Xəbər lenti
Valideynlər məktəblərə niyə buraxılmır? - Narazılıq
Hazırda paytaxtda fəaliyyət göstərən məktəblər əsasən qapalı tipli obyektlərə çevrilib. Nəinki kənar şəxslərin, valideyilərin də məktəbə daxil olması qadağandır. Övladlarını məktəbin giriş qapısından içəri ötürdükdən sonra valideynlər məktəbin həyətyanı sahəsini tərk edir.
Manevr.az bakuposta-a istinadla xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Dövlət tərəfindən tətbiq olunan qaydalar təhsilverənlərin və təhsilalanların sağlamlığının qorunması və mövcud təhlükənin qarşısının maksimum dərəcədə alınmasına yönəlib. Bu baxımdan mövcud sanitar-epidemioloji vəziyyətdə yoluxma hallarının qarşısının alınması, sıxlığın yaranmaması məqsədilə ümumi təhsil müəssisələrinə kənar şəxslərin daxil olması məhdudlaşdırılıb.
Valideynlərin məktəbə buraxılmaması onlar tərəfindən narazılıqla qarşılanır. Mövzu ilə bağlı münasibət öyrəndiyimiz valideynlərin çoxu narazılıqlarını dilə gətirərək, xüsusən də övladı ibtidai sinifdə təhsil alan şagirdlərin valideynlərinin məktəbə daxil olmasına icazə verilməli olduğunu bildirdilər.
Valideyn Zərifə İsmayılova deyir ki, övladı 2-ci sinifdə təhsil alır. Sinifləri məktəbin ikinci mərtəbəsində yerləşir. Uşaq kitab və digər məktəb lavazimatları ilə dolu ağır çantanı hər gün özü sinifə aparıb gətirir: “Valideynləri məktəbə buraxmırlar. Deyirlər ki, pandemiyadır, olmaz. Ancaq nəzərə almırlar ki, ağır çantaları sinifə aparmaq uşaqlar üçün çox çətindir. Ağır çanta götürməkdən oğlumun onurğasında problemlər yaranıb. Pandemiyanın isə nə zaman bitəcəyi məlum deyil. Bəlkə bir-iki il də belə vəziyyət davam edəcək. İcazə versinlər uşaqlarımızın ağır çantalarını sinifə aparaq”.
Valideyn Sevda Qədirlinin sözlərinə görə, uşaq sinifdə özünü pis hiss edən zaman onun yanına getmək üçün valideyn direktordan icazə almalı olur “Övladım sinifdə özünü pis hiss edib. Müəllimə zəng etdi ki, gəlin uşağı aparın, özünü pis hiss edir. Məktəbə gedib uşağı götürmək istəyəndə giriş qapısından məni buraxmadılar. Bildirdilər ki, icazə yoxdur, valideynlər məktəbə buraxılmır. Uşaq özü gələcək. Direktordan icazə aldıqdan sonra sinifə, uşağın yanına gedə bildim. Bir valideyn olaraq hesab edirəm ki, bu düzgün qərar deyil. Övladlarımız sanki təhsil müəssisəsində deyil, həbsxana tipli məktəbdə təhsil alır. Biz isə icazə ilə onları görə, yanlarına gedə bilərik. Yalnız bir problem olan zaman valideyni məktəbə buraxırlar. Bu düzgün deyil. Valideyn daim məktəblə əlaqədə olmalı, lazım gələndə sinifdə müəllimin necə dərs geçdiyini də izləməlidir”.
Valideyn Səməd İmanovun dediyinə görə, insanlar anlayır ki, pandemiya şəraitində yaşayırıq. Bəzi məhdudiyyətlər və qadağalar mövcuddur. Pandemiya ilə əlaqədar məktəblərdə də müəyyən qadağalar tətbiq olunur. Ümumi təhsil müəssisələrinə kənar şəxslərin daxil olmasına qadağan edilib: “Yoluxma hallarının qarşısını almaq üçün məktəbə kənar şəxlərin daxil olmasına icazə verilməməlidir. Ancaq bəzi hallarda valideynlərin, xüsusilə də uşağı ibtidai sinifdə təhsil alanların bəzi hallarda məktəbə daxil olmasın icazə verilməlidir. Mənim qızım məktəbə, sinif mühitinə alışa bilmirdi. Ağlayırdı və sinifdə oturmaq istəmirdi. Bizə icazə vermədilər ki, o məktəbə adaptasiya olunana kimi onun yanında olaq. Uşaq iki ay çox əziyyət çəkdi. Ancaq valideyni yanında olsaydı uşaq uyğunlaşma psosesini daha rahat keçirərdi”.
Təhsil eksperti Nadir İsrafilovun dediyinə görə, son illər pandemiya ilə əlaqədar valideynlərin məktəb binasına buraxılmayacaqları barədə rəsmi xəbərlər başa düşüləndir və bu Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”ndan irəli gələn hal kimi dəyərləndirilməlidir. Amma, bütün digər hallarda xüsusilə də kiçik yaşlı məktəblilərin ilk dərs günü məktəb həyatına adaptasiya olunması baxımından valideynlərin onlara dəstək verməsinə şərait yaratmaq lazımdır. Ümumiyyətlə məktəb-valideyn münasibətləri bütün aspektlərdə nə qədər sıx olarsa, təlim-tərbiyə işinin keyfiyyəti də bir o qədər yüksək olar: “Niyə də olmamalıdır? “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən ümumtəhsil məktəbinin idarə olunması aşkarlıq, şəffaflıq və demokratiklik prinsiplərinə əsaslanır. Ümumtəhsil məktəbinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə məktəbdə idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, elmi-metodiki, valideynlər, təhsilalanlar, valideyn şuraları) yaradıla bilər.
Ümumtəhsil məktəbləri üzrə təhsil prosesinin iştirakçıları təhsilalanlar və təhsilverənlərlə yanaşı, həm də valideynlər və ya digər qanuni nümayəndələridirsə və onlar təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq hüququna malikdirlərsə, təhsil qanunvericiliyi çərçivəsində onların məktəblə bağlı canlı əlaqələrinin qurulmasına kimlər tərəfindənsə, hansısa qadağalar qoyulmasını necə başa düşmək olar?
Nəzərə alsaq ki, bir vaxtlar məktəblərdə “Açıq qapı” günü elan edilərdi, “Açıq dərslər” təşkil olunardı, valideynlər həvəslə övladlarının dərslərində iştirak edib, keçilən dərsi dinləyərdilər. Hər rübün sonunda geniş miqyaslı ümumməktəb və ayri-ayrı siniflər üzrə valideyn iclasları keçirilərdi və bunun səmərəsi də göz qabağında idi. Nəyə görə bu ənənələrə biganə qalmalıyıq? Əgər, keçəl və kosanın “papaq atmaq” və digər bu kimi ənənələrimizi qoruyub, yaşadırıqsa, uzun illərin təhsil ənənələrinə niyə biganə qalmalıyıq...?
Unutmayaq ki, təhsil təkcə ümumdövlət işi deyil, həm də ümumxalq işidir, ümummilli məsələdir...”.
Ekspert bildirib ki, məktəb-valideyn münasibətləri əvvəlki səviyyədə deyil. Səbəb nədir? Əgər, belə bir qənaətə gəlsək ki, təlim və tərbiyə bir sosial element kimi cəmiyyətin digər üstqurum və bazis elementləri ilə şərtlənir, mövcud əxlaqi keyfiyyətlər sosial, iqtisadi, hüquqi və s. münasibətlər bilavasitə məktəb-valideyn əlaqələrinə də təsirsiz ötüşmür, deməli, prosesin səbəblərini daha dərində axtarmalıyıq. Bu məsələyə sırf pedaqoji aspektdən yanaşmaq, onu bilavasitə təhsilin mövcud durumu ilə əlaqələndirmək də məsələyə birtərəfli yanaşmaqdan başqa bir şey olmazdı. Məktəb-müəllim-valideyn münasibətlərində yaranan soyuqluq daha çox sosial xarakterli məsələdir: “Dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib. Yəni, o qədər də uzaq olmayan keçmişdə kolleqial idarəetmə orqanı olan, pedaqoji kollektivə ümumtəhsil prosesinin, təhsil alanların dərsdənkənar vaxtının, sosial müdafiəsinin təşkilində köməklik göstərmək məqsədilə yaradılan ictimai xarakterli valideyn komitələri məktəb rəhbərliyi, pedaqoji şura, ictimai təşkilatlarla, mövcud qanunvericilik çərçivəsində sıx əlaqədə işləyirdi. Məktəb mövcud Nizamnamə və Valideyn komitəsi barədə Əsasnaməyə uyğun olaraq öz işini qurur, uşaqların tərbiyəsində vahid tələbləri müəyyən etmək və onun səmərəliliyini artırmaq məqsədilə ailənin, məktəbin və ictimaiyyətin əlaqələrini möhkəmləndirməyə yardımçı olurdu. Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilən “Ümumtəhsil məktəbinin valideyn komitəsi barədə Əsasnamə”də Valideyn komitəsinin işinin məzmunu və vəzifələri, Valideyn Komitəsinin işinin təşkili, Valideyn Komitəsinin hüquqları və digər məsələlər öz əksini tapmışdı. Heç də əbəs yerə deyil ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edildiyi kimi, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Lakin sonralar bir çoxları nədənsə məktəb-valideyn münasibətlərinə köhnəlmiş sovet düşüncəsi kimi baxmağa başladı. Bəlkə də, yüksək texnologiyaların insanlararası canlı ünsiyyəti üstələməsi, virtuallıq buna şərait yaradır. Ona görə də valideynlə məktəb arasında sanki müəyyən uçurum yaranıb. Görünür ki, bir ara bu vacib münasibətlərin məqsəd və məzmununu düzgün başa düşmədik, effektiv icra mexanizmini tapa bilmədik. Bir çox hallarda isə bu kimi münasibətlərdə sui-istifadə hallarına yol verdik”.
Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, valideynlərin toplum halında məktəbə daxil olması yolverilməzdir:
“Nəzərə almaq lazımdır ki, hər sinifdə 35-40 uşaq təhsil alır. Bu uşaqların hər birinin valideyni hər gün məktəbə daxil olsa qarışıqlıq yaranar. Həm də valideynlərin istədikləri vaxt məktəbə sərbəst daxil olmaları dərs prosesinin pozulmasına səbəb olar. Ancaq istisna olaraq bəzi hallarda valideynlərin məktəbə daxil olmasına icazə verilməlidir”.
Təhsil jurnalisti Niyazi Şərifsoy bildirib ki, mövcud vəziyyətlə əlaqədar valideynlərin məktəbə daxil olmasına qadağa qoyulmasını normal qarşılamaq lazımdır:
“Hər birimizə məlumdur ki, koronavirusla yanaşı mövsümlə əlaqədar olaraq digər xəstəliklərdə sürətlə yayılır. Buna görə də valideynlər anlayış göstərsə daha yaxşı olar. Valideynlərin də narahatçılığını başa düşmək olar. Xüsusilə, övladları ibtidai siniflərdə oxuyan valideynlər daha çox narahat olurlar. Buda təbiidir. İbtidai siniflərdə, əsasən də aşağı siniflərdə təhsil alan uşaqlara məktəbdə dəstək lazımdır”.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva valideynlərin bu məsələyə anlayışla yanaşmalarını tövsiyə edir:
"Valideynlər təhsilin bir parçasıdır. Onlar da bu prosesə anlayışlı yanaşmalıdır. Əgər sıxlıq və problem yaranırsa, onların məktəbdən kənarda dayanması daha yaxşıdır. Mənə elə gəlir ki, belə məqamlarda valideynlər övladlarının sağlamlığı üçün çalışmalıdır ki, sıxlıq prosesi tənzimlənə bilsin, yoluxma halları baş verməsin".
Təhsil Nazirliyindən bildirilib ki, əgər zəruri hal yaranarsa, xüsusi karantin qaydalarına uyğun olaraq valideynlərin məktəbə girişi təmin edilir. Ancaq mövcud sanitar-epidemioloji vəziyyətdə yoluxma hallarının qarşısının alınması məqsədilə valideynlərin gündəlik olaraq təhsil müəssisələrinə daxil olması məhdudlaşdırılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar