Xəbər lenti
"Mən şeir yazanda əlim qabarır- qayanı çapıram, daş çıxardıram" -Əlövsət Saldaş /ŞEİRLƏR
Manevr.az Əlövsət Saldaşın şeirlərini oxuculara təqdim edir:
ÇIXARDIRAM
Altmışımda gəlib ağıl üstümə,
Damağım yarılıb, diş çıxardıram.
Gün doğub təzədən mağıl üstümə,
Çilləm yol üstədir-qış çıxardıram.
Dodağım çatdıyır, dilim qabarır,
Sahilləri yuyur - selim qabarır.
Mən şeir yazanda əlim qabarır-
Qayanı çapıram, daş çıxardıram.
Bəxtin qızdırması,donvurması var,
Hərdən olanımı sovurması var.
Kişmişi yerində, qovurması var,
Süfrəmə layıqli aş çıxardıram.
Gəldim, bu dünyanın dərdim dərdini,
Dərdim, ürəyimə verdim dərdini.
Dərdimnən ziyada gördüm dərdini,
Qəlbim qan ağlayır- yaş çıxardıram.
Bu qədər qəzəbin, kinin içində,
Birim kara gəlməz minin içində.
Bu qədər şeytanın, cinin içində,
Mənəm ki,birtəhər baş çıxardıram.
05.02. 2017.
***
Ay batar, Gün doğar bu Yer üzündə,
Mənim zülmətimin səhəri gəlməz.
Neynim- necəliyim?-çarpar ürəyim,
Çapıb- harayıma kəhərim gəlməz.
Bilmirəm bağımda hansı fəsildi,
Onu bilirəm ki, gələn nəs ildi.
Dəhnəsin sel yudu, suyu kəsildi,
Ağacım quruyar, bəhərim gəlməz.
Qalmayıb deməli sözüm dağlara,
Həsrətnən baxıram üzü dağlara.
Baş alıb gedərəm bizim dağlara,
Ardımca bir kəsim-nəfərim gəlməz.
Şeir də yazmadım nar ağacıma,
Qoca çinarıma, qarağacıma...
Gedib sarılaram dar ağacıma,
Özümü asmağa hünərim gəlməz.
Dünyanın bəxtəvər adamı məndim,
Əfsus, bəxtəvərlik taxtından endim.
Qalam, bürcüm idi balaca kəndim,
Gecələr yuxuma şəhərim gəlməz...
02. 02. 2017.
NƏSƏ VAR
Ha tələsdim, elə zaman uzandı,
Nə etməli, qismət Tanrı yazandı.
Bu həsrətin yolu yaman uzandı,
Deyirlər ki, bizdən sizə kəsə var.
Düz gəlmədi,yenə saydım onacan,
Az qalıb ki, buz bağlaya, dona can.
Varaqlanıb, oxunmadıq sonacan,
Aramızda gizli qalan nəsə var....
Mənə yağan sən tərəfə yağırsa,
Dözək gərək, ömrün yükü ağırsa.
Dirçələrəm, son nəfəsdə çağırsa,
Son umudum bir kövrəlmiş səsə var.
Bu dağlara tab gətiridi, dağdı can,
Nəfəs alır, nəfəs verir, sağdı can.
Mənim sənə verəcəyim nağdı can,
Sənin mənə qıyacağın busə var.
Ağ sinədən bircə ovuc qar gətir,
Yerin billəm,quzeydədi, var, gətir.
Əlövsətə dərman üçün nar gətir,
Qurumaz ki,dilin dinib desə,- var.
14.03.2016.
HƏRDƏN
Bükürəm,siqartək cana çəkirəm,
Beləcə yarıyır dərd işə hərdən.
Başqa cür başımı qata bilmirəm,
Uyuram zərərli vərdişə hərdən.
Xəbərim olmadı, aldandım yedim,
Suçum var,danmıram,olanı dedim.
Bəlkə mələklərlə qol- boyun idim,
Haram toxumasam gər dişə hərdən.
Müqəssir oluram hər divanında,
Pambıqla baş kəsir şər divanında.
Gör, kimi qaldırır nərdivanında?!
Məəttəl qalıram gərdişə hərdən.
BELƏCƏ KEÇDİ
Qurumaq bilmədi gözümün suyu,
Ağrı məni tapdı, qəm məni seçdi.
Biraz da uzandı dərdimin boyu,
Bir il də ömrümdən beləcə keçdi.
Qopmadı yaxamdan əli həsrətin,
Əli çox uzunmuş, bəli, həsrətin.
Oynadım nazıynan dəli həsrətin,
Bir il də ömrümdən beləcə keçdi.
Eləcə sərkərdan baş dolandırdım,
Dolandım, başımı çaş dolandırdım.
Bir il də şələmdə daş dolandırdım,
Bir il də ömrümdən beləcə keçdi.
Varlığım göynədi yara içində,
Yüz dəfə çəkildim dara,-içində...
Ağ günün tapmadım qara içində,
Bir il də ömrümdən beləcə keçdi.
Nə bir qərar tutdum,nə də kiridim,
Çölüm buza döndü, içdən əridim.
Əlövsət, Kəlbəcər deyib, ləlidim,
Bir il də ömrümdən beləcə keçdi.
01.01. 2016.
QOŞMA
Sənsiz günlər ürəyimə qəm ələr,
Hanı sinən, başı qoyam, dincələm.
Nadinc olsam,kəssin məni qəmələr,
Yüzil qala toxunmaram, dincələm.
Heç boynuma dolanmadı qolların,
Ahı sönməz mənim kimi qulların.
Harda qaldın, uzaq oldu yolların,
Necə qıydın həsrətindən incələm.
Nə vədəmdı,buza dönüm,soyuyum,
İstəyirsən, gəl bağrımı oy, uyum.
Layla denən, dizin üstə uyuyum,
Oyat məni, de, zavallı, dincəl, ....!
Pəncərəmi narın döyə yağış da,
Ölüb gedəm xumarlanmış baxışda.
Arzudu də, gülüm, məni bağışda,
Çin olmaz ki,mən taleyi cəncələm.
Sonra deyəm,- gecə kimi əri,get!
Sızıldasın Əlövsətin, kiri, get!
Sevinc, fərəh sənin olsun,yeri get!
Mənə qalsın dəli fəryad, dinc ələm.
ÇIRPINIR
Sudan çıxarılmış balıq kimiyəm,
Elə bil, varlığım torda çırpınır.
Ah üstə köklənmiş kaman simiyəm,
Ürəyim can atır Yurda, çırpınır...
Qəlbimi oxlayan bir dəli çərdi,
Namərd elədilər bu qədər mərdi.
Dirisin göynədir Kəlbəcər dərdi,
Ölüsü məzarda-gorda çırpınır.
Gəldilər alışıb-yanalar burda,
Səssiz hiçqırıqlar can alar burda.
Yolur saçlarını Analar burda,
Verib balasını qurda, çırpınır...
Ömür yaşamıram, il əridirəm,
Sinəmdə göynəyən dərd kiridirəm,
Hələ qəriblikdə can çürüdürəm,
Ruhum əsir düşüb, orda çırpınır.
Gözlərim qalıbdı ağlar, bilirmi,
Nisgili içimdə tağlar, bilirmi,
Əlövsət, görəsən dağlar bilirmi,
Bir şair balası burda çırpınır?!
27.11.2014.
Bu şeirim 1979- cu ildə yazılıb. 1980- ci ildə o zaman Kəlbəcərdə nəşr olunan "Yenilik" qəzetində Əli Qurban Dastançının və 1983-cü ildə Məmməd Aslanın təqdimatı ilə "Azərbaycan müəllimi" qəzetində dərc olunub. 2002 və 2009-cu illərdə çap olunmuş kitabıma daxildir. İlk mətbu şeirimdir. 1984-cü ildə şeir şair Məmmədhüseynin tapılmış şeiri kimi "Sovet Ermənistanı" qəzetində dərc olunub və eşitdiyimə görə, mərhumun kitabına da daxil edilib.
ÜÇÜN
Füf..elə, qoy sönsün, söndürmək asan,
Kəramətin varmı qalamaq üçün.
Gül kimi ətir saç, təravətli ol,
Yaşama tikantək dalamaq üçün.
Bir düşün nə deyər yaxınım, yadım,
Şər ilə, şeytanla çəkilmə, adım!
Həmişə dost gəzdim, dost soraqladım,
Qolumu boynuna dolamaq üçün.
Kimi haqqı danır görürsən birdən,
Kimi baş çıxarır min cürə sirdən.
Axmaq ziynət vurur özünə zərdən,
Yaltaq quyruq taxır bulamaq üçün.
İrişir üzünə, arxadan vurur,
Gəzir el içində, elə şax durur...
Yüz əməl törədir, min kələk qurur,
Yaxşını yamana calamaq üşün.
Toxgöz aclığını bəyan eyləməz,
Kimsəyə əl açmaz, yoldan əyləməz.
Acgöz tox olsa da "toxam"söyləməz,
Gözü sini güdər yalamaq üçün.
Əlövsət, de, nadan eşitsin barı,
Dünyada qalacaq dünyanın varı.
Qartal havalanar zirvəyə sarı,
Bayquş viran gəzər ulamaq üçün.
1979, Kəlbəcər r. Çərəkdar k.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar