Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Nazilə GÜLTACın "Qabırğa"sı (Hekayə)

Tarix: 21-02-2025 22:27     Baxış: 499 A- / A+
            
  Həvva Adəmin qabırğasından yaranıb
                 

Nazilə GÜLTAC

                         QABIRĞA 
                            Hekayə
   

Həvva  4-5 ay idi ki, arandan  dağətəyi  kəndə  gəlin köçmüşdü.  Mühasibliyi  bitirən  Həvvanı  təyinatla  Əhədin  mühəndis  işlədiyi  idarəyə  göndərmişdilər. Elə  ilk gündən  bir- birlərini görüb  bəyənən  gənclər  çox keçmədən  ailə qurdular.  Həvva qaynanasının üzünü görməmişdi, o, 6 il əvvəl dünyasını dəyişmişdi.  Əhəd   atası ilə qalırdı.
   Bayram kişi çox  əzazil, sərt adamıydı, pırpız  qaşlarının  altından  bircə  dəfə  baxdımı,  gəlinin   bağrı  yarılırdı. Hər xırda  şeyin üstündə  Həvvaya  acıqlanır, yediyini- içdiyini  burnundan  gətirirdi. Gəliniylə  heç arası yoxuydu . Əhədə qardaşı qızını  almaq istəmiş, oğlu razılaşmamışdı.  Neçə  dəfə  Həvva istəmişdi ki, ayrı  ev tutub  qalsınlar, Əhəd isə  atasını  damın  altında  tək  qoymaq  istəməmişdi.  Kişi evdə olanda  oğlu  da, gəlin də  astadan danışır, elə bil iynə  üstündə  gəzirdilər. Onlar can  dedikcə, o,  çor deyir, həmişə narazı  halda  başını  yellədirdi.  Bir  gün  Bayram  kişi  mal  bazarından  iki dana  alıb  gətirdi.  Danaları  böyüdüb,  satacağını  bildirdi. Ertəsi gün  yem almağa   hazırlaşan   Bayram  kişi  Həvvanı  səslədi:
A gəlin, mən qonşu  kəndə  gedirəm, danalardan  göz- qulaq ol.  
   Həvva  sakitcə, - yaxşı , - deyərək,-  səhər yeməyi hazırlamaq üçün  mətbəxə  keçdi. Qaynatası  toqqanın  altını  bərkidəndən  sonra,  boz  qulaqlı  papağını  başına  qoyub,  tələsik  evdən  çıxdı.   Həmişə  bir qulağı  yana  sallanan  papağı    bu  gödək, kök  kişiyə  gülməli  görkəm  verirdi. 
    Başı  ev  işlərinə  qarışan  Həvvanın   birdən   danalar  yadına  düşdü.   Pəncərədən həyətə boylanıb, dananın  birini görməyəndə  dəliyə döndü.  Hövlnak  pillələri endi.  Dananın qırılmış ipi  dirəkdə  yellənirdi. O, başını  əlləri arasına alıb  vaysındı: -“ Aman allah ! Gəl indi  bu kişiyə  cavab ver”.  Tələm- tələsik taxta qapını  çırpıb  həyətdən   çıxdı.  Evin önündəki  təpəyə qalxıb,  bir xeyli  ətrafa  nəzər yetirdi,   gözünə heç bir  qaraltı  dəymədi. Dərə  aşağı, dərə  yuxarı   dananı  axtarmağa başlayan  Həvva  bütün kolların arasına  diqqətlə  baxırdı. Danadan   əsər- əlamət  yox idi, sanki  yer yarılıb, yerə  girmişdi. Meşənin  ətəyində  bir də  başını  qaldırdı  ki, toran düşüb, şər  qarışıb. Ay işığı  yaxınlıqdakı  ağacların,  kolların  üzərinə  düşərək,  vahiməli  kölgələr əmələ gətirmişdi.  Bir yandan da   meşənin dərinliyindən  gələn  bayquşun   tükürpədici  səsi  onu daha  da  qorxutdu.     Həvva  kənddən  çox  uzaqlaşdığının  fərqinə vardı, danaları  söyə- söyə  geri döndü.  Selin  kökündən qoparıb gətirdiyi  kiçik bir ağacı qaldırıb  boynunun  arxasına aldı,  irəlilədikcə  bir tərəfində  budaqlar, o biri tərəfində  ağacın sallanan  kökləri  Ay işığında  çox  əcayib görünür, sanki  əcinnə  gəlirdi.  İtdən- qurddan qorunmaq  üçün  boynunun    arxasına  götürdüyü  ağacın   kölgəsi  onun özünü  üşəndirirdi. Uzaqdan evlərin işığını görüncə ürəyi yerinə gəldi.  Dana  cəhənnəm,  azmaqdan qorxmuşdu.  Birdən ona sarı bir qaraltının  gəldiyini gördü.  Əvvəl  qaraltını  danaya oxşatdı,  sonra  baxdı  ki, adama  bənzəyir-  iki ayaqlıdır.  Səsini çıxarmadan   dayandı. Tərslikdən  Ay da tez- tez buludların  arxasına keçir, göz- gözü görmürdü.  Qaraltının   onun üstünə  atılacağından  qorxub  ağacı  fırlatdı. Vay, dədə! – deyib kimsə  arxası üstə  tir-tap yerə  yıxıldı.  Ayağının  altına  düşən papaqdan  qaynatasını  tanıdı.   Ağacın  zərbəsindən    huşunu  itirən  kişinin  nəfəs aldığını görən  Həvva  qaynatasını  çiyinlərindən  tutaraq, evə tərəf  sürüməyə başladı.   Nə yaxşı ki, onları   görən olmadı.  
    Əhəd  hələ  işdən  qayıtmamışdı.  Kişini eyvandakı taxtın  üstünə   uzatdı, tez  dəsmalı  isladıb   şişib  göyərmiş   alnına qoydu. Yavaş- yavaş  huşu  özünə  qayıdan  Bayram  kişi  zarıldayıb  ufuldamağa  başladı.   Qaynatasının  onu  vuran adamın gəlini  olduğunu  tanıyacağından   qorxan  Həvva , ehtiyatla   ona  yaxınlaşdı.   Amma kişi gözlərini qırparaq,  ondan  su  istədi.   Görünür  onu tanımamışdı,  bayaqdan  sıxıntı içində  çırpınan  Həvva birdən - birə   sakitləşdi. Oğlu  evə  girəndə  kişi  özünə gəlmişdi. Əhəd  təəcüblə  bir  yoldaşının  avazımış  üzünə, bir  də  yataqda  üz- gözü  şişən, başı sarğılı,  canıyla  əlləşən atasına baxdı. Heç nə başa düşmədi. Yaxınlaşıb  atasının yanında oturdu , nə  baş verdiyini soruşdu.  Çətinliklə  nəfəs alan   atası  başına gələnləri danışmağa başladı :
 - Ay oğul, evə gələndə gördüm  ki, həyət qapısı açılıb,  dananın  da  biri yoxdu.  Gəlini  səslədim,  o da cavab vermədi. Ətrafa  baxdım,  kimsəni görməyincə,  üz tutdum meşəyə tərəf.  Dərə  yuxarı  qalxırdım ki, əcinnəyə oxşayan  bir şeyin mənə tərəf gəldiyini gördüm, addımlarımı  yavaşıdıb  dayandım.  Sonra  nə  baş verdiyini xatırlamıram,  bir də  gözlərimi evdə açdım. 
Həvva  gülməkdən özünü  zorla tutdu,  qaynatasının  onu tanımamasına  kefi durulmuşdu:   
Hə, o  vahiməli qaraltıdan mən də qorxub  kolun dalında  gizlənmişdim.  Səsə  başımı qaldıranda  kiminsə   yerə yıxıldığını  gördüm,   vahiməli qaraltının çıxıb  getməsini gözlədim.  Sonra yavaş- yavaş yerdə yıxılan qaraltıya yaxınlaşdım,  gördüm ki, qaynatamdır.  Bir təhər   evə gətirdim.  Üst- başını , yarasını  təmizləyib,  alnına  soyuq  kompres qoymuşam, indilərdə  ayılıb. Mən də dananı axtarmağa  getmişdim. 
Gəlininin  bu  qayğıkeşliyindən  kişinin gözləri  yaşardı, mülayim, kövrək səslə dilləndi:
-Sağ ol, ay qızım ( ilk dəfəydi ona qızım deyirdi), yaxşı ki, oralarda olmusan, yoxsa, qurda- quşa yem olacaqdım.  Dana cəhənnəm, özüm  əldən getmişdim. 
    Gecəyarı  kişinin  halı pisləşdi, “Təcili Yardım”la  onu  xəstəxanaya  apardlar, müayinə  etdikdə  məlum oldu ki, kişinin  iki qabırğası  sınıb, beyin silkələnməsi olub.   İki həftə yataq rejimi təyin olundu.  Həvva  gecə- gündüz  Bayram kişinin  qulluğunda durdu.  Qaynatasının  ona   rəftarı  tamam  dəyişmişdi, gəlinə, - qızım, qızım , - deyərək,  xitab edir, tez- tez ona  minnətdarlığını  bildirirdi.  Əhəd  onların bu mehribançılığına məəttəl qalmışdı.  Həvva  ürəyində fikirləşirdi ki, kişinin  başına  ağac  dəyəndən ağlı  başına gəlib.
  Sağalıb ayağa qalxan    Bayram  kişi  həqiqəti  heç vaxt  bilmədi.  Evdə olan əmin- amanlığı, bu gəlin – qaynata  mehribançılığını  görən  Əhədin  də  üzü gülürdü artıq.   Bayram kişini vuran  o əcayib məxluq  bir müddət dillərdən düşmədi.  İpini qırıb   qaçan  dana  o gedən  getdi, nə dana, nə də o əcayib məxluq  kənddə  gözə  dəymədi.  O  biri dananı da satıb,  pulunu  kişiyə dava- dərmana  verdilər.  Qaynatanın   sağalandan sonra da  gəlinə mehribançılığı  azalmadı,  ona  həmişə  xilaskarı  kimi  baxdı. Getdikcə  evin  gəliri- çıxarı  Həvvanın  əlinə  keçdi, artıq  bütün- alış verişə  o  nəzarət  etdi.  
     İllər keçdi.  Oğlanlarını  evləndirdilər , qızları  köçürdülər.  Bir axşamüstü   eyvanda  nəvələrini başına yığıb, rəhmətlik qaynatası ilə  baş verən  həmin hadisəni onlara danışan   Həvva  özünü saxlaya bilməyib,  qəhqəhə çəkdi.  Güldüyü  yerdə  birdən - birə  ikiqat oldu, - vay qabırğam sancdı, - deyə ufuldadı. Nənələrinin  bu halına nəvələr  də  gülüşdülər...


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar