yatağıdı, sinə deyil ki,
Ayrılığın ocaq qalayan yeri...
İlanlı yollarda ayaqyalınlar...
Oxa qəşəng gəlir açıq alınlar!
Şəkər xəstəliyi-şirin yalanlar,
Düz danışır dilin dalayan yeri...
Tufanlar içində titrəyən çiçək,
Dözmədi, çat verdi axırda ürək!
Döyüşdə dağılan xəstəxanatək,
Məhv oldu sevginin qoruyan yeri!
Xəqani həsrətdən yarıdı getdi,
Səhranın yaşıllıq umudu getdi;
Göylərin sonuncu buludu getdi,
Gül açar yanağın quruyan yeri...
Gənclik şeiri
Həsrətindən neyə dönən qarğıyam,
Sığal barmaqların qoymur ağrıyam.
Dilimin ucunda közüm göynəyir,
Orda sözmü bitər, gəl, ay qoryığan*!
Mən sənə nə deyim, sənə nə deyim...
Elə ki,çox şeyi bilməyi gəlir,
Adamın yıxılıb ölməyi gəlir.
Sevgidən ötəri ölən qızların
sevirəm sözünə gülməyi gəlir!
Mən sənə nə deyim, sənə nə deyim...
Nakam pərvanələr şama yetmədi,
Şərab dodaq nədi, cama yetmədi.
Füzuli ahından yandı fələklər,
Heç onun aşiqi kama yetmədi.
Mən sənə nə deyim, sənə nə deyim...
Buludun qar,dolu, yağış dilləri,
Xalının rənglənmiş naxış dilləri.
Kipriyinmi batdı qələm əvəzi,
Kor olub gözlərin baxış dilləri,
Mən sənə nə deyim, sənə nə deyim...
Gizli sevdaların xatası yoxdu,
Gülüstandan mənə çatası yoxdu.
Kəlbəcər elindən Xaqani adda
Yaradanın sənə butası yoxdu.
Mən sənə nə deyim,sənə nə deyim...
Qeyd:qoryığan*-közgötürən, maşa
Ayrılıq
Görən niyə qarğıyırıq görəsən,
Eşq sərgisi, qəm xırmanı-ayrılıq!
Olmasaydı sevgi aclıq çəkərdi,
Məhəbbətin dəyirmanı-ayrılıq!
Baxma ki,gözyaşı belə sellənir
Sevda quşu ayrılıqla dənlənır.
Kitablarda qalaqlanır,çinlənir,
Eşq gözəldir, güllü donu-ayrılıq!
Ay Xaqani,nədir səni göynədən...
Dünyanı tutası deyildi dədən.
Döğuldun-Allahdan,öldün-bəndədən,
Əzəli-ayrılıq, sonu-ayrılıq!
Küsmərəm
Gözəl,gözəllərdən gözəl küsməyi,
Gözəl bilirsənsə öyrət, küsmərəm!
Axı küsdürməkdi mənim adətim,
Sənət sağlığına qismət, küsmərəm!
Bulud gəldi yenə göylər qarışdı...
Susuz qalan güllər səni soruşdu.
Elə aşkar küsüb xəlvət barışdıq,
Xəlvət barışarıq,xəlvət küsmərəm!
Ürəyim dağ mehi,nə əsər indi...
Küsmək sənin yarağın,kəsərindi.
Sən dahisən, küsmək şah əsərindi,
Qoy yaşasın incəsənət,küsmərəm!
Dilinə düzülüb qaratikanlar,
Ara gözün sancır,ara-tikanlar.
Ətrafında durub sıra tikanlar,
Azacıq onları seyrəlt,küsmərəm!
Zərif əllər necə usta yay tutur,
Hər gələn ox dincliyimə vay tutur.
Toyqabağı əsəblərə toy tutur,
Xaqanidən toya xələt:-küsmərəm!
1990
Təcnis
Gəlmədin,Kirilin qaibin aldın,
Şahmat taxtasında adı-at yolu!
Xəyal da səmtinə üzükə bilmir,
Çərriyəcək dəvə yolu,at yolu.
Bu ocağa hərdən sevgi at,keçməz...
Mənim ilham köhlənimi at keçməz.
Nə olsun ki,yolların var-atkeçməz!
Mənə gətirmirsə tərgit, at yolu.
Sən sükutu həmdəm seçdin, mən-zili!
Sevənlərin səhra olar mənzili.
Xaqanidən deyilsən at mənzili,
Bir görüşə güman saxla, atyolu!
Təcnis
Gündə yüz yol qarşılaşaq,görüşək,
Hər vaxt mənim üçün göydəndüşməsən!
Qanadlı söz tapsam uçub gələrəm,
Sənə deməmişəm, göydən düşmə sən!
Sübhəasılantək sənin acın-dan,
Acıgörməz acı verir-acın dan!
Vallah çöl quşları ölər acında
sünbül dimdiyindən göy dən, düşməsən...
Həsrət bitən eşq çölündə görüş ək...
Əvvəl bulud ürəyinlə görüş,ək!
Aşiq Xaqaniylə çətin görüşək,
Mən-ağıldan,sənsə-göydən düşməsən...
"Şair, hökmüdarın hüzurundasan!"
Səməd Vurğuna
Qara zamanların udduğu ləlsən,
Millət istəyir ki,şairi ölsün!
Dağın nə vecinə, ceyran nə bilsin,
Şair,hökmüdarın hüzurundasan...
Şairdən məddahlıq uman hökmüdar,
Bilir ki, söyülür həmən hökmüdar.
Bir hökmüdar da var-zaman hökmüdar,
Şairim,zamanın hüzurundasan!
Şair arzusuyla çiçək açan dan,
Şahın qılıncında çiçək açar qan.
Bunu yaxşı bilən olmaz Qacardan,-
"Şair,hökmüdarın hüzurundasan!"
Gözəlim sevginin mənası odur,
İllərə bəs edər istisi,odu.
Sən beş-on günlüksən, əbədi odu:-
Hökmüdar, şairin hüzurundasan!
Ov tüfəngin kimi ilhamın zağlı,
Sənə layiq oldu hər iki oğlun.
Şairim,bizlərdən nə kəsir ağlın?
Axı sən Allahın hüzurundasan!
Əziz dostum, sevdiyim şair Qəşəm Nəcəfzadəyə
Çiçək-yazın hənirtisidir,
Yaz-tumurcuğun.
Məktub-qızın hənirtisidir,
Qız-sevginin...
Buzun hənirtisi-donub,
Külün hənirtisi-yanıb,
Payızın hənirtisi-solub.
Keçmişin hənirtisi-xatirələrdir.
Şeir-şairin hənirtisidi,
Şair-vətənin.
Vətən-onu qoruyanların.
Tüfəngin hənirtisi-güllə,
Kürəyindən gəlməsin,VƏTƏN!
Gözlər
Yamacda-çiçəyi,göydə-ulduzu,
Əlim çatmayanı göz dərib,gözlər.
Gəl,öpüm gözündən ay qara oğlan!
Nə qədər mənalı göz görüb gözlər...
Alınan canlardır,verilən buta!
Kiprik qovuşdurar,sanmayın yata...
Hamı doğma gəzir əlindən tuta,
Görəsən nədəndi, göz qərib gözlər!
Gözlərin soyuğu-balıq gözüdü!
Sevgimiz-tutmayan calaq gözüdü!
O qızın gözləri-bulaq gözüdü,
Suyunu Xaqani göndərib,gözlər!
Yazı ölümdü, ölümdü
Burax gedim yol,amandı!
Dünya mənlə əl amandı...
Amansızım, qal amanda
Yazı-olümdü, ölümdü!
Təzədi köhnə bayatı,
Təzdən bişirir boyatı...
Şiti çıxanda həyatın,
Duzu-ölümdü, ölümdü!
İllər yonan,günlər-rəndə,
Rəndələnən dönür qəndə.
Fələyin sonuncu fəndi;-
Tuzu-ölümdü, ölümdü!
Su içində ağac təki
Dərdimi bilmədi həkim.
Ruhum yaman aclıq çəkir,
Ruzi-ölümdü, ölümdü!
Sazaq vurdu, gülü dondu,
İsti vurdu, gülü yandı!
Gözəl dünyam,güllüdonlu,
Nazı-ölümdü, ölümdü!
Hey ötürük özgə simdə,
Bu ədalət özgə kimdə;
Hamı bezir, təkcə bizdən
razı-ölümdü, ölümdü!
Bu gecə
Əzablar içində çırpınan ürək,
Qədəhi çırpılan meyəm bu gecə!
Göyü uçub getmiş torpaq kimiyəm,
Torpağın itirmiş göyəm bu gecə!
Yollar mənə gəlmir, yollar-yalançı!
Sevgi yiyəsiz qız, dünýa halvaçı!
Sevincim çöllərdə qərib dilənçi,
Kədəri fatehəm, bəyəm bu gecə!
Basılmış şəhərəm - qırğınlar, talan...
Keşikçisi satqın, qalası filan!
Qılınclar oxşayan, küləklər çalan,
Sınıq bir tütəyəm, neyəm bu gecə!
Qanadım da yoxdu, necə uçum mən...
Olsa da, özümdən hara qaçım mən.
Elə susuzam mən, elə acam mən,
Bəlkə qəmlərimi yeyəm bu gecə...
Övladı vəfasız vətən kimiyəm!
Vətəni dumanda itən kimiyəm.
Ruhun unutduğu bədən kimiyəm,
Kəfən də tapmıram geyəm bu gecə!
Haqqın dərgahına yol uzaq olur,
Çatmasa yolçu yox, yol yazıq olur.
Göylərə ulayan yalquzaq olur,
Xaqani, qapı var, döyəm bu gecə?
...Nərgiz içində
Məmməd Aslanın ölümünə
Kəlbəcər yerdən çox göydə fırlanır,-
Bənövşə bürcündə, nərgiz bürcündə.
Dağlardan arana yolçu gəlirdi,
Bənövşə-telində, nərgiz-xurcunda.
Naləm-qəmli deyil, ahı-sərxoşam,
Heyrətim-dəlidi, "bah"ı sərxoşam.
Göz dodaq olandan ruhu sərxoşam,
Bənövşə içəndə, nərgiz içəndə...
Qışda çiçəklədin, bu zor içində...
Yaşadın ömrünü qürur içində.
Narahat yaşadın, yat nur içində,
bənövşə içində, nərgiz içində..
Laçın qayasından bir duman keçir,
Tərtər yanar, buz bulaqdan su içir.
Hər şair dünyadan bir çəmən köçür,
bənövşə köçəndə, nərgiz köçəndə...
Ürəyim yarıyıb, ağlımı ağla!
Xəqani, yolları bağlını ağla!
Təkcə Məmməd üçün ağlama, ağla
Bənövşə üçün də, nərgiz üçün də.
Mansır bulağı
Qoçdaşda çağlayan Mansır bulağı,
İmanı yanandan pis yanıram, gəl!
Sən-axdın, mən-baxdım,qovuşammadıq,
Dəli yellər kimi əs, yanıram, gəl!
Hər içdikcə zəhər kimi dərmanı,
Ürəyimə boşaldırlar qırmanı.
Çoxdan yollamışam qərib durnanı,
Gəlib demədimi bəs, yanıram, gəl!
Yanar günəş,yanar ocaq,yanar şam,
Biri-həyat, biri-xəyal, biri-tam!
Elə bilmə adam kimi yanıram,
Od alıb indi də səs, yanıram, gəl!
Xəqani HƏBİBOĞLU
Kəlbəcər
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar