Xəbər lenti
Azərbaycanın ən gənc və ən yaşlı tələbələri...
Bu il 15 yaşlı yeniyetmə ali məktəbə sənəd verib, ölkənin ən yaşlı tələbəsi 59 yaşlı Bəhram Şamilovdur
Meksikada 12 yaşlı uşaq universitet tələbəsi adını qazanıb. Bu, Meksika sakini Karlos Santamira Diasdır. S.Dias Milli Muxtar Universitetinə qəbul olunub. Meksika mətbuatının yazdığına görə, o, məktəb proqramını darıxdırıcı sayıb və internet vasitəsilə özü fizika fənni ilə məşğul olmağa başlayıb. S.Dias açıqlamasında bildirib ki, məktəbdə hamı onu qəribə sayırmış. Buna görə də özünün yerini universitet sayır. Məlumatlarda o da qeyd edilir ki, Karlos 9 yaşında kimya, biokimya və biologiya üzrə universitet proqramlarında iştirak etməyə başlayıb.
Qeyd edək ki, bundan əvvəl də dünyada azyaşlı uşaqların universitet tələbəsi adını qazandığının şahidi olmuşuq. Məsələn, Karson Xyu Yu 2014-cü ildə 11 yaşında Texas Universitetinə qəbul olunub. Hazırda tələbə olan Karson təhsilini davam etdirib 20 yaşında elmlər doktoru fəxri adı qazanacağına ümid edir.
Tanişk Abraam 2010-cu ildə 7 yaşında ümumfederal intellektual testini verərək “American River College”nin paleontologiya və astrologiya fakültəsinə daxil olub. Valideynlərinin sözlərinə görə, uşağında qeyri-adi bilik 2 yaşında müşahidə olunmağa başlayıb. Abraam 7 yaşında məktəb proqramını tam keçib. Bundan sonra isə Stenford Universitetinin 2-ci kurs riyaziyyat kitablarındakı məsələləri həll etməyə başlayıb. Arzuladığı Stenford Universitetinə isə o, 10 yaşında daxil olub. Siyasətçi olmağı özünə hədəf seçən Tanişk Abraam yeniyetmə yaşında bir neçə ictimai birliyin əsasını qoyub. Eyni vaxtda 2 dəfə Nobel mükafatına namizəd göstərilib...
Bəs Azərbaycanda bu cür nümunələr varmı? Hazırda ən gənc və ən yaşlı tələbə neçə yaşındadır?
Öncə onu qeyd edək ki, azərbaycanlı ən gənc tələbə hazırda ABŞ-da yaşayır. Bu, 15 yaşı yenidə tamam olan, Şimali Dakota Universitetinin 2-ci kursuna gedəcək azərbaycanlı Selcan Əhməddir. Məlum olub ki, Selcan orta məktəbin riyaziyyat proqramını tamamladığı üçün imtahan verib, hazırda isə universitetdə riyaziyyatdan təhsil alır.
Ölkəmizdə isə hazırda ən gənc tələbə Azərbaycan Dövlət Aqrar Universitetinin meşəçilik ixtisasının ikinci kurs tələbəsi Elcan İsayevdir. O, ötən il 15 yaşında universitetə qəbul olunub. Bundan əvvəl də ölkəmizdə 15 yaşında tələbə adını qazanan abituriyentlər olub. Məsələn, 2013-cü ildə İsmayıl İsmayılov 15 yaşında 461 bal toplayaraq ali məktəbə daxil olmuşdu.
Dövlət İmtahan Mərkəzinin açıqlamasına görə, bu il də 15 yaşlı məktəbli (2003-cü il təvəllüdlü) ali məktəbə daxil olmaq üçün imtahan verib. Hələlik həmin abituriyentin də tələbə adını qazanacağı barədə ali məktəblərə qəbulun son nəticələri açıqlananda bilinəcək.
Ən yaşlı tələbəyə gəldikdə isə məlum olur ki, son 10 il ərzində ölkəmizdə yaşı 50-dən çox olan 155 abituriyent ali məktəbə sənəd verib ki, onların arasında ən yaşlısı 71 yaşında olub. Yaşlı abituriyentlərin arasında yalnız 7 nəfər ali məktəb tələbəsi adını qazanıb. Belə ki, 2009-cu ildə yaşı 50-dən çox olan 1, 2010-cu ildə 1, 2013-cü ildə 2, 2014-cü ildə 1, 2015-ci ildə 1, 2017-ci ildə 1 nəfər ali məktəbə qəbul ola bilib.
Hazırda ölkənin ən yaşlı tələbəsi 59 yaşlı Bəhram Şamilovdur. O, yeni tədris ilində Azərbaycan Dillər Universitetinin 4-cü kursunda oxuyacaq. Məlumat üçün bildirək ki, B.Şamilov bundan əvvəl Moskvada oxuyub və Azərbaycanda Tibb Universitetini bitirib. Bir müddət dövlət müəsissələrinin birində həkim kimi çalışıb. O, mətbuata açıqlamasında bildirib ki, universiteti bitirdikdən sonra bir müddət ingilis dili müəllimi kimi çalışmağı düşünür.
Onu da əlavə edək ki, bu il də 59 yaşlı abituriyent ali məktəbə qəbul olunmaq üçün imtahan verib. Ən yaşlı abituriyentin kimliyi və tələbə adını qazanıb-qazanmadığı yaxın vaxtlarda müəyyənləşəcək./musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar