Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Biz müəllimlər hamıya örnək olmalıyıq, çünki, təlim-tərbiyənin başında biz dayanırıq…”

Tarix: 01-05-2024 09:46     Baxış: 3195 A- / A+
“Biz müəllimlər hamıya örnək olmalıyıq. Çünki, təlim - tərbiyənin başında biz dayanırıq…”
Bu gün pedaqogika elminin görkəmli nümayəndəsi, tanınmış ictimai xadim, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan Respublikasının əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor, Azərbaycan SSR-nin xalq maarif naziri (1952-1954; 1960-1980) Mehdi Mehdizadənin (5 yanvar 1903 – 1 may 1984) anım günüdür.

Həyatda bizim öyrəndiyimiz, öyrənəcəyimiz, öyrənməyi hələ bundan sonra da öyrənməkdə davam edəcəyimiz böyük müəllimlərimiz olub. Bunların biri də bu gün anım gününü ühtiramla yad etdiyimiz Azərbaycan maarifinə nə az, nə çox, düz 23 il rəhbərlik etmiş, hədsiz dərəcədə aydın, işıqlı, xeyirxah, qayğıkeş, gözütox, təmənnasız, millətsevər, xalqına bağlı böyük bir insan, təhsil fədaisi, ziyalılıq etalonu, nəsillərə örnək ola biləcək bir şəxsiyyət - akademik Mehdi Mehdizadədir.

Pedaqogika və təhsilə dair çoxlu sayda monoqrafiya və məqalənin müəllifi, iki hissədən ibarət “Pedaqogika” dərs vəsaitinin həmmüəllifl, 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası”nın, Moskvada nəşr olunan dördcildlik “Pedaqoji Ensiklopediya”nın, ikicildlik “Pedaqoji lüğət”in müəlliflərindən biri görkəmli təhsil qurucusu və təşkilatçısı, akademik M. Mehdizadə hesab edirdi ki, təhsil kiminsə mülahizəsi, dirijor çubuğu ilə yox, elmi-pedaqoji əsasda qurulmalı və idarə olunmalıdır: “Biz müəllimlər hamıya örnək olmalıyıq. Çünki təlim-tərbiyənin başında biz dayanırıq. Böyüyən nəsli həyata biz hazırlayırıq…”

Onun ölkəmizdə məktəb quruculuğu, xalq maarifinin təşkili, təhsilin məzmunu, təlim metodlarının təkmilləşdirilməsi, tərbiyəvi işlərin, xalq maarifinin idarə olunmasının səmərəliliyinin artırılması sahəsindəki tədqiqatları pedaqoji ictimaiyyət arasında geniş yayılıb, onların nəticələrinin tətbiqi təhsil sistemimizə böyük fayda verib. Bu mənada “onu təfərrüatı ilə öyrənib gənc nəslə çatdırmaq, ilk növbədə onu tanıyanların vəzifəsidir. Gələcək nəsillər isə illər ötdükcə onun dəyərli, nəsillərə nümunə olan irsindən bəhrələnəcəklər”.

Təhsilimizin korifeyi akademikin sözün bütün mənalarınd ziyalılığı barədə kimlər nələr deməyib, nələr yazmayıb... Xalq rəssamı Mikayıl Abdullayev, Xalq artisti, bəstəkar, professor Süleyman Ələsgərov, akademik Fuad Qasımzadə, akademik Budaq Budaqov, akademik Hüseyn Əhmədov, professor Əbdül Əlizadə, professor Bəşir Əhmədov, professor Zahid Qaralov, professor Yəhya Kərimov, professor Şəmistan Mikayılov, professor İmanverdi Əbilov, professor Əjdər Ağayev, professor Rəfiqə Mustafayeva, professor Vidadi Xəlilov, daha kimlər, kimlər…

“Akademik Mehdi Məmməd oğlu Mehdizadə pedaqogika elminin korifeylərindən biri, maarif quruculuğunun görkəmli təşkilatçısı kimi tanınmışdı” (Akademik, keçmiş SSRİ Maarif naziri M. A. Prokofyev) ; “Akademik M. Mehdizadənin pedaqogika elminin, pedaqoq alimlərin inkişafında, formalaşmasında böyük zəhməti, mühüm rolu olmuşdur”( Akademik, keçmiş SSRİ PEA-nın prezidenti M. İ. Kondakov) :“Akademik M. Mehdizadə çox nadir istedada malik alim, müdrik el ağsaqqalı kimi SSRİ Pedaqoji Elmlər Akademiyasının Rəyasət Heyətində, Akademiyanın həqiqi və müxbir üzvləri arasında böyük nüfuza malik idi” (Akademik, keçmiş PEA-nın vitse prezidenti A.G.Xripkova) ; “Pedaqogikanın tarixi və nəzəriyyəsi sahəsində böyük alim kimi M. Mehdizadənin şöhrəti Azərbaycanın hüdudlarından çox-çox kənara yayılmışdır. Akademik Mehdi Mehdizadə sözün həqiqi mənasında pedaqogika elmimizin Günəşi idi”. (SSRİ PEA-nın və Qırğızıstan Elmlər Akademiyasının akademiki Əziz İzmaylov) ; “Akademik M. Mehdizadə müdrik insan, çox böyük nəzəriyyəçi pedaqoq alim və etibarlı məsləhətdaşımız idi”. (Akademik, Gürcüstan Respublikasının Əməkdar Elm Xadimi D.O.Lordkipianidze)

Əməkdar müəllim Miriş Hüseynov görün akademik M. Mehdizadə haqqında nə deyirdi: “1984-cü ilin yazı idi. Mehdi müəllimdən məktub aldım. Sevindim. Oxuyub mütəəssir oldum: “Əzizim Miriş müəllim! “Azərbaycan xalq təhsilinin sürətli inkişafı” adlı əsərimə rəy yazmağınızı xahiş edirəm”.
Təsəvvür edirsinizmi, akademik adi kənd müəllimindən kitabına rəy yazmasını xahiş edir. Bu, onun sadəliyi ilə yanaşı, öz müəllimini yaxşı tanımasından, onun qələminə və savadına bələd olmasından irəli gəlirdi. Akademik yazdıqları haqqında əyalət müəlliminin də fikirlərini bilmək istəyirdi. Onun gecə-gündüz düşündüyü, fikri-zikri Azərbaycan xalqının gələcəyi, böyüyən nəslin təhsili, təlim-tərbiyəsi idi. Onun müasirlərinin, onunla birgə çalışanların xatirələrini dinləyəndə, yaxud oxuyanda, onun nə qədər alicənab insan olduğunun bir daha şahidi olursan.

Bu mənada, bir zamanlar onunla bir yerdə çalışmış, vaxtilə Nazirliyin kadrlar şöbəsinin rəisi işləmiş Nəcəf Nəcəfovun fikirləri çox dəyərlidir: “Mərhum Mehdi müəllim milli dəyərlərimizin, təhsilimizin, elmimizin vicdanı, abır-həyası, ləyaqəti, şərəfi olub. O, nazir idi, mən şöbə rəisi. İnanın, bir dəfə də olsun onda biganəlik, laqeydlik, özündənrazılıq görmədim. Eşitsəydi ki, Kəlbəcərdə, Laçında, Yardımlıda bir müəllimin ürcahına təbii fəlakət çıxıb, vallah, onun ağrı-acısını öz canında çəkər, hiss edərdi. Ölkəmizdə bütün məktəbləri gəzər, müəllimlərlə, azyaşlı şagirdlərlə doğması, əzizi kimi görüşər, imkan daxilində onların qayğısına qalardı. O, dünya şöhrətli elm xadimi, akademik idi. İnanın, özünü adi müəllim kimi aparar, böyüklüyünü, ucalığını, nazirliyini üstün tutmaz, öyünməz, hikkəli, ədalı, zəhmli olmazdı.”

Özündən sonra böyük irs qoyub getmiş akademik Mehdi Mehdizadənın diqqəti, qayğısı sayəsində Hüseyn Əhmədov, Sədi İmanov, Əzız Əfəndizadə, Nurəddin Kazımov, Bəşir Əhmədov, Zahid Qaralov, Yəhya Kərimov, Bəylər Ağayev, Əbdül Əlizadə, Şəmistan Mikayılov, Əjdər Ağayev, Yusif Talıbov, Seyidağa Həmidov, Sadıq Saqdıqov, Ağarəhim Rəhimov, Vidadi Xəlilov və bir çox digərləri kimi müxbir üzvləri, elmlər doktorları, professorlar yetişib. Mən də qürrələnirəm və fəxr edirəm ki, hələ gənc yaşlarında ikən Mehdizadə kimi dahi şəxsiyyətlə birgə işləmək mənə də nəsib olub. Bir daha şahidi olursan ki, yalnız yüksək şəxsiyyətə malik olan fərdlər yüksək mənəviyyata nail ola bilərlər.

Nadir İsrafilov,
təhsil eksperti


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar