Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Tale də bir naxışdır... ancaq...

Tarix: 15-01-2017 20:14     Baxış: 8362 A- / A+
Tale də bir naxışdır...

Öz mehriban təbəssümü, istiqanlı, səmimi söhbəti ilə cəlb etdi məni. Bir qədər söhbətdən sonra “qarabağlısınızmı?” soruşdum. “Nədən bildin, qadan alım?” sualıma sualla cavab verdi. “Danışığınızdan, ana. Bir də tez-tez köks ötürməyinizdən”-dedim.

Gözləri bir nöqtəyə dikildi, xəyallar, kim bilir, haralara apardı onu. Pərişan ağ telləri, üzündə illərin açdığı çarpaz naxışlar onun haqqında çox şeylər deyirdi. Ancaq düşündüm ki, bunların hamısından doğrusunu özü deyəcək Əfruz ananın.

Sizə haqqında söhbət açmaq istədiyim insan Əfruz Ələkbər qızı Əliyevadır. 1937-ci ildə Azərbaycanın Ağdam bölgəsinin Xındırıstan kəndində doğulub. O Xındırıstanda ki, əvvəl Qasım bəy Zakir əsərlərində oxumuşuq barəsində. Sovet dövründə Sosialist Əməyi qəhrəmanı İldırım Cəfərov şöhrətləndirib bu kəndi. Ancaq Xındırıstanı tanıdanlar bununla bitdimi? Xeyr. Yuxarıda adı çəkilən Əfruz ana da belə qəhrəmanlardandır.

Niskili gözlərindən oxunur. Onun “ömür kitabı”nı varaqlayırıq. Söhbətə belə başlayır:

-Qızım, mən peşəkar xalçaçıyam. Hələ uşaqlıqdan bu sənətə marağım böyük idi. Həmişə evdə, qonşuda hana qurulanda toy-bayram olurdu mənim üçün. Xüsusilə də nənəm xalı toxuyanda yanından bir an çəkilmirdim.

Köks ötürür...

-Deyirsiz ki, uşaqlıqdan bu peşənin vurğunusunuz. Bəs neçə yaşından bu peşəyə ömürlük bağlandınız?-deyə maraqlanıram.

Axı, hamıya yaxşı məlumdur ki, keçən əsrin 60-70-ci illərində oxumaq, ali təhsil almaq dəb halını almışdı. Əfruz ananın dediklərindən məlum olur ki, o, erkən yaşlarından peşəkar xalçaçı olmağı qərara alıb. Bu sənətə olan həvəs onu Ağdam rayonu 50 saylı texniki-peşə məktəbinə gətirir. Əmək fəaliyyətini 1970-ci ildən II dərəcəli xalçaçı kimi davam etdirir. Çalışdığı Azərxalça İstehsalat Birliyində daim hörmətlə qarşılanır Əfruz Əliyeva. Elə həmin illərdə toxuduğu “Qasımuşağı” çeşnili xalı Xalq Təsəttüfatı Nailiyyətləri Sərgisinə göndərilir. Bu hadisə onu yeni uğurlara ruhlandırır. Kollektiv bir tərəfdən qədim xalçaçılıq sənətimizi yaşadırsa, digər tərəfdən onu Almaniya, İngiltərə, Fransa və başqa ölkələrdə tanıdır. Bu həm də ona görə mümkün olur ki, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev 1969-cu ildə respublika rəhbərliyinə gəldikdə “Azərbaycan brendi” olan xalılarımızın üzərinə “Azərbaycan xalısı” sözlərini yazdırır.

Əfruz Əliyeva əvvəl sıravi xalçaçı, sonra isə sex rəisi kimi fəaliyyət göstərir. Özü: “20 il xalçaçı, 17 il sex rəisi işlədim. Bir adama nə mərdimazarlıq etmədim, nə də kollektivdən pis münasibət görmədim,-deyir.

Onun namuslu, halal əməyi o dövrkü rayon və respublika rəhbərliyinin də diqqətində olmuşdur. Elə buna görə gənc yaşlarında XI və XII çağırış Rayon Zəhmətkeş deputatları sovetinə nümayəndə seçilmişdir.

Söhbət əsnasında onu da öyrəndim ki, Əfruz ana 1978-ci ildə, yəni , 41 yaşında tam orta təhsil almaq üçün axşam məktəbinə qatılmış və iki il sonra həmin məktəbi bitirmişdir. “Buna ehtiyac var idimi?” soruşduqda , “axı, deputatlar arasında hər yerdən nümayəndələr var idi. Mən də Azərbaycanı layiqincə təmsil etmək istəyirdim” deyir Əfruz ana.

Həyatını bağladığı kollektivin uğurları ildən-ilə artır. Şübhəsiz ki, bu irəliləyişlərdə Ə. Əliyevanın da payı az deyildi. Belə vicdanlı çalışqanlığı ona bir çox fəxri fərman və dövlət təltifləri qazandırmışdır.

İlk “Təşəkkürnamə”sini 1964-cü ildə komsomol təşkilatından alır və bu axarıncı olur. Daha sonra 1971-ci ildə “Şərəf nişanı” ordeni ilə təltif olunur. Əməyinə verilmiş yüksək dəyər onu ruh yüksəkliyi ilə çalışmağa sövq edir. 1973-cü il 15 dekabr tarixində IX beşilliyin III ilinin planını vaxtından əvvəl yerinə yetirdiyi üçün daha bir “Təşəkkürnamə”yə layiq görülür. Sonra bir-birinin ardınca 1973-cü ildə çalışdığı sahədə əldə etdiyi əmək nailiyyətlərinə görə “1973-cü il sosialist yarışmasının qalibi” nişanı və V.İ.Leninin 100 illiyi münasibətilə təsis olunmuş “Şərəfli Əməyə görə” yubiley medalı ilə təltif olunur. Dəfələrlə qəzet və jurnallarda onun haqqında yazılar çap olunur.
Radio müxbirləri ondan müsahibələr alırlar. Adı ən yüksək tribunalardan səslənir bu qəhrəman Azərbaycan qızının. Uzunmüddətli səmərəli əməyi 1987-ci ildə ona “Əmək veteranı” medalı qazandırır. Və...


Tale də bir naxışdır...

Başlayan Qarabağ müharibəsi insanlarımız kimi xalılarımızı da dərbədər salır öz yerindən-yurdundan. Məlum hadisələr başlayanda Ağdamın işğal olunan anınadək doğma sənəti ilə məşğul olur Əfruz ana. Qaçqınlıq həyatı başlayır xalılarımızın, lap Əfruz ana və minlərlə soydaşımız kimi.

1993-cü ildə ailəliklə Bərdəyə köçməyə məcbur olurlar. Burada müəssisənin direktoru Aybəniz Cəfərova ilə birgə müəssisəni dirçəltmək, yenidən xalçaçılıq işinə başlamaq istəyirlər. Ancaq heç yerdən dəstək ala

bilmədikləri üçün tezliklə bu fikirdən əl çəkirlər. Əfruz ana və ailəsi 1994-cü ildən bugünədək Bakı şəhərinin Xətai rayonunda qaçqın həyatı yaşayır. 2000-ci ildə ömür-gün yoldaşı Ələkbərov Sabir Teymur oğlu dünyasını dəyişir. “Dərd ortağı”nı itirmiş Əfruzə ananın yeni qaysaq bağlamağa başlayan yarası 2014-cü ildə oğlunun ölümü ilə təzələnir.

İndi Əfruz ana qızı, üç nəvəsi ilə birgə Əhmədli qəsəbəsi Mehmandarov küçəsində yad bir adamın evinə sığınıb. Heç bir şəraiti olmayan, uçuq-sökük iki otağa...


Doğrusu, onunla söhbət zamanı hiss etdim ki, keçən xoşbəxt günlər ona sehrli nağıl kimi görünür. Adətən, belə nağılların sonu optimist notlarla qurtqrır. Təəssüf ki, “Əfruz nağılı” kədərlə bitir: qaçqınlıq, imkansızlıq və ümidsizliklə!

Məncə, bütün həyatını Azərbaycan naminə yaşamış, fərqi yoxdur sovet və ya müstəqil adlansın, belə qəhrəmanlar hər cür diqqətə, qayğıya layiq insanlardır. Ümid edək ki, bu gözləntilərimiz yaxın zamanlarda təsdiqini tapacaq.

Nailə Mirzə,
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar