Sizin Reklam Burada
Xəbər lenti
10-10-2025
09-10-2025
BÜTÜN XƏBƏRLƏR

İllərin sınağı... - Eldar Həsənov-70

Tarix: 10-10-2025 15:16     Baxış: 355 A- / A+

  Eldar Həsənov

Qədim türk törəsində dövlət millətin malik olduğu ən qiymətli sərvət hesab edilir. Dövlətin varlığı millətin ən güvəncli və təhlükəsiz yaşam göstəricisidir. Təsadüfi deyil ki, əski çağlardan babalarımız dövlətə ana deyib, onu öz canları və qanları bahasına hər bir bəladan qorumağa çalışıblar. Unutmayaq ki, nə ana haqqı, nə də dövlət haqqı heç nə ilə ödənilməz. Şükürlər olsun ki, bu gün başımız üstündə anamız Azərbaycanın üçrəngli bayrağı dalğalanır və dövlətimiz də öz qüdrətini və varlığını Qarabağın erməni faşistlərindən təmizlənməsi ilə bütün dünyaya göstərdi. Lakin keçilən yola nəzər saldıqda bu yolun heç də həmişə hamar olmadığını görərik.

Azərbaycan 90-cı illərin əvvəllərində yenidən öz dövlət müstəqilliyinə qovuşandan sonrakı dönəm ictimai-siyasi hadisələrin zənginliyi və mürəkkəbliyi baxımdan olduqca həssas bir zaman kəsiyini əhatə edir. Sovet imperiyasının dağılması ilə milli müstəqilliklərinə yenicə qovuşmuş keçmiş ittifaq respublikaları bu sevinci yaşamağa imkan tapmamış yenidən rus şovinizminin ağır basqıları və terroru ilə üz-üzə qaldılar. O zaman mən də gənc bir jurnalist olaraq vətənimin taleyinin keçdiyi o hadisələri hamı kimi həyəcan və narahatlıqla izləyirdim. 
Gəncliyimizin ağrı ilə keçdiyi həmin dövr həm də rəngarəng siyasi proseslərin dinamikliyi baxımdan diqqəti çəkirdi. Mətbuat orqanlarının az olduğu, müstəqil mətbuatın yenicə intişar tapdığı o çağları yenidən göz önünə gətirdikcə insan ikili hiss yaşayır. Bir tərəfdən müstəqilliyin gətirdiyi milli ruhda baş verən qabarmalar, digər tərəfdən də respublikanın daxilində cərəyan edən xoşagəlməz hadisələr indi də ürəyimdə qara qanlar axıdır.
Təbii ki, dövlətin dövlət olmasında əsas yük onun yolunda mücadilə aparan millətin və dövlət adamlarının çiyninə düşür. Bu illərdə nə qədər yüksək çinli məmurlar, dövlətini canından artıq sevən insanlar və bu dövlətin möhkəmlənməsini həzm edə bilməyənxarici qüvvələrin əlində oyuncağa çevrilən insanlar gördük. 

Bu yazımda 90-cı illər Azərbaycanın ən üzdə olan dövlət adamlarından biri olmuş, qədərin qismətindən bu gün ömrünün 70 illik dönəmini məhbəsdə qarşılayan keçmiş baş prokuror və keçmiş səfir  Eldar Həsənov haqqında bəzi təəssüratlarımı bölüşmək istədim. Bu gün Eldar Həsənov taleyin ən keşməkeşli sınağından keçir. Artıq altıncı ilə qədəm qoyur ki, o vaxtilə adını Avropa ölkələrində böyük sevgi və qürur hiss ilə təbliğ etdiyi respublikasında məhbus həyatı yaşayır. 
Mən Eldar Həsənovun adına ilk dəfə illər öncə “Azərbaycan gəncləri” qəzetində dərc olunmuş bir məqalədə rast gəlmişdim. Yazıda o zaman Gəncə şəhərinin polis rəisi işləyən polis polkovnik Eldar Həsənov ölkənin ən gənc polis rəisi kimi təqdim edilir və onun peşəkar polis fəaliyyəti təqdir olunurdu. Etiraf edim ki, yazının məndə maraq doğurmasının bir xətti də onun həmyerlim olması ilə bağlıydı. Bəziləri düşünməsinlər ki, mən bu gün millət üçün çox ağır bəlaya çevrilmiş yerliçilik kimi bəsit bir dünyagörüşün daşıyıcısıyam. Yaxın dostlarımın arasında anamız Azərbaycanın fərqli bölgələrinin xeyli dəyərli insanları var. Mən o kəslə dostluq edirəm ki, ruhlarımız yaxın olur. 

Sonralar Qarabağda və ətraf rayonlarda erməni-rus terroru başlananda Eldar Həsənovun fəaliyyəti barədə daha geniş məlumatlar əldə etdim. Çünki o illərdə ölkəmizə qarşı erməni-rus müharibəsi başlamışdı və hamımızın dincliyi göyə çəkilmişdi. Mənim doğulduğum Kəlbəcər rayonu da bu qaynar qazanın içinə düşmüşdü. Artıq kiçik silahlı basqınlar geniş şəkildə qanlı müharibəyə çevrilmişdi. Xarici himayədarlarının köməyi ilə ermənilər xalqımıza qarşı əsil soyqırım müharibəsinə başlamışdılar. Kəlbəcərdə isə bu ağır illərdə bir müddət əvvəl yerli əhalidən quş tüfənglərinin də yığılması əhalini düşmən qarşısında potensial qurbana çevirmişdi. O illərdə xalqın vətənpərvər oğulları həyatlarını riskə ataraq müxtəlif yollarla silah-sursat əldə edərək rayonun yenicə yaranmaqda olan özünümüdafiə batalyonuna çatdırırdılar. O zaman rusların Gəncə şəhərində böyük hərbi bazaları yerləşirdi. İmperiyanın dağıldığını görən rus hərbçiləri bu qarmaqarışıqlıqdan istifadə edərək yaxşı pul müqabilində silah-sursatı satırdılar. Məhz o günlərdə Eldar Həsənovun Gəncədə yerləşən rus hərbi hissəsindən silah-sursat alaraq Kəlbəcərə, Naxşıvana və Qarabağın digər bölgələrinə göndərməsi ilə bağlı çoxsaylı hadisələrin şahidi oldum. Bütün bunlar uzaq tarix deyil və o hadisələrin iştirakçılarının və şahidlərinin çoxu bu gün də həyatdadı. Sonrakı proseslər və 30 il yaşadığımız torpaq ağrısı biz yaşadıqca sağalan da deyil. 
Sonrakı illərdə Eldar Həsənovun hüquq-mühafizə orqanlarındakı fəaliyyətinin də şahidi olduq. Gəncə şəhər polis idarəsinin rəisliyindən sonra “İnterpol”un rəisi, respublika daxili işlər nazirinin müavini, baş prokurorun birinci müavini, respublikanın baş prokuroru kimi mühüm dövlət vəzifələrində çalışdı.
Haşiyə. Eldar Həsənov respublikanın baş prokuroru olanda vətəndaşların istənilən problemlə bağlı ən çox görüşmək imkanları olduğu yüksək çinli məmurlardan biri, bəlkə də birincisiydi. O, mətbuata da çox açıq bir insan idi.  Ancaq o zaman adi bir vətəndaşdan tutmuş istənilən mətbuat orqanının əməkdaşı asanlıqla onun qəbuluna düşüb problemlərini çatdıra bilirdi. Hər həftənin bəlli bir günü baş prokurorun qəbul günü olardı. İnsanlar indi də yaxşı xatırlayırlar ki, qəbulda uzun növbələr yaransa da, heş kəsə diqqətsiz yanaşılmaz, onlar qəbul edilib, problemi dinlənilməmiş geri qaytarılmazdı. Yeri gəlmişkən, bir faktı da xatırladım ki, o zaman Eldar Həsənov mətbuat qurumlarının yekdil rəyi ilə mətbuatın dostu seçilmişdi. Məncə bu anlamın izahına ehtiyac yoxdur.     

Haşiyə. Mən Eldar Həsənovla bir rayondan olmağımıza və xeyli vaxt idi ki, mətbuatda çalışmağıma baxmayaraq heç vaxt görüşməmişdim. İlk dəfə onunla səhv etmirəmsə 1999-cı ilin axırlarında görüşmüşdüm. Mətbuatda “Millətin yamağa ehtiyacı yoxdur” adlı bir yazım dərc olunmuşdu. Tariximizi təhrif edənlərə qarşı daşdan keçən fakt və elmi izahla yazdığım bu yazını Eldar müəllim də oxumuşdu və mənimlə görüşmək istəmişdi. Yaxın bir dostumuzla onun qəbuluna yollanmışdım. Respublika prokurorluğunun binasında onun kabinetinə daxil olanda ölkənin baş prokuroru olan şəxsin ayağa qalxıb gənc bir jurnalisti qapının önündə qarşılaması və səmimi görüşü bu insanın mədəniyyətinin, nəcibliyinin göstəricisiydi. Biz söz və ruh adamı olduğumuzdan belə münasibətlərə ciddi dəyər veririk. Söhbətin əvvəlində Eldar müəllim indiyə qədər niyə onunla tanış olmadığıma ərkyana bir iradın da bildirdi. Təşəkkür etdim və onun işinin çox olduğunu, mənim də çağrılmadığım yerə getməyin xasiyyətimdə olmadığımı ehtiramla bildirdim. O görüşdə xeyli söhbət etdik. Söhbətimizin mərkəzində torpaqlarımızın işğalı, qaçqın-köçkün soydaşlarımızın çoxsaylı problemləri və dayanırdı. Eldar müəllim xalqımızın milli birliyə böyük ehtiyacı olduğunu, bu yolda jurnalistlərin çiyinlərinə böyük missiya düşdüyünü dəfələrlə vurğuladı. Söhbətin sonunda nəyəsə bir ehtiyacım olub-olmadığını soruşdu. Təşəkkürümü bildirdim və heç nəyə ehtiyacım olmadığını söylədim. Bu məqamda qəfildən bir hadisə yadıma düşdü. Bir neçə gün öncə Gəncə yaxınlığındakı Xasa bağı adlanan köçkün qəsəbəsində qarşılaşdığım bir səhnə gözüm önünə gəldi. Dayılarım da orada yaşayırdı. Nənəm rəhmətə getmişdi və biz yığışıb yasa getmişdik. Xasa bağında olanda gördüm ki, insanlar içməli su sarıdan ciddi problem yaşayırlar. Yaxınlıqda artezian quyusu olsa da baxımsızlıq üzündən sıradan çıxmışdı. Sakinlər əlaqədar qurumlara dəfələrlə müraciət etsələr də heç bir xeyiri olmamışdı. Yayın istisində insanların ümidi su satan maşınların qəsəbəyə gəlməsinə qalmışdı. Yüz cür ehtiyacın məngənəsində boğulan insanların içməli suyu pulla almaları onlar üçün böyük yük idi. O səhnə bir anda gözlərim önünə gəldi və bu hadisəni Eldar müəllimə danışdım. O, dərhal telefonu qaldırdı və o əraziyə baxan rayonun prokuroru ilə danışdı. Məcburi köçkünlərin bu probleminin dərhal həll olunmasını və ona məruzə edilməsini ciddi şəkildə tapşırdı. Təşəkkürümü bildirib oradan ayrıldım. Nənəmin yeddisi mərasiminə gedəndə gördüyüm mənzərə məni xeyli təsirləndirdi. Öyrəndim ki, elə həmin gün rayonun məsul qurumları Xasa bağına gələrək su quyusunu təmir ediblər və bununla da insanların problemləri öz həllini tapıb. Məclisdə hamı Eldar müəllimə dua edirdi. Və mənim üçün də, o su nənəmin ruhuna ən böyük ehsan idi.
Eldar Həsənovun sonrakı fəaliyyəti Avropanın bir neçə ölkəsində səfir işləməsiylə yadda qaldı. Əvvəlcə Rumıniyada, sonralar paralel olaraq Serbiya və Monteneqroda səfir olarkən Azərbaycan dövlətinin və mədəniyyətinin təkcə bu ölkələrdə deyil, Avropada təbliğində böyük işlərə imza atdı. Onun siyasi fəaliyyəti və bacarığı hesabına Azərbaycanın dövlət və mədəniyyət xadimlərinin heykəlləri Avropa şəhərlərinin parklarını bəzədi. Qurani-Kərim və  klassiklərimizin çox sayda əsərləri Avropa xalqlarının dillərinə tərcümə edilərək çap olundu. Bunlar barədə vaxtaşırı Azərbaycan mətbuatında da çox sayda məqalələr və yazılar dərc olundu.
Haşiyə. Bir dəfə Yazıçılar Birliyində Eldar Həsənovun yeni çapdan çıxmış kitabının təqdimatı keçirilirdi. Xalq yazıçısı Çingiz Abdullayev çıxışında bildirdi ki, mən cənab prezidentimiz İlham Əliyevdən xahiş edirəm ki, Eldar Həsənovu hər ay bir Avropa ölkəsinə səfir təyin etsin. Çox çəkməz ki, Eldar müəllim bütün Avropanı Azərbaycanın dostu eləyər.
Qeyd etdiyim kimi, bu gün Eldar Həsənov ömrünün 70-ci ilini yola salır. Təəssüflər olsun ki, o insan həyatı üçün çox önəmli olan bu günü məhbəsdə qarşılayır. Tanrı bəzən sevdiyi bəndələrini məhbəslə də sınayır. Neyləməli, qədərdən qaçmaq olmur. Ancaq inanıram ki, dövlət başçısı İlham Əliyev cənabları tezliklə onu haqq etdiyi azadlığına qovuşduracaq. Mənsə ona möhkəm can sağlığı və azadlıq arzulayıram.






İlham Məmmədli
yazıçı-publisist

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar