Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Bakıdakı məktəb rəhbərləri, eləcə də valideynlərə müraciətində bildirib ki, “Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərə hər hansı formada hədiyyələrin verilməsi və ya vəsaitin toplanması yolverilməzdir.
Manevr.az demokrat.az-a istinadla xəbər verir ki, bununla bağlı monitorinqlər aparılacaq:
"Təhsil ictimaiyyətinin başlatdığı #MənimMüəllimim çağırışına qoşularaq müəllimlərə xoş söz, təbrik mesajlarının çatdırılması onlar üçün ən böyük hədiyyədir. Şagird və ya valideynlərin müəllimlərə hədiyyə verilməsi, vəsaitin toplanması isə yolverilməzdir. Bu kimi hallarla rastlaşdıqda nazirliyin "Qaynar xətt" xidmətinə (146) anonim olmadan məlumat verməyinizi xahiş edirik".
Tanınmış təhsil ekspert Nadir İsrafilovn fikrincə isə hədiyyə verməklə hədiyyə almaq üçün pul yığmaq fərqli anlayışlardır. Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirən ekspert deyib ki, əgər məktəbdə valideyn komitəsi və icması tərəfindən və ya fərdi qaydada “Müəllim günü” münasibətilə müəllimə hörmət və ehtiramlarını bildirmək üçün hansısa bir hədiyyə ilə onu təbrik etmək istəyirlərsə, bunu qabardaraq ictimailəşdirmək, rüşvət və korrupsiya səviyyəsində cəmiyyətə təqdim etmək təkcə müəllim adına deyil, bütövlükdə cəmiyyətə başucalığı gətirmir:
“Sanki, bu kimi hallara təkcə məktəblərdə və müəllimlər tərəfindən yol verilir… Hansısa bir və ya bir neçə kollektivdə baş vermiş və ya baş verə biləcək bu kimi halların bütövlükdə müəllim şəxsiyyəti fonunda ümumiləşdirilməsi yol verilməzdir. Müəllimi tənbeh etmək də olar, cəzalandırmaq da, onun barəsində inzibatı və ya hüquqi müstəvidə cinayət işi də qaldırmaq olar, lakin onunla bağlı hər hansı bir təzahür və faktların ictimailəşdirilməsində ifrata yol vermək olmaz.
Bəlkə, kiçik bir hədiyyə ilə kimsə müəllimə öz diqqət və ehtiramını bildirmək istəyir. Ehtiramdan imtina etmək isə, ehtiramı göstərənə qarşı hörmətsizlikdir, sayğısızlıqdır. Əgər, kimsə müəllimini təbrik etmək istəyirsə, niyə də etməsin? Hansı qanunda yazılıb ki, müəllimi təbrik etmək və ya ona hədiyyə vermək olmaz? Belə bir mövqe heç bir halda problemə ədalətli yanaşma hesab oluna bilməz. Bəlkə də, “Müəllim günü”nün təsis edilməsinin başlıca məqsədlərindən biri elə, cəmiyyəti, geniş ictimaiyyəti müəllimə olan diqqət və ehtirama dəvət etmək olub? Halbuki, hədiyyə etməklə, hədiyyə üçün pul yığmaq tam fərqli anlayışlardır və ikincinin qarşısı hər vəchlə alınmalıdır”.
Ekspert qeyd edib ki, heç kəs hansısa valideyni övladının müəlliminə öz diqqət və sayğısını bildirmək əlaməti olaraq hədiyyə verməsinə görə qınaya bilməz:
“Məsələnin mahiyyəti, təkcə hədiyyədə və onun dəyərindədirmi, yoxsa günahkar qismində müəllim və ya valideynin ittiham edilməsində? Hədiyyə əslində valideyn tərəfindən onun övladına ikinci valideynlik etmiş müəllimə olan hörmət və minnətdalığın təzahürüdür. Qınağa səbəb olan hal isə hesab edirəm ki, hədiyyənin nümayişkarənə surətdə təqdim edilməsi və ictimailəşdirilməsidir ki, bu da yolverilməzdir. Çünki, hər hansı bu qəbildən olan məsələ böyüdülüb, şişirdiləndə müstəvisindən çıxıb, özünə yeni-yeni tərəfdarlar və əleyhdarlar tapır, şou səviyyəsinə qaldırılaraq geniş ictimaiyyəti təhsilin əsas vəzifələrindən yayındırır. Sovet dönəmində də məktəbə, müəllimə hörmət, diqqət, rəğbət müxtəlif hədiyyələrlə ifadə olunub, lakin bu hal indiki qədər müəllimin nüfuzuna xələl gətirməyib. Nə qədər uğursuz müqayisə kimi görünsə də, təkzib olunmaz reallıqdır ki, kiminsə kiməsə nəsə verməsi və ya bağışlaması sıradan olan adi bir hal kimi qəbul edildiyi halda, müəllimə münasibətdə bu hal faciə səviyyəsində şişirdilir. Sadəcə olaraq hər kəs bilməlidir ki, bütün hallarda dövlət orta məktəblərində pul yığıla bilməz. Valideynin təhsilin idarə olunmasında iştirakı və töhfəsi məsələləri "Təhsil haqqında" qanunun və "Təhsilin inkişafı strategiyası"nın müvafiq bəndləri ilə tənzimlənir”.
N.İsrafilov hesab edir ki, müəllimin üstünə bu dərəcədə getmək olmaz:
“Burda söhbət heç də hədiyyə alınıb-verilməsindən, ümumiyyətlə bu kimi hallara haqq qazandırılmasından gedə bilməz. Bir para müəllim fərdinin əməlinin müəllimlik məfhumunun üzərində ümumiləşdirilməsi bütövlükdə müəllim şəxsiyyətinə hörmətsizlikdir. Müəllimə münasibətdə düşüncəmizi, yanaşma tərzimizi dəyişmək üçün geniş müzakirələr aparmağa böyük ehtiyac var. Bu günün müəllimi necə olmalıdır ki, öz peşə nüfuzunu qoruyub saxlaya bilsin, cəmiyyət tərəfindən şərəfli peşə sahibi kimi qəbul edilsin. Hesab edirəm ki, məktəbə, müəllimə yerli-yersiz hücumlar dayandırılmalı, məktəbin, müəllimin nüfuzunun qaldırılması üçün bütün səylər birləşdirilməlidir. Bir həqiqəti də unutmayaq ki, məktəb cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə gedən proseslər məktəbə də, müəllimə də təsirsiz ötüşməyə bilməz. Məktəbi, müəllimi “günah keçisi” qismində önə çəkmək nəinki, təhsilimizə, cəmiyyətimizə, heç şəxsiyyətimizə də baş ucalığı gətirmir. İstənilən halda müəllim və valideynlər arasında nifaq sala biləcək bütün çağırışlara son qoyulmalı, məktəb-müəllim-valideyn münasibətlərinin optimal həlli yolları barədə düşünülməlidir.
Müəlllim adını şərəflə daşıyan peşə sahibinə hədiyyə edilən adi gül dəstəsi belə milyonlara dəyər. Heç olmasa, bunu da olsa müəllimə çox görməyək...”
Xəbər lenti
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar