Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Bunlar olmasa, müəllimin nüfuzu qalxmayacaq" - Nadir Israfilov

Tarix: 06-10-2023 14:08     Baxış: 4423 A- / A+



“Nə qədər ki, təhsil alana təhsil verən tərəfindən “müştəri” gözü ilə baxılmaması üçün lazımı mühit yaradılmayacaq, təhsil prosesi subyektləri arasında “təmənna sindromuna” son qoyulmayacaq, rəsmi təhsilin qeyri-rəsmi təhsildən asılı vəziyyətə salınmasına xidmət edən repetitorluq qeyri-rəsmi fəaliyyət sahəsi kimi rəğbət qazanmaqda davam edəcək, müəllim fenomeni şagird və valideynlərin ümid, inam və güvən mənbəyinə çevrilməyəcək, cəmiyyət üzvləri arasında məktəb deyəndə müəllim, müəllim deyəndə məktəb düşüncəsi formalaşmayacaq, müəllim nüfuzunun qaldırılması cəhdləri də bir o qədər real görünməyəcək”. 

Manevr.az bildirir ki, bu sözləri Sfera.az-a Beynəlxalq Müəllimlər Günü münasibətilə açıqlamasında tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov deyib:
 
“Bu gün, bəlkə də müəllim qədər diqqətə, qayğıya, xüsusilə də mənəvi dəstəyə ehtiyacı olan digər ikinci peşə sahibi yoxdur. Bununla belə, istəsək də, istəməsək də etiraf etməliyik ki, ən müqəddəs hesab etdiyimiz və dəyər verdiyimiz peşə sahibi olan müəllim o qədər də uzaq olmayan keçmişimizlə müqayisədə əvvəlki mövqe və nüfuz sahibi deyil. 
 
Fransız mənşəli, amerikalı mədəniyyət tarixçisi, pedaqoq, publisist, Kolumbiya Universitetinin professoru olmuş Jak Barzenin belə bir sözü var: “Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir".
 
Müəllimə verilən dəyərin aşağı düşməsinin bir çox obyektiv və subyektiv səbəbləri var. Bu məsələyə sırf pedaqoji aspektdən yanaşmaq,  təhsilin mövcud durumu ilə tam əlaqələndirmək də düzgün olmazdı. Müəllimin nüfuzunun aşağı düşməsi daha çox sosial xarakterli məsələdir. Dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib. Əgər rüşvət, saxtakarlıq, zorakılıq və digər xarakterik hallar cəmiyyətin hansısa bir zümrəsi tərəfindən adi hal, hətta norma kimi qəbul edilirsə, belə hallara müəllim tərəfindən yol verildikdə, bu, təbii ki, ictimaiyyət tərəfindən daha çox qınaq obyektinə çevrilir, az qala faciə səviyyəsinə qaldırılır”.
 
Ekspert bildirib ki, müəllimlərlə bağlı neqativ halların qabardılması yolverilməzdir:
 
“Müəllim faktoru ilə bağlı neqativlər qəsdən və ya bilməyərəkdən həddindən artıq qabardılır,  bu da müəllimin nüfuzu baxımından yol verilməzdir. Digər bir məsələ müəllimə olan inam və etibarın azalmasıdır. Səmimi olaraq onu da etiraf edək ki,  bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır. Elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik ötürücüsü  kimi müəllim faktorunu böyük ölçüdə arxa plana keçirib. Ali məktəblərə qəbul prosesinin ixtisas qrupları üzrə aparılması müəllimə alternativ "yeni peşə sahiblərinin” – repetitorların, markerlərin, hətta el arasında deyildiyi kimi "bunker repetitorlarının” dəbə minməsinə və bunların müştərilərinin də xeyli sayda artmasına rəvac verib. Bir sözlə, müəllim məktəbdən, şagird müəllimdən uzaq düşüb. Korporativ maraqların əksinə olaraq məktəb mühitinin deformasiyaya uğramasının qarşısı alınmalı, müəllim və şagird məktəbə qaytarılmalıdır”.
 
N.İsrafilovun sözlərinə görə, keyfiyyətli təhsil üçün təhsilə baxışımız, yanaşma tərzimiz dəyişməlidir:
“Təkzib olunmaz faktdır ki, təhsilin keyfiyyəti müəllimin peşəkarlığından, müəllimin nüfuzu isə təhsilin keyfiyyətindən asılıdır.  Müəllimin peşəkarlığı və nüfuzu artmadan təhsilin keyfiyyəti, təhsilin keyfiyyəti artmadan isə müəllimin nüfuzu və hörməti arta bilməz. Nəzərə alsaq ki, bu gün məktəblərimizdə müəllim adını yaşadanlarla yanaşı, sadəcə müəllim adını daşıyanlar da az deyil, deməli, əsas vəzifələrimizdən biri də bu adı daşıyanlarla bu adı yaşadanlar arasındakı fərqi minimuma endirmək və tədricən bu fərqi aradan qaldırmaqdır. İstənilən statistik təhlil, obyektiv və sağlam düşüncəyə əsaslanan tənqid təhsilimizin daha da təkmilləşdirilməsi və gələcək inkişafı baxımından nəinki lazımdır, hətta zəruridir. Lakin nədənsə biz çox halda, əsasən "nəticə"ni vurğulamağa daha çox meylliyik, nəinki "səbəb" barədə düşünüb, nə isə konkret bir təklif verməyə. 
 
O ki qaldı keyfiyyətli təhsil üçün hansı addımlar atılmalı olduğuna, ilk addım ondan ibarət olmalıdır ki, təhsilə baxışımız, yanaşma tərzimiz dəyişməlidir. Məktəbə, müəllimə yerli-yersiz hücumlar dayandırılmalı, məktəbin, müəllimin nüfuzunun qaldırılması üçün bütün səylər birləşdirilməlidir. İlk növbədə müəllim əlavə yükdən azad olunmalı, onun dərsə hazırlaşmasına maneə törədən əlavə baryerlər aradan qaldırılmalıdır. Vəziyyətin bu həddə çatması müəllimin günahı deyil, vaxtında onu aşağı balla ali məktəbə qəbul edənin və hazırlıq səviyyəsini lazımınca qiymətləndirməyən işə götürənin günahıdır. Belə ki, dünən bizi yetişdirən də müəllimdir, bugünki müəllimi yetişdirən də bizik...”
 
Pedaqoq müəllim nüfuzuna təsir edən amillərə də aydınlıq gətirib:
 
“Unutmayaq ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda  “Peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim nüfuzuna təsir edən amillər sırasında olması” xüsusi olaraq vurğulanıb. Bütün bunlar nəzərə alınaraq, “təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməsi, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması” zəruriliyi önə çəkilib.
 
Elm və Təhsil Nazirliyi (ETN) qarşıdan gələn 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə valideynlərə müraciətində qeyd edildiyi kimi “Təhsil ictimaiyyətinin başlatdığı “Mənim müəllimim” çağırışına qoşularaq müəllimlərə xoş söz, təbrik mesajlarının çatdırılması onlar üçün ən böyük hədiyyədir”. 
 
Firuzə Əliyeva

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar