Xəbər lenti
Rüfət Aslanlı həbs oluna bilər – ilginc korrupsiya faktları
Hüquqşünas: “Beş ayda ”StandardBank"ın sağlamlaşdırılması adı ilə 265 milyon manat yoxa çıxıb"
Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq rəhbəri Rüfət Aslanlı barədə hər gün yeni məlumatlar aşkarlanmaqdadır. Onun harın həyat tərzi, bahalı avtomobilləri, müxtəlif saatları və sair barədə ölkə mətbuatında çoxsaylı materiallar dərc olunur.
Həmin materiallardan aydın olur ki, sabiq Palata rəhbəri çox dəbdəbəli həyat tərzi keçirib, bahalı aksesuarlara, əyləncə və gəzintilərə külli miqdarda pullar xərcləyib. Məsələn, haqqın.az saytının yaydığı son məlumatdan R.Aslanlının Londonda bir hoteldə qalmağa minlərlə funtsterlinq xərclədiyi ortaya çıxır. Belə ki, 2016-cı ilin avqust-oktyabr aylarında Palata rəhbəri olaraq o, Londonun “Windzor Suite” hotelində qalmağa bir dəfə 3600, ikinci dəfə isə 4300 funtsterlinq pul xərcləyib. Ödənişləri isə özünün “Lloyds Bank PLC”dəki hesabından icra edib. Bundan əlavə, R.Aslanlı Beynəlxalq Bankın sabiq direktoru Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın bazarlıq etdiyi “Harrods” adlı ticarət mərkəzindən böyük məbləğdə alver edib. Belə ki, 2016-cı ilin 2 sentyabr tarixində onun kart hesabından həmin ticarət mərkəzi üçün 31 min 435,15 dollar çıxılıb. Elə həmin gün həmin ticarət mərkəzində R.Aslanlı daha 40 min 561 dollar xərcləyib.
Habelə, 2017-ci ilin yanvarında o, İsveçrədəki “Michaud Verbier SA” cəvahirat mağazasından bir gündə 104 min 545,44 dollarlıq alış-veriş edib.
Göründüyü kimi, R.Aslanlının xərcləmələri onun statusu, aylıq vəzifə maaşı ilə müqayisədə yüz dəfələrlə yüksək məbləği əhatə edir. Bu məlumatların açıqlanması R.Aslanlının həbsinə səbəb ola bilərmi? Onun barəsində xərcləmələri və əmlakı ilə bağlı iş qaldırıla bilərmi?
Rüfət Aslanlı banklardakı qeyri-sağlam durumu normala salmağa məsul edildiyi halda, onun özünün maliyyə sektorunda korrupsiyaya qurşanması məsuliyyətini ikiqat artırır.
Suallara cavab verən hüquqşünas-ekspert Əkrəm Həsənov deyir ki, Azərbaycanda var-dövlətin mənşəyini sübut edə bilməmək cinayət sayılmır: “Yəni cinayət deyil, ümumiyyətlə, buna görə məsuliyyət nəzərdə tutulmur. Məsələn, Böyük Britaniyada 50 min funtsterlinqdən artıq olan əmlak barədə mənbəyinin göstərilməsi tələb olunur. Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevaya qarşı bu qanun əsasında iş qaldırılıb. Mənbəyini sübut edə bilməsə, əmlakı əlindən alınacaq. Bizdə isə bununla bağlı heç bir norma yoxdur. Heç Azərbaycanda dövlət məmurlarının gəlir bəyannaməsi təqdim etməsi qaydası da yoxdur. Daha doğrusu, bununla bağlı müəyyən işlər görülsə də, uzun illərdir proses yubadılır. Əksər ölkələrdə dövlət məmurları illik gəlir-xərcləri barədə bəyannamə təqdim edirlər. Oradan bilinir ki, kim nə qədər gəlir əldə edib. Azərbaycanda isə bu olmadığı üçün kimin gəlirinin nə qədər olduğu, nə qədər xərcləməyə imkan verdiyi bilinmir”.
Hüquqşünas bildirir ki, Azərbaycanda insanlar, o cümlədən keçmiş vəzifəlilər konkret əməllərə görə cəzalandırılır: “Məsələn, korrupsiyaya görə cəzalandırma olur, yaxud mənimsəmə, rüşvət alma faktlarına görə olur. Rüfət Aslanlıya gəlincə, Palataya rəhbərlik etdiyi dövrdə baş verən bir sıra faktlara görə onun barəsində cinayət işinin qaldırılması mümkündür. Məsələn, ”Bank Standard"ın sağlamlaşdırılması adı ilə xeyli miqdarda vəsaitin hara getdiyi məlum deyil. Belə ki, Mərkəzi Bankdan bu bankın sağlamlaşdırılması üçün 115 milyon manat götürülüb. Sənədlərdə göstərilir ki, guya bu məbləğin 75 milyon manatı “StandardBank”ın əmanətçilərinə ödənilib. Mən bu gün “StandardBank”ın Kreditorlar Komitəsinin sədriyəm. O bankda pulu qalan 44 min fiziki və hüquqi şəxsi təmsil edirəm. Bu şəxslər bildirirlər ki, bizə heç nə verilməyib. Bəs onda bu pul kimə verilib? 2016-cı ilin mayından sentyabrınadək “StandardBank”ın sağlamlaşdırılması prosesi gedib. Bu prosesə Maliyyə Bazarlarına Nəzarət Palatası, Palataya isə Rüfət Aslanlı rəhbərlik edib".
Ə.Həsənov bildirir ki, əslində R.Aslanlının rəhbərlik etdiyi Palata “StandardBank”ın sağlamlaşdırılmasını da qanunsuzluqlarla icra edib: “Sağlamlaşdırma üçün plan hazırlanmalı və Nazirlər Kabineti tərəfindən təsdiqlənməli və qərar verilməli idi. Palata belə bir qərar olmadan sağlamlaşdırmaya başlayıb. Bundan əlavə, sağlamlaşdırma prosesi müddətində heç bir əmanətçiyə banka qoyduğu əmanəti götürməyə icazə verilmirdi - Rüfət Aslanlının əmri ilə. Bu halda Mərkəzi Bankdan alınan pullar hansı əmanətçilərə verilib? Habelə, sağlamlaşdırma getdiyi 5 ay ərzində ”StandardBank"da hər ay 30 milyon manat “itib”. Bu, Ali Məhkəmənin təsdiq etdiyi ləğv planında əksini tapan faktdır. Bu pullar hara gedib? Dəfələrlə bu sualları vermişəm, cavab verən yoxdur. Düşünürəm ki, bu faktlar üzrə cinayət işi qaldırılıb, günahkarlar cəzalandırılarsa, onların arasında Rüfət Aslanlı da ola bilər"./musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar