Xəbər lenti
Xaricdə uşaqlarının göbək ciyəsi qanını saxlatdıran azərbaycanlılar da var - Məqsəd nədir?
İranın "Royan" Ana Hüceyrələri Texnologiyası Şirkətinin şöbə müdiri Əşkan Mozdgir bu yaxınlarda verdiyi açıqlamasında mərkəzdəki 102 min göbək ciyəsi qanının sahibi arasında Azərbaycan vətəndaşlarının da olduğunu söyləyib.
Manevr.az trend-ə istinadən xəbər verir ki, Ə.Mozdgir bildirib ki, mərkəzdə saxlanılan göbək ciyəsi qan ehtiyatının təxminən 1%-ə yaxını xaricdə yaşayan İran vətəndaşları, Kanada, Böyük Britaniya, Türkiyə, İraq, eləcə də Azərbaycan vətəndaşlarına məxsusdur.
Onun sözlərinə görə, göbək ciyəsi qanının saxlanması yerli vətəndaşlar üçün təxminən 761, xaricilər üçün isə 1700 dollara başa gəlir. Göbək ciyəsi qanı 80-ə yaxın xəstəliyin, o cümlədən qan və əsəb xəstəliklərinin müalicəsində istifadə olunur.
Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Trend-ə bildirib ki, institutda kök hüceyrələrin, o cümlədən göbək ciyəsi qanının saxlanılması üçün şərait yoxdur.
Z.Əlimirzəyeva bir çox xəstəliklər zamanı insanın kök hüceyrələrinin özünə köçürüldüyünü söyləyib:
"Körpələrdən göbək ciyəsi qanı da kök hüceyrələrinin əldə edilməsi məqsədi ilə götürülür. İnsanın qanı sağlam olduqda onun kök hüceyrələri götürülərək xüsusi şəraitdə saxlanılır və dondurulur".
Göbək ciyəsi qanının ölkədən kənara aparılması hallarının kütləvi olması qənaətində olmayan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, Azərbaycanda kök hüceyrələrinin saxlanılması üçün bank yoxdur, amma ölkə qanunvericiliyi göbək ciyəsi qanının başqa ölkələrə daşınmasına da qadağa qoymur:
"Bir orqanı başqa ölkəyə aparmaq olmaz, amma bu, toxuma sayılır, toxumanın aparılması ilə bağlı isə məhdudiyyət yoxdur. Digər tərəfdən, Azərbaycanda bunu dəstəkləyən normalar da yoxdur".
Dünyada kök hüceyrələri ilə bağlı aparılan işlərin müəyyən tədqiqat mərhələsində olduğunu nəzərə çatdıran M.Quliyev kök hüceyrələrinin gələcək tibbin böyük uğurlarından biri olacağını vurğulayıb:
"Yəqin ki, Azərbaycanda da "İnsan orqan və (və ya) toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsi qəbul olunduqdan sonra bu iş həyata keçiriləcək. Layihədə kök hüceyrələrinin köçürülməsi, daşınması və saxlanılması ilə bağlı müddəalar da var. Qonşu ölkələrdə bu sahə ilə bağlı müəyyən tədqiqatlar aparılır və artıq uğurlu nəticələr əldə edilib, kök hüceyrə bankları yaradılıb. Yəqin ki, Azərbaycanda da yaxın illər ərzində bunlar reallaşacaq. Amma bu gün Azərbaycanda kök hüceyrələri bankı yoxdur. Eyni zamanda, onun qurulması üçün əlimizdə hüquqi əsas da yoxdur".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar