Xəbər lenti
Nadir İsrafilov: "Qərar və qaydaların tez-tez dəyişdirilməsi təhsilin bir sistem olaraq oturuşmasına ciddi maneə yaradır"
Bu günlərdə əməkdar elm xadimi, professor Şahlar Əskərovun Türk dövlətləri Təhsil nazirlərinə ünvanladığı məktubda vurğuladığı “Ali məktəblrin konsepsiyası dəyişməlidir” ; “Ali məktəblərin giriş qapılarını gen, çıxış qapılarını dar açmalıyıq” ; “Təhsilə baxış dəyişməlidir” ; “Təhsilin doktrinası dəyişməlidir” ; “ Biliyin qiymətləndirmə meyarı dəyişməlidir” ; “Təhsil şəxsiyyət yox, kamil insan yetişdirməlidir” kimi bəzi fikirləri ilə bir daha tanış oldum.
Milli Məclisin Elm və təhsil komitəsi yanında İşçi Qrup tərəfindən hazırlanan "Ali təhsil haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı bir çox rəsmilər tərəfindən “Təhsil sisteminin təkmilləşdirilməsi zəruridir və zamanın tələbidir" (Bəxtiyar Əliyev - Milli Məclisinin Elm və təhsil komitəsinin sədri) ; "Ali təhsil üzrə qəbul planını artırmaq əvəzinə təhsilin keyfiyyəti yaxşılaşdırılmalıdır" (İdris İsayev-Nazir müavini) ; “Qərb ölkələrində olan təhsilə nəzər salmalıyıq, qəbulu asanlaşdırmalıyıq” (Musa Qasımlı - Milli Məclisin deputatı) tərəfindən səsləndirilən fikirlər də Azərbaycanda ali təhsil haqqında qanunvericilik resurslarında kifayət qədər boşluqlar oduğu barədə hörmətli professorumuzun iddialarında tək olmadığının sübutudur.
Bir halda ki, qarşıda duran əsas vəzifələrdən biri “yenilikçi, yaradıcı, müstəqil düşüncəli, vətənpərvər şəxsiyyətin formalaşdırlmasıdır” və “təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur”, kursumuz isə ali təhsilin hamı üçün əlçatanlığının təmin edilməsi və adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı dövlətləri ilə rəqabətə davamlılığın təmin edilməsidir, elə isə imtahan prosesini sadələşdirmək əvəzinə hansısa qərar layihəsində, hansısa qrup üzrə, hansısa fənni hansısı başqa qrupa daxil edib, bir müddət sonradan həmin qrupdan çıxarıb, digər bir fənyönümlü qrupa daxil etməklə əlavə altqruplar yaratmaq kimi manipulyasiyalar təhsilimizə nə verəcək?
Nəzərə alaq ki, qərar və qaydaların tez-tez dəyişdirilməsi təhsilin bir sistem olaraq oturuşmasına ciddi maneə yaradır. Bu da öz növbəsində geniş ictimaiyyər arasında narahatçılığa, haqlı narazılıqlara səbəb olmaqla yanaşı, məzunlarda fiziki və psixoloji gərginlik, stress, cəmiyyət üzvləri arasında isə müəyyən çaşqınlıq yaradır, yerli-yersis mübahisələrə, əlavə polemikalara, ciddi qarşıdurmalara yol açır. Onu da unutmayaq ki, təhsilin keyfiyətinə nail olmağın bir şərti də təhsilin bir sistem kimi oturuşmasıdır.
70 il ərzində oturuşmuş sövet təhsil sistemindən imtina edib, Avropa məkanına inteqrasiyaya olunmağımızdan 30 illik bir müddət keçməsinə baxmayaraq, biz hələ də keçid dövrünü başa vura bilməmişik. Səbəb isə Təhsil Qanunvericiliyimizdə olan boşluqları qərar və qaydaları dəyişməkdə görməyimiz, təhsilimizi eksperiment meydanına çevirməyimizdir. Son on illikdə qəbul olunan qərar və qaydalar hələ bir yana, təkcə Təhsil haqqında Qanunun neçə maddəsinin, neçə bəndində edilən dəyişikliklərin sayına nəzər salsaq, vəziyyətin nədən ibarət olduğunu təsəvvür etmək o qədər də çətin olmaz.
Nə vaxta qədər təhsilin keyfiyyətini neçə nəfərin ali məktəbə daxil olması, neçə nəfərin 600-700 bal toplaması ilə ölçəcəyik? Test imtahanları 1992-ci ildən etibarən keçirilsə də, ilk 700 bal toplayan tələbələr 2007-ci ildə qeydə alınıb. 2018-ci ildə 29 nəfər 700 bal toplasa da, növbəti il ən yuxarı nəticə göstərən bir nəfər belə olmayıb. İmtahanlarda qeydə alınan nəticələr tələbələrin hazırlıq səviyyəsindən asılı olduğu qədər də, ayrı-ayrı illərdə qəbul qaydalarının dəyişdirilməsi, imtahana asan və ya çətin sualların salınması və s. amillərlə əlaqədardır. 2021-ci ildə Azərbaycanda keçirilən ali məktəbə qəbul imtahanlarında abituriyentlərdən heç biri 700 bal toplamayıb. Bu o deməkdir ki, təhsilin keyfiyyəti aşağı düşüb?
Dünyanın bir çox ölkələrində ali məktəblərə qəbul orta attestat qiymətləri əsasında həyata keçirilir. Biz buna hazır deyilik və hələ ki, heç tərəfdarı da deyilik. Ancaq, buraxılış imtahanı ilə qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan modelinə keçiddə xeyli ləngimişik. Halbuki, dünyanın bir çox aparıcı ölkələrində neçə illərdən bəridir ki, bu model uğurla həyata keçirilir. Baxmayaraq ki, Azərbaycan təhsilində də bu sistemə keçid məsələsi uzun illərdən bəri müzakirə predmeti olaraq qalır.
Təkpilləli vahid imtahan modelinə keçid bizdə ona görə ləngiyib ki, əvvəllər buraxılış imtahanları Təhsil Nazirliyinin, qəbul imtahanları isə TQDK-nın səlahiyyətində idi. Artıq belə bir problem yoxdur, çoxdandır ki, “ikihakimiyyətliyə” son qoyulmaq yolu ilə öz həllini tapıb. Yəni, hər iki imtahanı vahid bir qurum TQDK, sonradan isə səlahiyyətləri daha da genişləndirilən və DİM adlandırılan eyni qurum həyata keçirir. Bu mənada bu əlahiddə səlahiyyətlərə malik olan dövlət qurumunun problemin həllini sürətləndirməkdə operativlik və çeviklik göstərməsi üçün imkanları heç də az deyil.
Bir də ki, belə bir keçid bütövlükdə təhsillə, konkret halda isə imtahanlarla bağlı prosedurları sadələşdirmək, ən başlıcası isə məzunlarımızın fiziki və psixoloji yükünü və deməli, gərginliyini xeyli azaltmaq, başqa sözlə, daha konkret desək eyni adamın, eyni biliyini iki imtahanla yoxlamağa heç bir ehtiyac olmaması baxımından təhsilimizin real perspektivləri ilə tam uzlaşan prosedur ola bilər.
Yəqin ki, çoxları hələ 2016-cı ildə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədrinin buraxılış və qəbul imtahanlarının birləşdirilməsi məsələsinə münasibətini, yəni məzunların bu “imtahanların çox yığcam və rahat bir modeli”ndə qüvvələrini sınamaq imkanının 2 il vaxt tələb olunacağı” barədə ictimaiyyətə təqdim ediləcəyi perspektivi barədə bəyanatını xatırlamamış deyillər.
Düzdür, bu istiqamətdə müəyyən addımlar da atılmamış deyil. 2019-cu ildən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 ballıq sistem saxlanılması şərti ilə (300+400) tətbiq olunan yeni model məhz bu cəhətdən faydalı oldu ki, yekun qiymətləndirmə zamanı həm buraxılış imtahanlarının, həm də qəbul imtahanlarının nəticələri nəzərə alınır. Həm də bu dəyişikliklər təkpilləli imtahan sisteminə keçid üçün stimul rolu oynadı. Deməli, bu istiqamətdə daha irəli getmək üçün təməl artıq hazırdır. Elə isə bu vəziyyətə uyğun modelin reallaşmasına maneçilik törədən nədir...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar