Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

"15 mart deyəndə ilk yadıma düşən, ağlıma gələn İlqar İlkin olur" - DOST TƏBRİKİ

Tarix: 15-03-2019 17:20     Baxış: 3466 A- / A+
"15 mart deyəndə ilk yadıma düşən, ağlıma gələn İlqar İlkin olur"

İlqar İlkinlə eyni kəndə doğulmuşuq. Gürcüstanda qədim Türk torpaqları olan Qaraçöpdə dünyaya göz açmışıq. Uşaqlığımız da bir yerdə keçib və bu birgəlik bu günə qədər davam edir. Bu gün İlqarın ad günüdür. Artıq uzun illərdir ki, 15 mart deyəndə ilk yada düşən, ilk ağlıma gələn də İlqar İlkin olur.

Bir anlıq gözlərimin önündə uşaqlıq xatirələrim canlanır. Çilik-toxma, beşdaş oynamağımız, məftildən maşın düzəldib sürməyimiz, corabın içinə əski parçalarını yığıb top düzəldib futbol oynamağımız və sonradan ilk dəfə məktəbə getməyimizə qədər bütün uşaqlıq həyatımızı sanki yenidən yaşayıram. Biz üç dost idik. İlqar, mən və Qabil Məmmədov. Çox təəssüflər olsun ki, Qabil hələ çox cavan ikən dünyasını dəyişdi. Necə deyərlər, vaxtsız-vədəsiz sıralarımızı tərk etdi. Məktəbə də bir yerdə getmişik. Dərdimiz, sevincimiz də bir olub. Gələcəklə bağlı düşüncələrimizi, arzularımızı da yalnız bir-birimizlə bölüşmüşük. Bəzən oxuduğmuz kitabları saatlarla müzakirə edirdik. Yaddaşımda o qədər acılı-şirinli xatirələr var ki, bunların hamısını bölüşmək üçün əlbəttə ki, çox zaman lazımdır. Amma bu xatirələrdən bəzilərini yenə də dilə gətirmək istəyirəm.
İlqarın atası, rəhmətlik Bayraməli əmim o zaman Gürcüstanın "Orconikidze" adına sovxozda işləyirdi. Yay fəslində sovxozun fermasının qoyun sürüləri yaylağa köçürülürdü. Bununla bağlı Bayraməli əminin də ailəsi hazırlıqlarını görüb, dağa köçərdi. İlqargilin bu köçü mənə hər dəfə çox pis təsir edirdi. Sanki mənim üçün bütün kənd boşalmış olurdu. Oynamağa, deyib-gülməyə, dərdləşməyə kimsəm olmurdu. Səbirsizliklə payızı, elatın dağdan geri qayıtmağını gözləyərdim ki, mənim də dostum, sirdaşım onlarla birgə geri dönəcək.
Onu da deyim ki, İlqar məndən bir yaş böyükdür və məktəbdə də bir sinif yuxarı oxuyurdu. Bir gün də üçümüz, Qabil, İlqar və mən məktəbə gedirdik. Birdən İlqar bizə dedi ki, mən bir şeir yazmışam. Bu bizə bir qədər qəribə gəldi. İlqar yazdığı şeiri bizə oxumağa başladı. Bugünkü kimi yadımdadır, onu dinləyəndən sonra rəhmətlik Qabil də, mən də dedik ki, biz də şeir yazacağıq. Nə isə, səhəri gün yenidən məktəbə gedəndə biz də öz yazdıqlarımızı oxuduq və razılaşdıq ki, nə mənim, nə də Qabilin yazdığımız şeir deyil. O gündən biz İlqara şair deməyə başladıq.
Sonrakı taleyimiz elə gətirdi ki, əvvəlcə İlqar və Qabil yenə də bir il məndən tez Bakı şəhərinə gəldi və burada 5 saylı kimya-biologiya təmayüllü məktəbə daxil oldu. Yadımdaır, İlqar Bakıdan kəndə gələndə biz onun başına toplaşıb, onu saatlarla şəhər həyatından, metrodan, Bakıdakı məktəb yoldaşlarından, dostlarından danışdırardıq. İlqardan bir il sonra da mən Bakıya gəldim və elə mən də həmin məktəbdə oxudum.
İlqarın anası, rəhmətlik Şahxanım xala hər zaman oğlunu ağ xalatda, yəni həkim görmək istədiyini deyərdi. İlqar da kimya-biologiya təmayüllü məktəbi bitirdikdən sonra sənədlərini Tibb Universitetinə verdi. Amma qismətində yox imiş, qəbul olmadı. Sonralar biz gələcək planlarımızdan danışarkən, İlqar deyərdi ki, mən öz taleyimi cızmışam və mən ədəbiyyat sahəsində inkişaf etmək, öz tövhələrimi vermək istəyirəm. Əslində İlqar elə zatən, təpədən-dırnağa kimi şair idi. Və elə oldu ki, ikinci il o, Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil oldu. O vaxtdan da uşaqlıq dostumuz İlqar artıq sonrakı xatirələrimdə öz yerini şair İlqar İlkinə verdi.
Tələbəlik illərində də biz bir yerdə kirayədə qalırdıq. Yadımdaır, 90-cı illərdə İlqar siqaret çəkən idi, mən isə idmanla məşğul olurdum. Bir gün axşam saatlarında İlqarın siqareti qurtarmışdı. Komendant saatı olduğundan gedib siqaret də ala bilmirdi. Bir də gördüm ki, bir qəzet parçasını büküb-bürmələyib, yandırıb alıb barmaqlarının arasına. Soruşdum ki, bu nədir? Dedi ki, şairin barmaqları arasında siqaret olar...
İlqar İlkin barəsində çox danışmaq olar. Amma hər şeydən öncə İlqar İlkin gözəl insan, əsil ziyalı və istedadlı şairdir. Xatırlayıram ki, təzə-təzə onun şeirləri dövri mətbuatda dərc olunanda İlqar necə sevinir və bu sevincini bizimlə bölüşməyə tələsirdi. Az müddət sonra isə, biz artıq onun kitablarını sevə-sevə oxuyurduq.
Dediyim kimi, bu gün, martın 15-i mənim əziz qardaşımın, uşaqlıq yadiğarımın ad günüdür. Mən onu bu münasibətlə təbrik edirəm, ona uzun ömür, can sağlığı və əlbəttə ki, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
Arzuman Loğmanoğlu

P.S. Manevr.az olaraq dəyərli həmkarımızı təbrik edir, həyatında xoş günlər və yaradıcılığında uğurları diləyirik!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar