Xəbər lenti
”Zəfər tarixi” fənnini kimlər tədris edəcək? -Sədr müavinindən açıqlama
“Zəfər tarixi”ni də əvvəllərdə olduğu kimi tarix müəllimləri tədris edəcəklər ki, burada məqsəd şagirdlərə Vətən müharibəsi ilə bağlı ümumi mənzərəni göstərməkdir”.
Manevr.az xəbər verir ki, bunu Təhsil Nazirliyi yanında İctimai şuranın sədr müavini Nadir İsrafilov azedu.az-a açıqlamasında deyib.
Sədr müavini fənnin tədrisi ilə bağlı Təhsil nazirinin açıqlamalarına diqqət çəkib:
“Bu ilin mart ayının ortalarında isə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirmişdi ki, növbəti ildən məktəblərdə “Qarabağ tarixi” fənninin adı “Qarabağın zəfər tarixi” adı altında IX sinif şagirdlərinə tədris olunacaq. Onun sözlərinə görə, burada əsas məqsəd Qarabağ tarixini, müstəqilliyimizin ilk illərində onu niyə itirdiyimiz, uzunmüddətli danışıqlar prosesi, ən vacibi Azərbaycanın qazandığı zəfərin gənc nəslə çatdırılmasıdır. Nəhayət, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.08.2021-ci il tarixli əmrinə əsasən, Azərbaycan Respublikasının tədris Azərbaycan dilində və digər dillərdə aparılan, azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib ki, sözü gedən məsələ də burada öz əksini tapıb”.
O bildirib ki, bu dərsi əvvəllər olduğu kimi tarix müəllimləri tədris edəcək:
“Bildiyim qədər, artıq bununla bağlı müəyyən addımlar atılıb və eyniadlı dərsliyin layihəsi hazırlanaraq hələ may ayından ekspertlərə təqdim olunub, müvafiq düzəliş və təkliflər müəlliflər qrupuna təqdim olunub. Bu dərsi də əvvəllərdə olduğu kimi tarix müəllimləri tədris edəcəklər ki, burada məqsəd şagirdlərə Vətən müharibəsi ilə bağlı ümumi mənzərəni göstərməkdir. Nəzərə alsaq ki, bu gün təlim-tərbiyə verdiyimiz yeniyetmə və gənclər sabahın Vətən müdafiəçiləridir, əminlik hissi ilə qeyd etmək olar ki, yeni nəslin vətənə sevgi, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm şərtlərdən biri kimi təhsilimizin qarşısında duran əsas vəzifədir”.
Sədr müavini qeyd edib ki, 9-cu siniflərdə tədris olunacaq “Zəfər tarixi” fənni əvvəllər 8-ci sinifdə tədris olunan “Qarabağ tarixi” fənnini əvəz edəcək:
“Yeri gəlmişkən, hələ 2014-cü yeni tədris ili ərəfəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.02.2014-cü il tarixli, 206 nömrəli əmri ilə təsdiq olunmuş “Qarabağ tarixi” adlı fənnin orta məktəblərdə tədris olunması, rus və Azərbaycan dilində eyniadlı dərsliklərin hazırlanması birmənalı qarşılanmasa da o zaman Qarabağ probleminin cəmiyyətdə diqqət mərkəzində olması və artıq beynəlxalq problemə çevrilməsi şagirdlərə Qarabağ ərazisi haqqında daha dolğun və ətraflı məlumatların çatdırılmasını zəruri edirdi. Artıq, 9-cu siniflərdə tədris olunacaq “Zəfər tarixi” fənni əvvəllər 8-ci sinifdə tədris olunan “Qarabağ tarixi” fənnini əvəz edəcək. Zəfər tarixi fənnində şagirdlərə Birinci Qarabağ müharibəsi və zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi haqqında məlumat veriləcək. Daha konkret ümumiləşdirmə aparsaq, Qarabağ əzəli Azərbaycan torpağıdır və Qarabağ tarixi - Azərbaycan tarixidir...”
Eyni zamanda o, Prezident İlham Əliyevin “Zəfər gününün təsis edilməsi haqqında” sərəncamını xatırladıb:
“Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən artıq, Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbə şərəfinə “Zəfər günü” qeyd edilir. Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin dekabrın 3-də noyabrın 10 -nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Ölkə başçımız Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar