Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ocaqlarımızın hərarəti -MÜSABHİBƏ

Tarix: 08-01-2017 09:41     Baxış: 1344 A- / A+
Ocaqlarımızın hərarəti


İstirahət dedikdə fikrimizdən nələr keçmir? Kimi özünü Türkiyənin Antaliya bölgəsində qızmar günəşin isitdiyi qumların üstündə, mavi dənizin qoynunda təsvir edir. Kimimizin ürəyindən Ukrayna, Karpat dağlarının ətəklərindəki buz bulaqlar keçir. Bir az imkanlılar isə daha irəli gedərək mövsümi istirahətə üstünlük verirlər. Əlbəttə, qış aylarında Bakının soyuq küləyindən Ərəb Əmirliyindən başqa hara getmək olar ki? Doğrudur, istək və imkan olduqdan sonra insanın ürəyindən heç görmədiyi, təbiətinə bələd olmadığı, insanları ilə ilk dəfə qarşılaşacağı ölkələrə səyahət etmək keçir.


Xəyal insanı uzaqlara, tanış olmadığı, görmədiyi yerləri ziyarətə sövq edir. Bu səyahətlərdən bir qısmi sırf istirahət məqsədi daşıdığı halda, digər qismi müxtəlif ölkələrdə yerləşən dini mərkəzləri görmək istəyindən irəli gəlir. Yuxarıda dediyimiz olaylar insan arzusunun müəyyən şəklə salınmış ifadəsidir, desək, yanılmarıq. Axı, el içində deyildiyi kimi “heç olmasa ildə bir dəfə havamızı dəyişmək bizim üçün faydalıdır”.

Bütün deyilənlər 100% doğrudur. Gəzmək, görmək, dünyanı tanımaq hamımıza vacibdir. Lakin həyatımızda elə bir yer var ki, ora bizim həm Məkkə, həm Vatikan, həm də Yerusəlim hesab edəcəyimiz bir yerdir. Ən çətin işlərin öhdəsindən gələndə, yaxud hansısa bir işi bacarmayanda, pərt olduğumuz anda tez ora çatmağa çalışırıq. Ora çatıb içəri daxil olanda, sanki canımızdakı bütün yorğunluqlar çıxır, ən doğma insanlarla görüşür, həm sevincimizi, həm də kədərimizi bölüşürük. İnsan özünü , sanki qorunan bir ərazidə, qalada hiss edir. Şübhəsiz ki, bu yerin hara olduğunu yəqin ki, bildiniz. Sizinlə tamamilə razıyam. Dünyanın ən sərbəst, ən əmin-aman hissəsi evlərimizdir. Ulularımızın əlləri dəyib, yüz xəyalla tikdikləri və bizim qalamız olan evlərimiz.

Ağsaqqallarımız “mədənyyət yolla başlayır” kəlamını bilərəkdən demişlər. Yol hamar, asfaltlı və döngələri az olmalıdır, lap xəyalımızda və arzularımızda canlandırdığımız, əldə etməyə çalışdığımız istəklərimiz kimi. Həyətlərimiz isə geniş, insanın nəfəs ala biləcəyi ölçüdə nəzərdə tutulur. Bu yaxınlarda oxuduğum “Ağ zanbaqlar ölkəsi” adlı kitabda çox maraqlı, lakin bizim çox məşhur bir kəlamımızın mənasını alt-üst edən ifadəyə rast gəldim.

Biz azərbaycanlılar deyirik: “Əvvəl evin içi, sonra çölü”. Həmin kitabda qeyd olunur ki, “əvvəl evin çölü, sonra içərisi”. Həqiqətən, maraqlı təzaddır. Lakin məqsədimiz Azərbaycan və fin xalqlarının şifahi ədəbiyyatı arasında oxşarlıq, yaxud fərq axtarmaq deyil. Əsas məqsədimiz isti və rahat olan evlərimizi bu istilik və rahatlıqla təmin edən insanlar haqqında danışmaqdır. Özlərinin də dediyi kimi , ən çox işləyən və ən çox danlanan bir sahənin-kommunal sahənin işçiləri haqda.

Bugün sizə ömrünün 30 ilə yaxın bir hissəsini “Azəristiliktəchizat” ASC-nin "Sumqayıtistiliktəchizatı" İdarəsi ilə bağlamış Avtandil Ələsgər oğlu Nuriyev haqda danışmaq istərdim. Onu da deyim ki, Avtandil müəllim çox maraqlı həmsöhbətdir. İlk öncə söhbətimin qəhrəmanı ilə sizləri tanış edim.

Avtandil Ələsgər oğlu Nuriyev 1952-ci ildə Qədim İrəvan mahalının Qafan rayonunun Quşçular kəndində dünyaya gəlib. Bir müddət orada yaşadıqdan sonra Nuriyevlər ailəsi Ermənistan SSR-dən Azərbaycana, daha dəqiq desək, Sumqayıt şəhərinə köçür. 1958-ci ildə, kiçik Avtandilin 6 yaşı olanda Sumqayıt şəhəri 2 saylı orta məktəbə qəbul olunur. Respublikanın Əməkdar müəllimi olan Ələsgər müəllim ailədəki uşaqların ali təhsil almasına böyük önəm verirdi. 1968-ci ildə məktəbi müvəffəqiyyətlə bitirən Avtandil arzularının dalınca gedir. İki ali təhsil alır. Ancaq özünün də dediyi kimi Azərbaycan Neft və Kİmya İnstitutu onun sonrakı əmək yolunun müəyyənləşməsində böyük rol oynayır. Avtandil Nuriyev tam 25 ildir ki, Sumqayıt şəhərində yaşayan sakinlərin “itsi ocaq”larının keşiyində durur.

Çoxiqlimli bir qurşaqda yerləşən Azərbaycan bütün dünyada “küləklər ölkəsi” kimi tanınır. Daima ləpəli olan şıltaq Xəzər öz xəzrisi ilə yayda sərinlik, qışda isə soyuq gətirir vətənimizə. Əgər Sumqayıtın da Xəzərin sahilində yerləşdiyini nəzərə alsaq, vəziyyət tam aydınlığı ilə gözümüz önündə canlanacaq. Avtandil müəllim belə bir şəhərin istilik sisteminin daim işlək vəziyyətdə olmasına məsul olan bir şəxsdir.

Demək istəyirəm ki, söhbətə hər ikimiz üçün doğma olan tarixi türk torpağı-Qərbi Azərbaycan, onun əsrarəngiz təbiəti, zəhmətkeş insanları, Azərbaycan tarixində o torpağın yetirməsi olan məşhur elm və ictimai xadimlər haqda başladıq. Öz uşaqlıq xatirələrini varaqlayan Avtandil müəllim o yerlər haqqında ürək yanğısı ilə danışdı. Onu dinlədikcə mənim də uşaqlıq və yeniyetməlik illərim yadıma düşdü. O yerləri bir də görmək, çöllərin yovşan qoxulu havasını ciyərlərimə çəkmək istədim mən də. Təəssüf… Nə etmək olar? Bu da belə bir zamandır. Nəhayət, mətləb üstə gəldik. Avtandil müəllimə ünvanladığım ilk sual belə oldu:

-Avtandil müəllim, bu sahə ilə ömür-gün bağlılığınız nə vaxtdan başlayıb?

-Tam 25 ildir ki, bu sahədə çalışıram. Mənim 65 illik həyatımın 60 ili bu şəhərlə bağlıdır. Heç vaxt başqa bir yerdə yaşaya biləcəyimi fikrimdən belə keçirməmişəm. İşlədiyim, rəhbərlik etdiyim bu sahə çox məsuliyyət və diqqət tələb edir. Çünki mən bilirəm ki, insanların rahatlığı birbaşa bu sahə ilə sıx bağlıdır.

-Nə zamansa başqa sahə üzrə işləmək haqda düşünmüsünüzmü?

-Əsla. Doğrusu işin ağırlığı, məsuliyyəti o qədər çoxdur ki, mövsüm vaxtı başqa şeylər haqda düşünməyə vaxt belə olmur. Bir də ki, axı biz insanların yaşayışının, rahat yaşayışının qayğısına qalırıq. Bu işdə qayğı və cavabdehlik əsasdır. Axı, yüzlərlə abonentin istirahəti söz konusudur. Belə bir iş canıyananlıq tələb edir. Həm də mən bu illərdə çox şey: müharibə, qıtlıq, müəyyən dövrdə rəhbərlikdə məsuliyyətsizlik də görmüşəm. Və onların yaratdığı çətinliklərin şahidi olmuşam. Düzdür, 80-90-cı illərdə çətinliklər daha çox idi. Amma bunların heç biri məni bu sahədən soyutmadı. Əksinə, vəziyyətin çətinliyi daha da bağladı məni bu sahəyə.

-Sumqayıt şəhəri, sözün həqiqi mənasında günü-gündən gözəlləşir, böyüyür. Məncə, belə şəraitdə işləmək özü bir həzz olmalıdır insan üçün.

-Tamamilə razıyam. Şəhərimizdə sürətli quruculuq işləri gedir. Ölkə prezidentinin Sumqayıt şəhərinə göstərdiyi diqqət və qayğı öz bəhrəsini verir. 2015-ci ilin sentyabrından Sumqayıta təyin olunmuş Zakir Fərəcov şəhərin abadlaşdırılması və yenidən qurulması üçün yorulmadan çalışmaqdadır. Yeni parklar salınır, köhnələr təmir olunaraq yaxşı vəziyyətə gətirilir. Keyfiyyətli yaşayış binaları inşa olunur. Təbii ki, bu tikintilər içərisində İstilik təsərrüfatının yeni qazanxanaları və ötürücüləri də var. Onu da deyim ki, şəhərin böyük bir hissəsi 15 noyabr tarixindən fasiləsiz istiliklə təmin olunmaqdadır.

-Bakıdan sonra respublikamızın ikinci böyük şəhəri olan Sumqayıtda, səhv etmirəmsə, 18 mikrorayon vardır. Bu mikrorayonların istiliklə təchizatı nə vəziyyətdədir? Qısa bir arayış vermənizi istərdim.

-Həqiqətən, şəhərimiz böyüyür və gözəlləşir. Və insanlar işdən, ezamiyyətdən evə dönərkən isti bir ocaq arzusu ilə açırlar qapılarını. Biz də onların bu arzularını reallaşdırmaq üçün çalışırıq. Bir halda ki, 18-ci mikrorayondan bəhs etdiniz, elə mən də arayışı oradan başlamaq istərdim. Diqqətinizə çatdırım ki, təkcə bu massivdə 44 yaşayış binası, 2 məktəb, 4 bağça var. Bu sadaladığım obyektlər fasiləsiz istiliklə təmin olunur. Ancaq 20 bina yeni qazanxananın tikilib təhvil verilməsini gözləyir. Daha sonra 17-ci mikrorayonda 59 yaşayış binası, 4 məktəb və bağça 3 qazanxana vasitəsilə daimi istiliklə təmin olunur. Təbii ki, digər mikrorayonlarda da istilik təsərrüfatı idarəsinin fəaliyyəti nəzərəçarpacaq dərəcədə, mən deyərdim ki, qənaətbəxşdir. Daha sonra 3-cü mikrorayonda 27 yaşayış, 2 məktəb, 2 bağça, təcili yardım stansiyasının binaları bütünlüklə istiliklə təmin olunur və daim həm mənim,
həm də işçilərimizin nəzarətindədir. 5-ci mikrorayonda 35 yaşayış, 2 məktəb, bir bağça, eyni zamanda 29-cu məhəllədə 14 yaşayış, bir məktəb istiliklə tam təmin olunmuşdur.

-Avtandil müəllim, bunlar həqiqətən, böyük göstəricilərdir.

-Demək istəyirəm ki, Z. Tağıyev qəsəbəsi də bizim təsərrüfat idarəsinin balansındadır. Orada 17 yaşayış, 3 məktəb, 3 bağça, xəstəxana, təcili tibbi yardım binaları da tərəfimizdən fasiləsiz istiliklə təmin olunmaqdadır.

-Sadaladıqlarınız, həqiqətən, şəhərdə həm quruculuq, həm də İstilik Təsərrüfatı sahəsində aparılan böyük islahatlardan xəbər verir.

-Onu əlavə edim ki, hal-hazırda 240 yaşayış, 30 məktəb, 16 bağça, 17 səhiyyə ocağı və müxtəlif sahələrə aid olan 20 müəssisə binası fasiləsiz olaraq istiliklə təmin olunur.

-Avtandil müəllim, yerləşdiyiniz binanı çox çətinliklə tapdım. Hətta əvvəl səhv gəldiyimi düşündüm. Lakin yerli camaatın bələdçiliyi ilə hər şey yoluna düşdü. Nədən bu qədər böyük işlər görən bir idarə, sadəcə, iki kiçik otağa “sığınıb?”. Sizin neçə əməkdaşınız var?

-Bilirsiz, ilk öncə ondan başlayım ki, 1993-cü ildə mən işə başlayanda gördüyünüz bu bina İstilik Təsərrüfatı müəssisəsinə aid idi. O zaman 80-ə yaxın işçimiz var idi. Ancaq Qarabağ müharibəsi nəticəsində Qubadlıdan, öz ata-baba yurdlarından qaçqın düşmüş dinc adamlar binanı məcburiyyət üzündən “zəbt” etdilər. Və o zamandan həmvətənlərimizin güzəranını yaxşılaşdırmaq üçün belə bir işə razılaşdıq. Ancaq sonra cənab Prezidentin fərmanı ilə qaçqın və məcburi köçkünlər üçün hər şəraiti olan qəsəbələr salınmışdır. İnanırıq ki, tezliklə Qubadlı rayonu düşməndən azad olacaq, məcburi köçkünlər də lazımi yaşayış sahəsi ilə təmin olunacaq və bu qədər gərgin işlərin öhdəsindən gəlməyə çalışan bir müəssisənin ərazisi yenidən özünə qaytarılacaq.

Təbii ki, biz də belə düşünürük ki, binada məskunlaşmış qaçqınlar ya öz torpaqlarına, ya da onlar üçün dövlət tərəfndən tikilmiş binalara yerləşdirilməlidir. Çünki belə bir vəziyyətdə çalışan, 2016-cı ildə sayı 34 nəfər göstərilən İstilik Təsərrüfatı idarəsindən geniş miqyaslı iş tələb etmək mümkün olmayacaq. Mən öz tərəfimdən və çalışdığım Sumqayitfakt.Az kollektivi tərəfindən əminliklə deyə bilərəm ki, bu müəssisənin, demək olar ki, binası yox dərəcəsindədir. Şəhər rəhbərliyindən isə bu işə bir əncam çəkilməsini xahiş edirik.

-Avtandil müəllim, yuxarıda sadaladığınız işlər böyük işlərdir. Mənə maraqlı olan onların yerinə yetirilməsi müddətidir. Dedikləriniz neçə ilin nəticəsidir?

-Sizin də dediyiniz kimi əldə olunmuş bu uğurlar 2005-ci ildən bugünə qədər olan fasiləsiz əməyin nəticəsidir. Tək onu demək istəyirəm ki, bu müddət ərzində 23 qazanxana tikilib istifadəyə verilmişdir ki, bugün şəhərin böyük bir hissəsinin istiliklə təmin olunması onların hesabına başa gəlir.

-Sizin də dediyiniz kimi hələ qarşıda sizi çox işlər gözləyir. Gələcək planlarınız haqda nə deyərdiniz?

-Deyərdim ki, hazırkı dövrə qədər əldə etdiklərimiz işin başlanğıcıdır. Hələ qarşıda şəhərin istiliklə təmin olunmayan böyük bir hissəsi durur. Təbii ki, qarşıdan gələn 2017-ci ildə bu binaların da istiliklə təmin olunması üçün əlimizdən gələni edəcəyik.

-Avtandil müəllim. Göründüyü kimi bütün dünyanı çulğamış böhran Azərbaycanda da yavaş-yavaş özünü göstərməkdədir. Sizcə, bu qarşıda duran planların yerinə yetirilməsini əngəlləmiyəcək ki?

-Düşünürəm ki, biz bunu bir o qədər də hiss etməyəcəyik. Çünki respublikamızda şəhər və bölgələrin inkişafı ilə bağlı dövlət proqramı qəbul olunmuşdur. Və hər vəchlə əhalinin kommunal şəraitinin yaxşılaşdırılması üçün büdcədən maliyyə vəsaiti ayrılacaqdır. Bunu tam əminliklə söyləyirəm.

-Avtandil müəllim, söhbətimizin əvvəlində belə bir söz işlətdiz: “Biz ən çox işləyən və ən çox danlanan insanlarıq. Bizim işimiz hamıya kiçik görünsə də, ən məsuliyyətli və ən lazımlı işlərdəndir.”. Sizinlə tam razıyam. Çünki müasir dünyada qohumluq münasibətlərinin belə soyuduğu bir zamanda həm evimizdə, həm də cəmiyyətdə istiliyə böyük ehtiyac var. Siz bu çətin işin öhdəsindən lazımınca gəlir, insanlarımızın isti və rahat həyatının təmin olunmasında var qüvvənizlə çalışırsınız.

Avtandil müəllim, sizi və tabeliyinizdə olan 33 nəfər işçinizi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni -2017-ci il münasibətilə təbrik edirəm. Sizə Sumqayıt şəhərinin quruculuğu işlərində uğurlar diləyirəm.



Nailə Mirzəyeva, filologiya üzrə fəlsəfə doktoru

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar