Xəbər lenti
Azərbaycanda 100 min manatlıq iti boğuşdurma yarışı başlayır
Xızıda ötən ay it öz sahibinə 50 min manat qazandırıb; “Dizel” adlı köpək rəqibini darmadağın edib.
Azərbaycanda döyüş itlərinin sahibləri böyük bəhsə hazırlaşırlar. İlkin razılığa görə, bəhs bu ilin martında keçiriləcək. Hələlik döyüşün keçiriləcəyi yer konkretləşdirilməyib. Bilinən odur ki, döyüşdən qalib çıxmış it, sahibinə 100 min manat qazandıra biləcək. Mümkündür ki, bu məbləğ 100 min manatı aşsın. Qarşıdakı 2 aya yaxın müddətdə döyüşün keçiriləcəyi yer və mükafat fondu dəqiqləşdirilməlidir.
Dəvə döyüşlərindən it boğuşdurmağa qədər...
“Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, it döyüşünün keçiriləcəyi rayonun adının açıqlanmaması rəsmi qurumların tədbirə mane ola biləcəkləri ehtimalına görə gizli saxlanılır. Azərbaycanda heyvanların arasında döyüşlərin təşkili qədim ənənələrdəndir. Xoruz, hind quşu, dəvə, it döyüşləri əsrlərdir ki, keçirilir. Zaman ötdükcə dəvə döyüşləri sıradan çıxsa da, hind quşlarının döyüşü seyrəlsə də, it və xoruz döyüşlərinə maraq səngiməyib. Qədimlərdə Bakı kəndlərində, xüsusən İpək yolunun keçdiyi məkanlarda Novruz bayramı ərəfəsində dəvə döyüşləri populyar olub. Həmin zamanlarda da döyüşdən qalib çıxan dəvə sahibinə ənam qazandırıb, uduzan dəvə isə kəsilərək tamaşaya toplaşan imkansızlara bitəmənna pay verilib.
80 kiloqramlıq Alabayın sahibi nələri anlatdı?
İt döyüşləri əsrlərdir ki, xüsusi maraqla izlənən ənənələrdəndir. Həmsöhbətimiz də döyüş itinin sahibidir. Deyir, Alabay cinsindən olan itin hazırda 2 yaşı var. Çəkisi 80 kiloqrama çatır.
“Alabay Mərkəzi Asiya çoban itidir. Bu itlər güclü və atletik bədən quruluşludurlar. İri sümükləri, əzələləri var. Alabayın başı böyükdur, ancaq bədəni ilə mütənasibdir. Qulaqları çox qısadır. Başın iki yanında demək olar ki, görünmür. Bu, döyüş iti üçün olduqca vacib xüsusiyyətdir. Çünki istənilən itin ən zəif yeri qulağıdır. Alabay cinsindən olmayan əksər döyüş itlərinin qulağını doğulandan sonra məhz buna görə kəsirlər. Alabayın qulağı anadangəlmə olmur. Quyruğu da çox qısadır. Soyuq qış günlərində sayıqlığını itirməmək, burnunu quyruğu ilə bağlayıb dərin yuxuya getməməsi üçün vacibdir. Alabayın 2 təbəqəli olan tükləri qısa və sıxdır. Geniş şəkildə ağ, qara, boz, açıq qəhvə, qırmızı qəhvə rənglərdə xallı olur. Alabay döyüşçü olmaqla yanaşı, yaxşı bir gözətçi və sürü itidir. Pis xüsusiyyəti də var, torpağı qazmağı sevər. Alabay saxladınsa, ərazinin bombalar partlamış kimi yerə çevriləcəyinə də hazır olmalısan. Gah oranı, gah buranı qazıyıb tökəcək. Bu, itə caynaqlarını bərkitmək, itiləmək üçün vacibdir. Alabay cinsindən olan itin sərt yerdə saxlanılması bu üzdən məsləhət deyil” – deyə adının çəkilməməsi şərti ilə bizə danışan həmsöhbətimiz olduqca maraqlı məlumatlar verir.
İt döyüşləri leqallaşsın!
Deyir ki, Bakı kəndlərində və rayonlarda qış aylarında, xüsusilə Novruz bayramı ərəfəsində belə yarışlar keçirilir. Yayda isə belə yarışlar demək olar ki, baş tutmur. Çünki döyüşlər zamanı itlər ağır yaralar alır. Yayda qızmar günəş yaraların tez bir zamanda sağalmasına mane olur. Odur ki, əsl itbazlar yayda it döyüşdürmür. Qış ayları isə it döyüşləri üçün ideal zaman hesab olunur: “Azərbaycanda hər il belə döyüşlər keçirilir. Hüquq-mühafizə orqanlarının yarışlara müdaxilə edə biləcəyi ehtimalı böyük olduğundan yarış təşkilatçıları döyüşlərin keçirilmə gününü və yerini gizli saxlayır. Biz istəyirik ki, it döyüşləri leqallaşsın. Yer ayırsınlar.
Əgər it döyüşü vəhşilikdirsə, insanla öküzün döyüşünün adı nədir?
Bütün dünya İspaniyada öküzlə insanın döyüşünə tamaşa edir, çox vaxt da öküz insanı tapdayıb öldürür və ya öküz öldürülür. Bu cür döyüşləri birbaşa efirə verirlər, milyonlarla insan da tamaşa edir. Əgər it döyüşü vəhşilikdirsə, insanla öküzün döyüşünün adı nədir? Həm də it döyüşü təkcə Azərbaycanda deyil axı. Türkiyədə, Əfqanıstanda, İranda da it döyüşləri tez-tez keçirilir. Ruslar da bizim kimi it döyüşünü bildiyim qədər qeyri-rəsmi qadağan ediblər, amma nə olsun?”.
Yarım milyon dollarlıq mükafat!
Həmsöhbətimiz bildirir ki, Rusiyada hər il it döyüşləri çempionatı keçirilir. Orada uduş fondu Azərbaycandakından qat-qat böyükdür. Elə vaxt olur ki, 200-300 mindən yarım milyon dollara qədər bəhs pulu olur. Kimin iti uddu, bəxti gətirdi. Təsəvvür elə ki, 1 il itə qulluq eləyirsən, yedizdirib, çimdirib, iynə-dərmanını vurdurursan, qalib olur və yarım milyon dollar səni qabağa salır”.
300 manatdan 3 min manatadək – itin aylıq yemək xərci!
Həmsöhbətimizdən döyüş itinin xərcləri haqda da soruşduq. Öyrəndik ki, belə cins itə sahiblənməkdən əvvəl büdcənizi də düşünməlisiz. Aylıq xərclər 300 manatdan 3 min manata qədər ola bilər: “Adam var ki, Alabayı Türkiyədən gətizdirir, 5 min manat pul verir”.
Xızıda “Dizel” sahibinə 50 min manat qazandırdı!
Ən son it döyüşü bu ilin əvvəlində Gəncədə baş tutub: “Yanvarın 3-də Gəncədə döyüş oldu. Bundan əvvəl Fizulidə olmuşdu. Xızıda da döyüş olmuşdu ötən ilin axırında. İtin adı “Dizel” idi, digər iti dağıdırdı. Sahibi 10 dəqiqə dözə bildi, gördü ki, it əldən gedir, döyüşü saxlatdı. Uduş fondu 50 min manat idi. “Dizel” sahibinə 50 min manat qazandırdı. 500-1000 manatlıq sıradan döyüşlər də olur. Bakıda da, rayonlarda da itbazların bildiyi yerlər var, vədələşib orada yarış keçirirlər. Kimin iti uddu, bəxti üzünə güldü.
Varlı tamaşaçılar belə yarışlara xüsusi həvəslə baxırlar
Əsas döyüş Novruz bayramında olacaq. Mümkündür ki, bu il mükafat fondu 100 min manat olsun. Çünki bayramda döyüşə çoxlu tamaşaçı gəlir, aralarında vəzifə sahibləri, pullu adamlar çox olur. Döyüşə bir-birinə uyğun çəkidə olan itlər buraxılır. Nadir hallarda adam var ki, boyu balaca, cüssəsi rəqibindən balaca itinin daha böyük cüssəli itlə döyüşməsinə israr edir. Baxırsan ki, nisbətən balaca it yekə bir iti altına salıb qışqırdır, diş ağardıb uduzmasını göstərən hərəkətə məcbur edir, özünə tabe etdirir. Varlı tamaşaçılar belə yarışlara xüsusi həvəslə baxırlar. Belə itlərin qələbəsinə böyük pullar qoyurlar. Belədə də azart daha yüksəkdir, döyüşə çıxarılan itlər də elə belə itlər deyil axı. Kənardan baxan elə bilər ayı döyüşür. O yekəlikdə itlərin döyüşü, göyə atılıb bir-birinə sinə vurması, xüsusi fəndlə digərini yıxıb boğması, yerdə çabalayan, hər kəsin uduzduğunu zənn etdiyi itin qalxıb rəqibini məğlub etməsi tamaşaçıları əməlli-başlı coşdurur. Həmin döyüşlərin azartı bir başqadır eee...”
İtə qulluq – 25 manatdan 10 iynə, hər gün 13 manatlıq yemək!
Həmsöhbətimiz itlərə qulluq məsələsinə qayıdır: “İtin xərcləri sahibinin büdcəsindən asılıdır. Məsələn, it yeməyinin 1 kiloqramı 13 manatdır. İt var, həmin 1 kiloqramı gün ərzində yeyir, it də var 700-800 qram yeməklə yola vermək olur. İmkanı olmayanlar gündə 2 manat xərcləyib sür-sümük alıb verir. Sağlam it saxlamaq istəyən ayda 250-300 manatından keçməlidir. Döyüş üçün saxlanılan itə isə daha çox pul xərclənir. Çünki döyüşdən əvvəl itlər xüsusi hazırlanır. Döyüşə qədərki 1 ay ərzində itə 10-a yaxın iynə vurulur. Həmin iynələrin hər birinin qiyməti 25 manatdır. Bunlar iştah artıran, çəki artıran, enerji verən, stresi götürən və başqa iynələrdir. Bu dərmanlar etapla itə yeridilir ki, döyüşə tam hazır olsun. Belə deyək, idmançılar necə hazırlanırsa, döyüş itlərinə də oxşar hazırlıq dövrü keçir. 6 aydan bir qurd dərmanı, xüsusi şampun, sabun da almalısan ki, itin tükləri tökülməsin, qoturlaşmasın. Adam var, ayda 2-3 min manat itə pul xərcləyir. İtinin həkim tərəfindən qapısında çimizdirilməsinə 200-300 manat verir. İtdən itə fərq var. Yəni çoxlu pul xərcləməklə deyil, amma xərcsiz də keçinmək olmur. Azı 300 manatından keçməlisən ki, gözəgəlimli görünüşü olan iti saxlaya biləsən. Yoxsa baxırsan ki, alabay saxlayır, itin bir yekə başı qalıb, acından gövdəsi əriyib gedib”.
Həmsöhbətimiz deyir ki, Azərbaycanda it boğuşdurmaq qanunsuz sayılmır: “Belə bir qanun yoxdur ki, iti döyüşdüməyi qadağan eləsin. Sadəcə heyvanlara qarşı zorakılıq qadağan olunur. Amma çox vaxt təşkilatçıları incidirlər deyə döyüşləri hər dəfə ayrı-ayrı yerlərdə keçirirlər”.
İt var ki, 2-3 aylıq balası 5 min manata satılır
Öyrənirik ki, belə itləri almaq istəyənlər əsasən Təzə bazarın yaxınlığındakı ev heyvanları və quşlarının satıldığı bazara üz tuturlar: “Orada yerli irqdən olan itləri – Qafqaz çoban itinin 2-3 aylıq balasını 2-3 min manata almaq olar. Amma xüsusi maklerlər də var ki, dünyanın hər tərəfindən Azərbaycana it gətirirlər. İrqindən asılı olaraq qiymətlər də dəyişir. İt var ki, 2-3 aylıq balası 5 min manata satılır. Yerli sort demək olar ki, çox az qalıb. Vaxtilə daşıyıb aparıblar. İndi Türkiyədən, Qazaxıstandan döyüş itləri Azərbaycana gətirilir. Hazırda Azərbaycandan daha çox atları daşıyıb aparırlar. 10-15 il sonra ölkədə yerli cins atlar çox az olacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar