Xəbər lenti
Şəmil Sadiqin ideya müəllifi olduğu “Oxu Günü” artıq dövlət səviyyəsində qeyd olunacaq
Gənclər arasında mütaliə vərdişlərinin inkişaf etdirilməsi, kitab oxumağa marağın artırılması, bu işin cəmiyyətin bütün üzvləri arasında təbliğini aparmaq məqsədi ilə “Oxu günü” (https://www.facebook.com/oxugunu/ ) adlı sosial layihənin keçirilməsi ideyası ilk dəfə 2015-ci ilin aprel ayında “Hədəf Nəşrləri”nin təsisçisi f.ü.f.d., dosent Şəmil Sadiq tərəfindən irəli sürülüb.
Beləliklə də, hər ilin aprel ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyi, “Hədəf Nəşrləri” və ona yaxın digər təşkilatın dəstəyi ilə “Oxu günü” tədbiri keçirilir, hər dəfə də kitabsevərlərin bayramına çevrilir. Bu il isə Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov “Oxu günü”nün bütün respublika səviyyəsində keçirilməsi məqsədilə əmr imzalayıb.
“Oxu günü” tədbirinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Uzun əsrlərdən bəri dünyada baş verən elmi-texniki və mədəni inkişafın daşıyıcısı olmaqla milli və ümumbəşəri sərvətə çevrilmiş kitaba xüsusi rəğbət və məhəbbətlə yanaşan, mütaliəni həyati tələbat kimi qəbul edən insanlara cəmiyyətdə daim hörmət və ehtiram bəslənmiş, ictimaiyyət arasında onlar yüksək savada və intellektə malik şəxslər hesab olunmuşlar.
Təsadüfi deyil ki, UNESKO-nun qərarına əsasən, hər il aprelin 23-ü beynəlxalq səviyyədə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” kimi qeyd edilir.
Yaradıcı zəkanın, qüdrətli elmi-bədii təfəkkürün məhsulu olan əsərlərin yayılması və nəsildən-nəslə ötürülməsində əvəzsiz mənbə rolunu oynayan kitablara və onların müəlliflərinə rəğbət və sevgi duyğuları aşılayan, insanları mütaliəyə, biliklənməyə, maariflənməyə və mənəvi zənginləşməyə çağıran bu xoşməramlı tədbir ictimai-sosial həyatda əhəmiyyətli hadisə kimi qiymətləndirilir.
Bununla əlaqədar şəxsiyyətin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq, Təhsil Nazirliyinin müvafiq əmr və təlimati göstərişləri əsasında yerlərdə ümumtəhsil məktəb şagirdlərinin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər, o cümlədən mütaliə aylıqları, ədəbi-bədii gecələr, həmçinin ölkə miqyasında “Ədəbiyyat biliciləri” müsabiqəsi təşkil olunur. Son illər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin iştirakı ilə “Oxu günü” tədbirinin keçirilməsi də artıq ictimai maraq doğuran ənənə halını almışdır.
Qeyd olunanlara əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu sahədə müsbət təcrübəsini nəzərə alaraq, “Oxu günü” tədbirinin miqyasını genişləndirmək və kütləvi xarakter daşımasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM
1.Hər il aprelin 23-də “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçirilsin.
2.“Oxu günü” çərçivəsində nəzərdə tutulan nümunəvi tədbirləri əhatə edən tövsiyələr icra və rəhbərlik üçün yerlərə göndərilsin (əlavə edilir).
3.Yerli təhsili idarəetmə orqanları müəyyən edilmiş tədbirlərin vaxtında və səmərəli həyata keçirilməsini təmin etsinlər və görülmüş işlər barədə mayın 15-dək Nazirliyə məlumat göndərsinlər.
4.İnformasiya şöbəsi (E.Məmmədov) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əlavəsi ilə birlikdə Nazirliyin internet saytında yerləşdirilməsini və yerli təhsili idarəetmə orqanlarına çatdırılmasını təmin etsin.
5.Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
4 mart 2019-cu il
F-103
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar