Xəbər lenti
"Kurikulum dərslikləri şagirdlərin inkişafına dəstək olmaq yerinə, tədrisi çətinləşdirir" - Nadir İsrafilovdan ETİRAZ
Manevr.az bildir mövzu ilə bağlı redaktor.az-a danışan təhsil eksperti Nadir İsrafilov qeyd edib ki dərs yükünün ağırlığı problem olaraq qalmaqdadır:
"Ümumilikdə götürdükdə, təkcə ibtidai siniflərdə deyil, bütövlükdə uşaqların dərs yükünün ağır olması, proqramların yüklülüyü, evə verilən tapşırıqların çoxluğu ilə bağlı şikayətlər nə bu günün, nə də dünənin məsələsi olmayıb, uzun illərdən bəri müzakirə obyektinə çevrilsə də, ortaq məxrəci tapılmayan bir problem olaraq qalmaqdadır. Halbuki, ümumtəhsil məktəbinin məqsədi yetirmələrinə sistemli bilik, bacarıq və vərdişlər aşılamaq, hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətyönümlü vətəndaş yetişdirməkdir. Daha konkret desək, məktəbin vəzifəsi öz yetirmələrini müstəqil həyata hazırlamaqdır. Mütəxəssis hazırlamaq isə bilavasitə ali təhsil müəssisələrinin vəzifəsidir.
Biz də əsasən deyilənlərlə razılaşırıq, deyirik, yazırıq, ancaq əməl etmirik, ali təhsil müəssisələrinin görəcəyi işi ümumtəhsil məktəbinin, ümumtəhsil məktəbinin görməli olduğu işi isə məktəbəqədər təhsilin üzərinə yükləyirik. Nəticəsi də o olur ki, valideyn artıq birinci sinifdən övladının ixtisaslaşması üçün repetitor axtarışına çıxır, müxtəlif hazırlıq kurslarına üz tutur. Nə baş verir? Hara tələsirik? İstixana üsulu ilə süni intellekt yetişdirmək fikrinə düşmüşük? Bir mühüm məqamı unuduruq ki, məktəb öz yetirmələrinə lazımi bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, həm də cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirmək qayğısına qalmalıdır", - deyə o vurğuladı.
Ekspertin fikrincə, məktəblərdə bəzi dərslərin tədrisinə ehtiyac yoxdur:
"Məktəblərdə tədris proqramının və dərsliklərin yüklü olmasını təkcə valideynlər deyil, psixoloqlar və təhsil mütəxəssisləri də dəfələrlə dilə gətiriblər. Hətta nazirlik rəsmiləri də zaman-zaman bunu etiraf ediblər. Ümumtəhsil müəssisələrinin tədris planına əsasən, I siniflər üzrə həftəlik dərs saatlarının miqdarı 21 saat və bir saat dərsdənkənar məşğələ də əlavə olunmaqla, 22 saat nəzərdə tutulub. “Azərbaycan dili”, “Riyaziyyat”, “Təsviri incəsənət”, “Musiqi”, “Fiziki tərbiyə” və nəhayət “Həyat bilgisi” ilə yanaşı, “Xarici dil”, “İnformatika” və “Texnologiya”ya nə ehtiyac vardı? Bəlkə, hələ öz doğma dilimizi lazımi şəkildə mənimsəməmiş azyaşlılara əcnəbi dili öyrətmək barədə xaricilər qarşısında öhdəlik götürmüşük? Xarici dili V sinifdən də öyrənmək olar, necə ki, neçə illər ərzində bu belə olub.
Texnologiyalar əsrində yaşasaq belə, I sinifdə “İnformatika”ya heç bir ehtiyac yox idi. Bu gün məktəb yaşına çatmayanın belə, tablet, smartfon bir an belə əlindən düşmür. Musiqiyə həvəsi olan birincilər isə temp, ritm və ladı gedib musiqi məktəblərində də öyrənə bilərlər. Məktəb şəxsiyyətyönümlü vətəndaş yetişdirmədikcə, bu halı yaşamaq bir o qədər qaçılmaz olacaq. Belə çıxır ki, antik filosof Senekanın hələ eramızdan əvvəl etdiyi “əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq” xəbərdarlığından bu gün də lazımi nəticə çıxarmamışıq. Biz hələ də “keyfiyyətli təhsil” adı ilə uşaqlarımızı ifrat dərəcədə yükləməklə, onları bir növ öz uşaqlıq həyatlarını yaşamaqdan məhrum etmiş oluruq. Əgər hansısa valideyn cəmiyyətə “Mən özüm ali təhsilliyəm, yeri gələndə uşaqlara dərslərində kömək edirəm, amma ikinci sinif materialına baxanda heç nə anlaya bilmirəm. Xüsusilə də, riyaziyyat fənnindən elə çətin, məntiqi suallar olur ki, heç mən həll edə bilmirəm, bu yazıq uşaq necə etsin? Hələ bunlar bəs deyilmiş kimi, dərsdən əlavə nə qədər test, oxu vəsaiti aldırılır. Uşaqları bu qədər yükləmək olmaz axı” mesajı verirsə, bu və digər çoxsaylı ümumi ictimai rəyi nəzərə almaq bu qədərmi çətindir? Kimlərinsə uşaqları akademik yükləməklə daha yaxşı öyrənəcəklərini zənn etmələri düşüncəsi kökündən yanlışdır".
N.İsrafilov vurğuladı ki, kurikulum əsasında hazırlanmış dərsliklər şagirdlərin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü inkişaf etdirmək yerinə ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırır:
"Unutmayaq ki, ibtidai təhsilin məqsədi uşaqlarda oxu, yazı və hesablama vərdişləri yaratmaq və möhkəmləndirmək, uşaqlara insan, cəmiyyət, təbiət və onlar arasındakı qanunauyğunluqlar haqqında ilkin həyati biliklərin verilməsini təmin etmək, uşaqlarda məntiqi və yaradıcı təfəkkür elementlərini formalaşdırmaq, uşaqlara həssaslıq, estetik və bədii zövq, əxlaqi-mənəvi keyfiyyətlər aşılamaqdır. Təhsil beyni inkişaf etdirməkdir, başı doldurmaq deyil. Mövcud kurikulumun başlıca tələbi də ondan ibarətdir ki, şagirddə nitq mədəniyyəti, danışıq qabiliyyəti lazımi səviyyədə olsun. Əlavə yükləmələr isə, əksinə, uşaqları bu bacarıqlardan məhrum edir. Uşaqlarımızın sağlamlığı bizim üçün onların təhsilindən heç də az əhəmiyyətli deyil".
O ki, qaldı bundan sonra dərslərin yüngülləşdirilməsi üçün nələrsə edilə biləcəyinə və ya yenidən kurikulumdan əvvəlki dərs formatına qayıdılması məsələsinə, təkcə onu deyə bilərəm ki, bəlkə də təhsil sistemimizə əsasən 90-cı illərdən başlayaraq yeni pedaqoji terminalogiya kimi daxil edilən, tətbiqindən artıq xeyli müddət keçməsinə baxmayaraq tam mənimsənilməsi bu günə qədər istər şagirdlər üçün, istərsə də müəllimlər üçün hələ də problem yaratmaqda davam edən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli kurikulum) kimi təsdiq edilmiş bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi".
Ekspertin sözlərinə görə, kurikulum əsasında hazırlanmış dərsliklər və qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı.
"Bu anlaşılmazlıqlar heç şübhəsiz ki, Azərbayçanda təhsil islahatlarının gedişini də xeyli ləngitdi. Halbuki, cəmiyyət kurikulum ideyasının tətbiqinə hazır deyildi. Bu ideyaya doğru birdən-birə yox, addım-addım getmək, onu təhsilalan və təhsilverənin şüuruna tədricən yeritmək lazım idi. Kurikulumla bağlı proseslərin son dərəcə geniş və əhatəli olduğunu nəzərə alsaq, onun təkcə konkret bir aspektinə - kurrikulumun tələbləri səviyyəsində hazırlanmış və 2009-cu ilin yanvarında təsdiq olunmuş "Ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası”na gözucu belə diqqət yetirməklə məsələnin nə dərəcədə qəlizləşdirildiyinin və təhsil alanlarla təhsil verənlər üçün hansı əlavə problemlər yaratdığının şahidi olmaq olardı. Onu da deyim ki, kurikulum əsasında hazırlanmış dərsliklər nə effekt verdisə, cəmiyyətdə nə kimi reaksiya doğurdusa, bu qiymətləndirmə də həmin effekti verməyə məhkum idi, çünki mövcud reallığa söykənmirdi. Ümid edək ki, kurikulumlarla bağlı təkmilləşdirmə və yeniləşdirmə işlərinə başlanması, nəticəyönümlülük prinsipi gözlənilməklə müəllim və şagirdlərin ağır yükünün yüngülləşdirilməsi prosesi o qədər də uzun çəkməz və bu sahədə sürətləndirmə işlərinə də təsirsiz ötüşməz...", - deyə Nadir İsrafilov bildirdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar