Xəbər lenti
Tahir Məlikov: “Ticarət istedad, bacarıq, halallıq və düzgünlük tələb eləyir”
Ömrün qoşa beşi (Portret cizgiləri)
Hacı Tahir haqqında gözəl həkim, dəyərli yazıçı, dərin fikirli aforizmlər ustası, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hümbət Həsənoğlu dəfələrlə danışmışdı və onun bu xoş sözlərindən sonra Tahir müəllimlətanış olmağa marağım artmışdı. Beləliklə, onunla Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvü kimi ünsiyyətimiz, münasibətimiz başladı. Birgə yol yoldaşı olduq. Əlbəttə, insanı yolda tanıyarlar. Bu insanın qanı və canı ilə millətə, Vətənə bağlı olduğunu, yüksək tərbiyəsini görəndə fikirləşdim ki, Hümbət Həsənoğlu öz fikrində yanılmayıb.
Eşidəndə ki, Hacı Tahir Məlikov ömrünün qızıl dövrünə qədəm qoyur. Onun 55 yaşı tamam olur, elə bu mənə imkan verdi ki, xalqımızın belə bir ziyalısı ilə dəyərli oxucularımızı tanış edim. İlk öncə istəyirəm ki, onun keşməkeşli həyat yoluna bir nəzər salaq.
Qısa arayış: Tahir Bəhlul oğlu Məlikov 1967-ci ilin iyul ayının 15-də Sumqayıt şəhərində anadan olub. Səkkiz il Sumqayıt şəhər 1 nömrəli məktəbdə təhsil alıb. Sonra təhsilini 49 nömrəli texiki-peşə məktəbində davam etdirib. İki il İrkutsk vilayətinin Ustilim şəhərində hərbi xidmətdə olub. Ordudan qayıdandan sonra Azərbaycan Dövlət Neft Akademiyasında təhsilini davam etdirib. Kimyəvi texnologiya prosesləri mühəndisi olub. Təyinatla Sumqayıt şəhər Səthi Aktiv Maddələr zavoduna göndərilib. Dövlət mükafatı laureatı, Prezidentin Fərdi təqaüdçüsü Təbrik Quliyevin rəhbərlik elədiyi bu zavodda uzun illər mühəndis işləyib. 1996-cı ildən kommersiya ilə məşğul olduğuna görə zavoddakı işindən çıxıb.
Tahir hələ məktəbin 7-8-ci siniflərində oxuduğu vaxt, böyük ailələrinə kömək etmək məqsədilə Sumqayıt Mərkəzi Univermağında fəhlə işləyib. Onun işgüzarlığını, diribaşlığını və ən əsası yüksək tərbiyəsinin olduğunu görən Mərkəzi Univermağın direktor müavini Zahid kişi Tahirə burada kiçik yer də verib ki, satışla məşğul olsun. Bununla da Tahirin ticarət həyatının başlaması üçün əsas təməllər qoyulub. O, az bir vaxtda özünü doğruldub. Tahirin evə gətirdiyi pul ailənin dolanışığına köməklik edib. Amma anası Nəzifə xanım Tahirin uşaq yaşında belə işləməsini qəbul edə bilmirdi. O, bir ana olaraq övladının təhsil almasını istəyirdi. Lakin Tahirin qazancının ailənin dolanışığına köməyi olduğuna görə heç nə demirdi. Onun lap uşaq yaşlarından bir amalı var idi: “İnsan həyatda düzgün olmalıdı”. Bax, məhz buna görə də Tahir sahibkarlıq sahəsində öz yolunu seçdi, böyük uğur, hörmət, nüfuz qazandı.
-Ticarət əslində çox ağır sahədir. Bəziləri asan bildiklərindən, bu sahədə uduzurlar. Sizcə bu işi necə qurmaq olar ki, uğur qazanasan?
-Birinici növbədə, özün və ətrafındakı adamlar təmiz, pak olmalıdır. Mənim ticarət sahəsinə gəlməyimdə dostum Hacı Təşkilat Ağayevin çox köməkliyi olub. O, böyük ziyalı və səxavətli insandır, ulularımın doğulduğu Lerikin Gürdəsər kəndindəndir. Uzun illərdir əczaçılıqla məşğuldur, savadlı provizordur. Sumqayıtda aptek müdiri işləyib. Apteki balaca olsa da, amma böyük ürəyi var. Gürdəsərdə xeyriyyəçiliklə məşğuldur. Həm də “Gürdəsər” Cəmiyyətinin sədridir. Hələ Səthi Aktiv Maddələr zavodunda işləyəndə Hacı Təşkilat həkimə dedim ki, ticarət sahəsidə çalışmaq istəyirəm. O, mənə həm maddi, həm də mənəvi dəstək oldu. Bunun üçün ona minnətdaram. Hacı Təşkilatın sayəsində işlərim alındı. Allah onun malına-mülkünə bərəkət versin və balalarının canını sağ eləsin!
-Əfsus ki, Azərbaycanda çox zaman ticarəti aldatmaq kimi başa düşürlər. Ona görə də əksər adamlar bu sahədə uduzurlar. İşləri gətirmir. Siz ticarətlə məşğul olmaq istəyənlərə nə məsləhət görərdiniz?
-Hər kəsin öz qabiliyyəti, bacarığı, istedadı var. Ticarət mən deyərdim ki, böyük istedad, dərin savad, bacarıq və uzaqgörənlik tələb eləyir. Məşğul olmaq istəyənlər bu sahədə uğur qazanmış tanınmış tacirlərin, sahibkarların həyatını yaxşı öyrənməlidirlər. Elə Hacı Zeynəlabdin Tağıyevin, Musa Nağıyevin və başqalarının əldə ertdiyi uğurları, hansı maneələrdən keçdiklərini bilməlidirlər. Ən əsası halallığa və düzgünlüyə üstünlük verməlidirlər. Əgər bu keyfiyyətləri özündə formalaşdıra bilməsən, hökmən qazandıqlarını itirəcəksən. Allahın hər bir adama verdiyi nəfs deyilən gözəl bir şey var. Çox varın-dövlətin dalınca qaçmaq olmaz. Çalış, nəfsini qoru. Nəfsimizi bütün məqamlarda idarə etməyi bacarmalıyıq. Əgər sənə verilənlə razılaşsan, ürəyinin səsinə qulaq assan, onda sən yaxşı, qəlbi təmiz, pak insan olacaqsan. Mən də bu amallara söykənərək öz işimi qurdum. İyirmi ildən çoxdur ki, Binə Ticarət Mərkəzində çalışıram. Burada müxtəlif sahələrdə ali təhsil alan sahibkarlar, iş adamları vardır. Hamısı öz ailəsi üçün pul qazanır. Elələri də olur ki, ticarətin qanunlarını yerinə yetirmədiyinə, öz nəfsinin qurbanı olduğuna görə bu sahədə uduzurlar. Ona görə də insan elə olmalıdır ki, pul qazanmaq xatirinə xarakterini itirməsin. İnsanın öz duyğu və düşüncələrini bir yerə yönəltməsi mənəvi gücün başlıca qayəsidir. Həm də insanın öz hissləri üzərində hakim olmağı bacarması mənəvi böyüklüyün əsasıdır. Məhz təmizliyimi, paklığımı qoruduğumu və nəfsimin qulu olmadığımı görən oradakı rəhbərlər də həmişə mənə köməklik eləyib, dəstək olublar. Bu ömrü beləcə yaşayaraq qoşa beşə gəlib çatmışam.
-Eşitmişəm ki, 44 günlük Vətən müharibəsində siz də əlinizdən gələn qədər ordumuza yardım etmisiniz. Əlbəttə ki, xalqımız- uşaqdan tutmuş böyüyə kimi hamı sözün əsl mənasında qələbə çalmağımız üçün dəmir yumruq kimi Ali Baş Komandanımızın ətrafında birləşmişdi. Arxa cəbhədə olanlarda bacardığı kimi əsgərlərimizə köməklik eləyirdi.
-44 günlük Vətən müharibəsi Azərbaycanın tarixinə qızıl həriflərlə yazılıb. Azərbaycandan kənarda olan soydaşlarımızın hər biri də bu ağrı ilə yaşayırdı. Hamını bir sual düşündürürdü: “Axı belə igid xalqın niyə torpaqları düşmən tapdağı altında qalmalıdı?” Artıq bıçaq sümüyə dirənmişdi. Xalqımız Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında birləşib, igid əsgərlərmizin sayəsində 44 günə torpaqlarımızı erməni qəsbkarlarından azad etdi. Damarlarında azərbaycanlı qanı axan hər bir həmvətənlimiz bu müqəddəs işdə öz xidmətini əsirgəmədiyi kimi, mən də əlimdən nə köməklik gəlirdisə, elədim. Bu, mənim müqəddəs borcum idi. Nə etdiyimi, nə qədər xərclədiyimi demək istəmirəm. Bu müqəddəs işdə alimlər də, müəllimlərdə, fəhlələr də, sahibkarlar da, siyasətçilər də bir yumruq kimi birləşdi. Milli birliyi olan xalqı heç kim çökdürə bilməz. Biz bütün dünyaya Azərbaycanın gücünü göstərdik. Ona görə də dünya ölkləri istəsələr də, istəməslər də bizimlə hesablaşırlar...
2022-ci ilin may ayının 31-də biz - Sumqayıt Dostlar Klubunun idarə heyyətinin üzvləri Şuşaya səfər etdik. Yol boyu erməni gavurlarının dağıtdığı kəndlərimizi, şəhərlərimizi, qəbiristanlıqlarımızı gördükcə mənim o faşistlərə, vandallara nifrətim daha da çoxaldı. Amma Şuşada və Qarabağımızın bəzi yerlərində aparılan quruculuq işlərini gördükdə Ali Baş Komandanımıza sevgim hədsiz artdı və inanıram ki, tezliklə Qarabağda böyük quruculuq işləri görüləcək və Qarabağ dünyanın ən cənnətməkan yerlərindən birinə çevriləcək. Bəli, qısa bir müddətdə Qarabağ öz gözəlliyini bərpa edəcək və əvvəlki vəziyyətindən daha yaxşı olacaq. Ona da inanıram ki, dünyanın hər yerindən bura insanlar gəlib bu gözəlliklə tanış olacaqlar. Qarabağ torpağının üstü qızıl olduğu kimi, altı da böyük sərvətlərə malikdir. Bu sərvətlərdən istifadə etdikcə Azərbaycan dünyanın ən varlı dövlətlərindən biri sayılacaq.
-Ömrün qoşa beşi böyük və maraqlı tarixdir. Bu yaşa gəlib çatan Hacı Tahir keçmiş illərə nəzər yetirdikdə nələri itirdiyinə çox heyifsilənir? Həyatın bütün çətinliklərini görən 55 yaşlı insan kimi xalqımıza, millətimizə arzularınız, istəkləriniz nədir?
- Siz mənə zəng vuranda bağa təzəcə çatmışdım. Deyəndə ki, “55 illik yubileyinizlə bağlı yazı yazmaq istəyirəm”, açığı mən çox fərqli,qəribə hisslər keçirtdim. Bağdakı pilləkənin üstündə oturdum və 55 illik həyatımın sevincli, qəmli, maraqlı, daramtik, qalibiyyətli anları gözlərim qarşısından bir kino lenti kimi gəlib keçdi… Heç vaxt doğum günümü, yubileyimi qeyd etməyi düşünməmişəm. Həmişə Allahın qismətinə inanmışam. Çünki ömrü verən Allahdır.
Fikirləşdim ki, hələ həyatda görəcəyim işlər çoxdur. Mən onları Allahın izni ilə reallaşdırmalıyam.
Həyatda çox təcrübə görmüş 55 yaşlı bir insan olaraq gənclərə məsləhətim budur ki, özlərinin həyatda ali məqsədləri olsun və bunları reallaşdırmaq üçün daim çalışsınlar. İnanın mənə. Ömrü boyu xoşbəxt yaşamaq üçün bəzi şeyləri qurban vermək lazımdır. Mən həqiqətən də böyük qətiyyətlə, inamla çalışan, öz məqsədlərinə doğru səbrlə gedən insanları heç vaxt uduzan görməmişəm. Çalışın qələbə hissinizi daim özünüzdə qazandırın. Ağıllı insanların fikirlərinə önəm verin. Vaxtınızı boş keçirməkdənsə savadınızı, düşüncənizi inkişaf etdirin. Həmişə yüksək zirvədə olmaq üçün gecə və gündüz çalışın. Yeri gələndə haqqınız uğrunda mübarizə aparın. Ən əsası elə bir ağıllı insan olun ki, qarşınızdakı sizi özünün yaxşı mənada rəqibi bilsin. Və sizin ağlınızla, bacarığınızla fəxr eləsin. Ən əsası isə özünüzə inanın. Və bilin ki, həyat böyük, çətin bir mübarizə meydanıdır. Burada uduzmaq da olar. Ona hazır olun və sonra özünüzdə güc toplayıb yenidən mübarizə aparın ki, qələbə çalasınız. İnsan həmişə özünə bu sözləri deməlidir: “Mən bacaracam. Mən güclüyəm”. Çalışın, ali məqsədə doğru yönəlin, həyatdan zövq alın. Bax, onda yaşamaq da çox gözəl olar. Bəzən olub ki, mən hayatda səhvlər eləmişəm. Ona görə də ticarətlə məşğul olmağa yeni başlayan gənclərin səhv eləməsini istəmirəm...
-Doğrudan da maraqlıdır. Tahir müəllim, 55 yaş niyə sizi belə duyğusal eləyib? Görürəm indi nədənsə kövrəlirsiniz...
- Düşünürəm, siz də mənimlə razılaşarsız ki, 55 yaş qısa ömür yaşı deyil. Bu vaxtadək müxtəlif hadisələr görmüşəm. Çox güclü, qururlu olduğum üçün bəzən öz-özümə deyirəm: “Səbrli, dözümlü ol, sən bu işi bacaracaqsan. Sən bunu etməlisən”. Əlbəttə, bu illər ərzində yaxşıyla bərabər pis günlər də yaşamışam. Bu həyatdır. Onun enişi və yoxuşu var. Amma heç vaxt ümidsizliyə qapılmamışam. Hər şeyin ürəyimcə olması üçün çalışmışam. Bax, bu anları düşündükcə həm sevinc, həm də kədər hissləri yaşayıram. Ulu Tanrıya şükürlər olsun ki, indi sizinlə üz-üzə oturub, müsahibə verirəm. Bu günlərə sağlam gəlib çatdığım üçün çox xoşbəxtəm. Çünki gözəl ailəm, uşaqlarım, dostlarım var. Mənə həyatda güc, qüvvə verən Allahım var. Oğlum Əli Çində təhsil alıb. Əla mütəxəssisdir. Öz savadına, bacarığına görə iş yerində böyük hörmət qazanıb. Kiçik oğlum BəhlulTürkiyədə ali təhsil alıb. Qızım Nəzifə Tibb Universitetinə daxil olmaq üçün çalışır. Övladlarımın tərbiyəsində, savadlı böyüməsində həyat yoldaşım Aynur xanımın əməyi daha çox olub. Əslində elə fikirləşirdim ki, həyatda bu qədər uğurları qazanmaq çətin olacaq. Amma Uca Tanrı mənə lazım olan qisməti bəxş edib. Bu da yəqin ki, uzun illərdir Allaha ibadət eləməyimdəndir. Ən əsası da hər bir əməlimdə düzəm. Bacardığım qədər xeyriyyəçilik eləyirəm. Yanımda işləyənlərə hər cürə şərait yaradıram ki, ailələrini yaxşı dolandıra bilsinlər. Həyatda ən layiqli dostlar qazanmışam. Həqiqətən də əsl dostluq böyük qüvvədir. İnsan gərək haqqı itirməsin. Ona yaxşılıq eləyənləri, çörək verənləri yaddan çıxarmasın. Çalışmaq lazımdır ki, həyatda özünə yaxşı dostlar seçəsən. Son illərdə qazandığım ən dəyərli dostlarım isə Sumqayıt Dostlar Klubunun üzvləridir. Onlarla tanış olmaq mənim üçün xoşbəxtlikdir.
Ulu Peyğəmbərimizin belə bir hədisi var: “Alimlərlə otur-dur ki, alim olasan”. Dahi Mövlanə deyib ki, “bitkinin gözəlliyi toxumundan, insanın gözəlliyi isə qəlbindən gəlir”; “ Həyatda sözdən ağır yük yoxdur. Çünki bədən çox yükü qaldırar, amma könül hər sözü qaldıra bilməz”. Çalışaq ki, bu keşməkeşli həyatda qəlbimiz təmiz, pak olsun!
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar