Sizin Reklam Burada
Xəbər lenti
01-10-2025
30-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Qaragözlü bilərzik” detektivlər arasında... - FOTO

Tarix: 01-10-2025 17:01     Baxış: 3120 A- / A+
Kitab təqdimatı
  
Rəna Nəcəfqızının AYB-də təqdim edilən yeni romanında keçmiş “sovetlərin iç üzü açılıb-tökülür”
 

Hər yeni kitab, yaxud qələmə alınmış əsər ədəbi aləmdə özünəməxsus qarşılanır. Ona görə ki, hər kitabın müəllifinin özünün ədəbi yaradıcılıq yolu, üslubu, dili və faktlara yanaşma yolu olur. Bu mənada demək olmaz ki, filan əsərdən sonra hansısa kitabı oxumağa dəyməz.
Ədəbiyyatı həyatın güzgüsü adlandıranlar milyonlarla faktlara əsaslanıb. Bunu filosoflar, ədiblər, nasirlər, poeziyanın biliciləri deyiblər. İllərlə, əsrlərlə bu fikir neçə-neçə nəsilin yaddaşından süzülür və kimsə inkar etmir. Demək, ədəbiyyat təkcə ədəbi hadisə deyil, həm də cəmiyyətin bir parçasıdır, onu olduğu kimi “görən gözü, danışan dilidir”. Odur ki, müəllif çalışmalıdır, qələmə aldığı əsər də süni, saxta, nəyinsə, kiminsə sifarişi ilə yazıldığı “gözə girməsin”.
  Amerikalı yazıçı, Nobel mükafatı laureatı U.Folkner yazırdı:  “Hər bir insan öz yaddaşının məhsuludur. Xalqın maddiləşmiş yaddaşı isə onun ədəbiyyatıdır. Bu mənada ədəbiyyatı xalq yaratmır, ədəbiyyat xalqı, milləti yaradır.”  
Sentyabrın son günü Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda təqdimatı keçirilən yeni roman haqqında söylənilən fikirlər də maraqlı idi, əsərin özü kimi.
Qələm azad olanda...
 
Rəna Nəcəfqızının qələminin məhsulu olan “Qaragözlü  bilərzik” romanı hələ geniş oxucu auditoriyasına çıxmasa da, onun mövzusu və məzmunu ədəbi ictimaiyyətə məlum imiş. Bu, kitab haqqında ürək sözlərini bildirən oxucu və qələm sahiblərinin fikirlərindən də məlum oldu.
Tədbirin aparıcısı, tanınmış qələm sahibi, şairə-publisist, “Azad qələm” qəzeti, jurnalı və saytının təsisçisi, Baş redaktoru Nəcibə İlkin kitab haqqında yazdığı və sosial mediada yayılan məqaləsinin geniş oxucu auditoriyasında rezonans doğurduğunu dilə gətirdi. Bununla o, demək istəyirdi ki, təqdimatının işığına toplaşdımız yeni əsərə sıradan bir nəşr kimi baxmaq günahdır. O, adıçəkilən romanın haradan əldə olunması ilə bağlı fikirlərin getdikcə artdığını diqqətə çatdırdı. Kitabın məzmununa gəlməmişdən öncə Nəcibə xanım xüsusi olaraq vurğuladı ki, əsər keçmiş sovet hakimiyyətinin - saxta sosial bərabərlik bayrağı altında 70 il ərzində xalqlara zülm verdiyi “imperiyanın iç üzünü açıb-tökür”.  Dedektiv janrda olan əsər, əslində, faciələr silsiləsinin bir mənbəədən qaynaqlanmasını təsdiq edən romandır. 
Yeni nəşr haqqında  öncədən fikir söyləməyin çətinliyini nəzərə alan Nəcibə İlkin buna görə də əsər haqqında qələmə aldığı publisist, təhlili məqaləsindən sitatlar gətirməklə, tədbir iştirakçılarının marağını  bir daha artırmaqla yanaşı, həm də nasirimizin kimliyini, təqdimatın onun 65 illik yubileyinə bir hədiyə olmasını da bildirdi.
Kitabı vərəqlədikcə hiss edirsən ki, hər səhifəsindəki hadisə, faktlar SSRİ kimi “nəhəng” imperiyanın hakimiyyət dairələrində, xüsusən də Baş katib olmuş, özünü Azərbaycan xalqının dostu adlandırmış L.İ.Brejnevin qızını və onun  “çətiri” altında “min oyundan çıxanlar”ı ifşa edir. Belə faktları üzə çıxarıb, onları bədii əsərə çevirib, xalqımızın diqqətinə çatdırmaq, sözün həqiqi mənasında əsl qəhrəmanlıqdır ki, bunu ilk dəfə detektiv janrına müraciət edən müəllifi, haqq edərək, “Nobel Sülh Mükafatı”na layiq olduğunu  nə Nəcibə xanım, nə də tədbir iştirakçıları gizlətmədilər.
Kitab və onun müəllifi haqqında tədbirdə səsləndirilən fikirlər bir daha gösrərdi ki, Azərbaycan ədəbiyyatında heç bir tənəzzül-filan yoxdur. Sadəcə, yeni detektiv əsər müəllifi olan Rəna Nəcəfqızı kimi yazıçılarımızın başı, təbii ki, arxivlərdən indiyədək “qatı açılmayan” faktları üzə çıxarmağa qarışıb.
Bu anlamda 30 illik Qarabağ faciələrinin də kitablara, filmlərə, bəstəkar mahnılarına, rəsm əsərlərinə çevriləcəyinə heç bir şübhə yoxdur. Çünki, Azərbaycanda sözə azadlıq, fikri sərbəst ifadə etmək məsuliyyəti və şəraiti yaradılıb. 
 
“Qara  gözlü bilərziyin qara taleyi...”
 
Yeni əsər haqqında ətraflı fikir yürütmək üçün, əlbəttə, kitabı oxumaq və dərk etmək lazımdır. Ona görə də mən tədbir haqqında fikirlərimi qələmə alarkən, istər-istəməz, Nəcibə İlkinin “Oxu.24” saytındakı “Qara  gözlü bilərziyin qara taleyi, yaxud, Sovet İttifaqının qara əməlləri” publisist yazısına müraciət etmək məcburiyyətində oldum. Belə dəyərli  kitab haqqında  fikirlərini  geniş oxucu auditoriyasına çıxardığına görə, bu xanım şairəmizə də təşəkkür edirəm.
Nəcibə xanım adıçəkilən məqaləsində haqlı olaraq yazır ki, bədii nəsrimizin mövzu və ideya, sənətkarlıq cəhətdən formalaşmasına təsir göstərməklə gələcək nəslin detektiv ədəbiyyata gəlişinə yol açdılar ki, belə müəlliflərdən biri olan Cəmşid Əmirov, bu yolu gedənlərdən biri, çağdaş ədəbiyyatımızda ilk detektiv yazan xanım isə müasirimiz Rəna Nəcəfqızıdır. Məqalədə deyilir: “...O, “Qara gözlü bilərzik” adlı detektiv-kriminal romanı ilə ədəbiyyatımıza öz möhürünü vurdu. Son zamanlar ədəbiyyatda səs-küyə, oxucuların marağına səbəb olan bu kitabı həvəslə əldə edib oxumağa başladım. Doğrudur, əsər haqqında müəllifin öz dilindən eşitmişdim. Lakin onu oxumaq, fikir və düşüncələrimin süzgəcindən keçirmək həm müəllifin, həm də mənim arzum idi…
      Sözün həqiqi mənasında əsəri oxuduqca nələr yaşadığımı deməkdə acizəm. Əsər ideya cəhətdən çox güclü və təsiredicidir…”
Nəcibə İlkinin məqaləsində daha sonra qeyd etdiyi məslə yazıçı və şairlərin üzərinə düşən məsuliyyətdir. O, qeyd edir ki, əslində, əsl yazıçı xalqı qaranlıqdan aydınlığa aparan yol olmalıdır: “…Bu yolu şərəflə açan və onu getməyi bacaran Rəna xanım düşünürəm ki, bu əsəri ilə xalqı ayıltmaqla, aydınlığa çıxartdı. Əsər yaddaşımızı təzələdi, bizi özümüzə qaytardı. Beynimizdə, düşüncəmizdə olan inamımızı dəyişdirdi, həyatın ağrılı anlarını yaşayan, pul üstündə çirkin oyunlara təhrik olunan vətəndaşlarımızın yaşadıqlarına təəssüfləndik. Onları belə oyunların qurbanı edənlərə qarşı nifrət hissimiz nə qədər güclü olsa da, əslində hər birisi zamanın qəddarlığının qurbanı olmasını da unutmamalıyıq. Həyatın hər üzünü obrazıların simasında bizə çatdıran müəllifin demək istədyi nədir?”
    Məqalə müəllifi həmin istəyi, məqamı, məramı da doğru deyir. Yazır ki, həyat heç də hər zaman biz deyən kimi olmur. Hər kəsin yaxşı yaşamaq arzusu olsa da, həyatın girdabına tuş gələn, cəmiyyətin formalaşdırdığı bataqlığında batan, iradəsi və düşüncəsi zəif, mənəviyyatı kasad insanlar  bu yaşamağın ləzzətini müvəqqəti “varlanmaqda”, pula hərisikdə tapırlar. Bu hərislik isə onları uçuruma yuvarlayır, həyatın amansızlığı ilə üz-üzə qoyur: “...Öncə onu qeyd edim ki, Rəna xanımın nəsr qələminə bələdəm. Onun sosial şəbəkədə povest və hekayələrini oxumuşam. Nəsr dili çox rahat, rəvan olmaqla maraqlı süjet xətləri, dolğun fikir və düşüncələri var. Təhkiyələr, obrazların dili olduqca səmimi və oxunaqlıdır. Heç kəsi təkrarlamayan mövzu seçimi və fərqli dil üslubu olduğu qədər də güclü və cəlbedicidir...”
 
Əsərin əsas “qəhrəman”ı kimdir ki...
Mərkəzdən idarə olunan “Qaragöz” əməliyyatı postsovet məkanlarında cərəyan edir. Özü də seçilmiş və bu işdə səriştəli olan adamlarla. Müəllifin dediyi kimi, Qalina Leonidovna, Vladimir, Mariya Koşilova, Nara, Ayka və s. Onların sayəsində Moskva, Moldava, Tbilisi, Kazan “narkotik biznesi” əlaqələri geniş vüsət alır.
Əsər çox samballı olmaqla yanaşı, maraqlı  və həyacanlı epizodlar üzərində qurulub. Yenicə müharbə alovundan çıxmış ölkələri narkotika alovu bürüyür. Bir ucu isə Azərbaycanda davam edir.
Maraqlıdır, əsərin əsas “qəhrəman”ı kimdir ki, onu bu qədər  bilməyə oxucuda həvəs yaranır?! Romanı oxuyanlar bilir ki, o, kriminal dəstənin başçısı, keçmiş SSRİ-nin, yəni Sov.İKP Mərkəzi Komitəsinin Baş katibi, hər birimizin sülhsevər kimi tanıdığımız L.İ.Brejnevin qızı Qalina Leonidovnadır. İkinci qəhrəmanı isə “Ayka” ləqəbli, Azərbaycan əsilli Gürcüstan vətəndaşı Elzadır və hər ikisi brilyant, narkotika alverçisidir...
Məncə, Azərbaycan ədəbiyyatında  çox qısqanclıqla müraciət edilən (ona görə ki, belə əsərlər  fantaziyadan, ədəbi ölçü və tələblərdən daha çox həyat gerçəkliklərini özündə ehtiva edən faktlara söykəndiyi üçün hər qələm adamı deddiktiv janra müraciət etməkdən çəkinir) janrın son illər, sovet imperiyasının süqutundan sonra, az da olsa,  geniş oxucu auditoriyasına ayaq  açmaqdadır. Ən əsas məqam isə ondan ibarətdir ki, indiyə kimi bu janra müraciət edənlərin arasında Rəna Nəcəfqızı kimi zərif təbəqəni təmsil edənlər olmayıb. Bu da o deməkdir ki, xanım nasirlərimizin həyat gerçəklikləri üzərindəki düşüncələri bu gün incələnir. 
Rəna xanıma bu yolda uğurlar diləyir və inanırıq ki, özünün də tədbirdə qeyd etdiyi kimi, romanın ikinci hissəsi də tezliklə oxucu görüşünə gələcək, çünki əsərdə hələ ”qatı açılmamış” məsələlər var...
Tədbirdə yazçının tələbə  və qələm dostları, müəllimləri, eyni zamanda onun əsərləri ilə tanış olan natiqlər, söz-kəlam adamları iştirak və çıxış etdilər. Belə natiqlərin sırasında çoxlarının adını çəkmək imkanımız  vardı.  Lakin xüsusi olaraq  “SÖZ ümmanı adasında” kitabının müəllifi, şair Eldəniz Xuduzadə və Məhəmməd Nərimanoğlunun adlarını çəkməyim hər ikisinin fikirlərindəki orijinallıqla bağlıdır.
 









Nigar İMAMVERDİQIZI,
“Yenilik-press” qəzetinin redaktor müavini, 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar